Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(5-104)-218/2026 17.02.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5130/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında Bakı şəhəri Yasamal Rayon İcra şöbəsinin icra məmuru Aslan Aslanbəylinin təqdimatına açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru Aslan Aslanbəyli təqdimatla məhkəməyə müraciət edərək, iş üzrə borclu xx.xx.1981-ci il tarixdə anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsi xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2025-cü il tarixli qərarla icraata başlanılmış Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5130/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən cavabdeh Borclu xx.xx.2024-cü il tarixli 06472805 nömrəli müqaviləyə əsasən 880.12 (səkkiz yüz səksən manat on iki qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat atlmış qəpik) manat rüsum, 88.01 (səksən səkkiz manat bir qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 991.73 (doqquz yüz doxsan bir manat yetmiş üç qəpik) manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. İş üzrə Borclu xx.xx.2025-ci il tarixdə könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilməsinə, dəfələrlə şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, borclu icranı könüllü təmin etməmiş və icranı təmin etməkdən ürzsüz səbəbdən boyun qaçırmışdır. Belə olan halda məhkəmə qərarı əsasında verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədiyi üçün və ölkənin hüdudlarını tərk etmək ehtimalını nəzərə alaraq, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını məqsədə müvafiq hesab edilir. Tələbkar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və təqdimatın təmin edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişlər. Borcluya və icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı, icra işini və materialı araşdıraraq hesab edir ki, təqdimat əsassız olduğundan rədd edilməlidir. Belə ki, icra işinin materiallarında olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5130/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən cavabdeh Borclu xx.xx.2024-cü il tarixli 06472805 nömrəli müqaviləyə əsasən 880.12 (səkkiz yüz səksən manat on iki qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat atlmış qəpik) manat rüsum, 88.01 (səksən səkkiz manat bir qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 991.73 (doqquz yüz doxsan bir manat yetmiş üç qəpik) manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. İcra işinin materiallarında olan Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin xx.xx.2025-ci il tarixli İcraata başlamaq haqqında qərarına əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5130/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İcra işinin materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli tələbin könüllü icrası haqqında bildiriş Borclu tərəfindən imza edilməklə qəbul edilmiş və borcluya Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5130/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra edilməsi üçün vaxt verilmişdir. İcra işinin materiallarında olan Borclu yazılı izahatından görünür ki, borclu Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5130/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi barədə xəbərdardır. «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 43.1-ci maddəsinə əsasən məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; 43.1.2. tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; 43.1.3. tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; 43.1.4. icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; 43.1.5. bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər. «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 44.1-ci maddəsinə əsasən məcburi icra tədbirlərinin tətbiqinin əsasları aşağıdakılardır: 44.1.1. bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; 44.1.2. icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; 44.1.3. könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi. 44.2. Bu Qanunun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslardan hər hansı biri olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir. 44.3. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaiti olmadıqda bu Qanunun 43.1.1–43.1.5-ci maddələrində nəzərdə tutulan məcburi icra tədbirlərinin hər hansı birinin tətbiqi digərlərinin tətbiqini istisna etmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.3-cü maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra işində olan sənədlərdən görünür ki, Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru Aslan Aslanbəyli «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 43.1-ci maddəsində göstərilən məcburi icra tədbirlərdən hər hansı birini həyata keçirmədən, borcun ödənilməsi üçün zəruri olan icra tədbirlərini həyata keçirmədən əsaslandırılmamış təqdimatla məhkəməyə müraciət etmişdir. İcra işindən göründüyü kimi icra məmuru yalnız Borclu izahatını almaqla kifayətlənmişdir. Həmçinin məhkəmə qeyd edir ki, sözügedən icra sənədi üzrə borcludan tutulmalı olan borc məbləği 1021.73 manat təşkil edir. Məhkəmə hesab edir ki, qeyd edilən məbləğ əhəmiyyətli dərəcədə böyük çəkiyə malik deyildir. Buna görə də icra məmurunun həmin borc məbləğinin borcludan tutulması üçün digər icra tədbirləri görmədən onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət etməsi əsassızdır. Eləcə də məhkəmə qeyd etməyi zəruri hesab edir ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinin tələbinə görə borclunun ölkədən getmək hüququnun məhdudlaşdırıla bilməsi üçün ilkin şərt onun icra sənədinin könüllü icrası üçün müəyyən olunmuş vaxtda icra sənədini üzrsüz səbəbdən icra etməməsi halıdır. Lakin borclunun məhkəmənin verdiyi icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi xüsusatı hal-hazırda öz təsdiqini tapmır. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinə əsasən icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu fiziki şəxs və ya borclu hüquqi şəxsin icra orqanının rəhbəri tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, onların ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərarı dərhal “Elektron məhkəmə” informasiya sistemindən “Elektron icra” informasiya sisteminə ötürülür. “Elektron icra” informasiya sistemi vasitəsilə bu barədə dərhal “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə məlumat ötürülür və həmin məlumat-axtarış sistemində borclu fiziki şəxs və ya borclu hüquqi şəxsin icra orqanının rəhbəri barədə məhdudiyyət tətbiq edilir, bununla bağlı “Elektron icra” informasiya sistemi vasitəsilə borclu fiziki şəxsə və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinə və tələbkara məlumat verilir, o cümlədən borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin adına qeydə alınmış mobil telefon nömrəsinə (nömrələrinə) SMS göndərilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84-1.2-ci maddəsinə əsasən borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqda bu barədə məlumat dərhal “Elektron icra” informasiya sisteminə daxil edilir və “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə ötürülür və həmin məlumat-axtarış sistemində borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin barəsində tətbiq edilmiş məhdudiyyət götürülür və bununla bağlı “Elektron icra” informasiya sistemi vasitəsilə borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin adına qeydə alınmış mobil telefon nömrəsinə (nömrələrinə) SMS göndərilir. Məhkəmə hesab edir ki, borclunun məhkəmənin verdiyi icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi xüsusatı hal-hazırda öz təsdiqini tapmadığından, borcun ödənilməsi üçün zəruri olan icra tədbirləri həyata keçirilmədiyindən, icra məmuru tərəfindən əsaslandırılmış təqdimatla məhkəməyə müraciət olunmadığından Borclu ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru Aslan Aslanbəylinin təqdimatı hazırki halda təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 267-269cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5130/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru Aslan Aslanbəylinin təqdimatı əsassız olduğu üçün rədd edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №8(5-104)-218/2026
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(5-104)-218/2026
17.02.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver