Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(5-105)-181/2026 19.02.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmurunun təqdimatına dair (açar sözlər: ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, geri qaytarma) X1 Muxtar oğlunun sədrliyi ilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmurunun təqdimatına baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Tələb
1. Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şəhriyar Əhmədov təqdimatla məhkəməyə müraciət edərək, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 85/2024 nömrəli, xx.xx.2024-ci il tarixli icra sənədinə əsasən Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 13.4. Barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Maddə 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Maddə 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə; 152.1.2. iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda; Maddə 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Maddə 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.
3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiya Qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında” xx.xx.2013-cü il tarixli Təlimat: 2.2. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl: 2.2.1. könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını, yəni icra məmurunun özü, yaxud müəyyən olunmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə rabitə orqanları tərəfindən borclunun yaşadığı ünvana və ya onun işlədiyi yer üzrə çatdırılmasını təmin edir. Könüllü icra üçün bildiriş borcluya qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Bildirişlərin rəsmi qaydada verilməsi icra qurumunda da həyata keçirilə bilər. Borclu onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapılmadıqda, bildiriş borclu ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda yerli icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Borclunun əvəzinə bildirişi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməlidir; 2.2.2. icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir; 2.2.3. borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır.
Məhkəmənin mövqeyi
4. Məhkəmə təqdimatı və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat geri qaytarılmalıdır.
5. Qanunvericiliyin yuxarıda qeyd edilən tələblərindən görünür ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl könüllü icra barədə bildirişin borcluya təqdim edilməsi ilə yanaşı icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirməli, borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirməli, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlamalıdır.
6. Hazırki iş üzrə icra məmuru tərəfindən tələbin könüllü icrası barədə bildiriş borcluya təqdim edilməmiş, icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin səbəbləri müəyyənləşdirməmiş, izahatı alınmamış, borclunun əmlakının axtarılması yönündə hər hansı tədbir həyata keçirildiyi, onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlanılması görünmür.
7. Göründüyü kimi təqdimat sözügedən təlimata uyğun tərtib edilməmişdir.
8. Məhkəmə hesab edir ki, ölkədən çıxışın məhdudlaşdırılması qanuni və legitim məqsədə əsaslanmalı, belə ki şəxsin konstitusion hüququ olan hərəkət azadlığına məhdudiyyət qoyulması barədə müraciət birmənalı olaraq mübahisəsiz və qanuna söykənməlidir.
9. Odur ki, təqdimat təlimatda müəyyən edilmiş forma və əlavə edilməli sənədlərə uyğun tərtib edilməməklə natamam olduğundan geri qaytarılmalıdır.
10. Göstərilənləri və MPM-nin 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şəhriyar Əhmədovun xx.xx.2026-cı il tarixli təqdimatı və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İcra məmuruna izah edilsin ki, təqdimatın qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən aidiyyəti məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər.
Hakim Məhəmməd Eminbəyli