Məhkəmə qərarları › İş №8(5-104)-37/2026

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(5-104)-37/2026

23.01.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(5-104)-37/2026 23.01.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, Ərizəçi (tələbkar) X7, Maraqlı şəxs iştirakları ilə, X2 yetkinlik yaşına çatmayan xx.xx.2011-ci il təvəllüdlü X8 və xx.xx.2015-ci il təvəllüdlü X1 üçün tutulmuş alimentin indeksasiya edilməsi barədə ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 aprel 2024-cü il tarixli e-2(004)-1590/2024 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarını dəyişərək, 2026-cı il üçün minimum əmək haqqı nəzərə alınmaqla bundan sonrakı dövrlərdə indeksasiya olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onun Maraqlı şəxs ilə birgə nikahından xx.xx.2011ci il tarixdə X13 və xx.xx.2015-ci il tarixdə isə X10 adlı iki uşaqları doğulmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(004)-1590/2024 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək X11 ilə Maraqlı şəxs arasında bağlanmış nikah pozulmuş, tərəflərin nikahından doğulmuş 13 dekabr 2011-ci il təvəllüdlü X13 və 27 oktyabr 2015-ci il təvəllüdlü X6 iddiaçı X7 yanında qalmaları müəyyən edilmiş, tərəflərin nikahından doğulmuş 13 dekabr 2011-ci il təvəllüdlü X13 və 27 oktyabr 2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdeh Maraqlı şəxs hər ay hər uşaq üçün 200 (iki yüz) manat olmaqla, ümumilikdə 400 (dörd yüz) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X9 verilməsi qət edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 aprel 2024-cü il tarixli, e-2(004)-1590/2024 saylı qətnaməsi ilə ödənilməli olan alimentlə uşaqları saxlamaqda çətinlik çəkir. Uşaqların böyüməsi ilə onun təlabatları da günü-gündən artır. Hesab edir ki, uşağın mənafeyi, onun normal, yəni qida rasionlarına uyğun şəkildə qidalanması, fiziki cəhətdən inkişafı, təhsili, həmçinin 2026-cı il respublikada uşaqlar üçün yaşayış minimumunun 260 manat olması, həmçinin minumum əmək haqqı məbləği həddi 400 manat olunması məhkəmə tərəfindən nəzərə alınmalıdır. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 aprel 2024-cü il tarixli, e- 2(004)-1590/2024 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilməli və cavabdehdən hər ay uşaqların hər biri üçün minimum əmək haqqı məbləği indeksasiya olunaraq ona uyğun sabit pul məbləğində aliment tutulub, birgə nikahdan olan 13 dekabr 2011-ci il təvəllüdlü X13 və 27 oktyabr 2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün ona verilməlidir. Məhkəmə iclasında iştirak edən ərizəçi (tələbkar) X11 ərizəsini müdafiə edərək, onun məzmununa uyğun izahat verdi və ona verilən suallara cavab olaraq bildirdi ki, birgə nikahdan 2 uşaq dünyaya gəlmişdir. Hər uşaq üçün 200 manat aliment tutulub. Aliment məbləği tam ödənilir. Maraqlı şəxsin əlavə gəliri, həyətində kirayə evləri var. Göstərilənlərə əsasən məhkəmədən ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs ərizəyə etiraz edərək, izahatında bildirdi ki, o, aylıq 700 manat maaş alır. Maaşından tutulmalar olur, həmçinin kredit borcu da var. Ona qalan pul sadəcə 230 manat olur, maddi cəhətdən çətinlik çəkir. Ona verilən suala cavab olaraq bildirdi ki, başqa əlavə qazancı yoxdur. Göstərilənlərə əsasən məhkəmədən ərizənin təmin olunmamasını xahiş etdi. İcra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İcra məmurunun məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2ci maddəsinə əsasən, məhkəmə təqdimata onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, ərizəni, ona əlavə olunan sənədləri araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 1590/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilərək, X11 ilə Maraqlı şəxs arasında Bakı şəhəri Yasamal Rayon Qeydiyyat Şöbəsində xx.xx.2010-cu il tarixdə 1580 №-li akt qeydi ilə bağlanmış nikahın pozulması, xx.xx.2011-ci il təvəllüdlü X13 və xx.xx.2015-ci il təvəllüdlü X5 anası X7 yanında qalmalarının (saxlanılmalarının) müəyyən edilməsi, xx.xx.2011-ci il təvəllüdlü X13 və xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün cavabdeh Maraqlı şəxs hər ay hər uşağa görə 200 (iki yüz) manat, cəmi 400 (dörd yüz) manat miqdarında sabit pul məbləğində alimentin tutularaq iddiaçı X9 verilməsi, alimentin tutulma müddətinin, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-16(004)-65/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə tutulmuş və ödənilmiş alimentin məbləği nəzərə alınmaqla xx.xx.2024-cü il tarixdən müəyyən edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 110.1. Məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir; Maddə 110.2. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 232.1. Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər; Maddə 232.2. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur; Maddə 232.3. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” xx.xx.2024-cü il tarixli Qərarı: “8.4-2.... Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). “8.11-1. Alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir.” X12 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Belə olan halda məhkəmə hesab edir ki, hazırki halda da aliment məbləğinin indeksasiyası ərizə ilə məhkəməyə müraciət edilən vaxtdan, yəni 12 yanvar 2026-cı il tarixdən hesablanmalıdır. İşin faktiki hallarından müəyyən olunur ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1590/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə alimentin məbləği hər uşağa görə 200 manat məbləğdə müəyyən edilmişdir. X4 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1590/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinin indeksasiya olunmasını xahiş edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” xx.xx.2024-cü il tarixli Qərarındakı hüquqi mövqeyə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Göründüyü kimi, indeksasiya üzrə həm Ailə Məcəlləsinin tələbi, həm də Ali Məhkəmənin mövqeyi indeksasiyanın ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqına uyğun həyata keçirilməsi yönündədir. Hazırkı işin hallarından görünür ki, yetkinlik yaşına çatmayan uşaqların saxlanılmaları üçün tutulan alimentin məbləği Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1590/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə 200 manat məbləğdə müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” xx.xx.2023-cü il tarixli Sərəncamı ilə minimum əmək haqqının məbləği 2023-cü ilin yanvarın 1-dən 345 manat müəyyən edilmişdir. Belə olan halda, qətnamə ilə tutulan 200 manat məbləğdə aliment 2024-cü il üçün minimum əmək haqqının 0,58 misli həddində olmuşdur. Odur ki, indeksasiya da müvafiq həddə aparılmalı, tutulan alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,58 misli həddində indeksasiya olunmalıdır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin olunmalı, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1590/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən tutulmuş alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,58 misli həddində indeksasiya olunmalıdır. Göstərilənlərə əsasən və MPM-nin 231, 263-264, 267-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1590/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Maraqlı şəxs xx.xx.2011-ci il təvəllüdlü X8 və xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün tutulan 200 manat sabit pul məbləğində alimentin məbləği 12 yanvar 2026-cı il tarixdən başlayaraq, sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,58 misli həddində indeksasiya olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar