Məhkəmə qərarları › İş №8(5-104)-9/2026

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(5-104)-9/2026

19.01.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(5-104)-9/2026 19.01.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Abdullayev Vüsal Ramiz oğlunun katibliyi, Borclu iştirakı ilə, Yasamal rayon İcra şöbəsinin icra məmuru Samirə Mahmudovanın Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatına Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(006)-1894/2025 saylı icra vərəqəsinə əsasən, X4 ilə Borclu arasında xx.xx.2009-cu il tarixdə Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsində 542 nömrəsi ilə bağlanmış nikah pozulmalı, xx.xx.2010-cu il təvəllüdlü X8, xx.xx.2012-ci il təvəllüdlü X9 və xx.xx.2018-ci il təvəllüdlü X6 iddiaçı X2 yanında qalmalı, xx.xx.2010-cu il təvəllüdlü X8, xx.xx.2012-ci il təvəllüdlü X9 və xx.xx.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2025-ci il tarixdən başlayaraq Borclu X2 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,615 misli həddində, 3 uşağa görə 1,845 misli həddində aliment tutulmalıdır. Yasamal rayon İcra şöbəsinin icra məmuru Samirə Mahmudova təqdimatla Bakı şəhəri Yasamal Rayon Məhəməsinə müraciət edərək, icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixli qərarla icraata başladığı, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən verilmiş 2(006)-1894/2025 saylı icra sənədinə əsasən, xx.xx.2010-cu il təvəllüdlü X8, xx.xx.2012-ci il təvəllüdlü X9 və xx.xx.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2025-ci il tarixdən başlayaraq Borclu X2 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,615 misli həddində, 3 uşağa görə 1,845 misli həddində aliment tutulmalıdır. Yuxarıda qeyd olunan icra sənədi xx.xx.2025-ci il tarixində Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə birlikdə icra sənədi üzrə Borclu göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası təmin olunmamışdır. Hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədilə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Məhkəmə baxışında Borclu izahatında bildirdi ki, təqdimata etiraz edir. Belə ki, eyni təqdimat Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə rədd edilmişdir. İcra məmuru heç bir icra hərəkəti həyata keçirmədən, onun yaşayış yerinə baxış keçirmədən, əmlak və maddi vəziyyətini araşdırmadan bir ay yarım sonra yenidən məhkəməyə müraciət etmişdir. Halbuki, icra məmuru tərəfindən bütün çağırışlara gəlmiş, dekabr ayında 500 manat, yanvar ayında 800 manat ödəniş etmiş və icra sənədinin icrasından yayınmamışdır. Həmçinin, icra məmuru işsiz kimi qeydiyyatda olduğunu, icra sənədi verilən məhkəmə aktından şikayətə hazırda kassasiya instansiyasında baxıldığını nəzərə almamışdır. Qeyd olunanlara əsasən, təqdimatın rədd edilməsini xahiş edir. Tələbkar və Yasamal rayon İcra şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə qanunamüvafiq qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 231.2-ci maddəsinə əsasən, təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə izahatı dinləyib, iş materiallarını, habelə icra işinin materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)- 819/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadının surətindən görünür ki, Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin icra məmuru X1 “borclu X3 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” haqqında təqdimatı təmin edilməmişdir. Qərardadda qeyd olunmuşdur ki, borclunun qərəzli yayınma halı olmadan, icra məmuru borclunun əmlakının axtarılması üçün tədbir görmədən, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakları müəyyən etmədən təqdimat vermişdir. İş materiallarında olan ödəniş qəbzlərinin surətlərindən görünür ki, Borclu tərəfindən icra sənədi üzrə 2025-ci ilin dekabr ayında 500 manat, 2026-cı ilin yanvar ayında 800 manat ödəniş edilmişdir. Beləliklə, məhkəmə iş materiallarını, habelə icra işinin materiallarını tədqiq edərək belə qənaətə gəlir ki, borclunun barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmurunun təqdimatı əsassız olduğundan təmin edilməməlidir. Belə ki, icra məmurunun eyni məzmunlu təqdimatı məhkəmə tərəfindən xx.xx.2025-ci il tarixli qərardadla təmin edilməmiş, aradan iki ay keçməmiş icra məmuru həmin qərardadda göstərilən icra hərəkətlərini həyata keçirmədən, habelə borclu tərəfindən dekabr və yanvar aylarında 1300 manat ödəniş edildiyini nəzərə almadan yenidən məhkəməyə eyni məzmunlu təqdimatla müraciət etmişdir. Məhkəmə hesab edir ki, qanunvericilikdə nəzərdə tutulan şərtlərin mövcudluğu müəyyən olunmadan hər hansı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununa, habelə Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin İİİ hissəsinə və “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 4 saylı Protokolun 2-ci maddəsinə, eyni zamanda mütənasiblik prinsipinə ziddir. Belə ki, “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 1-1-ci maddəsinə əsasən, icra qanunvericiliyi qanunun aliliyinin təmin olunması və hamının qanun qarşısında bərabərliyi, obyektivlik, ədalətlilik prinsiplərinə əsaslanır. “Həmin Qanunun 84-1.1-ci maddəsinə əsasən, məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2017-ci il tarixli Qərarına əsasən, icra məmuru mütənasiblik konstitusiya prinsipindən, habelə “İcra haqqında” Qanunun preambulasının və 84-1.1-ci maddəsinin, “İcra məmurları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin mənasından çıxış edərək borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı təqdimatla məhkəməyə müraciət edərkən, bu cür tədbirin məhkəmə qərarının vaxtında, tam və düzgün icra edilməsi məqsədinə xidmət edəcəyini, həmin məhdudlaşdırmanın tətbiq edilməməsinin gələcəkdə məhkəmə qərarının icrasını çətinləşdirəcəyini əsaslandırmalıdır. Əks hal mütənasiblik prinsipinin pozulmasına gətirib çıxarar. Nəzərə almaq lazımdır ki, adıçəkilən tədbir borclunun cəzalandırılması vasitəsi deyil, onun tərəfindən məhkəmə qərarı ilə müəyyən olunmuş öhdəliklərin yerinə yetirilməsinə xidmət edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 231, 263- 269-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARAALDİ: Təqdimat təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin Hakimi: Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar