Məhkəmə qərarları › İş №8(5-104)-287/2026

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(5-104)-287/2026

23.02.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(5-104)-287/2026 23.02.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlil Ülkər Abdurahman qızının sədrliyi, Kərimli Dinar Abbas oğlunun katibliyi ilə, X1, Yasamal Rayon İcra Şöbəsinin icra məmuru X5 iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5416/2017-025 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə tələbkar X10 tərəfindən icra məmurunun hərəkətsizliyindən verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5416/2017-025 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə tələbkar X10 məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Xəyalə xanımın barəsində tədbir görülməsinə, icra işinin ondan alınaraq başqa icra məmurunun icraatına verilməsinə və məhkəmə aktının icrası ilə bağlı müvafiq tədbirlərin görülməsinə göstəriş verilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5416/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə onun cavabdehlər “X9 S.P.A” Şirkətinə və “X18-Takenaka” MMC-yə qarşı “əmək xəsatərinə görə ödəniş məbləğinin birdəfəlik ödənilməsi” tələbinə dair iddia ərizəsinin “X7 S.P.A.” Şirkətinə münasibətdə rədd edilməsi, ödənilməmiş 6400 manat əmək xəsarətinə görə ödəncin və 2017-ci ilin may ayından etibarən ona hər ay 400 manat məbləğində ödəncin verilməsi vəzifəsinin “X18-Takenaka” MMC-nin üzərinə qoyulması qət edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsindən daxil olan xx.xx.2025-ci il tarixli sorğuya cavabdan görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5416/2017 nömrəli xx.xx.2017-ci il tarixli qətnaməsi xx.xx.2018-ci il tarixdə qanuni qüvvəsini almışdır. Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin xx.xx.2025-ci il tarixli “icra edilməyən və ya qismən icra edilmiş icra sənədinin məhkəməyə geri qaytarılması barədə” qərar qəbul etməklə həmin icra işini geri qaytarmış və bunu onunla əsaslandırmışdır ki, müvafiq qurumlara verilən sorğular əsasında borclu “X18-Takenaka” MMC-nin fəaliyyətinin dayandırılması və ona məxsus hər hansı əmlak və gəlirin olmaması müəyyən edilmişdir. “X4 S.P.A.” Şirkətinin Azərbaycan Respublikasında X13 adlı Filialının Əsasnaməsinin 1.2, 3.1 və 4.5ci bəndlərindən görünür ki, filial hüquqi şəxs deyildir, onun təsisçisi “X7 S.P.A” Səhmdar Cəmiyyətidir və Şirkət filialın öhdəliklərinə görə tam məsuliyyət daşıyır. O, Bakı şəhər Xətai Rayon Məhkəməsində cavabdehlər “X7 S.P.A.” Şirkətinin Azərbaycan Respublikasında X13 adlı Filialına və “X7 S.P.A.” Şirkətinə qarşı “əmək xəsarətinə görə ödəncin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər “X4” S.P.A.” Şirkəti və həmin xarici hüquqi şəxsin “X4 S.P.A.” Şirkətinin Azərbaycan Respublikasında X13 adlı Filialı tərəfindən əmək xəsarətinə görə iddiaçıya 400 manat məbləğində ödəncin verilməsinin davam etdirilməsi, cavabdehlərdən “X19-Takenaka” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 2023-cü ilin iyun ayından bu iddia ərizəsinin tərtib edildiyi tarixədək (xx.xx.2025-ci ilədək) 25 aylıq dövr üçün iddiaçıya ödənilməmiş 10000 manat əmək xəsarətinə görə ödənc məbləğinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5583/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə eyni tərəflər arasında eyni predmetlə bağlı mübahisə üzrə qətnamə qəbul edilməsini əsas götürməklə iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul etmişdir. O həmin qərardaddan apellyasiya şikayəti vermiş, lakin şikayəti təmin olunmamışdır. Həmin qərardadla müəyyən edilmişdir ki, artıq tələb olunan ödəncin borcludan tutulmasına dair məhkəmə aktı qəbul olunmuş, qanuni qüvvədədir və qismən icra olunmuşdur. Lakin icra icraatında borclunun fəaliyyətinin və əmlakının olmaması səbəbindən icra sənədi geri qaytarılmışdır. İcra sənədinin geri qaytarılması halı ödəncin yenidən iddia icraatı qaydasında başqa bir cavabdehdən tutulması üçün əsas ola bilməz. Belə ki, nəzərə alınmalıdır ki, MMC-nin fəaliyyətinin dayandırılması müvəqqəti xarakterli məsələdir. Borclu fəaliyyətini yenidən bərpa etdikdən sonra icra icraatında məcburi icra hərəkətləri davam etdirilə bilər. Bunun üçün isə ilk növbədə iddiaçı icra sənədinin geri qaytarılmasına səbəb olmuş halın yoxlanılması və icra sənədinin yenidən icraya yönəldilməsi üçün icra sənədi üzrə məhkəmə nəzarətini həyata keçirən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etməlidir. Bununla nəzərə alınmalıdır ki, “X7 S.P.A.” Şirkəti xarici hüquqi şəxs olmaqla Azərbaycan Respublikasında filialları vasitəsilə və təsis etdiyi xarici investisiyalı hüquqi şəxsin funksiyalarını ayrıca bölmə olaraq burada həyata keçirirlər. Əgər icra sənədinin icrası vaxtı ödəncin həyata keçirilməsi həvalə olmuş borclu sıradan çıxdıqda, yəni ləğv olunmasa belə, fəaliyyətini tamamilə dayandırdıqda və “X7 S.P.A.” Şirkəti Azərbaycan Respublikasındakı fəaliyyətini digər filialına həvalə etdikdə əsas hüquqi şəxsin öhdəliyi kimi ödəncin verilməsi qeyd olunan sonuncu filialına həvalə oluna bilər. Çünki əsas Şirkət filiallarının öhdəliklərinə görə tam məsuliyyət daşıyır. Buna görə yaranmış öhdəlik faktiki olaraq bir filial tərəfindən icra oluna bilmədikdə, həmin öhdəlik icra icraatı qaydasında Şirkətin digər filiallarına həvalə edilə bilər. Bu məsələlər isə icra məmuru tərəfindən tənzimlənməli və bu halda icra məmuru müvafiq qərar qəbul edərək sıradan çıxmış tərəflərin əvəz edilməsini təmin etməlidir, icra məmurunun bu vəzifəsi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 31-ci maddəsindən irəli gəlir. Həmin məhkəmə qərardadından sonra o, ərizə ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə elektro ərizə ilə müraciət etməklə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5416/2017 nömrəli xx.xx.2017-ci il tarixli qətnaməsini yenidən icraya yönəldilməsini xahiş etmiş və icra məmuru Xəyalə xanım ona bildirmişdir ki, icra vərəqəsi daxil olan kimi icra hərəkətlərini həyata keçirəcəkdir. Lakin bundan aylar keçsə də, heç bir icra işi aparılmadı və o, Xəyalə xanımla telefonla əlaqə saxladıqda isə ona bildirdi ki, həmin icra işi köhnə iş olduğu üçün ona arxivə atmışdır və qətnamənin icrası mümkünsüzdür. O, 2010-cu ildə həmin şirkətdə işlədiyi müddətdə ağır əmək travması almış, dəfələrlə müxtəlif tibb müəssisələrində stasionar müalicələr almış, əməliyyatlar edilmiş və sağlamlığı bərpa edilməmiş, 2-ci qrup müddətsiz əlildir, 2023-cü ildən bəri 1 manat da olsun təzminat almır, maddi vəziyyəti ağırdır, həmin vəsaitə onun ehtiyacl vardır, lakin icra məmuru qanun qüvvəsini almış məhkəmə aktını icra etmir, həmin şirkətin bir neçə filialları olsa da və həmin filiallar aktiv vergi ödəyiciləri olsalar da, ona olan borcun və peşə xəsarətinə görə təzminatın onlardan tutulmasını icra etmirlər, halbuki şirkət hüquqların məhkəmədə təmsil edilməsi ilə bağlı Vəkillər Kollegiyasının üzvü X2 etibarnamə vermiş, onunla müqavilələr bağlamışdır, necə olur ki, vəkilə pul tapır, lakin ona dəymiş zərəri ödəmir. Məhkəmə iclasında iştirak edən tələbkar izahatında şikayəti müdafiə etdiyini, uzun müddətdir ki, məhkəmə qətnaməsi icra olunmadığını bildirərək, şikayətin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştitak edən Yasamal Rayon İcra Şöbəsinin icra məmuru X11 məhkəməyə verdiyi izahatında bildirdi ki, xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5416/2017-025 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədi geri qaytarılmışdır. İcra sənədinin təkrarən icraya yönəldildiyi qeyd edilsə də, elektron icra sistemində icra sənədinin məhkəməyə geri qaytarıldığı göstərilir. İcra sənədinin təkrarən icra olunması üçün göndərilməsi barədə məlumatı olmamışdır. İcra sənədi üzrə borcluya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Borclunun məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, məhkəmə şikayətə borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və borclu barəsində Bakı şəhəri Yasamal rayon İcra şöbəsində olan icra işləri üzrə toplanmış materialları nəzərdən keçirərək hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5416/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra vərəqəsinə əsasən iddia cavabdeh “X18-Takenaka” Məhdud Məsuliyyətli Cəmiyyətinə münasibətdə qismən təmin edilməli, 16 aylıq dövr üçün ödənilməmiş 6400 manat əmək xəsarətinə görə ödənc cavabdeh “X18-Takenaka” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq iddiaçı X6 ödənilməli, 2017-ci ilin may ayından etibarən iddiaçı X6 400 manat aylıq ödəncin verilməsi vəzifəsi cavabdeh “X18-Takenaka” Məhdud Məsuliyyətli Cəmiyyətinin üzərinə qoyulmalı, cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti və “X7 S.P.A.” Şirkətinə münasibətdə iddia rədd edilməli, 30 manat məbləğində dövlət rüsumu cavabdeh X18- Takenaka” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru X5 xx.xx.2025-ci il tarixli icra sənədinin qaytarılması haqqında qərarına əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5416/2017-025 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə qaytarılmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli məktubuna əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5416/2017-025 saylı, 17.11.217-ci il tarixli icra vərəqəsi icra edilməsi üçün təkrarən Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinə göndərilmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Xornsbin Yunanıstana qarşı” iş üzrə qəbul etdiyi 1997-ci il 19 mart tarixli qərarında qeyd edir ki, iştrakçı dövlətlərin məhkəmə sistemi məhkəmənin məcburi və yekun qərarının icra olunmamasına və beləliklə tərəflərin birinin maraqlarına zərər vurulmasına imkan verirsə, deməli Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan “məhkəmə baxışına hüquq” xəyal xarakterli olacaqdır...Hər hansı bir məhkəmə tərəfindən çıxarılmış qərarın icrası həmin maddədə nəzərdə tutulmuş “məhkəmə icraatı” anlayışının ayrılmaz tərkib hissəsidir. Göründüyü kimi, məhkəmə qərarlarının icra edilməməsi ədalət mühakiməsinə çatımı məhdudlaşdırır. O, əsas hüquqların müdafiəsinə xələl gətirə və fərdləri səmərəli məhkəmə müdafiəsindən məhrum edə bilər. Bu baxımdan məhkəmə qərarlarının icra edilməməsi həm də qanunun aliliyinə xələl gətirmiş olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən, məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 70.3-cü maddəsinə əsasən bu Qanunun 70.1-ci və 70.2-ci maddələri ilə nəzərdə tutulmuş tələblər borclu tərəfindən üzrsüz səbəblərdən yerinə yetirilmədikdə, icra məmuru borclu barəsində bu Qanunun 82-ci maddəsi ilə müəyyən edilmiş tədbirləri görür. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5416/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra vərəqəsi Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru X5 xx.xx.2025-ci il tarixli icra sənədinin qaytarılması haqqında qərarına əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə qaytarılmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli məktubuna əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5416/2017-025 saylı, 17.11.217-ci il tarixli icra vərəqəsi icra edilməsi üçün təkrarən Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinə göndərilmiş, lakin icra məmuru tərəfindən hər hansı icra hərəkəti aparılmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, tələbkarın icra məmurunun hərəkətsizliyinin qanunsuz hesab edilməsinə dair şikayəti qismən əsaslıdır. Odur ki, yuxarıda göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5416/2017-025 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə icra məmurunun hərəkətsizliyi qanunsuz hesab edilməli və müvafiq icra hərəkətlərinin davam etdirilməsi Bakı şəhəri Yasamal Rayon İcra şöbəsinin icra məmuru X8 tapşırılmalıdır. Məhkəmə onu da qeyd edir ki, şikayət icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsinin Yasamal Rayon İcra Şöbəsinin digər icra məmuruna həvalə edilməsi hissəsində təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 263-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şikayət qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5416/2017-025 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə icra məmuru X5 hərəkətsizliyi qanunsuz hesab edilsin və müvafiq icra hərəkətlərinin davam etdirilməsi Bakı şəhəri Yasamal Rayon İcra şöbəsinin icra məmuru X8 tapşırılsın. Şikayət qalan hissədə təmin edilməsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ülkər Xəlil

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar