Məhkəmə qərarları › İş №8(5-105)-206/2026

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(5-105)-206/2026

16.03.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(5-105)-206/2026 16.03.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Tələbkar ASC-nin Maraqlı şəxs icra məmurunun qərarından şikayətinə dair iş üzrə (açar sözlər: icra sənədinin qaytarılması haqqında şikayət) X2 Muxtar oğlunun sədrliyi, Hacılı Jalə Nüsrət qızının katibliyi ilə, Tələbkar ASC-nin Abşeron rayonu İcra və probasiya şöbəsinin icra məmurunun icra sənədinin qaytarılması barədə qərarından şikayətinə icra işinin materialları ilə birlikdə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İşin halları

1. Abşeron Rayon Məhkəməsinin 2(012)-6380/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Borclu 5790.46 manat məbləğində kredit borcu və 77.53 manat dövlət rüsumu tutularaq Tələbkar ASC-yə ödənilməlidir.

2. Maraqlı şəxs “İcra sənədinin qaytarılması haqqında” xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-6380/2021 saylı, xx.xx.2021ci il tarixli icra sənədi borcludan tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadığından məhkəməyə qaytarılmışdır.

Şikayət tələbi, proses iştirakçılarının izahatları

3. Tələbkar şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-6380/2021 saylı icra sənədi üzrə Abşeron rayon icra şöbəsinin "icra edilməyən və ya qismən icra edilən icra sənədinin məhkəməyə və ya digər orqana geri qaytarılması haqqında" qərarının ləğv edilməsini və işin icra olunması üçün Abşeron rayon icra şöbəsinə göndərilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. Şikayətin əsaslarına görə, Borclu tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər icra edilmədiyindən onun "xxxx" ASC-yə borcu yaranmışdır. Bunun əsasında bank borcun tutulması məqsədilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Abşeron rayon Məhkəməsinin icraatında iddiaçı Tələbkar ASC-nin cavabdeh Borclu qarşı "borcun və fazilərin tutulması” tələbinə dair mülki iş üzrə xx.xx.2021-ci il tarixli, (2(012)-6380/2021 saylı qətnamə çıxarılaraq, cavabdeh Borclu iddiaçı "xxxx" ASC-nin xeyrinə 5790.46 manat borcun tutulmasına dair qətnamə çıxarılmışdır. Yuxarıda qeyd edilmiş iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi icra edilməsi üçün Abşeron rayon icra şöbəsinə göndərilmiş və Abşeron rayon icra şöbəsinin icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilərək, Borclu yaşadığı ünvan 1 ünvanına göndərilmişdır. Həmin vaxtdan borcluya icra sənədinin könüllü icra edilməsi üçün vaxt verilmiş, lakin borclu könüllü icradan boyun qaçırmışdır. Abşeron rayon icra şöbəsi öz növbəsində qərar qəbul edərək Borclu icra işi üzrə icra edilməyən və ya qismən icra edilən icra sənədinin məhkəməyə və ya digər orqana geri qaytarılması haqqında qərar qəbul etmişdir. İcra məmuru qəbul etdiyi qərarı bununla əsaslandırmışdır ki, tərəfindən məcburi icra hərəkətlərinin həyata keçirilməsi məqsədi ilə borclu barədə müvafiq dövlət orqanlarına sorğular göndərmiş, lakin borcluya məxsus hər hansı bir əmlak və gəlir növləri aşkar edilməmişdir. Bu səbəbdən də icra sənədi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 23.1.3-cü maddəsinə əsasən geri qaytarılmışdır. Abşeron rayon icra şöbəsinin qərarı ilə nəzərdə tutulan hallar aradan qalxmışdır. Belə ki, Müvafiq təsir vasitəsi ilə müəyyən olunmuşdur ki, Borclu halhazırda işləyir və əmək haqqı alır. Borclu 2(012)- 6380/2021 saylı xx.xx.2021-ci il tarixli məhkəmə qətnaməsindən və Abşeron rayon İcra şöbəsinin icra məmuru tərəfindən qəbul edilmiş icraata başlamaq haqqında qərarından xəbərdar olmuşdur.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada (SMS xəbərdarlığın AZEMİS vasitəsi ilə göndərilməsinə dair bildirişə və sənədin elektron kabinetə yerləşdirilməsinə dair çıxarışa əsasən) xəbərdar olunmasına baxmayaraq tələbkarın nümayəndəsi, borclu və icra məmuru məhkəməyə gəlməmiş və məhkəməyə gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə tələbkarın nümayəndəsinin, borclunun və icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

6. Azərbaycan Respublikası Konstitusiyası: İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir; İİ. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.

7. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 5. ... Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır; Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.

8. Azərbaycan Respublikası Konstitusiya Məhkəkməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2017ci il tarixli Qərarı: “İcra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın icra sənədini vermiş məhkəməyə göndərilməsi və bu məhkəməyə öz təşəbbüsü ilə həmin qərarın qanunvericiliyin tələblərinə uyğun olub-olmamasını yoxlamaq səlahiyyətinin verilməsi son nəticədə işə baxmış məhkəmənin qərarın icrasına nəzarət etməsini təmin etmək məqsədi daşıyır.”

9. “İcra haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2.1. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir; Maddə 3.1. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir; Maddə 23.1. Tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi aşağıdakı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır: 23.1.3. borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə; Maddə 23.2. Tələbin icrası bu Qanunun 23.1.2 - 23.1.5-ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir; Maddə 23.7. İcra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər.

Məhkəmənin mövqeyi

10. Məhkəmə şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət əsaslıdır.

11. “Elektron məhkəmə” informasiya sistemindən iş üzrə borcluya dair gəlir məlumatı qrafasından əldə edilmiş məlumatlardan müəyyən edilir ki, Borclu əmək müqaviləsi ilə işlədiyi məhkəməyə məlum olmuşdur.

13. Qeyd olunan halların araşdırılması məqsədi ilə müvafiq icra sənədi üzrə icra işi tələb edilmiş və icra işinin materialları məhkəməyə təqdim edilmişdir.

17. “Cəfərov Azərbaycana qarşı” iş üzrə xx.xx.2010-cu il tarixli və “Cəfərli və digərləri Azərbaycana qarşı” xx.xx.2010-cu il tarixli qərarlarında Avropa Məhkəməsi göstərmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi hər kəsin hüquq və vəzifələrinə aid iddiasının məhkəmə və ya tribunal qarşısına çıxarılması hüququnu təmin edir, bu mənada, o, “məhkəmə hüququnu” ehtiva edir ki, mülki məsələlərdə icraatı başlamaq hüququ olan məhkəməyə müraciət etmək hüququ onun bir aspektidir. Lakin Razılığa gələn Yüksək Tərəflərin daxili hüquq sistemləri yekun məcburi məhkəmə qərarının bir tərəfin zərərinə hərəkətsiz qalmasını mümkün edərsə, bu hüquq xəyali olar. Bu ağlasığmaz olar, əgər Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi tərəflərə verilən prosessual təminatları təfsilatı ilə izah etsin - ədalətli, açıq və sürətli məhkəmə araşdırmaları - lakin məhkəmə qərarlarının icrası qorunmasın, Konvensiyanın 6-cı maddəsini yalnız məhkəməyə müraciət etmək və araşdırmaların nəticələnməsi hüququnu verən kimi şərh etmək, Razılığa gələn X1 ratifikasiya edərkən üzərlərinə götürdükləri qanunun aliliyi prinsipi ilə zidd olan vəziyyətlərə gətirib çıxarmaq kimi olar. Buna görə, Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün məhkəmə qərarının icra olunması “araşdırmanın” ayrılmaz hissəsi kimi qiymətləndirilməlidir.

18. Bu konteksdə məhkəmə qeyd edir ki, icra sənədi üzrə icranın formal əsaslarla həyata keçirilməməsi məhkəmə müdafiəsi hüququnun Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərində də tez-tez istifadə olunan “xəyali” hüquqa çevirilməsi ilə nəticələnəcəkdir ki, bu da yolverilməzdir.

19. Məhkəmə onu da qeyd edir ki, icra sənədinin qaytarılması haqqında qərarın tələbkara rəsmi qaydada göndərilməsi barədə məlumat icra işinin materiallarında aşkar edilməmişdir. Odur ki məhkəmə, qanunla nəzərdə tutulmuş 30 günlük şikayət vermə müddətini də ötürülməmiş hesab edir.

20. Beləliklə, Abşeron Rayon Məhkəməsinin 2(012)-6380/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə Maraqlı şəxs icra məmuru Orxan Məmmədovun “icra sənədinin qaytarılması haqqında” xx.xx.2024-ci il tarixli qərarı ləğv edilməli və icra tədbirləri davam etdirilməlidir.

21. Göstərilənləri və MPM-nin 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

Şikayət təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-6380/2021 saylı, xx.xx.2021-cu il tarixli icra sənədi üzrə Maraqlı şəxs icra məmuru Orxan Məmmədovun “icra sənədinin qaytarılması haqqında” xx.xx.2024-ci il tarixli qərarı ləğv edilsin. İcra sənədi üzrə icra hərəkətləri davam etdirilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on gün) müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim Məhəmməd Eminbəyli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar