Məhkəmə qərarları › İş №8(5-104)-6/2026

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(5-104)-6/2026

22.01.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(5-104)-6/2026 22.01.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi ilə, Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru Sahib Allahverdiyevin “icra edilməyən və ya qismən icra edilmiş icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında” xx.xx.2023-cü il tarixli qərarından tələbkar "xxxx" MMC tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru Sahib Allahverdiyevin xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 6245/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi icra edilmədən geri qaytarılmışdır. Tələbkar "xxxx" MMC məhkəməyə şikayət verərək, Yasamal rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli icra sənədinin qaytarılması haqqında qərarın ləğv olunması, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6245/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən olan icra vərəqəsinin icra edilməsi üçün yenidən Yasamal rayon İcra Şöbəsinə göndərilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6245/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən cavabdeh Borclu 1645 manat məbləğində pul vəsaiti tutularaq tələbkar ”OBA Market” MMC-nin xeyrinə ödənilməlidir. xx.xx.2023-cü il tarixdə Yasamal rayon İcra Şöbəsinin icra məmuru X2 icra sənədinin qaytarılması haqqında qərar qəbul etmişdir. İcra məmuru öz qərarında qeyd edir ki, borclunun adına mülkün, bağ sahəsinin, torpaq sahəsinin, avtomobilin, VÖEN-nin, qiymətli kağızın, əmanətin olub-olmaması və təqaüd alıb-almaması barədə aidiyyəti orqan və təşkilatlara sorğular göndərilmiş və borclunun mülkiyyətində heç bir əmlak aşkar edilməmişdir. Həmçinin, Borclu icra sənədində göstərilən ünvanında oldular, borclunun yaşadığı mənzilə əmlak siyahıya alınması məqsədilə baxış keçirildi, tələbin yönələ biləcəyi hər hansı dəyərli əmlak aşkar olunmadığını və bu barədə müvafiq akt tərtib olunduğunu qeyd edir. Daha sonra “İcra haqqında” AR Qanununun 23.1.3-cü maddəsinə istinad edərək qərara alır ki: icra sənədi Yasamal Rayon Məhkəməsinə qaytarılsın. Qərarın və toplanmış materialların surətləri tərəflərə göndərilsin. Qərardan onun surətini aldıqdan sonra 30 (otuz) gün müddətində məhkəmə qaydasında şikayət verilə bilər. Aşağıda qeyd olunmuş əsaslara görə hesab edir ki, xx.xx.2023-cü il tarixdə Yasamal rayon İcra Şöbəsinin icra məmuru X1 icra sənədinin qaytarılması haqqında qərarı ləğv olunmalıdır. Belə ki, icra məmuru öz qərarında qeyd edir ki, borclunun adına mülkün, bağ sahəsinin, torpaq sahəsinin, avtomobilin, VÖEN-nin, qiymətli kağızın, əmanətin olub-olmaması və təqaüd alıb-almaması barədə aidiyyəti orqan və təşkilatlara sorğular göndərilmişdir. Tələbkar olaraq həmin sorğuların surətini "xxxx" MMC-yə təqdim edilməsini xahiş etsələr belə icra məmuru nə sorğuları, nə də sorğulara cavabı tələbkara təqdim etməmişdir. İcra məmuru öz qərarında qeyd edir ki, cavabdehin yaşayış yerinə baxış keçirilmişdir və tələbin yönələ biləcəyi hər hansı dəyərli əmlak aşkar olunmamışdır və bu barədə müvafiq akt tərtib etmişdir. Tələbkar olaraq baxış aktı da tələb olunmasına baxmayaraq icra məmuru aktı təqdim etməmişdir. İcra məmurunun sorğuları və baxış aktını tələbkar "xxxx" MMC-yə təqdim etməməsi belə əsas verir ki, nə sorğular var və nə də baxış aktı. İcra məmurunun bu hərəkəsizliyindən belə qənaətə gəlinir ki, icra məmuru “Şablon” sözlər yazaraq öz qərarına əsaslı olmasına çalışıb. Belə ki, “İcra haqqında” AR Qanununun 23. 2-ci maddəsinə əsasən tələbin icrası bu Qanunun 23.1.2 - 23.1.5-ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir. Hal- hazırda məsələnin kökündə müvafiq qanunun 23.1.3-cü maddəsindəki əsas - yəni, borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlərin olmamasını nəzərə alsaq, bu zaman icra məmuru müvafiq akt tərtib edərək bu barədə tələbkara məlumat verməli idi. Lakin "xxxx" MMC baş verənlər barədə icra qurumu tərəfindən rəsmi məlumatlandırılmamışdır. Bu təqdirdə tələbkar “İcra haqqında” AR Qanununun 23.7-ci maddəsində nəzərdə tutulan qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət vermək hüququndan məhrum olmuş olur. Yuxarda yazılanlardan görünür ki, Yasamal rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli icra sənədinin qaytarılması haqqında qərar maddi və prosessual qaydaların pozuntusu ilə qəbul edilmişdir və bu səbəbdən ləğv edilməlidir. Borcluya, tələbkara və qərarı qəbul edən icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin onlar, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, lakin tələbkar AZEMİS elektron kabinet vasitəsilə məhkəməyə xx.xx.2026-cı il tarixdə ərizə ünvanlayaraq, şikayəti müdafiə etdiklərini və işə iştirakları olmadan baxaraq şikayətin təmin olunması barədə qərardad qəbul edilməsini xahiş etmişlər. Borclu, tələbkar və qərarı qəbul edən icra məmurunun məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən, məhkəmə şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə şikayəti və iş materiallarını nəzərdən keçirərək qeyd edir ki, şikayət təmin edilməli, Yasamal rayon icra şöbəsinin icra məmurunun “icra edilməyən və ya qismən icra edilmiş icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında” xx.xx.2023-cü il tarixli qərarı ləğv edilməli və icra tədbirləri davam etdirilməlidir. Belə ki, iş materiallarında olan “icra edilməyən və ya qismən icra edilmiş icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında” xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6245/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən cavabdeh Borclu 1645 manat məbləğində pul vəsaiti tutularaq tələbkar ”OBA Market” MMC-nin xeyrinə ödənilməlidir. Şikayətə əlavə edilmiş Yasamal rayon icra şöbəsinin icra məmurunun “icra edilməyən və ya qismən icra edilmiş icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında” xx.xx.2023-cü il tarixli qərarından görünür ki, icra sənədinin icrasını təmin etmək məqsədilə iş üzrə Borclu yaşadığı mənzilə əmlak siyahıya alınması məqsədi ilə baxış keçirilmiş, lakin tələbin yönələ biləcəyi hər hansı dəyərli əmlak aşkar edilməmişdir. Bu barədə müvafiq akt tərtib edilmişdir. Bu səbəbdən, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.3-cü maddəsinin tələbini rəhbər tutaraq Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6245/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədini 15 fevral 2023-cü il tarixdə geri qaytarılması barədə qərar qəbul etmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun 10 oktyabr 2017-ci il tarixli Qərarında qeyd edilmişdir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. Belə ki, “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. X4 Məhkəməsinin Plenumunun hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın icra sənədini vermiş məhkəməyə göndərilməsi və bu məhkəməyə öz təşəbbüsü ilə həmin qərarın qanunvericiliyin tələblərinə uyğun olub-olmamasını yoxlamaq səlahiyyətinin verilməsi son nəticədə işə baxmış məhkəmənin qərarın icrasına nəzarət etməsini təmin etmək məqsədi daşıyır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən, tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi aşağıdakı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır: 23.1.1. tələbkarın ərizəsi əsasında; 23.1.2. borclu hüquqi şəxsin ünvanını və ya borclu fiziki şəxsin yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında, elektron pul təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmadıqda (borclunun və ya onun əmlakının bu qanunla nəzərdə tutulan hallarda axtarışı istisna olmaqla) və ya ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadıqda; 23.1.3. borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə; 23.1.4. tələbkar icra sənədi icra olunarkən borclunun satılmamış əmlakını qəbul etməkdən və ya borcludan alınmış müəyyən əşyaları götürməkdən imtina etdikdə; 23.1.5. tələbkar öz hərəkətləri (hərəkətsizliyi) ilə icra sənədinin icrasına mane olduqda. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən, tələbin icrası bu Qanunun 23.1.2 - 23.1.5-ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir. Göründüyü kimi, şikayət əsaslıdır və Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra sənədinin qaytarılması haqqında xx.xx.2023-cü il tarixli qərarı əsassızdır, bu səbəbdən, ləğv edilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən, tələbin icrası bu Qanunun 23.1.2 - 23.1.5-ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir. Lakin, bu barədə akt tərtib olunmamış və tələbkara hər hansı məlumat verilməmişdir. Nəticə etibarilə, müvafiq zəruri icra hərəkətlərinin həyata keçirilməsi Bakı şəhəri Yasamal rayon icra şöbəsinə tapşırılmalıdır. Müvafiq aktın tərtib olunması və tələbkara bu barədə məlumat verilməsi barədə hər hansı sənəd, material məhkəməyə təqdim edilməmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6245/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru Sahib Allahverdiyevin “icra edilməyən və ya qismən icra edilmiş icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında” xx.xx.2023cü il tarixli qərarı ləğv edilməli və icra tədbirləri davam etdirilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.3-cü maddəsinə əsasən borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi icra sənədini vermiş məhkəməyə və ya digər orqana qaytarılır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 263-269-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Tələbkar "xxxx" MMC-nin şikayət ərizəsi təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6245/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru Sahib Allahverdiyevin “icra edilməyən və ya qismən icra edilmiş icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında” 15 fevral 2023-cü il tarixli qərarı ləğv edilsin və və müvafiq icra hərəkətlərinin davam etdirilməsi Bakı şəhəri Yasamal rayon icra şöbəsinə tapşırılsın. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar