Məhkəmə qərarları › İş №8(5-105)-52/2026

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(5-105)-52/2026

06.02.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(5-105)-52/2026 06.02.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ tələbkar "xxxx" ASC-nin Maraqlı şəxs icra məmurunun qərarından şikayətinə dair iş üzrə (açar sözlər: icra məmurunun qərarından şikayət) X3 Muxtar oğlunun sədrliyi, Hacılı Jalə Nüsrət qızının katibliyi, Borclu iştirakı ilə, tələbkar "xxxx" ASC-nin Abşeron rayonu İcra və probasiya şöbəsinin icra məmurunun icra sənədinin qaytarılması barədə qərarından şikayətinə icra işinin materialları ilə birlikdə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İşin halları

1. Abşeron Rayon Məhkəməsinin 2(012)-92/2011 saylı, xx.xx.2011-ci il tarixli icra sənədinə əsasən Borclu 1.063,48 manat məbləğində kredit borcu və 20 manat dövlət rüsumu tutularaq "xxxx" ASC-yə ödənilməlidir.

2. Maraqlı şəxs “İcra sənədinin qaytarılması haqqında” xx.xx.2018-ci il tarixli qərarından görünür ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-92/2011 saylı, xx.xx.2011-cu il tarixli icra sənədi borcludan tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadığından məhkəməyə qaytarılmışdır.

Şikayət tələbi, proses iştirakçılarının izahatları

3. Tələbkar şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs böyük icra məmuru X2 icra edilməyən icra sənədinin məhkəməyə və digər orqana qaytarılması barədə xx.xx.2018-ci il tarixli qərarının ləğv edilməsi və icra sənədinin icra olunması üçün yenidən icraya göndərilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. Şikayətin əsaslarına görə, Maraqlı şəxs icra sənədi üzrə icra edilməyən icra sənədinin məhkəməyə və ya digər orqana qaytarıması haqqında xx.xx.2018-ci il tarixli qərarı ilə iddiaçı "xxxx" ASC-nin cavabdeh Borclu qarşı pul tələbinə dair iddiası əsasında çıxarılmış Abşeron rayon Məhkəməsinin 2(012)-92/2011 saylı, xx.xx.2011-ci il tarixli qətnaməsi üzrə verilmiş icra vərəqəsi məhkəməyə geri qaytarılmışdır. Hesab edilir ki, icra məmurunun qərarı tamamilə qanunsuz və əsassız, həmçinin "xxxx" ASC-nin mənafelərinə ziddir. Belə ki, icra məmuru borclunun əmlakın vəziyyətinin rəsmi şəkildə yoxlanılması və borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər aşkar olunmaması, əmlak və gəlirlərin axtarışı ilə bağlı görülmüş bütün tədbirlərin heç bir nəticə verməməsi ilə əsaslandırmışdır. Halbuki, icra qurumu tərəfindən cavabdeh barədə Azərbaycan Respublikasının hüdudlarından gediş gəlişin məhdudlaşdırılması, məcburi gətirilmə barədə heç bir tədbir görülməmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq, Maraqlı şəxs xx.xx.2011-ci il tarixli icra sənədi üzrə icra edilməyən icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması barədə xx.xx.2018-ci il tarixli qərarının ləğv edilməsi icra vərəqəsinin yenidən icraya yönəldilməsi labüddür. Məlumat üçün bildirilir ki, qərar rəsmi qaydada xx.xx.2026-cı il tarixində "Rabitəbank” ASC-yə təqdim edilmişdir. Odur ki, qərardaddan şikayət verilməsi üçün müəyyən edilmiş müddət ötürülməmişdir.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada (SMS xəbərdarlığın AZEMİS vasitəsi ilə göndərilməsinə dair bildirişə və sənədin elektron kabinetə yerləşdirilməsinə dair çıxarışa əsasən) xəbərdar olunmasına baxmayaraq icra məmuru məhkəməyə gəlməmiş və məhkəməyə gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Borclu məhkəmə iclasına gəlmiş, lakin Tələbkar ASC 06 fevral 2026-cı il tarixində məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının onun nümayəndəsinin iştirakı olmadan keçirilməsini və icra məmurunun qərarının geri qaytarılaraq yenidən icra işinin aparılmasına dair qərar verilməsini xahiş etmişdir. Məhkəmə işə tələbkarın nümayəndəsinin və icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

6. Borclu izahatında bildirir ki: 2011-ci il tarixində qətnamənin icrası ilə əlaqədar icra və probasiya şöbəsində çağırılıb. O borcun hissə-hissə ödənilməsinə razılıq vermiş və mütəmadi olaraq ödənişləri edibdi. Borcunun yarı hissədən çoxunu ödəmiş, lakin bununla bağlı sənəd təqdim edə bilməyəcəyini bildirmişdir. Borcun kiçik bir hissəsi ödənilməmiş qalıb. Həmin məbləğin sonralar Mərkəzi Bank tərəfindən ödəniləcəyi ilə bağlı məlumat aldığını bildirib. 2015-2025-ci illər arasındakı müddət ərzində Səhiyyə Nazirliyində 2 saylı Psixiatriya Xəstəxanasında işləmişdi. Hazırda fərdi əməklə məşğuldu.

Tətbiq edilən hüquq

6. Azərbaycan Respublikası Konstitusiyası: İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir; İİ. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.

7. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 5. ... Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır; Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.

8. Azərbaycan Respublikası Konstitusiya Məhkəkməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2017ci il tarixli Qərarı: “İcra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın icra sənədini vermiş məhkəməyə göndərilməsi və bu məhkəməyə öz təşəbbüsü ilə həmin qərarın qanunvericiliyin tələblərinə uyğun olub-olmamasını yoxlamaq səlahiyyətinin verilməsi son nəticədə işə baxmış məhkəmənin qərarın icrasına nəzarət etməsini təmin etmək məqsədi daşıyır.”

9. “İcra haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2.1. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir; Maddə 3.1. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir; Maddə 23.1. Tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi aşağıdakı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır: 23.1.3. borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə; Maddə 23.2. Tələbin icrası bu Qanunun 23.1.2 - 23.1.5-ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir; Maddə 23.7. İcra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər.

Məhkəmənin mövqeyi

10. Məhkəmə şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət əsaslıdır.

11. “İcra haqqında” Qanunun 23.2-ci maddəsinə əsasən, tələbin icrası bu Qanunun 23.1.2-23.1.5-ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir.

12. İş materiallarından icra məmurunun qanunun sözügedən maddəsinin tələblərinə əməl etməsi müəyyən edilmir. Eyni zamanda mübahisələndirilən icra sənədinin qaytarılması haqqında qərarda borclunun mülkiyyətində heç bir aşkar edilmədiyi göstərilmişdir.

13. Qeyd olunan halların araşdırılması məqsədi ilə müvafiq icra sənədi üzrə icra işi tələb edilmiş və icra işinin materialları məhkəməyə təqdim edilmişdir.

14. İcra işindən görünür ki, icra məmuru tərəfindən borclunun yaşadığı ünvan 1 ünvanına baxış keçirilməmişdir, sözügedən ünvanla bağlı heç bir sorğu verilməsi barədə hər hansı bir mötəbər sübut mövcud deyil.

15. Həmçinin, borclunun adına hər hansı pul və ya əmanət olması ilə bağlı yalnız "xxxx" ASC-yə sorğu verilmiş, digər banklara və kredit təşkilatlarına sorğu ünvanlanmamış, işləyib-işləməməsi müəyyənləşdirlməmiş, borclunun birgə nikah dövründə əldə edilmiş əmlakda payının olub-olmaması ilə bağlı hallar araşdırılmamışdır.

16. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Borclu məhkəmə baxışı zamanı izahat verərəkən, özünün uzun müddət, yəni icra vərəqəsinin icraatda olduğu vaxtdan onun geri qaytarılması barədə qərar qəbul edilən tarix daxil olmaqla (2015-2025-ci illlər) rəsmi qaydada əmək fəaliyyəti ilə məşğul olmuşdur. Bundan başqa Borclu hazırdada fərdi əməklə məşğul olması iş üçün mühüm əhəmiyyət kəsb edir.

17. “Cəfərov Azərbaycana qarşı” iş üzrə xx.xx.2010-cu il tarixli və “Cəfərli və digərləri Azərbaycana qarşı” xx.xx.2010-cu il tarixli qərarlarında Avropa Məhkəməsi göstərmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi hər kəsin hüquq və vəzifələrinə aid iddiasının məhkəmə və ya tribunal qarşısına çıxarılması hüququnu təmin edir, bu mənada, o, “məhkəmə hüququnu” ehtiva edir ki, mülki məsələlərdə icraatı başlamaq hüququ olan məhkəməyə müraciət etmək hüququ onun bir aspektidir. Lakin Razılığa gələn Yüksək Tərəflərin daxili hüquq sistemləri yekun məcburi məhkəmə qərarının bir tərəfin zərərinə hərəkətsiz qalmasını mümkün edərsə, bu hüquq xəyali olar. Bu ağlasığmaz olar, əgər Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi tərəflərə verilən prosessual təminatları təfsilatı ilə izah etsin - ədalətli, açıq və sürətli məhkəmə araşdırmaları - lakin məhkəmə qərarlarının icrası qorunmasın, Konvensiyanın 6-cı maddəsini yalnız məhkəməyə müraciət etmək və araşdırmaların nəticələnməsi hüququnu verən kimi şərh etmək, Razılığa gələn X1 ratifikasiya edərkən üzərlərinə götürdükləri qanunun aliliyi prinsipi ilə zidd olan vəziyyətlərə gətirib çıxarmaq kimi olar. Buna görə, Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün məhkəmə qərarının icra olunması “araşdırmanın” ayrılmaz hissəsi kimi qiymətləndirilməlidir.

18. Bu konteksdə məhkəmə qeyd edir ki, icra sənədi üzrə icranın formal əsaslarla həyata keçirilməməsi məhkəmə müdafiəsi hüququnun Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərində də tez-tez istifadə olunan “xəyali” hüquqa çevirilməsi ilə nəticələnəcəkdir ki, bu da yolverilməzdir.

19. Məhkəmə onu da qeyd edir ki, icra sənədinin qaytarılması haqqında qərarın tələbkara göndərilməsi barədə məlumat icra işinin materiallarında aşkar edilməmişdir. Odur ki məhkəmə, qanunla nəzərdə tutulmuş 30 günlük şikayət vermə müddətini də ötürülməmiş hesab edir.

20. Beləliklə, Abşeron Rayon Məhkəməsinin 2(012)-92/2011 saylı, xx.xx.2011-cu il tarixli icra sənədi üzrə Maraqlı şəxs icra məmuru Asəm Əhmədovun “icra sənədinin qaytarılması haqqında” xx.xx.2018-ci il tarixli qərarı ləğv edilməli və icra tədbirləri davam etdirilməlidir.

21. Göstərilənləri və MPM-nin 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

Şikayət təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-92/2011 saylı, xx.xx.2011-cu il tarixli icra sənədi üzrə Maraqlı şəxs icra məmuru Asəm Əhmədovun “icra sənədinin qaytarılması haqqında” xx.xx.2018-ci il tarixli qərarı ləğv edilsin. İcra sənədi üzrə icra hərəkətləri davam etdirilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on gün) müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim Məhəmməd Eminbəyli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar