Məhkəmə qərarları › İş №8(5-104)-4/2026

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(5-104)-4/2026

15.01.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(5-104)-4/2026 15.01.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Şəfiyev Rəhman İntizar oğlunun katibliyi ilə, Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru X2 “icra sənədinin qaytarılması haqqında” xx.xx.2024-cü il tarixli qərarından tələbkar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Tələbkar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-3276/2022 nömrəli icra sənədi üzrə şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Yasamal rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli icra sənədinin qaytarılması haqqında qərarın ləğv olunaraq, Yasamal rayon Məhkəməsinin 2(004)-3276/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən olan icra vərəqəsinin icra edilməsi üçün yenidən Yasamal rayon İcra Şöbəsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Yasamal Rayon Məhkəməsinin 2(004)- 3276/2022 nömrəli, 01,09.2022-ci il tarixli qətnaməsinə əsasən cavabdeh X3 3792 manat məbləğində pul vəsaiti tutularaq tələbkar ”OBA Market” MMC-nin xeyrinə ödənilməlidir. xx.xx.2024-cü il tarixdə Yasamal rayon İcra Şöbəsinin icra məmuru X4 icra sənədinin qaytarılması haqqında qərar qəbul etmişdir. İcra məmuru öz qərarında qeyd edir ki, borclunun adına mülkün, bağ sahəsinin, torpaq sahəsinin, avtomobilin, VÖEN-nin, qiymətli kağızın, əmanətin olub-olmaması və təqaüd alıb-almaması barədə aidiyyəti orqan və təşkilatlara sorğular göndərilmiş və borclunun mülkiyyətində heç bir əmlak aşkar edilməmişdir. Həmçinin, X1nun icra sənədində göstərilən ünvanında olduqlarını, borclunun yaşadığı mənzilə əmlak siyahıya alınması məqsədilə baxış keçirildiyi, tələbin yönələ biləcəyi hər hansı dəyərli əmlak aşkar olunmadığını və bu barədə müvafiq akt tərtib olunduğunu qeyd edir. Daha sonra "İcra haqqında" AR Qanununun 23.1.3-cü maddəsinə istinad edərək qərara alır ki: 1. İcra sənədi Yasamal Rayon Məhkəməsinə qaytarılsın. 2. Qərarın və toplanmış materialların surətləri tərəflərə göndərilsin. 3. Qərardan onun surətini aldıqdan sonra 30 (otuz) gün müddətində məhkəmə qaydasında şikayət verilə bilər. xx.xx.2024-cü il tarixdə Yasamal rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 icra sənədinin qaytarılması haqqında qərarı ləğv olunmalıdır. Belə ki, icra məmuru öz qərarında qeyd edir ki, borclunun adına mülkün, bağ sahəsinin, torpaq sahəsinin, avtomobilin, VÖEN-nin, qiymətli kağızın, əmanətin olub- olmaması və təqaüd alıbalmaması barədə aidiyyəti orqan və təşkilatlara sorğular göndərilmişdir. Tələbkar olaraq həmin sorğuların surətini "xxxx" MMC-yə təqdim edilməsini xahiş etsələr belə, icra məmuru nə sorğuları, nə də sorğulara cavabı tələbkara təqdim etməmişdir. İcra məmuru öz qərarında qeyd edir ki, cavabdehin yaşayış yerinə baxış keçirilmişdir və tələbin yönələ biləcəyi hər hansı dəyərli əmlak aşkar olunmamışdır və bu barədə müvafiq akt tərtib etmişdir. Tələbkar olaraq baxış aktı da tələb olunmasına baxmayaraq icra məmuru aktı təqdim etməmişdir. İcra məmurunun sorğuları və baxış aktını tələbkar "xxxx" MMC-yə təqdim etməməsi belə əsas verir ki, nə sorğular var və nə də baxış aktı. İcra məmurunun bu hərəkəsizliyindən belə qənaətə gəlinir ki, icra məmuru “Şablon” sözlər yazaraq öz qərarına əsaslı olmasına çalışıb. Belə ki, "İcra haqqında" AR Qanununun 23. 2-ci maddəsinə əsasən tələbin icrası bu Qanunun 23.1.2 - 23.1.5-ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir. Hal- hazırda məsələnin kökündə müvafiq qanunun 23.1.3-cü maddəsindəki əsas - yəni, borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlərin olmamasını nəzərə alsaq, bu zaman icra məmuru müvafiq akt tərtib edərək bu barədə tələbkara məlumat verməli idi. Lakin "xxxx" MMC baş verənlər barədə icra qurumu tərəfindən rəsmi məlumatlandırılmamışdır. Bu təqdirdə tələbkar "İcra haqqında" AR Qanununun 23.7-ci maddəsində nəzərdə tutulan qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət vermək hüququndan məhrum olmuş olur. Yuxarıda yazılanlarda görünür ki, Yasamal rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli icra sənədinin qaytarılması haqqında qərar maddi və prosessual qaydaların pozuntusu ilə qəbul edilmişdir və bu səbəbdən ləğv edilməlidir. Məhkəmə iclasında iştirak edən tələbkarın nümayəndəsi Nümayəndə2 şikayəti müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verərək, şiakyətin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, borclu və icra məmuru məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-3276/2022 nömrəli icra vərəqəsinə əsasən iddia tələbi təmin edilərək, "xxxx" MMC-nin əmlakına vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 3734 manat, mediasiya xərci kimi ödənilmiş 50 manat məbləğ və 8 manat dövlət rüsumu cavabdeh X3 tutularaq "xxxx" MMC-yə ödənilməlidir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon İcra şöbəsinin icra məmuru X2 xx.xx.2022-ci il tarixli “icraata başlamaq haqqında” qərarına əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-3276/2022 nömrəli icra sənədi üzrə icraata başlanılmışdır. X1 tələbin könüllü icrası haqqında bildiriş və icraata başlamaq haqqında qərarın surəti göndərilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli “icra sənədinin qaytarılması haqqında” qərara əsasən Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru X2 xx.xx.2024-cü il tarixdə icraatına daxil olmuş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-3276/2022 nömrəli icra sənədi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 23.1.3-cü maddəsinə əsasən tələbkara qaytarılmışdır. Məhkəmə ərizəçinin izahatını dinləyib, şikayət ərizəsi, ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun: 23.1-ci maddəsinə əsasən tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi aşağıdakı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana qaytarılır: 23.1.1. tələbkarın ərizəsi əsasında; 23.1.2. borclu hüquqi şəxsin ünvanını və ya borclu fiziki şəxsin yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmadıqda (borclunun və ya onun əmlakının bu qanunla nəzərdə tutulan hallarda axtarışı istisna olmaqla) və ya ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadıqda; 23.1.3. borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə; 23.1.4. tələbkar icra sənədi icra olunarkən borclunun satılmamış əmlakını özündə saxlamaqdan və ya borcludan alınmış müəyyən əşyaları götürməkdən imtina etdikdə; 23.1.5. tələbkar öz hərəkətləri (hərəkətsizliyi) ilə icra sənədinin icrasına mane olduqda. 23.2. Tələbin icrası bu Qanunun 23.1.2 - 23.1.5-ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir. 23.3. İcra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkarın müraciəti ilə həmin sənədin yenidən icraya yönəldilməsini istisna etmir. İcra işinin materiallarından görünür ki, icra məmuru tərəfindən icra sənədinin icrasının təmin edilməsi məqsədilə yalnız müvafiq dövlət orqanları, bank və təşkilatlara sorğular edilmiş, bundan başqa borcluya məxsus ünvana baxış keçirilmiş və tələbin yönəldilə biləcəyi hər-hansı dəyərli əmlak aşkar edilmədiyi müəyyən edilmişdir. Lakin icra məmuru tərəfindən borclunun izahatı alınmamış və digər icra tədbirləri həyata keçirilməmişdir, Göründüyü kimi müvafiq qərarı qəbul etmiş icra məmuru borclu barəsində “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq maddələrində nəzərdə tutulmuş məcburi icra tədbirlərinin görülməsi, eləcə də onun inzibati məsuliyyətə cəlb edilməsini həyata keçirməmiş, müvafiq icra sənədi üzrə nəzərdə tutulmuş məcburi icra tədbirlərinin həyata keçirilməsini təmin etməmiş, əvəzində icra tədbirlərini tam həyata keçirmədən qeyd edilən icra sənədinin qaytarılması haqqında qərar qəbul etmişdir. Beləliklə, məhkəmə borcludan tutulmalı olan pulun məbləğini və borcun bu qədər müddət ərzində ödənilmədiyini nəzərə alaraq hesab edir ki, tələbkar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayət təmin edilməli, Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru X2 “icra sənədinin qaytarılması haqqında” xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməli və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-3276/2022 nömrəli icra sənədi üzrə icra tədbirləri davam etdirilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Şikayət təmin edilsin. Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru X2 “icra sənədinin qaytarılması haqqında” xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-3276/2022 nömrəli icra sənədi üzrə icra tədbirləri davam etdirilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aydan Oruclu

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar