Məhkəmə qərarları › İş №8(5-105)-25/2026

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(5-105)-25/2026

28.01.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(5-105)-25/2026 28.01.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Fizuli Məhəmməd Fizuli oğlunun katibliyi ilə, Ərizəçi (tələbkar) Babayev Kərim Təmreyxa oğlunun iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(105)-325/2025 saylı qətnaməsinin icra üsulunun və qaydasının dəyişdirilməsi barədə icra sənədi üzrə X4 Təmreyxa oğlunun ərizəsinə Xırdalan şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İcra sənədi üzrə X4 Təmreyxa oğlu Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(105)-325/2025 saylı qətnaməsinin icra üsulunun və qaydasının dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onunla uşaq arasındakı ünsiyyətə olan maneənin aradan qaldırılması, azyaşlı qızı xx.xx.2023-cü il təvəllüdlü X1 ilə onun ünsiyyət yerinin müəyyən edilməsi, görüşlərin cavabdehin valideynlərinin yaşadığı evdə deyil, neytral məkanda uşağın yaşına uyğun, mübahisəsiz və təhlükəsiz şəraitdə (Sumqayıt və ya Xırdalan şəhərlərində olan park, uşaq əyləncə mərkəzi, uşaq zonası olan kafe və s.) keçirilməsi qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə bununla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-4100/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Babayev Kərim Təmreyxa oğlunun övladı xx.xx.2023-cü il təvəllüdlü X1 ilə hər həftənin şənbə və bazar günləri saat 12:00-dan 15:00-dək və davam edən bayram günlərinin (Novruz, Yeni il, Qurban və Ramazan Bayramlarının) ikinci günü saat 12:00-dan 15:00-dək anası Borclu iştirakı ilə ünsiyyət hüququnun təmin edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-4100/2024 nömrəli qətnaməsindən cavabdeh Borclu tərəfindən verilmiş apellyasiya şikayət vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(105)-325/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-4100/2024 nömrəli qətnaməsi Babayev Kərim Təmreyxa oğlunun övladı xx.xx.2023-cü il təvəllüdlü X1 ilə hər həftənin şənbə günü 12:00-dan 15:00dək ünsiyyət hüququnun təmin edilməsi hissəsində dəyişdirilmiş, Babayev Kərim Təmreyxa oğlunun övladı xx.xx.2023-cü il təvəllüdlü X1 ilə hər həftənin çərşənbə günü saat 18:00-dan 20:00-dək ünsiyyət hüququ təmin edilmiş, qətnamə qalan hissədə (Babayev Kərim Təmreуха oğlunun övladı xx.xx.2023-cü il təvəllüdlü X1 ilə hər həftənin bazar günü saat 12:00-dan 15:00-dək və davam edən bayram günlərinin (Novruz, Yeni il, Qurban və Ramazan Bayramlarının) ikinci günü saat 12:00-dan 15:00-dək anası Borclu iştirakı ilə ünsiyyət hüququnun təmin edilməsi) dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti qalan hissədə təmin edilməmişdir. Ərizəçi mütəmadi olaraq övladı ilə görüşmək istəyir və buna maneə törətmir. Lakin uşaqla görüşlər cavabdehin valideynlərinin evində baş verdiyindən, hər dəfə mübahisələr, psixoloji təzyiq və gərginlik yaranır. Hərəkətləri ilə qızının yetkinlik yaşına çatana qədər anasının yanında qalmasından sui-istifadə edən cavabdeh açıq-aydın övladının mənafeyinə zidd olaraq, görüşə maneələr yaradaraq, uşağa olan hislərinin soyumasının, ünsiyyət bağlarının kəsilməsinə nail olmaq istəyir. Bunun üçün görüşlər zamanı cavabdeh anası ilə kənardan ona aid aşağılayıcı, təhqiramiz ifadələr işlədərək, atası aqresiv hərəkətlərlə onunla münaqişə yaratmağa çalışırlar ki, qızı ilə görüşə gəlməsin. Müxtəlif bəhanələrlə uzun müddət uşağı ilə görüşə imkan vermirlər. Hətta cavabdeh şər-böhtanlarla dolu şikayət ərizəsi ilə polisə müraciət etmişdir. Bu kimi xoşa gəlməz halları cavabdeh Borclu Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-4100/2024 nömrəli qətnaməsinin apellyasiya şikayətində də açıq-aşkar etiraf edir. Görüş yerinin onların evində keçirildiyi üçün cavabdeh və valideynləri övladını sağlam böyütməyə, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməyə, müstəqil həyata hazırlamağa imkan vermir. Bu isə azyaşlı övladının psixoloji vəziyyətinə mənfi təsir göstərir. Belə ki, azyaşlı övladı anası və anasının valideynləri tərəfindən onunla mütəmadi və sistemli görüşə şərait yaradılmadığına görə vaxtlı-vaxtında ata qayğısı görmədiyi və normal mühitdə yaşamadığı üçün narahat ola və ya xəstələnə bilərlər. Övladının qayğısına qalmaq, saxlamaq, saxlamağın qayda və formasını müstəqil müəyyən etmək, hüquq və mənafelərinin mühafizəsini təmin emək əsas vəzifələrindəndir. Ərizəçinin övladı da hər bir uşaq kimi ailədə yaşamaq və tərbiyə almaq, onu, babasını, nənəsini, və onun digər qohumlarını tanımaq, qayğılarından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda, uşağının tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır. Cavabdeh qanunazidd hərəkətləri ilə ərizəçinin və övladımın qeyd olunan hüquqlarını pozur. Qətnamədə cavabdehin iştirakı ilə ünsiyyət hüququnun təmin edilməsindən süni istifadə edərək, hüquqların ərizəçi və övladının mənafeyinə zidd həyata keçir. Ünsiyyət bağlarının kəsilməsinə nail olmaq üçün hər vasitədən istifadə edir. Cavabdeh özünün valideyinlik hüququndan sui-istifadə edərək şöhrətpərəsliyinin, təkəbbürünün təmin olunması naminə uşağın mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirir. Övladının ilkin sosial davranışlarında qüsurlar yaradır. Ailəsində yaşamaq və tərbiyə almaq, babasını, nənəsini və onun digər qohumlarını tanımaq, qayğıdan istifadə etmək, onlarla birgə yaşamaq hüququndan məhrum edir. Buna görə də qızı ilə ünsiyyət hüququnun təmin edilməsində olan maneənin aradan qaldırılması üçün cavabdehin valideynlərinin yaşadığı evdə deyil, neytral məkanda müəyyən olması barədə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Məhkəmə iclasında ərizəçi (tələbkar) Babayev Kərim Təmreyxa oğlu ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etmiş və əlavə olaraq izahatında bildirmişdir ki, tərəflərin uşağının 2 yaşı var. Qarşı tərəf Masazırda həyət evində yaşayır və görüşə maneələr yaradır. Belə ki, uşaqla görüş qarşı tərəfin evində baş tutur və bu zaman cavabdeh atmacalar atır, keçmiş qayınatası ona qarşı aqressiv münasibət göstərir. Qarşı tərəf günlərin azadılması ilə bağlı apellyasiya şikayəti vermiş, lakin qismən təmin edilmiş və sadəcə günlər dəyişmişdir. Ünsiyyət yerinin dəyişilməsini - neytral bir yerdə görüş keçirilməsini xahiş etmişdir. Bəzən maşında uşaqla vaxt keçirir, ona evə keçməyə icazə vermədikləri üçün uşaqla həyətdə görüşür. Uşağı ilə maneəsiz, ananın iştirakı olmadan görüş keçirmək, uşağı evdən götürüb müəyyən edilmiş vaxt ərzində qaytarmaq, bu mümkün olmadığı halda evdən kənarda görüşmək istəyir. Maraqlı şəxs və icra sənədi üzrə Borclu ərizəyə baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Maraqlı şəxs nümayəndəsinin və icra sənədi üzrə borclunun məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məhkəməsinin 231.2-ci maddəsinə əsasən məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tələbkarın izahatını dinləyib, ərizənin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(105)-325/2025 saylı qətnaməsinin icra üsulunun və qaydasının dəyişdirilməsi barədə icra sənədi üzrə X4 Təmreyxa oğlunun ərizəsi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -Abşeron Rayon Məhkəməsinin 2(012)-4100/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə, iddia qismən təmin edilmiş, Babayev Kərim Təmreyxa oğlunun övladı xx.xx.2023-cü il təvəllüdlü X1 ilə hər həftənin şənbə və bazar günləri saat 12:00-dan 15:00-dək və davam edən bayram günlərinin (Novruz, Yeni il, Qurban və Ramazan Bayramlarının) ikinci günü saat 12:00-dan 15:00-dək anası Borclu iştirakı ilə ünsiyyət hüququnun təmin edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. -Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-325/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən görünür ki, cavabdeh Borclu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)- 4100/2024 nömrəli qətnaməsinin Babayev Kərim Təmreyxa oğlunun övladı xx.xx.2023-cü il təvəllüdlü X1 ilə hər həftənin şənbə günü 12:00-dan 15:00-dək ünsiyyət hüququnun təmin edilməsi hissəsində dəyişdirilməsi, Babayev Kərim Təmreyxa oğlunun övladı xx.xx.2023-cü il təvəllüdlü X1 ilə hər həftənin çərşənbə günü saat 18:00-dan 20:00-dək ünsiyyət hüququ təmin edilməsi, qətnamənin qalan hissədə (Babayev Kərim Təmreyxa oğlunun övladı xx.xx.2023-cü il təvəllüdlü X1 ilə hər həftənin bazar günü saat 12:00-dan 15:00-dək və davam edən bayram günlərinin (Novruz, Yeni il, Qurban və Ramazan Bayramlarının) ikinci günü saat 12:00-dan 15:00-dək anası Borclu iştirakı ilə ünsiyyət hüququnun təmin edilməsi) dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. -Məhkəmə iclasında tədqiq edilmiş fləşkart materialından görünür ki, Babayev Kərim Təmreyxa oğlunun övladı xx.xx.2023-cü il təvəllüdlü X1 ilə ünsiyyət hüququnun həyata keçirilməsinə maneələr mövcuddur. Azərbaycan Respublikasının Konstitusiyasının: 17-ci maddəsinin ll hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024- cü il tarixli, 15 nömrəli Qərarının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2011-ci il 28 oktyabr tarixli 6/2011 nömrəli Qərarında bəzi dəyişikliklər edilmiş, 2.5-ci bəndə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilmişdir: “Məhkəmələr ayrı yaşayan valideynin uşağı ilə istirahətinin səmərəli təşkili və digər məqsədlərlə birlikdə ölkə daxili və xarici səfərlər etmə imkanını nəzərə alaraq, verilmiş əsaslandırılmış tələbə uyğun qiymətləndirmə həyata keçirməklə ardıcıl bir neçə gün gecə qalmaqla, ünsiyyət qaydasını müəyyən edə bilərlər.” X3 3-cü bəndinin mətni ləğv edilmiş və 3.1 və 3.2-ci bəndlər əlavə edilmişdir: “3.1. Məhkəmələr uşaqlardan ayrı yaşayan valideynin uşaqla ünsiyyət hüququnun hə/ata keçirilməsi barədə iddialara baxarkən iddianın predmetinin ünsiyyət hüququnun müəyyən edilməsindən ibarət olduğunu, ünsiyyətin vaxtı, müddəti, yeri, forması, şəraiti və digər xüsusiyyətlərinin isə bu hüququn icra qaydası və (və ya) üsulunu ehtiva etdiyini nəzərə almalıdırlar. Məhkəmələr iddianın predmetinə qiymət verərkən ünsiyyət hüququnun müəyyən edilməsini tələb edən valideynlə uşağın ünsiyyətdə olmasının sonucunun fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər verə biləcəyi halların mövcudluğu baxımından araşdırmalı, habelə bu ünsiyyətin uşağın mənafeyinə uyğun olub-olmadığını müəyyən etməklə iddianı təmin və ya rədd etməlidirlər. İddiaçının qeyd edilən iddia tələbi ilə birgə verilən ünsiyyət qaydası və (və ya) üsuluna dair müraciətinə münasibətdə isə məhkəmələr bu Qərarın 2.2-ci bəndində göstərilənlərə uyğun qiymətləndirmə aparmaqla, təmin etdiyi hüququn icrası qaydası və (və ya) üsulunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.6-cı maddəsinə əsasən müəyyən etməlidirlər. 3.2. Bu Qərarın 3.1-ci bəndində göstərilənlər baxımından məhkəmə tərəfindən qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş ünsiyyət qaydası və (və ya) üaulunun (vaxt, müddət, yer, forma, şəraitvə s.) istənilən əsasla valideynlərdən hər hansı birinin müraciəti ilə sonradan dəyişdirilməsi bu barədə yeni iddianın qaldırılması deyil, Mülki Prosessual Məcəllənin 231-ci maddəsinə əsasən qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinə dair ərizənin verilməsi yolu ilə həll edilməlidir. Buna dair müstəqil iddia ilə müraciət edildiyi halda Mülki Prosessual Məcəllənin 153.2.1 -ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, iddia ərizəsi artıq icraata qəbul edildiyi halda isə Mülki Prosessual Məcəllənin 261.0.1- ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir”. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 50.3-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaq onların hər biri ilə ünsiyyət hüququna malikdir. 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 61.1-ci maddəsinə əsasən uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. 61.3-cü maddəsinə əsasən uşaqlardan ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında yazılı saziş bağlaya bilərlər. Valideynlər razılığa gələ bilmədikdə, mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) iştirakı ilə məhkəmə tərəfindən həll edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun: 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. 18-ci maddəsinə əsasən valideynlərinin hər ikisindən və ya birindən ayrı yaşayan uşağın onları tanımaq, habelə bu ona mənfi təsir göstərmirsə, valideynləri ilə ünsiyyətdə olmaq hüququ vardır. 19-cu valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin 07 avqust 1996-cı il tarixli “Yohansen Norveçə qarşı” qərarında da qeyd olunmuşdur ki, İnsan hüquqları üzrə Avropa Konvensiyasının 8-ci maddəsi çərçivəsində ailə həyatına hörmət hüququ dövlətin üzərinə valideynlərlə uşaqların qovuşmasını təmin etmək üzrə pozitiv öhdəlik qoyur. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 oktyabr 2011-ci il tarixli qərarının 1-ci bəndinin izahına görə uşaqlardan ayrı yaşayan valideynlərə uşaqlarla ünsiyyət üçün elə vaxt və müddət müəyyən edilməlidir ki, o, qanunla nəzərdə tutulan valideynlik hüquqlarını real və maneəsiz həyata keçirə bilsin. Məhkəmələr nəzərə almalıdırlar ki, uşaqla ünsiyyətdə olmaq istəyən valideynin iddiasının formal təmin edilməsi uşaqla ünsiyyət üçün simvolik və əlverişsiz müddət müəyyən edilməsi yolverilməzdir. Həmin Qərarın 12.1-ci maddəsinə əsasən Mülki-Prosessual Məcəllənin 223.1-ci maddəsinə əsasən məhkəmə əmlakın və ya pul məbləğlərinin verilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətləri etməyə cavabdehi məcbur edən qətnamə çıxardıqda, qətnamənin nəticə hissəsində kimin, harada, nə vaxt və ya hansı müddətdə həmin hərəkəti etməyə borclu olmasını göstərir. Bu baxımdan məhkəmələrə izah edilir ki, ünsiyyətə dair qətnamənin nəticə hissəsində uşağın ünsiyyət hüququnun həyata keçirilməsi və daha sonra geri qaytarılmasından ibarət tərəflərin qarşılıqlı öhdəliklərinin icrası məqsədilə uşağın harada, nə vaxt və ya hansı müddətdə təhvil verilməli olduğu göstərilməlidir. Qanunvericilik məhkəmə icraatı tərəflərinin hüquqlarını və qanuni maraqlarını nəzərə alaraq məhkəmə aktlarının icrasının hissə-hissə həyata keçirilməsi, həmçinin qətnamənin icra üsulu və qaydasının dəyişdirilməsi institutlarını nəzərdə tutmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır Mülki Prosessual Məcəllənin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Ərizədən görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-325/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin icra üsulunun və qaydasının dəyişdirilməsi barədədir. Bu mübahisə zamanı işə baxılarkən məhkəmə iclasında Babayev Kərim Təmreyxa oğlu uşaqla görüş zamanı bəzən uşağın babasının bacısının və ya nənəsinin gəldiyini və sərbəst görüşə mane olduqlarını bildirmişdir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, Babayev Kərim Təmreyxa oğluna övladı - xx.xx.2023-cü il təvəllüdlü X1 ilə sərbəst şəkildə ünsiyyətdə olmaq hüququnun təmin edilməsi daha məqsədəmüvafiqdir. Məhkəmə eyni zamanda hazırki ərizədə qoyulan digər məsələlər (görüşlərin neytral məkanda uşağın yaşına uyğun, mübahisəsiz və təhlükəsiz şəraitdə - Sumqayıt və ya Xırdalan şəhərlərində olan park, uşaq əyləncə mərkəzi, uşaq zonası olan kafe və s. keçirilməsi) ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, artıq tələbkarın övladı ilə sərbəst şəkildə ünsiyyətdə olmaq hüququ təmin edildiyindən uşaqla baş tutacaq görüşün məhz konkret məkanlarda təyin edilməsinə zərurət yoxdur. Odur ki, ərizə həmin hissədə təmin edilməməlidir. Məhkəmə uşaqla ünsiyyətdə olma vaxtını müəyyən edərkən işin bütün hallarını, o cümlədən uşağın üstün hüquqlarını, onun yaşını, onun mənəvi, psixi və fiziki inkişafına təsir edən digər amilləri və tərəflərin izahatlarını nəzərə alaraq hesab edir ki, ərizə qismən təmin edilməli, X4 Təmreyxa oğlunun övladı - xx.xx.2023-cü il təvəllüdlü X1 ilə sərbəst şəkildə ünsiyyətdə olmaq hüququ təmin edilməli və ünsiyyət qaydası sərbəst şəkildə hər hər həftənin çərşənbə günləri saat 18:00-dan 20:00-dək, bazar günləri və davam edən bayram günlərinin (Novruz, Yeni il, Qurban və Ramazan Bayramlarının) ikinci günü saat 12:00-dan 15:00-dək təyin edilməli, ünsiyyət hüququnun təmin edilməsi üçün uşaq onun yaşayış yeri üzrə ünvan 1 ünvanda hər həftənin bazar günləri və davam edən bayram günlərinin (Novruz, Yeni il, Qurban və Ramazan Bayramlarının) ikinci günü saat 12:00-da borclu tərəfindən tələbkara, həmin günlər saat 15:00-da isə eyni ünvanda tələbkar tərəfindən borcluya təhvil verilməli, həmçinin uşaq hər həftənin çərşənbə günləri saat 18:00-da borclu tərəfindən tələbkara, həmin günlər saat 20:00-da isə eyni ünvanda tələbkar tərəfindən borcluya təhvil verilməli, ərizə qalan hissədə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 230.5, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X4 Təmreyxa oğlu tərəfindən verilmiş qətnamənin icra üsulu və qaydasının dəyişdirilməsinə dair ərizəsi qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-325/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi üzrə icra qaydası aşağıdakı kimi müəyyən olunsun: X4 Təmreyxa oğlunun övladı - xx.xx.2023-cü il təvəllüdlü X1 ilə sərbəst şəkildə ünsiyyətdə olmaq hüququ təmin edilsin və ünsiyyət qaydası sərbəst şəkildə hər həftənin çərşənbə günü saat 18:00-dan 20:00-dək, hər həftənin bazar günü və davam edən bayram günlərinin (Novruz, Yeni il, Qurban və Ramazan Bayramlarının) ikinci günü saat 12:00-dan 15:00-dək təyin edilsin. Ünsiyyət hüququnun təmin edilməsi üçün uşaq onun yaşayış yeri üzrə ünvan 1 ünvanda hər həftənin bazar günü və davam edən bayram günlərinin (Novruz, Yeni il, Qurban və Ramazan Bayramlarının) ikinci günü saat 12:00-da Borclu tərəfindən X4 Təmreyxa oğluna, həmin günlər saat 15:00-da isə eyni ünvanda X4 Təmreyxa oğlu tərəfindən Borclu təhvil verilsin. Ünsiyyət hüququnun təmin edilməsi üçün uşaq onun yaşayış yeri üzrə ünvan 1 ünvanda hər həftənin çərşənbə günləri saat 18:00-da Borclu tərəfindən X4 Təmreyxa oğluna, həmin günlər saat 20:00-da isə eyni ünvanda X4 Təmreyxa oğlu tərəfindən Borclu təhvil verilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar