Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(5-104)-286/2026 26.02.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi ilə, X2 yetkinlik yaşına çatmayan xx.xx.2009-cu il təvəllüdlü X14 və xx.xx.2017-ci il təvəllüdlü X1 üçün tutulmuş alimentin indeksasiya edilməsi barədə ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3099/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə tutulan alimentin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində indeksasiya edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, birgə nikahdan 14 avqust 2009-cu il təvəllüdlü X16 və 18 iyul 2017-ci il təvəllüdlü X11 adlı övladları dünyaya gəlmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 15 avqust 2023-cü il tarixli, 2(004)-3099/2023 saylı qətnaməsi ilə nikahın pozulması, uşaqların onun himayəsinə verilməsi, Borclu uşaqların saxlanılması üçün hər ay 440 manat aliment tutulması qət edilmişdir. Hesab edir ki, övladlarının saxlanılması üçün Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin miqdarı, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqına uyğun olaraq indeksasiya edilməlidir. Qeyd etmişdir ki, cavabdeh tərəfindən, birgə nikahdan olan övladlarının saxlanılması üçün ödənilən alimentin məbləği, övladlarına baxmağı, eyni zamanda onların artan sosial və digər xərcləri üçün kifayət etmir. Hal-hazırda övladlarını təkbaşına böyüdür və aliment hesabına onların ehtiyaclarını çətinliklə də olsa qarşılaya bilir. Belə ki, yaşlarına münasibətdə, ildən ilə xərcləri də ona uyğun olaraq artmaqdadır. Buna görə də sabit pul məbləğində tutulan aliment miqdarının yenidən hesablanması - indeksasiya edilməsinin, övladlarını tək başına böyüdən bir ana olaraq, övladlarının ildən ilə artan xərclərinin qarşılanmasında ona müəyyən qədər kömək edəcəyini düşünür. Yasamal Rayon Məhkəməsinin qətnaməsi ilə sabit pul məbləğində müəyyən edilən alimentin ölkə üzrə müəyyən olunan minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində hesablanmasının övladlarının kifayət qədər yaxşı yetişməsi, gələcəyi və mənafei baxımından vacib olduğu qənaətindədir. Borcluya, tələbkara və icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Borclunun, tələbkarın və icra məmurunun məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən, məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını dinləyib, ərizəni, ona əlavə olunan sənədləri araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 3099/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilərək, X12 və Borclu arasında 5 saylı Bakı “ASAN xidmət” mərkəzinin Qeydiyyat şöbəsində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2016-cı il tarixdə 2749 nömrə ilə rəsmiləşdirilmiş nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X11 və xx.xx.2009-cu il təvəllüdlü X14 yetkinlik yaşına çatana qədər anaları X7 yanında qalmalarının müəyyən edilməsi, xx.xx.2017-ci il təvəllüdlü X11 və xx.xx.2009-cu il təvəllüdlü X14 yetkinlik yaşına çatana kimi saxlanmalarına görə hər ay hər uşağa görə 220 (iki yüz iyirmi) manat olmaqla, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində alimentin Borclu tutularaq X9 ödənilməsi, alimentin tutulmasının xx.xx.2023-cü il tarixdən hesablanması qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 110.1. Məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir; Maddə 110.2. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 232.1. Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər; Maddə 232.2. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur; Maddə 232.3. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” xx.xx.2024-cü il tarixli Qərarı: “8.4-2.... Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). “8.11-1. Alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir.” X15 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Belə olan halda məhkəmə hesab edir ki, hazırki halda da aliment məbləğinin indeksasiyası ərizə ilə məhkəməyə müraciət edilən vaxtdan, yəni 13 fevral 2026-cı il tarixdən hesablanmalıdır. İşin faktiki hallarından müəyyən olunur ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3099/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə alimentin məbləği hər uşağa görə 220 manat məbləğdə müəyyən edilmişdir. X4 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3099/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin indeksasiya olunmasını xahiş edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” xx.xx.2024-cü il tarixli Qərarındakı hüquqi mövqeyə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Göründüyü kimi, indeksasiya üzrə həm Ailə Məcəlləsinin tələbi, həm də Ali Məhkəmənin mövqeyi indeksasiyanın ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqına uyğun həyata keçirilməsi yönündədir. Hazırkı işin hallarından görünür ki, yetkinlik yaşına çatmayan uşaqların saxlanılmaları üçün tutulan alimentin məbləği Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3099/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə 220 manat məbləğdə müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” xx.xx.2023-cü il tarixli Sərəncamı ilə minimum əmək haqqının məbləği 2023-cü ilin yanvarın 1-dən 345 manat müəyyən edilmişdir. Belə olan halda, qətnamə ilə tutulan 220 manat məbləğdə aliment 2023-cü il üçün minimum əmək haqqının 0,63 misli həddində olmuşdur. Odur ki, indeksasiya da müvafiq həddə aparılmalı, tutulan alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,63 misli həddində indeksasiya olunmalıdır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin olunmalı, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3099/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən tutulmuş alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,63 misli həddində indeksasiya olunmalıdır. Göstərilənlərə əsasən və MPM-nin 231, 263-264, 267-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3099/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə xx.xx.2009-cu il təvəllüdlü X14 və xx.xx.2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün tutulan 220 manat sabit pul məbləğində alimentin məbləği 13 fevral 2026-cı il tarixdən başlayaraq, sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,63 misli həddində indeksasiya olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №8(5-104)-286/2026
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(5-104)-286/2026
26.02.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver