Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(5-104)-450/2026 12.03.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Xəlil Ülkər Abdurahman qızı, X1 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)- 2284/2025 nömrəli qətnaməsi ilə müəyyən edilmiş “alimentin indeksasiyası” barədə ərizəsinə məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)- 2284/2025 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin indeksasiyası barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(004)-2284/2025 saylı qətnaməsi ilə birgə nikah dövründə dünyaya gəlmiş xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2025-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün 0,55 misli həddində sabit pul məbləğində təyin edilmiş alimentin indeksasiya edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizə və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizənin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli 15 nömrəli qərarına əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarına 8.4-1 və 8.4-2-ci yarımbəndləri əlavə edilmişdir. 8.4-1-cü bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. 8.4-2-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda / işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Ərizəyə əlavə olunmuş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)-2284/2025 nömrəli qətnaməsindən görünür ki, iddiaçı X3 cavabdeh Borclu qarşı “aliment” tələbinə dair iddiası qismən təmin edilmiş, tərəflərin birgə nikaından doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdeh Borclu xx.xx.2025-ci il tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla hər il ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,55 misli həddində sabit pul məbləğində alimentin tutularaq iddiaçı X4 ödənilməsi qət edilmişdir. Hazırda ərizəçinin tələbi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)-2284/2025 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin indeksasiya olunmasından ibarətdir. Ərizəyə əlavə edilmiş qətnamədən görünür ki,aliment konkret pul məbləği ilə deyil, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının müəyyən hissəsi kimi müəyyən edilmişdir. Belə müəyyənetmə üsulu aliment məbləğinin minimum əmək haqqının dəyişməsi ilə avtomatik olaraq dəyişməsini təmin edir və bu səbəbdən onun əlavə olaraq indeksasiya olunmasına hüquqi əsas yaratmır. Başqa sözlə, minimum əmək haqqının artması aliment məbləğinin də proporsional qaydada artmasına səbəb olduğundan aliment məbləğinin ayrıca indeksasiya olunması qanunvericiliyin məqsədinə uyğun hesab edilə bilməz. Bununla yanaşı məhkəmə qeyd edir ki, sözügedən qətnamə üzrə müəyyən edilmiş aliment məbləği uşaqların saxlanılması üçün kifayət etmədikdə maraqlı tərəf alimentin artırılması barədə ayrıca iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası MPM-in 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 13.4, 153, 263-264, 268-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)- 2284/2025 nömrəli qətnaməsi ilə müəyyən edilmiş “alimentin indeksasiyası” barədə ərizəsinin iddianın yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina edilsin. Tələbkara izah olunsun ki, alimentin artırılması tələbinə dair iddia icraatı qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Qərardaddan rəsmi verildiyi gündən on gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ülkər Xəlil
Məhkəmə qərarları › İş №8(5-104)-450/2026
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(5-104)-450/2026
12.03.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver