Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(5-104)-5/2026 19.01.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, Tələbkar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X3 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Aslan Aslanbəylinin “icra sənədinin qaytarılması haqqında” xx.xx.2023-cü il tarixli qərarından tələbkar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru Aslan Aslanbəylinin xx.xx.2023cü il tarixli qərarı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-823/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi icra edilmədən geri qaytarılmışdır. Tələbkar "xxxx" MMC məhkəməyə şikayət verərək, Yasamal rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli icra sənədinin qaytarılması haqqında qərarının ləğv olunması, Yasamal rayon Məhkəməsinin 2(004)-823/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən olan icra vərəqəsinin icra edilməsi üçün yenidən Yasamal rayon İcra Şöbəsinə göndərilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Yasamal Rayon Məhkəməsinin 2(004)-823/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən cavabdeh Borclu 3883,67 manat məbləğində pul vəsaiti tutularaq tələbkar ”OBA Market” MMC-nin xeyrinə ödənilməlidir. xx.xx.2023-cü il tarixdə Yasamal rayon İcra Şöbəsinin icra məmuru X4 icra sənədinin qaytarılması haqqında qərar qəbul etmişdir. İcra məmuru öz qərarında qeyd edir ki, borclunun adına mülkün, bağ sahəsinin, torpaq sahəsinin, avtomobilin, VÖEN-nin, qiymətli kağızın, əmanətin olub-olmaması və təqaüd alıb-almaması barədə aidiyyəti orqan və təşkilatlara sorğular göndərilmiş və borclunun mülkiyyətində heç bir əmlak aşkar edilməmişdir. Həmçinin, Borclu icra sənədində göstərilən ünvanında olduq, borclunun yaşadığı mənzilə əmlak siyahıya alınması məqsədilə baxış keçinidi, tələbin yönələ biləcəyi hər hansı dəyərli əmlak aşkar olunmadığını və bu barədə müvafiq akt tərtib olunduğunu qeyd edir. Daha sonra "İcra haqqında" AR Qanununun 23.1.3-cü maddəsinə istinad edərək qərara alır ki: 1. İcra sənədi Yasamal Rayon Məhkəməsinə qaytarılsın. 2. Qərarın və toplanmış materialların surətləri tərəflərə göndərilsin. 3. Qərardan onun surətini aldıqdan sonra 30 (otuz) gün müddətində məhkəmə qaydasında şikayət verilə bilər. Aşağıda qeyd olunmuş əsaslara görə tələbkar hesab edir ki, xx.xx.2023-cü il tarixdə Yasamal rayon İcra Şöbəsinin icra məmuru X2 icra sənədinin qaytarılması haqqında qərarı ləğv olunmalıdır. Belə ki, icra məmuru öz qərarında qeyd edir ki, borclunun adına mülkün, bağ sahəsinin, torpaq sahəsinin, avtomobilin, VÖEN-nin, qiymətli kağızın, əmanətin olub-olmaması və təqaüd alıb-almaması barədə aidiyyəti orqan və təşkilatlara sorğular göndərilmişdir. Tələbkar olaraq həmin sorğuların surətini "xxxx" MMC-yə təqdim edilməsini xahiş etsələr belə icra məmuru nə sorğuları, nə də sorğulara cavabı tələbkara təqdim etməmişdir. İcra məmuru öz qərarında qeyd edir ki, cavabdehin yaşayış yerinə baxış keçirilmişdir və tələbin yönələ biləcəyi hər hansı dəyərli əmlak aşkar olunmamışdır və bu barədə müvafiq akt tərtib etmişdir. Tələbkar olaraq baxış aktı da tələb olunmasına baxmayaraq icra məmuru aktı təqdim etməmişdir. İcra məmurunun sorğuları və baxış aktını tələbkar "xxxx" MMC-yə təqdim etməməsi belə əsas verir ki, nə sorğular var və nə də baxış aktı. İcra məmurunun bu hərəkəsizliyindən belə qənaətə gəlinir ki, icra məmuru “Şablon” sözlər yazaraq öz qərarına əsaslı olmasına çalışıb. Eyni zamanda icra məmurunun “İcra sənədinin qaytarılması haqqında” qərarında texniki səhvlərə yol verilmiş, borclunun adı düzgün göstərilməmişdir. Belə ki, qərarın bir hissəsində borclunun adı səhv, digər hissəsində isə düzgün qeyd edilmişdir. Bu ziddiyyətli hal qərarın fərdi xarakter daşımadığını, icra məmuru tərəfindən hazır şablonlardan mexaniki şəkildə istifadə edildiyini göstərir. Belə ki, "İcra haqqında" AR Qanununun 23. 2-ci maddəsinə əsasən tələbin icrası bu Qanunun 2.1.2 - 23.1.5-ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir. Hal- hazırda məsələnin kökündə müvafiq qanunun 23.1.3-cü maddəsindəki əsas yəni, borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlərin olmamasını nəzərə alsaq, bu zaman icra məmuru müvafiq akt tərtib edərək bu barədə tələbkara məlumat verməli idi. Lakin "xxxx" MMC baş verənlər barədə icra qurumu tərəfindən rəsmi məlumatlandırılmamışdır. Bu təqdirdə tələbkar "İcra haqqında" AR Qanununun 23.7-ci maddəsində nəzərdə tutulan qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət vermək hüququndan məhrum olmuş olur. Yuxarda yazılanlarda görünür ki, Yasamal rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli icra sənədinin qaytarılması haqqında qərar maddi və prosessual qaydaların pozuntusu ilə qəbul edilmişdir və bu səbəbdən ləğv edilməlidir. Məhkəmə iclasında iştirak edən tələbkar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X6 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək, şikayət ərizəsinin təmin edilməsini xahiş etmişdir. Borcluya və icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin onlar, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Borclu və qərarı qəbul edən icra məmurunun məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən, məhkəmə şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə şikayəti və iş materiallarını nəzərdən keçirərək qeyd edir ki, şikayət təmin edilməli, Yasamal rayon icra şöbəsinin icra məmurunun “icra sənədinin qaytarılması haqqında” xx.xx.2023-cü il tarixli qərarı ləğv edilməli və icra tədbirləri davam etdirilməlidir. Belə ki, iş materiallarında olan “İcra sənədinin qaytarılması haqqında” xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Bakı Səhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-823/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh Borclu 3883,67 manat borc və iddia ərizəsinə görə ödənilmiş 30 manat dövlət rüsumu tutularaq, iddiaçı "xxxx" MMCnin xeyrinə ödənilməlidir. Qeyd oiunan icra sənədi üzrə Yasamal rayon icra şöbəsində başlanılmış icraat zamanı tələb borclu tərəfindən könüllü icra müddəti ərzində təmin edilməmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə iş üzrə Borclu yaşadığı ünvana tərəfindən baxış keçirilmiş, lakin həmin ünvanda borcluya məxsus zəruri ev əşyalarından və avadanlıqlarından başqa ona məxsus tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. Bu barədə müvafiq akt tərtib edilmişdir. Həmçinin “Elektron icra” informasiya sistemi vasitəsilə aparılmış icra hərəkətləri nəticəsində borcluda tələbin yönəldə biləcəyi əmlak və gəlir aşkar edilməmişdir. Bu səbəbdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-823/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinin icra edilmədən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-823/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən cavabdeh Borclu 3883,67 manat borc və iddia ərizəsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq tələbkar ”OBA Market” MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun 10 oktyabr 2017-ci il tarixli Qərarında qeyd edilmişdir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. Belə ki, “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. X5 Məhkəməsinin Plenumunun hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın icra sənədini vermiş məhkəməyə göndərilməsi və bu məhkəməyə öz təşəbbüsü ilə həmin qərarın qanunvericiliyin tələblərinə uyğun olubolmamasını yoxlamaq səlahiyyətinin verilməsi son nəticədə işə baxmış məhkəmənin qərarın icrasına nəzarət etməsini təmin etmək məqsədi daşıyır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən, tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi aşağıdakı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır: 23.1.1. tələbkarın ərizəsi əsasında; 23.1.2. borclu hüquqi şəxsin ünvanını və ya borclu fiziki şəxsin yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmadıqda (borclunun və ya onun əmlakının bu qanunla nəzərdə tutulan hallarda axtarışı istisna olmaqla) və ya ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadıqda; 23.1.3. borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə; 23.1.4. tələbkar icra sənədi icra olunarkən borclunun satılmamış əmlakını özündə saxlamaqdan və ya borcludan alınmış müəyyən əşyaları götürməkdən imtina etdikdə; 23.1.5. tələbkar öz hərəkətləri (hərəkətsizliyi) ilə icra sənədinin icrasına mane olduqda. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən, tələbin icrası bu Qanunun 23.1.2-23.1.5-ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir. Göründüyü kimi, şikayət əsaslıdır və Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Aslan Aslanbəylinin “icra sənədinin qaytarılması haqqında” xx.xx.2023-cü il tarixli qərarı əsassızdır, bu səbəbdən, ləğv edilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən, tələbin icrası bu Qanunun 23.1.2-23.1.5-ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir. Lakin, bu barədə akt tərtib olunmamış və tələbkara hər hansı məlumat verilməmişdir. Müvafiq aktın tərtib olunması və tələbkara bu barədə məlumat verilməsi barədə hər hansı sənəd, material məhkəməyə təqdim edilməmişdir. Həmçinin, mübahisələndirilən icra sənədinin qaytarılması haqqında qərarda borclunun mülkiyyətində heç bir əmlakın olmadığı, borclunun ünvanında tələbin yönəldilə biləcəyi əmlak aşkar edilmədiyi göstərilsə də icra məmuru tərəfindən qeyd olunan halların araşdırılması və rəsmiləşdirilməsi barədə hər hansı sübut da mövcud deyil. Bununla yanaşı icra sənədinin qaytarılması haqqında qərarda icra sənədinin icrasını təmin etmək məqsədilə müvafiq orqanlara sorğular edildiyi göstərilsə də həmin sorğular icra işinin materiallarında aşkar olunmamışdır. Beləliklə, göründüyü kimi müvafiq qərarı qəbul etmiş icra məmuru borclu barəsində “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq maddələrində nəzərdə tutulmuş məcburi icra tədbirlərinin görülməsi, eləcə də onun inzibati məsuliyyətə cəlb edilməsini həyata keçirməmiş, müvafiq icra sənədi üzrə nəzərdə tutulmuş məcburi icra tədbirlərinin həyata keçirilməsini təmin etməmiş, əvəzində icra tədbirlərini tam həyata keçirmədən qeyd edilən “icra sənədinin qaytarılması” haqqında qərar qəbul etmişdir. “Cəfərov Azərbaycana qarşı” iş üzrə xx.xx.2010-cu il tarixli və “Cəfərli və digərləri Azərbaycana qarşı” xx.xx.2010-cu il tarixli qərarlarında Avropa Məhkəməsi göstərmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi hər kəsin hüquq və vəzifələrinə aid iddiasının məhkəmə və ya tribunal qarşısına çıxarılması hüququnu təmin edir, bu mənada, o, “məhkəmə hüququnu” ehtiva edir ki, mülki məsələlərdə icraatı başlamaq hüququ olan məhkəməyə müraciət etmək hüququ onun bir aspektidir. Lakin Razılığa gələn Yüksək Tərəflərin daxili hüquq sistemləri yekun məcburi məhkəmə qərarının bir tərəfin zərərinə hərəkətsiz qalmasını mümkün edərsə, bu hüquq xəyali olar. Bu ağlasığmaz olar, əgər Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi tərəflərə verilən prosessual təminatları təfsilatı ilə izah etsin - ədalətli, açıq və sürətli məhkəmə araşdırmaları - lakin məhkəmə qərarlarının icrası qorunmasın, Konvensiyanın 6-cı maddəsini yalnız məhkəməyə müraciət etmək və araşdırmaların nəticələnməsi hüququnu verən kimi şərh etmək, Razılığa gələn X1 ratifikasiya edərkən üzərlərinə götürdükləri qanunun aliliyi prinsipi ilə zidd olan vəziyyətlərə gətirib çıxarmaq kimi olar. Buna görə, Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün məhkəmə qərarının icra olunması “araşdırmanın” ayrılmaz hissəsi kimi qiymətləndirilməlidir. Bu konteksdə məhkəmə qeyd edir ki, icra sənədi üzrə icranın formal əsaslarla həyata keçirilməməsi məhkəmə müdafiəsi hüququnun Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərində də tez-tez istifadə olunan “xəyali” hüquqa çevirilməsi ilə nəticələnəcəkdir ki, bu da yolverilməzdir. Belə olan halda məhkəmə hesab edir ki, Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Aslan Aslanbəylinin “icra sənədinin qaytarılması haqqında” xx.xx.2023-cü il tarixli qərarı ləğv edilməli və müvafiq icra hərəkətlərinin davam etdirilməsi Bakı şəhəri Yasamal rayon icra şöbəsinə tapşırılmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.7-ci maddəsinə əsasən icra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 263-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Tələbkar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayət ərizəsi təmin edilsin. Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Aslan Aslanbəylinin “icra sənədinin qaytarılması haqqında” xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin və müvafiq icra hərəkətlərinin davam etdirilməsi Bakı şəhəri Yasamal rayon icra şöbəsinə tapşırılsın. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №8(5-104)-5/2026
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(5-104)-5/2026
19.01.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver