Məhkəmə qərarları › İş №8(5-105)-22/2026

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(5-105)-22/2026

23.01.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(5-105)-22/2026 23.01.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Borclu iştirakı ilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Hacı Hacızadənin təqdimatına Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Abşeron Rayon Məhkəməsinin 2(012)-68/2024 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən iddia ərizəsi təmin edilmiş, cavabdeh Borclu 21000 manat və ödənilmiş dövlət rüsumuna görə 153 manat pul vəsaiti alınaraq iddiaçı Tələbkar xeyrinə ödənilməsi və aparılmış ekspertiza tədqiqatlarına görə 50 manat pul vəsaitinin cavabdeh Borclu tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ34CTRE********************) ödənilməsi qət edilmişdir. Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Hacı Hacızadə təqdimatla məhkəməyə müraciət edərək, xx.xx.1981-ci il təvəllüdlü, ünvan 1 ünvanında yaşayan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Hacı Hacızadə təqdimatı onunla əsaslandırmışdır ki, icraatında olan Abşeron rayon Məhkəməsinin e-2(012)- 68/2024 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən Borclu cəmi 21153 manat pul vəsaiti tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2025-ci il tarixdə Abşeron rayon İcra və probasiya şöbəsinin icraatına daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icrası ilə bağlı bildiriş borcluya şəxsən təqdim edilmişdir. Könüllü icra müddəti bitdikdən sonra, borclu şöbəyə dəvət edilmiş, lakin o, icra məmurunun çağırışı üzrə gəlməmiş və olduğu yeri müəyyən etmək mümkün olmadığından barəsində axtarış qərarı qəbul edilərək, icra edilməsi üçün Abşeron rayon Polis İdarəsinə göndərilmişdir. xx.xx.2025-ci il tarixdə borclunun olduğu yer polis tərəfindən müəyyən edilərək, o, şöbəyə təhvil verilmiş, izahatı alınaraq, qanunla nəzərdə tutulmuş məsuliyyət diqqətinə çatdırılmışdır. Lakin buna baxmayaraq icra sənədi borclu tərəfindən tam icra edilməmiş və cari tarixə qalıq borc 17353 manat təşkil edir. İcra sənədinin icrasını təmin etmək üçün borclunun əmlak vəziyyəti və gəlirləri barədə müvafiq sorğular edilmiş, tələbin yönəldilə biləcəyi əmlak və ya gəlir aşkar edilməmişdir. Beləliklə, təqdimatdan və ona əlavə edilmiş sənədlərən görünür ki, borclu ilk növbədə icra sənədi üzrə tələbi könüllü icra müddəti ərzindən icra etməmiş, bununla yanaşı, icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyindən, yuxarıda qeyd edilən tarixdə barəsində axtarış qərarı qəbul edilmişdir. Göstərilənlər “İcra haqqında” Qanunun 43 və 44-cü maddəsinin tələblərinə uyğun olaraq, borclu barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması kimi digər məcburi icra tədbirinin tətbiqinə imkan verir. Belə ki, borclunun gələcəkdə ölkəni tərk etməsi icra sənədinin vaxtında və düzgün icra olunmasında ciddi maneələr yarada və tələbkar tərəfin hüquqlarının pozulması ilə nəticələnə bilər. Odur ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məqsədə müvafiqdir. Qeyd edilənlərə əsasən o, təqdimatın təmin edilməsini xahiş etmişdir. Borclu məhkəmə iclasında izahat verərək bildirdi ki, o, 7 aydır, icra sənədi üzrə hər ay 600 manat olmaqla, ödəniş edir. Qeyd edir ki, ilk olaraq borca görə 800 manat ödəniş etmişdir. O, vaxtilə tikintidə istehsalat rəhbəri işləmiş, lakin tikinti materiallarının qiyməti qalxdığı üçün ziyana düşmüşdür. İcra sənədi qəbul edilmiş mülki işə məhkəmə tərəfindən baxıldığı zaman o, məhkəməyə onun qeydlərinin əleyhinə yazılmış müvafiq sənədləri təqdim etmiş, buna baxmayaraq məhkəmə onun əleyhinə qərar qəbul etmişdir. Hüzrü düşdüyünə görə isə o, əsasında icra sənədi verilmiş qətnamədən apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş müddəti ötürmüşdür. Odur ki, qeyd edilənlərə əsasən o, təqdimatın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq təqdimatı vermiş icra məmuru və icra sənədi üzrə tələbkar səbəbini bildirmədən məhkəməyə gəlmədiklərindən məhkəmə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə borclunun izahatını dinləyib təqdimatı tədqiq edərək, işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqdimat təmin olunmalıdır. Təqdimat və ona əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, Borclu tərəfindən Abşeron Rayon Məhkəməsinin 2(012)-68/2024 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra edilməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Beləliklə, məhkəmə işin faktiki hallarını və toplanmış sübutları qiymətləndirərək hesab edir ki, təqdimat təmin edilməli, sözügedən icra sənədinin icrasını təmin etmək üçün xx.xx.1981-ci il təvəllüdlü, Gəncə şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Borclu ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququ icra vərəqəsi üzrə borc məbləği tam ödənilənə kimi müvəqqəti məhdudlaşdırılmalıdır. Beləliklə, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267, 268 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqdimat təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-68/2024 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinin icrasını təmin etmək üçün xx.xx.1981-ci il təvəllüdlü, Gəncə şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Borclu ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququ icra vərəqəsi üzrə borc məbləği tam ödənilənə kimi müvəqqəti məhdudlaşdırılsın. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanına məlumat verilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar