Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(5-105)-162/2026 13.02.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmurunun təqdimatına dair (açar sözlər: geri qaytarma, forma məzmun) X5 Muxtar oğlunun sədrliyi ilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmurunun təqdimatına baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Tələb
1. Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Nicat Mahmudov təqdimatla məhkəməyə müraciət edərək, Kürdəmir Rayon Məhkəməsinin 2(041)-1389/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. xx.xx.2025-ci il tarixindən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2020-ci il təvəllüdlü X1 üçün Borclu X2 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment tutulub iddiaçı X3 ödənilməlidir. Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 13.4. Barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Maddə 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Maddə 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə; 152.1.2. iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda; Maddə 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Maddə 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.
3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiya Qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında” xx.xx.2013-cü il tarixli Təlimat: 2.2. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl: 2.2.2. icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir; 2.2.3. borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. 2.4. Təqdimatda borclunun soyadı, adı, atasının adı, doğulduğu yer və tarix, qeydiyyatda olduğu və yaşadığı ünvan, vətəndaşlığı, icra sənədinin icrası ilə əlaqədar həyata keçirilmiş tədbirlər, borcluya icraata başlamaq haqqında qərarın və könüllü icra üçün bildirişin verilməsi, həmin vaxtda və daha sonra borclu tərəfindən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi barədə məlumatlar qeyd olunur (Əlavə 1). Qeyd edilən Əlavə 1-də təqdimatda göstərilməli olan işin digər halları nəzərdə tutulmuşdur.
Məhkəmənin mövqeyi
4. Məhkəmə təqdimatı və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat geri qaytarılmalıdır.
5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiya Qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında” xx.xx.2013-cü il tarixli Təlimatda borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatın təsdiq edilmiş forması (Əlavə 1) əlavə edilmişdir.
6. Qanunvericiliyin yuxarıda qeyd edilən tələblərindən görünür ki, icra məmmuru borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə təqdimat tərtib edərkən iş üzrə zəruri olan halları göstərməlidir.
7. Hazırkı təqdimat isə sözügedən əlavəyə uyğun tərtib edilməmiş, yəni təqdimatda iş üçün mühüm əhəmiyyət kəsb edən borclunun təqdimat verilən xx.xx.2026-cı il tarixə ödənilməmiş aliment borcu qeyd edilməmişdir.
8. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hazırkı vəziyyətdə borclu tərəfin özünün müdafiəsini təşkil edə bilməsi üçün, təqdimatda sadalanan hallar aşkar və məlum olmalıdır.
9. Məhkəmə həmçinin vurğulayır ki, məhkəmə baxışının fundamental prinsiplərindən biri həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə şərait yaratmaqdır ki, qeyd olunan vəziyyət bunu imkansız edir.
9. Bundan başqa sözügedən Təlimatda icra məmurunun məhkəməyə müraciət etməzdən əvvəl yerinə yetirməli olduğu məcburi (imperativ) hərəkətlər birbaşa qeyd edilmişdir. Lakin müvafiq təqdimata baxılması üçün zəruri olan (borclunun əmlakının axtarılması, müvafiq sorğular edilməsi, borclunun əmlak vəziyyətinin yoxlanılmasını əks etdirən akt və s.) sənədlər iş materiallarına əlavə edilməmişdir.
10. Məhkəmə hesab edir ki, təqdimat Təlimatda müəyyən edilmiş formaya uyğun olmamaqla, məhkəmənin məsələyə mahiyyəti üzrə baxılması üçün zəruri ilkin şərtlərin yerinə yetirildiyini göstərən sənədlər və labüd olan hallar əlavə edilməməklə natamam olduğundan ona əlavə edilmiş sənədlərlə birgə geri qaytarılmalıdır.
11. Göstərilənləri və MPM-nin 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Nicat Mahmudovun xx.xx.2026-cı il tarixli təqdimatı və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İcra məmuruna izah edilsin ki, təqdimatın qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən aidiyyəti məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər.
Hakim Məhəmməd Eminbəyli