Məhkəmə qərarları › İş №8(5-104)-353/2026

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(5-104)-353/2026

04.03.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(5-104)-353/2026 04.03.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Ülkər Xəlil Abdurahman qızının sədrliyi, Kərimli Dinar Abbas oğlunun katibliyi ilə, Tələbkar tərəfindən verilmiş ödənilməli olan pul məbləğlərinin indeksasiyası barədə ərizəyə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Tələbkar “pul məbləğlərinin indeksasiyası” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Yasamal Rayon Məhkəməsinin 2(004)-3744/2014 saylı, 14 aprel 2014-cü il tarixli məhkəmə qərarı ilə müəyyən edilmiş 399 manat pul məbləğini indeksləşdirilərək 2014-cü il aprel ayından 2026-cı il yanvar ayınadək 208,20 faiz artımı (399 AZN x 208,20% = 830,72 AZN) nəzərə alaraq cəmi 1229,72 manat məbləğində indeksləşdirilmənin müəyyən edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə belə əsaslandırılmışdır ki, Yasamal Rayon Məhkəməsinin 2(004)-3744/2014 saylı 14 aprel 2014-cü il tarixli məhkəmə qərarına əsasən borclular Borclu1 və Borclu2 399 manat məbləğində pul müştərək qaydada tutularaq Tələbkar xeyrinə tutulması ödənilməsi qərara alınmışdır. Hazırda qəbul olunmuş məhkəmə qərarı qanuni qüvvəsini almasını və həmçinin icra məmuru tərəfindən məcburi icra tədbirlərinin görülməsinə baxmayaraq, məhkəmə qərarı icra olunmamışdır. Borclular məhkəmə qərarı üzrə qəbul olunmuş məbləği zamanında ödəyərək icra etsəydilər, tələbkar, başqa sahədə istifadə etməklə gəlir əldə edə bilərdi. Lakin borcluların məhkəmə qərarı üzrə öhdəliyinin icra etməməsi səbəbindən və həmin məbləğ vaxtında geri qaytarılmadığına görə tələbkar, həmin pulu dəyərləndirə bilməmişdir. Buna görə də məhkəmə qərarı üzrə tələbkara ödənilməli olan pul vəsaiti inflyasiyaya uğradığından indeksləşdirmə tətbiq edilməsi zərurəti yaranmışdır. Belə ki, indeksasiya institutu pulun alıcılıq qabiliyyətinin məhz məhkəmə aktı qəbul edilən an mövcud olan səviyyədə bərpasına yönəldiyindən, eləcə də bu hüquqi alət sanksiya xarakteri daşımadığına görə onun tətbiqi məhkəmə aktının qanuni qüvvəyə minməsi və ya məhkəmə aktının icrasından yayınma ilə əlaqələndirilə bilməz. Bu səbəbdən indeksasiya məhz məhkəmə aktının qəbul edildiyi gündən onun tam icra edildiyi günədək olan müddəti əhatə etməlidir. İndeksasiya institutu da qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icra edilməməsi nəticəsində baş verən inflyasiya itkilərinin kompensasiyasını, pulun alıcılıq qabiliyyətinin bərpasını təmin edən səmərəli hüquqi vasitə olmaqla məhkəmə müdafiəsi hüququnun realizəsinin effektivliyi baxımından xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin istehlak qiymətləri indeksinin hesablanmasından görünür ki, 2026-cı il yanvar ayından 2014-cü il aprel ayına nisbətən istehlak qiymətləri indeksi 208,20 faiz təşkil etmiş, yəni qiymətlərin səviyyəsi 2,1 dəfə artmışdır. Tələbkar məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilib ərizənin təmin edilməsini xahiş etmişdir. Borclulara məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və icra işinin materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə təmin edilməməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(004)-3744/2014 saylı məhkəmə əmri ilə 241,85 manat əsas borc, 91 manat cərimə və ödənilmiş 21 manat dövlət rüsumu, cəmi 399 manat məbləğində pul vəsaitinin borclular xx.xx.1973-cü il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan Borclu1 və xx.xx.1969-cu il tarixdə ünvan 1 ünvanında qeydiyyatda Borclu2 mütərək qaydada tutularaq Tələbkar xeyrinə verilməsi əmr edilmişdir. Bakı şəhəri Yasamal Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 xx.xx.2024cü il tarixli icraata xitam verilməsi haqqında qərarına əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3744/2014 nömrəli, xx.xx.2014-cü il tarixli icra sənədinə Borclu1 xx.xx.2021-ci il və X1 xx.xx.2016-cı il tarixdə ölməsinə və heç bir vərəsəlik hüququnun tanınmasına dair notariat hərəkətinin aşkar edilməməsinə əsasən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.3-cü maddəsinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarında göstərildiyi kimi, “Konstitusiyanın 60-cı maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququ məhkəmə tərəfindən yalnız qanuni və əsaslandırılmış qərarın qəbul edilməsini deyil, həmçinin onun vaxtında icra edilməsini nəzərdə tutur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir çox qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində müəyyən olunmuş “məhkəmə araşdırması hüququ” təkcə məhkəməyə müraciəti və yekun məhkəmə aktının qəbulunu deyil, həm də (və mütləq qaydada) məcburi qüvvəyə malik yekun məhkəmə aktının icrasını nəzərdə tutur. Məhkəmənin mövqeyinə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində tərəflərə verilən prosessual təminatlar (ədalətli, açıq və vaxtında aparılan məhkəmə araşdırması) məhkəmə qərarının icrası hüququnu müdafiə etməsəydi, bu, anlaşılmaz bir hal olardı. İştirakçı dövlətlərin daxili qanunvericiliyi tərəflərdən birinin ziyanına məhkəmə qərarının icra olunmadan qalmasına imkan versəydi, onda 6-cı maddədə nəzərdə tutulmuş (təminat verilən) məhkəmə araşdırması hüququ xəyali hüquq olardı. Buna görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrasına Konvensiyanın 6-cı maddəsinin, məqsədləri üçün «məhkəmə araşdırmasının» ayrılmaz tərkib hissəsi kimi baxılmalıdır. (Hornsbi Yunanıstana qarşı iş üzrə 1997-ci il 19 mart tarixli Qərar, § 40). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 7,10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair 02 sentyabr 2015-ci il tarixli qərarında hesab etmişdir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bu vəzifələr (qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi, əlavə qətnamənin çıxarılması, qətnamənin izah edilməsi, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, ödənilməli pul məbləğlərinin indeksasiyası) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. "İcra haqqında" Azərbaycan Respublikasının Qanununun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 10 oktyabr 2017-ci il tarixli Qərarında göstərilmişdir: " Beləliklə, Konstitusiya və beynəlxalqhüquqi aktların tələblərinə görə ədalət mühakiməsi məhkəmə qərarlarının effektiv icrası nəticəsində hüquqların səmərəli bərpa olunmasını təmin etməlidir....Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - Mülki Prosessual Məcəllə) bir sıra normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qovulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına - əzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. Belə ki, "İcra haqqında" Qanunun 26- cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir". Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Məhkəmə qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə əmri ilə, 241,85 manat əsas borc, 91 manat cərimə və ödənilmiş 21 manat dövlət rüsumu, cəmi 399 manat məbləğində pul vəsaitinin borclular xx.xx.1973-cü il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan Borclu1 və xx.xx.1969-cu il tarixdə ünvan 1 ünvanında qeydiyyatda Borclu2 mütərək qaydada tutularaq Tələbkar xeyrinə verilməsi əmr edilmişdir. Daha sonra Borclu1 xx.xx.2021-ci il tarixdə və X1 xx.xx.2016-cı il tarixdə ölməsi və heç bir vərəsəlik hüququnun tanınmasına dair notariat hərəkətinin aşkar edilməməsi müəyyən edilmiş, Bakı şəhəri Yasamal Rayon İcra və Probasiya şöbəsinin icra məmuru icra məmuru X2 xx.xx.2024-cü il tarixli icraata xitam verilməsi haqqında qərarına əsasən icra sənədi üzrə icraata xitam verilmişdir. Məhkəmə hesab edir ki, hazırda tələbkarın indeksasiya edilməsini tələb etdiyi tutulmalı olan borc məbləğinin əsası kimi göstərilən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(004)-3744/2014 saylı məhkəmə əmri üzrə borclular vəfat etdiyindən və icra sənədi üzrə icraata xitam verildiyindən ərizə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.3-cü maddəsinə əsasən ödənilməli pul məbləğinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-in 231,232, 263-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim: Ülkər Xəlil

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar