Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(5-105)-71/2026 27.02.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmurunun təqdimatına dair iş üzrə (açar sözlər: ölkədən getmək hüququnun məhdudlaşdırılması, təqdimat təmin edilməsin) X5 Muxtar oğlunun sədrliyi, Rəcəbova Samirə Məmməd qızının katibliyi, Borclu iştirakı ilə, Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şəhriyar Əhmədovun icra sənədinin icrasının təmin edilməsi məqsədilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, aşağıdakı qərardadı qəbul etdi. İşin halları
1. Abşeron Rayon Məhkəməsinin 16(012)-290/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsinə əsasən Borclu xx.xx.2025-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin könüllü qaydada təmin edilməsi üçün borcluya bildiriş göndərilmişdir. Halhazırda borclunun 1000 manat ödənilməmiş aliment borcu vardır.
2. Abşeron rayon İcra və Probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, icra sənədi üzrə icraata başlanılmışdır.
Təqdimatın tələbi, icraat iştirakçılarının izahatları
3. Abşeron rayon Məhkəməsinin 16(012)-290/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən borclu fiziki şəxs xx.xx.1996-cı ildə Abşeron rayonunda anadan olmuş və Abşeron Rayonu, Xırdalan Şəhəri, X7, ev 1/2 ünvanında qeydiyyatda olan Borclu ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququnun icra vərəqəsi üzrə borc məbləği tam ödənilənə kimi müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir.
4. Təqdimatın əsaslarına görə, Abşeron rayon Məhkəməsinin 16(012)-290/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən xx.xx.2019-cu il təvəllüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü X1 üçün cavabdeh Borclu ərizəçi Tələbkar xeyrinə, hər uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli məbləğində aliment tutulması qərara alınmışdır. xx.xx.2025-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək,tələbin könüllü qaydada təmin edilməsi üçün borcluya bildiriş göndərilmişdir. Hal-hazırda borclunun 1000 manat ödənilməmiş aliment borcu vardır. Aparılmış icra tədbirləri nəticəsində məlum olmuşdur ki, borclu hüquqi şəxs Borclu ölkəni tərk etmək niyyətindədir. Odur ki, Borclu ölkədən çıxışına müvəqqəti məhdudiyyət qoyulması məqsədə müvafiqdir.
5. Məhkəmə iclasında iştirak edən Borclu çıxışında bildirmişdir ki, borcunu tam şəkildə ödədiyi üçün təqdimatın təmin olunmamasını məhkəmədən xahiş etmişdir.
6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada (SMS xəbərdarlığın AZEMİS vasitəsi ilə göndərilməsinə dair bildirişə və sənədin elektron kabinetə yerləşdirilməsinə dair çıxarışa əsasən) xəbərdar olunmasına baxmayaraq tələbkar və icra məmuru məhkəməyə gəlməmiş və məhkəməyə gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir.
Tətbiq edilən hüquq
7. Azərbaycan Respublikası Konstitusiyası: İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir; İİ. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.
8. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 5. ... Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır; Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.
9. “İcra haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 84-1.1. Məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir.
10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiya Qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında” xx.xx.2013-cü il tarixli Təlimat: 2.2. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl: 2.2.1. könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını, yəni icra məmurunun özü, yaxud müəyyən olunmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə rabitə orqanları tərəfindən borclunun yaşadığı ünvana və ya onun işlədiyi yer üzrə çatdırılmasını təmin edir. Könüllü icra üçün bildiriş borcluya qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Bildirişlərin rəsmi qaydada verilməsi icra qurumunda da həyata keçirilə bilər. Borclu onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapılmadıqda, bildiriş borclu ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda yerli icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Borclunun əvəzinə bildirişi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməlidir; 2.2.2. icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir; 2.2.3. borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır.
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 231.3-1. Məhkəmə borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimata onun daxil olduğu vaxtdan 5 iş günü müddətində, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi haqqında ərizələrə və icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara onların daxil olduğu vaxtdan 10 iş günü müddətində baxır. Maddə 231.4. Qətnamə icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması barədə məhkəmə qərardadından şikayət verilə bilər.
Məhkəmənin mövqeyi
12. İlk növbədə qeyd olunmalıdır ki, məhkəmə qərarlarının icrası mütləqdir. Konstitusiyanın 29-cu maddəsində də qərarların icrasının məcburiliyi və məhkəmə qərarının icra olunmamasının qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olması göstərilmişdir.
13. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də özünün bir çox qərarlarında məhkəmənin yekun qərarlarının icrasının ədalətli məhkəmə araşdırması hüququnun ayrılmaz tərkib hissəsi olduğunu və Konvensiyanın 6-cı maddəsi ilə təminat altına alındığını vurğulamışdır.
14. “Cəfərov Azərbaycana qarşı” iş üzrə xx.xx.2010-cu il tarixli və “Cəfərli və digərləri Azərbaycana qarşı” xx.xx.2010-cu il tarixli qərarlarında Avropa Məhkəməsi göstərmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi hər kəsin hüquq və vəzifələrinə aid iddiasının məhkəmə və ya tribunal qarşısına çıxarılması hüququnu təmin edir, bu mənada, o, “məhkəmə hüququnu” ehtiva edir ki, mülki məsələlərdə icraatı başlamaq hüququ olan məhkəməyə müraciət etmək hüququ onun bir aspektidir. Lakin Razılığa gələn Yüksək Tərəflərin daxili hüquq sistemləri yekun məcburi məhkəmə qərarının bir tərəfin zərərinə hərəkətsiz qalmasını mümkün edərsə, bu hüquq xəyali olar. Bu ağlasığmaz olar, əgər Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi tərəflərə verilən prosessual təminatları təfsilatı ilə izah etsin - ədalətli, açıq və sürətli məhkəmə araşdırmaları - lakin məhkəmə qərarlarının icrası qorunmasın, Konvensiyanın 6-cı maddəsini yalnız məhkəməyə müraciət etmək və araşdırmaların nəticələnməsi hüququnu verən kimi şərh etmək, Razılığa gələn X2 ratifikasiya edərkən üzərlərinə götürdükləri qanunun aliliyi prinsipi ilə zidd olan vəziyyətlərə gətirib çıxarmaq kimi olar. Buna görə, Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün məhkəmə qərarının icra olunması “araşdırmanın” ayrılmaz hissəsi kimi qiymətləndirilməlidir.
15. Bununla belə, qərarların icrası mexanizmi sxematik olmamalı, daxili qanunvericiliklə müəyyənləşdirilmiş məcburi icra yönündə prosessual hərəkətlərin ardıcıllığına riayət edilməli, eyni zamanda ümumhüquqi prinsip olan mütənasiblik prinsipi də rəhbər tutulmalıdır.
16. İşin materiallarından görünür ki, Borclu məhkəmənin elektron kabinetinə xx.xx.2026-cı il tarixdə göndərdiyi qəbzlərdən də görünür ki, xx.xx.2025-ci il tarixdə 200 manat, xx.xx.2025-ci il tarixdə 300 manat, xx.xx.2026-cı il tarixdə 300 manat, xx.xx.2026cı il tarixdə 300 manat, xx.xx.2026-cı il tarixdə isə 900 manat Tələbkar kart hesabına ödəniş etmişdir. Göründüyü kimi Borclu təqdimat verilən xx.xx.2026-cı il tarixə olan 1000 manat aliment borcunu ödəmişdir.
17. Bu şərtlər daxilində isə hazırkı təqdimatın təmin edilməsi qanunvericiliyə zidd olardı.
18. Odur ki, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimat təmin edilməməlidir.
19. Göstərilənlərə əsasən və MPM-nin 231, 263-264, 267-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
Təqdimat təmin edilməsin. Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şəhriyar Əhmədovun Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatı təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim Məhəmməd Eminbəyli