Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(5-105)-112/2026 16.02.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ tələbkar Bank olmayan Kredit təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Maraqlı şəxs icra məmurunun icra sənədinin qaytarılmasına dair iş üzrə (açar sözlər: icra sənədinin qaytarılması haqqında şikayət) X2 Muxtar oğlunun sədrliyi, Hacılı Jalə Nüsrət qızının katibliyi, tələbkar Bank olmayan Kredit təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Abşeron rayonu İcra və probasiya şöbəsinin icra məmurunun icra sənədinin qaytarılması barədə qərarından şikayətinə icra işinin materialları ilə birlikdə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İşin halları, şikayət tələbi
1. Tələbkar şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs 8İ-13622 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin qaytarılması haqqında xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsi və icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. Şikayətin əsaslarına görə, Bakı şəhəri 54 saylı notariat ofisi tərəfindən Borclu barəsində 8İ-13622 saylı, xx.xx.2024-cü il tarixli icra qeydi verilmişdir. Həmin icra qeydinə əsasən borcludan cəmiyyətin xeyrinə 135 manat məbləğində pul tutulmalıdır. Həmin icra sənədi Maraqlı şəxs (bundan sonra “Şöbə”) icraatına daxil olmuş və Şöbənin icra məmuru “İcra haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra “Qanun”) 23.1.3-cü maddəsinin tələblərini rəhbər tutaraq icra sənədinin qaytarılması haqqında xx.xx.2025-ci il tarixli qərar qəbul etmişdir. Aşağıdakı səbəblərə görə hesab edilir ki, Şöbənin icra sənədinin qaytarılması haqqında qərarı qanunsuz və əsassızdır. Belə ki, Qanunun 23.1, 23.1.3-cü maddəsinə əsasən borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə icra sənədi icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən tələbin icrası bu Qanunun 23.1.2 - 23.1.5- ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir. Şöbənin icra məmuru qərarını onunla əsaslandırıb ki, aidiyyəti orqan və təşkilatlara sorğular göndərilmiş və borclunun mülkiyyətində heç bir əmlak aşkar edilməmişdir. Həmçinin borclunun yaşadığı mənzilə əmlak siyahıya alınması məqsədilə baxış keçirilmiş, tələbin yönələ biləcəyi hər hansı dəyərli əmlak aşkar olunmamış və bu barədə akt tərtib olunmuşdur. İlk olaraq qeyd edir ki, borclunun yaşadığı mənzildə tələbin yönələ biləcəyi hər hansı dəyərli əmlakın aşkar olunmamasına dair tərtib olunmuş akt barədə tələbkara məlumat verilməmişdir. Bundan başqa, Qanunun 23.1.3-cü maddəsinin tələblərinə əsasən icra məmuru tərəfindən borclunun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı bütün tədbirlər görülməmiş və Qərarda görülmüş bütün tədbirlərin nəticə verilmədiyi qeyd olunmamışdır.Halbuki qanunvericiliyə görə, icra sənədi yalnız borclunun tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı bütün tədbirlər nəticə vermədikdə icra qeydini tələbkara qaytara bilər. Ümumilikdə isə demək olar ki, bu icra işi üzrə icra məmurun fəaliyyəti yalnız kabinetdən müəyyən sorğuların göndərilməsindən ibarət olmuşdur. İcra tədbirləri yalnız şablon üzrə sorğuların göndərilməsindən (ümumi məlumat sisteminə daxil olmasından) ibarət deyildir. Nəzərə almaq lazımdır ki, borc kiçik məbləğ təşkil edir. İcra məmuru üçün borcludan borc məbləğinin hissə-hissə belə tutulması mümkünsüz işə çevrilmişdir. Yəni borcludan tutulmalı olan məbləğin cəmi 135 manat təşkil etdiyini nəzərə alaraq hesab edirik ki, uzun müddətdə icra məmuru tərəfindən həmin məbləğin heç olmasa qismən də ödənilməsini təmin edə biləcək hər hansı əmlakın aşkar olunmaması ağlabatan və inandırıcı deyildir. Eyni zamanda, borclunun gəlirlərinin nədən ibarət olması digər məlumatlarla yanaşı borclunun izahatı əsasında məşğuliyyəti, qazanc mənbəyi barədə verilmiş məlumatlardan, bu məlumatlar əsasında icra sənədinin icra edilməməsinin üzrlü və ya üzrsüz səbəbdən baş verməsi müəyyən oluna bilər. Digər tərəfdən gəlirlərinin olmaması qənaətinə gəlmək üçün ən azından borclu tam əmək qabiliyyətsiz olaraq pensiya, təqaüd almaq imkanından da məhrum olmalıdır. Lakin nə icra sənədinin qaytarılması haqqında qərarda borclunun izahatının alınması göstərilməmiş, nədə ki icra məmuru tərəfindən qeyd edilən halların müəyyən edilməsini təsdiq edən sübutlar iş materiallarında yoxdur. Qeyd edilən halların müəyyən edilməməsi isə belə bir nəticəyə gəlməyə əsas verir ki, icra məmuru tərəfindən borclunun gəlirlərinin axtarışı ilə bağlı lazımi bütün tədbirlər görülməmişdir. Qanunun 23.7-ci maddəsinə əsasən icra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Şöbənin icra məmuru tərəfindən qəbul edilmiş icra sənədinin qaytarılması haqqında qərardan görünür ki, həmin qərar Şöbənin rəisi tərəfindən yoxlanılaraq təsdiq edilməmişdir. Bununla da icra məmuru tərəfindən icra sənədinin qaytarılması haqqında qərarın qəbulunda prosessual hüquq normalarının tələblərinə riayət olunmamışdır. Qərarın surəti tələbkara xx.xx.2026-cı il tarixdə təqdim edilmişdir.
Proses iştirakçılarının izahatları
3. "xxxx" MM-nin bank olmayan kredit təşkilatının nümayəndəsi xx.xx.2026-cı il tarixində elektron qaydada ərizə ilə müraciət edərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və icra sənədinin icra məmuruna geri qaytarılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada (SMS xəbərdarlığın AZEMİS vasitəsi ilə göndərilməsinə dair bildirişə və sənədin elektron kabinetə yerləşdirilməsinə dair çıxarışa əsasən) xəbərdar olunmasına baxmayaraq Borclu və Maraqlı şəxs nümayəndəsi məhkəməyə gəlməmiş və məhkəməyə gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə tələbkarın nümayəndəsinin və icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
5. Azərbaycan Respublikası Konstitusiyası: İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir; İİ. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.
6. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 5. ... Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır; Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.
7. Azərbaycan Respublikası Konstitusiya Məhkəkməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2017ci il tarixli Qərarı: “İcra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın icra sənədini vermiş məhkəməyə göndərilməsi və bu məhkəməyə öz təşəbbüsü ilə həmin qərarın qanunvericiliyin tələblərinə uyğun olub-olmamasını yoxlamaq səlahiyyətinin verilməsi son nəticədə işə baxmış məhkəmənin qərarın icrasına nəzarət etməsini təmin etmək məqsədi daşıyır.”
8. “İcra haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2.1. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir; Maddə 3.1. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir; Maddə 23.1. Tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi aşağıdakı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır: 23.1.3. borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə; Maddə 23.2. Tələbin icrası bu Qanunun 23.1.2 - 23.1.5-ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir; Maddə 23.7. İcra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər.
Məhkəmənin mövqeyi
9. Məhkəmə şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət əsaslıdır.
10. Qeyd olunan halların araşdırılması məqsədi ilə müvafiq icra sənədi üzrə icra işi tələb edilmiş və icra işinin materialları məhkəməyə təqdim edilmişdir.
11. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2025-ci il tarixli qərarında borclunun adına mülkün, bağ sahəsinin, torpaq sahəsinin, avtomobilin, VÖEN-nin, qiymətli kağızın, əmanətin olub-olmaması və təqaüd alıb-almaması barədə aidiyyəti orqan və təşkilatlara sorğular göndərilmiş və borclunun mülkiyyətində heç bir əmlak aşkar edilmədiyi göstərilsə də, qeyd olunan halları təsdiq edəcək sənədlər göndərilən materiallara əlavə edilməmişdir.
12. Həmçinin, Borclu icra sənədində göstərilən ünvanında olduğu, borclunun yaşadığı mənzilə əmlak siyahıya alınması məqsədilə baxış keçirildiyi, tələbin yönələ biləcəyi hər hansı dəyərli əmlak aşkar olunmadıgı göstərilmiş, lakin əmlaka baxışla bağlı tərtib edilmiş akt materiala təqdim olunmamışdır.
13. “İcra haqqında” Qanunun 23.2-ci maddəsinə əsasən, tələbin icrası bu Qanunun 23.1.2-23.1.5-ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir.
14. “Cəfərov Azərbaycana qarşı” iş üzrə xx.xx.2010-cu il tarixli və “Cəfərli və digərləri Azərbaycana qarşı” xx.xx.2010-cu il tarixli qərarlarında Avropa Məhkəməsi göstərmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi hər kəsin hüquq və vəzifələrinə aid iddiasının məhkəmə və ya tribunal qarşısına çıxarılması hüququnu təmin edir, bu mənada, o, “məhkəmə hüququnu” ehtiva edir ki, mülki məsələlərdə icraatı başlamaq hüququ olan məhkəməyə müraciət etmək hüququ onun bir aspektidir. Lakin Razılığa gələn Yüksək Tərəflərin daxili hüquq sistemləri yekun məcburi məhkəmə qərarının bir tərəfin zərərinə hərəkətsiz qalmasını mümkün edərsə, bu hüquq xəyali olar. Bu ağlasığmaz olar, əgər Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi tərəflərə verilən prosessual təminatları təfsilatı ilə izah etsin - ədalətli, açıq və sürətli məhkəmə araşdırmaları - lakin məhkəmə qərarlarının icrası qorunmasın, Konvensiyanın 6-cı maddəsini yalnız məhkəməyə müraciət etmək və araşdırmaların nəticələnməsi hüququnu verən kimi şərh etmək, Razılığa gələn X1 ratifikasiya edərkən üzərlərinə götürdükləri qanunun aliliyi prinsipi ilə zidd olan vəziyyətlərə gətirib çıxarmaq kimi olar. Buna görə, Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün məhkəmə qərarının icra olunması “araşdırmanın” ayrılmaz hissəsi kimi qiymətləndirilməlidir.
15. Bu konteksdə məhkəmə qeyd edir ki, icra sənədi üzrə icranın formal əsaslarla həyata keçirilməməsi məhkəmə müdafiəsi hüququnun Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərində də tez-tez istifadə olunan “xəyali” hüquqa çevirilməsi ilə nəticələnəcəkdir ki, bu da yolverilməzdir.
16. Məhkəmə qeyd edir ki, hazırki vəziyyətdə təqdim edilmiş icra işinin materiallarını nəzərdən keçirərək, sənədlərin natamam olduğunu, bu səbəbdən borclu barəsində əlavə icra tədbirlərinin görülməsi məqsədəmüvafiqdir.
17. Odur ki, icra şöbəsi tərəfindən borcun ödənilməsi ilə bağlı əlavə tədbir görülməsi zərurətindən, Maraqlı şəxs xx.xx.2025-ci il tarixli qərarı ləğv edilərək icra sənədi yenidən icraya yönəldilməlidir.
18. Göstərilənləri və MPM-nin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
Şikayət təmin edilsin. Maraqlı şəxs icra məmurunun Bakı şəhəri 54 saylı Notariat ofisi tərəfindən 8İ-13622 nömrəli, xx.xx.2025-cü il tarixi icra qeydi üzrə “icra sənədinin qaytarılması” barədə xx.xx.2025-ci il tarixli qərarı ləğv edilsin və icra sənədi üzrə icra hərəkətləri davam etdirilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Abşeron rayon Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər.
Hakim Məhəmməd Eminbəyli