Məhkəmə qərarları › İş №8(5-104)-2/2026

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(5-104)-2/2026

19.01.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(5-104)-2/2026 19.01.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Erol Kazımlının “icra sənədinin qaytarılması haqqında” xx.xx.2024-cü il tarixli qərarından Tələbkar tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru Erol Kazımlının xx.xx.2024-cü il tarixli qərarı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6120/2023-006 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi icra edilmədən geri qaytarılmışdır. Tələbkar MMC məhkəməyə şikayət verərək, Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Erol Kazımlının “icra sənədinin geri qaytarılması haqqında” xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və icra hərəkətlərinin davam etdirilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Yasamal Rayon Məhkəməsinin e-2(004)- 6120/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən Borclu Tələbkar MMC-nin xeyrinə cəmi 1445.64 manat məbləğində pul tutulması qət edilmiş və məhkəmə qətnaməsi icra olunması üçün Yasamal Rayon İcra Şöbəsinə göndərilmişdir. Məhkəmə qətnaməsinin qəbul edilməsindən uzun müddət keçməsinə baxmayaraq Borclu həmin icra sənədini icra etməmişdir. Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Erol Kazımlının xx.xx.2024-cü il tarixli qərarına əsasən Yasamal Rayon Məhkəməsinin e-2(004)-6120/2023 nömrəli, xx.xx.2023- cü il tarixli icra sənədi “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 23.1.3-cü maddəsinə əsasən geri qaytarılmışdır. Yasamal Rayon İcra Şöbəsi tərəfindən icra sənədi üzrə tələbin icra edilməsinin mümkünsüzlüyünə dair akt tələbkara təqdim edilmədən və akt barədə tələbkara məlumat verilmədən icra sənədinin məhkəməyə qaytarılması barədə qərar qəbul edilmişdir. Yasamal Rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli qərarında icra sənədinin icrası istiqamətində bütün qanunamüvafiq tədbirlərin görülməsi, eyni zamanda borclunun yaşadığı ünvanda olması barədə qeydlər edilmişdir, lakin faktiki olaraq borclunun yaşadığı ünvanda olmamışlar və yaşayış yerinə baxış keçirməmişlər. İcra məmuru bu müddət dövrü ərzində borclu barəsində onun əmlak və gəlirlərinin axtarışı məqsədilə lazımi bütün tədbirləri (daşınar və daşınmaz əmlakların qeydiyyatını aparan müvafiq orqanlara sorğu verilməsi, ölkədən getmək hüququnun məhdudlaşdırılması, məcburi gətirilmə, inzibati məsuliyyətə cəlb olunması və s.), habelə qanunvericiliklə müəyyən olunmuş digər məcburi icra tədbirlərini görməmişdir. Bununla yanaşı, icra məmuru “İcra haqqında” AR Qanunun 23.1.3-cü maddəsinə əsasən, tələbin icrasının mümkün olmadığını bildirsə də, bu haqda müvafiq akt tərtib etməmiş və tələbkara məlumat verməmişdir. İcra məmurunun qərarında qeyd olunan akt isə yalnız icra məmurunun borclunun qeydiyyatda olduğu ünvana getməsi və həmin ünvanda borcluya məxsus tələbin yönəldilə biləcəyi heç bir əmlakın aşkar edilməməsi barədə olmaqla, bütün tədbirlər görülməsinə baxmayaraq tələbin icrasının mümkünsüz olmasına əsas vermir. Belə olan halda icra edilməyən icra sənədinin mövcudluğu iş üzrə tələbkarın hüquqları pozulur. Bununla yanaşı Tələbkar MMC görülmüş qanunamüvafiq tədbirlər barədə məlumatlandırılmamışdır. Həmçinin icra məmuru tərəfindən borclunun bank hesablarını müəyyən etmək üçün banklara sorğu göndərilməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.3-cü maddəsində qeyd edilir ki, borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. Göründüyü kimi, bu maddədə göstərilən əsasla icra sənədinin geri qaytarılması üçün iki hal mövcud olmalıdır: 1. borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlərin olmaması; 2. icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlərin nəticə verməməsi. Bu iki hal da yalnız o zaman müəyyən edilə bilər ki, qeyd edilən hallar mötəbər sübutlarla təsdiq edilsin. Yəni icra məmuru, əgər həmin maddədə göstərilən əsasla icra sənədini geri qaytarırsa, qərarda göstərməlidir ki, borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlərin olub-olmadığını müəyyən etmək üçün hansı tədbirlər görmüş və hansı nəticələr əldə etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin onlar, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Borclu və qərarı qəbul edən icra məmurunun məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən, məhkəmə şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə şikayəti və iş materiallarını nəzərdən keçirərək qeyd edir ki, şikayət təmin edilməli, Yasamal rayon icra şöbəsinin icra məmurunun “icra sənədinin qaytarılması haqqında” xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməli və icra tədbirləri davam etdirilməlidir. Belə ki, iş materiallarında olan “İcra sənədinin qaytarılması haqqında” xx.xx.2024-cü il tarixli qərarından görünür ki, icra sənədi üzrə Borclu 1445.64 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "L FİN” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. İcra sənədinin icrasını təmin etmək məqsədilə iş üzrə Borclu yaşadığı ünvana tərəfindən baxış keçirilmiş, lakin həmin ünvanda borcluya məxsus tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. Həmçinin “Elektron icra" informasiya sistemi vasitəsilə verilmiş sorğular nəticəsində borcluya məxsus tələbin yönəldə biləcəyi daşınar və daşınmaz əmlaklar, qiymətli kağızlar, hər hansı gəlir məlumatları aşkar edilməmişdir. Bu səbəbdən icra sənədinin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun 10 oktyabr 2017-ci il tarixli Qərarında qeyd edilmişdir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. Belə ki, “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. X2 Məhkəməsinin Plenumunun hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın icra sənədini vermiş məhkəməyə göndərilməsi və bu məhkəməyə öz təşəbbüsü ilə həmin qərarın qanunvericiliyin tələblərinə uyğun olubolmamasını yoxlamaq səlahiyyətinin verilməsi son nəticədə işə baxmış məhkəmənin qərarın icrasına nəzarət etməsini təmin etmək məqsədi daşıyır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən, tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi aşağıdakı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır: 23.1.1. tələbkarın ərizəsi əsasında; 23.1.2. borclu hüquqi şəxsin ünvanını və ya borclu fiziki şəxsin yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmadıqda (borclunun və ya onun əmlakının bu qanunla nəzərdə tutulan hallarda axtarışı istisna olmaqla) və ya ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadıqda; 23.1.3. borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə; 23.1.4. tələbkar icra sənədi icra olunarkən borclunun satılmamış əmlakını özündə saxlamaqdan və ya borcludan alınmış müəyyən əşyaları götürməkdən imtina etdikdə; 23.1.5. tələbkar öz hərəkətləri (hərəkətsizliyi) ilə icra sənədinin icrasına mane olduqda. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən, tələbin icrası bu Qanunun 23.1.2-23.1.5-ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir. Göründüyü kimi, şikayət əsaslıdır və Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Erol Kazımlının “icra sənədinin qaytarılması haqqında” xx.xx.2024-cü il tarixli qərarı əsassızdır, bu səbəbdən, ləğv edilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən, tələbin icrası bu Qanunun 23.1.2-23.1.5-ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir. Lakin, bu barədə akt tərtib olunmamış və tələbkara hər hansı məlumat verilməmişdir. Müvafiq aktın tərtib olunması və tələbkara bu barədə məlumat verilməsi barədə hər hansı sənəd, material məhkəməyə təqdim edilməmişdir. Həmçinin mübahisələndirilən icra sənədinin qaytarılması haqqında qərarda borclunun mülkiyyətində heç bir əmlakın olmadığı, borclunun ünvanında tələbin yönəldilə biləcəyi əmlak aşkar edilmədiyi göstərilsə də icra məmuru tərəfindən qeyd olunan halların araşdırılması və rəsmiləşdirilməsi barədə hər hansı sübut da mövcud deyil. Bununla yanaşı icra sənədinin qaytarılması haqqında qərarda icra sənədinin icrasını təmin etmək məqsədilə müvafiq orqanlara sorğular edildiyi göstərilsə də həmin sorğular icra işinin materiallarında aşkar olunmamışdır. Beləliklə, göründüyü kimi müvafiq qərarı qəbul etmiş icra məmuru borclu barəsində “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq maddələrində nəzərdə tutulmuş məcburi icra tədbirlərinin görülməsi, eləcə də onun inzibati məsuliyyətə cəlb edilməsini həyata keçirməmiş, müvafiq icra sənədi üzrə nəzərdə tutulmuş məcburi icra tədbirlərinin həyata keçirilməsini təmin etməmiş, əvəzində icra tədbirlərini tam həyata keçirmədən qeyd edilən “icra sənədinin qaytarılması” haqqında qərar qəbul etmişdir. “Cəfərov Azərbaycana qarşı” iş üzrə xx.xx.2010-cu il tarixli və “Cəfərli və digərləri Azərbaycana qarşı” xx.xx.2010-cu il tarixli qərarlarında Avropa Məhkəməsi göstərmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi hər kəsin hüquq və vəzifələrinə aid iddiasının məhkəmə və ya tribunal qarşısına çıxarılması hüququnu təmin edir, bu mənada, o, “məhkəmə hüququnu” ehtiva edir ki, mülki məsələlərdə icraatı başlamaq hüququ olan məhkəməyə müraciət etmək hüququ onun bir aspektidir. Lakin Razılığa gələn Yüksək Tərəflərin daxili hüquq sistemləri yekun məcburi məhkəmə qərarının bir tərəfin zərərinə hərəkətsiz qalmasını mümkün edərsə, bu hüquq xəyali olar. Bu ağlasığmaz olar, əgər Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi tərəflərə verilən prosessual təminatları təfsilatı ilə izah etsin - ədalətli, açıq və sürətli məhkəmə araşdırmaları - lakin məhkəmə qərarlarının icrası qorunmasın, Konvensiyanın 6-cı maddəsini yalnız məhkəməyə müraciət etmək və araşdırmaların nəticələnməsi hüququnu verən kimi şərh etmək, Razılığa gələn X1 ratifikasiya edərkən üzərlərinə götürdükləri qanunun aliliyi prinsipi ilə zidd olan vəziyyətlərə gətirib çıxarmaq kimi olar. Buna görə, Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün məhkəmə qərarının icra olunması “araşdırmanın” ayrılmaz hissəsi kimi qiymətləndirilməlidir. Bu konteksdə məhkəmə qeyd edir ki, icra sənədi üzrə icranın formal əsaslarla həyata keçirilməməsi məhkəmə müdafiəsi hüququnun Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərində də tez-tez istifadə olunan “xəyali” hüquqa çevirilməsi ilə nəticələnəcəkdir ki, bu da yolverilməzdir. Belə olan halda məhkəmə hesab edir ki, Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Erol Kazımlının “icra sənədinin qaytarılması haqqında” xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməli və müvafiq icra hərəkətlərinin davam etdirilməsi Bakı şəhəri Yasamal rayon icra şöbəsinə tapşırılmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.7-ci maddəsinə əsasən icra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 263-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Tələbkar şikayət ərizəsi təmin edilsin. Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Erol Kazımlının “icra sənədinin qaytarılması haqqında” xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin və müvafiq icra hərəkətlərinin davam etdirilməsi Bakı şəhəri Yasamal rayon icra şöbəsinə tapşırılsın. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar