Məhkəmə qərarları › İş №8(5-105)-35/2026

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(5-105)-35/2026

03.02.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(5-105)-35/2026 03.02.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Hüseynova Ülviyyə Əliağa qızının katibliyi, X1 nümayəndəsi X3, Borclu Maraqlı şəxs iştirakları ilə, Qətnaməyə əsasən ödənilməli olan pul məbləğinin indeksasiyası barədə X6 tərəfindən verilmiş ərizəyə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Abşeron rayon Məhkəməsinin 2(012)-5843/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən, Maraqlı şəxs X4 xeyrinə xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 193 (yüz doxsan üç) manat miqdarında aliment tutulması və alimentin tutulmasının əvvəli 11 noyabr 2022-ci il tarixdən hesablanması qət edilmişdir. Tələbkar-ərizəçi X6 ərizə ilə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli, 2(012)-5 843/2022 saylı qətnaməsinə əsasən himayəmdə olan xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşma çatana kimi saxlanılması üçün müəyyən edilmiş 193 manat sabit pul məbləğində alimentin həcmi bir uşaq üçün, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,64 misli həddində indeksasiya olunması və sonrakı artımlar nəzərə alınmaqla hər ay ona ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Abşeron rayon Məhkəməsinin 2(012)-5843/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən, Maraqlı şəxs X4 xeyrinə xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 193 (yüz doxsan üç) manat miqdarında aliment tutulması və alimentin tutulmasının əvvəli 11 noyabr 2022-ci il tarixdən hesablanması qət edilmişdir. Hazırda həmin aliment xx.xx.2015ci il təvəllüdlü Rəhimə adlı uşağın dolanışığı üçün qarşılamır. Özü də çətinliklə uşağı saxlayır. Hazırda qanunvericiliyə uyğun olaraq alimentin indeksasiyası vacibdir. Bu səbəbdən ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X1 nümayəndəsi X7 ərizəni müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında borclu Maraqlı şəxs izahatında bildirmişdir ki, o, 3 ildir ki, övladını görmür. Həmçinin bildirir ki, o işləmir. Odur ki, nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə ərizəni tədqiq edərək işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, ərizə təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Həmin Məcəllənin 232.2-ci maddəsinə əsasən ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. 232.3-cü maddəsinə əsasən ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli, 15 №-li Qərarının “8.4-1. Bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 17 dekabr 2021-ci il tarixli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2022-ci il yanvarın 1-dən 300 manat müəyyən edilmişdir. Göstərilənləri və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15 №-li Qərarını nəzərə alaraq məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Abşeron rayon Məhkəməsinin 2(012)-5843/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş 193 manat alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı 0,64 misli (193:300 m.ə.h =m.ə.h 0,64 misli) həddində sabit pul məbləğinə indeksasiya edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Ərizə təmin edilsin. Abşeron rayon Məhkəməsinin 2(012)-5843/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş 193 manat alimentin məbləği xx.xx.2026-cı ildən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı 0,64 misli həddində sabit pul məbləğinə indeksasiya edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar