Azərbaycan Respublikası adından QƏRARDAD Ağcabədi rayonu İş № 8(5-106)-9/2026 06.02.2026 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Muradov Malik Maarif oğlunun katibliyi ilə, Tələbkar “ödənilməli pul məbləğinin indeksasiya olunması” barədə ərizəsinə Ağcabədi Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:
1. Tələbkar məhkəməyə ərizə ilə müraciət edərək, Ağcabədi Rayon Məhkəməsinin 2(017)-1230/2014 saylı, 26 avqust 2014-cü il tarixli məhkəmə qərarı ilə müəyyən edilmiş 138,00 pul məbləğini indeksləşdirilərək 2014-cü il avqust ayından 2025-ci il aprel ayınadək 205,90 faiz artımı (138,00 AZN x 205,90 % = 284,14 AZN) nəzərə alaraq cəmi 422,14 manat məbləğində indeksləşdirilmənin müəyyən edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
2. Tələbkar ərizəni onunla əsaslandırılmışdır ki, Ağcabədi Rayon Məhkəməsinin 2(017)-1230/2014 nömrəli, 26 avqust 2014-cü il tarixli, məhkəmə qərarına əsasən, Borclu cəmi 138,00 manat məbləğində pul tutularaq Tələbkar xeyrinə ödənilməsi qərara alınmışdır. Hazırda qəbul edilmiş məhkəmə qərarı qanuni qüvvəsini almasına və həmçinin icra məmuru tərəfindən məcburi icra tədbirlərinin görülməsinə baxmayaraq, məhkəmə qərarı icra olunmamışdır (ödənilməmişdir). Borclu məhkəmə qərarı üzrə qəbul olunmuş məbləği zamanında ödəyərək icra etsəydi, tələbkar başqa sahədə istifadə etməklə gəlir əldə edə bilərdi. Lakin, borcluların məhkəmə qərarı üzrə öhdəliyini icra etməməsi səbəbindən və həmin məbləğ vaxtında geri qaytarılmadığına görə tələbkar həmin pulu dəyərləndirə bilməmişdir. Buna görə də, məhkəmə qərarı üzrə tələbkara ödənilməli olan 138,00 manat pul vəsaiti inflyasiyaya uğradığından indeksləşdirmə tətbiq edilməsi zərurəti yaranmışdır. Belə ki, indeksasiya institutu pulun alıcılıq qabiliyyətinin məhz məhkəmə aktı qəbul edilən an mövcud olan səviyyədə bərpasına yönəldildiyindən, eləcə də bu hüquqi alət sanksiya xarakteri daşımadığına görə, onun tətbiqi məhkəmə aktının qanuni qüvvəyə minməsi və ya məhkəmə aktının icrasından yayınma ilə əlaqələndirilə bilməz. Bu səbəbdən də, indeksasiya məhz məhkəmə aktının qəbul edildiyi (elan edildiyi) gündən onun tam icra edildiyi günədək olan müddəti əhatə etməlidir. İndeksasiya institutu da qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icra edilməməsi nəticəsində baş verən inflyasiya itkilərinin kompensasiyasını, pulun alıcılıq qabiliyyətinin bərpasını təmin edən səmərəli hüquqi vasitə olmaqla, məhkəmə müdafiəsi hüququnun realizəsinin effektivliyi baxımından xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin istehlak qiymətləri indeksinin hesablamasından görünür ki, 2025-ci ilin aprel ayında 2014-cü il avqust ayına nisbətən istehlak qiymətləri indeksi 205,90 faiz təşkil etmiş, yəni qiymətlərin səviyyəsi 2.1 dəfə artmışdır. Ona görə də, 2(017)-1230/2014 saylı, 26 avqust 2014-cü il tarixli məhkəmə qərarı ilə müəyyən edilmiş 138,00 pul məbləğini indeksləşdirilərək 2014-cü il avqust ayından 2025-ci il aprel ayınadək 205,90 faiz artımı (138,00 AZN x 205,90 % = 284,14 AZN) nəzərə alaraq cəmi 422,14 manat məbləğində indeksləşdirilmənin müəyyən edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
Məhkəmə icraatı iştirakçılarını izahatı:
3. Ərizəyə baxılması ilə əlaqədar təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Tələbkar məhkəmə iclasına gəlməmiş, "Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə ilə xx.xx.2026-ci tarixdə məhkəməyə təqdim etdiyi ərizədə işlərinin çoxluğu ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd etmiş, işə onun iştirakı olmadan baxılmasını və ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
4. Ərizəyə baxılması ilə əlaqədar təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nə Borclu, nə də Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməklərinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Onların gəlməməsi Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 232.2-ci maddəsinə əsasən, məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, məhkəmə onların iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir.
Mülki işin materialları:
5. Ərizəyə əlavə olunmuş Ağcabədi Rayon Məhkəməsinin 2(017)-1230/2014 saylı, 26 avqust 2014-cü il tarixli məhkəmə əmrinə əsasən, kreditor Tələbkar xeyrinə Borclu 117 (yüz on yeddi) manat əsas borc və 21 (iyirmi bir) manat dövlət rüsumu, cəmi 138 (yüz otuz səkkiz) manat məbləğində pul vəsaitinin tutulması məhkəmə tərəfindən əmr edilmişdir.
6. Ərizəyə əlavə olunmuş istehlak qiymətləri indeksinin hesablanmasına dair kalkulyator çıxarışına əsasən, 2025-ci ildə aprel ayında 2014-cü ilin avqust ayına nisbətən istehlak qiymətləri indeksi 205.9 faiz təşkil etmiş, yəni qiymətlərin səviyyəsi 2.1 faiz artmışdır.
7. Ərizəyə əlavə olunmuş “Sunay Electronics” mağazası Tələbkar maliyə arayışına əsasən, Ağcabədi Rayon Məhkəməsinin 2(017)-1230/2014 nömrəli, 26 avqust 2014-cü il tarixli, məhkəmə qərarına əsasən, Borclu cəmi 138 manat məbləğində pul tutularaq Tələbkar xeyrinə ödənilməsi qərara alınmışdır. Məhkəmə qərarından sonra ödəniş olmaması qeyd edilmişdir.
Tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Konstitusiyasının:
8. 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.
9. 129-cu maddəsinin İ hissəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun:
11. 2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. 6-cı maddəsinə əsasən, məhkəmələrin qərarları, əmrləri icra sənədi sayılır.
12. 8.2-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün ... müddət təyin edir və bu barədə borcluya bildiriş verir.
13. 8.3-cü maddəsinə əsasən, icraata başlamaq haqqında qərarın surəti onun qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana göndərilir. 14.12.1-ci maddəsinə əsasən, bu Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra “MPM”):
15. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
16. 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
17. 88-ci maddəsinə əsasən, heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
18. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
19. 232.1-ci maddəsinə əsasən, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər.
20. 232.2-ci maddəsinə əsasən, ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur.
Məhkəmənin mövqeyi:
21. Məhkəmə ərizəni, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməməlidir.
22. Belə ki, qanunvericiliyin tələbinə əsasən, məhkəmənin qəbul etdiyi aktların icrası məcburidir və onların icrası icra məmurları tərəfindən həyata keçirilir. İcra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul etməli, icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün müddət təyin etməklə, bu barədə borcluya bildiriş verməli, habelə icraata başlamaq haqqında qərarın surətini qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə göndərməlidir. Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. İcra sənədi müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, borclu inzibati qaydada məsuliyyətə cəlb oluna bilər. İcra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu məhkəməyə şikayət verə bilər.
23. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında ifadə etdiyi hüquqi mövqeyinə görə, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olmaqla pozulmuş hüquqların bərpa olunmasında xüsusi önəm daşıyır. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. (“İcra haqqında” AR Qanununun 20-ci maddəsinin şərh ediləsinə dair” xx.xx.2017-ci il tarixli Qərarı; “İcra haqqında” AR Qanununun 1, 10, 24 və 26-cı maddələrinin şərh ediləsinə dair” xx.xx.2015-ci il tarixli Qərarı və s.)
24. Habelə Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, MPM-in 232-ci maddəsi ilə nəzərdə tutulmuş ödənilməli pul məbləğlərinin indeksasiyası məhz məhkəmənin qəbul etdiyi aktların səmərəli icrasını təmin etmək məqsədi daşıyır. Bu təsisat borclu tərəfindən məhkəmə qətnaməsinin qanunla müəyyən edilmiş müddət ərzində icra edilməməsinə görə mülki-hüquqi məsuliyyət tədbiri olmamaqla, qətnamənin qanuni qüvvəyə mindiyi tarixlə müqayisədə məhkəmə aktının icrası anı üçün həmin akt üzrə tutulmalı olan pulun dəyərində yaranmış olan azalmanın kompensasiyasına, bununla da kreditorun məruz qaldığı itkiləri aradan qaldırmaqla onun mənafelərinin təmin edilməsinə yönəlmiş hüquqi mexanizmdir. (“Azərbaycan Respublikası Konstitusiyasının 60 və 129-cu maddələrinin İ hissələri baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2025-ci il tarixli Qərarı.)
25. "Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində indeksləşdirmənin obyektləri dəqiq göstərilmiş, yəni hansı növ gəlirlərin və əmanətlərin indeksləşdirməyə məruz qaldığı konkret şəkildə öz əksini tapmışdır. Həmin normanın dispozisiya şərtlərindən görünür ki, 1) müəssisələrin, idarələrin və təşkilatların (bundan sonra müəssisələr adlanacaqdır) işçilərinin əmək haqqı; 2) birdəfəlik müavinətlər istisna olmaqla, dövlət pensiyaları, təqaüdlər, sosial müavinətlər (uşaqlı ailələrə, ştatların ixtisarı, müvəqqəti əmək iqtidarsızlığı ilə, hamiləliklə əlaqədar verilən və başqa müavinətlər); 3) vətəndaşların Azərbaycan Respublikasının Əmanət Bankında olan əmanətləri; 4) Azərbaycan Respublikasının dövlət istiqrazları və digər dövlət qiymətli kağızları; 5) Azərbaycan Respublikasının dövlət sığorta orqanlarına verilən haqlar; 6) aliment indeksləşdirmə obyektləri qismində nəzərdə tutulmuşdur.
26. Bundan əlavə, həmin qanunun 3-cü maddəsində xüsusi olaraq vurğulanır ki, indeksləşdirmə vətəndaşların sahibkarlıq fəaliyyətindən və mülkiyyətdən götürdükləri gəlirlərə şamil edilmir. Bu müddəa hüquqi baxımdan o deməkdir ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş, mülki-hüquqi münasibətlərdən irəli gələn pul tələbləri - o cümlədən alğı-satqı müqaviləsinə, kredit müqaviləsinə və ya zaminlik öhdəliklərinə əsaslanan borclar - həmin Qanunun 3-cü maddəsinin tənzimləmə dairəsinə daxil deyildir. Yəni, qanunverici vətəndaşların sahibkarlıq fəaliyyətindən və mülkiyyətdən götürdükləri gəlirlərin indeksləşdirilməsini birmənalı və qəti şəkildə qadağan edir.
27. Analoji mövqeni "Azərbaycan Respublikası Konstitusiyasının 60 və 129-cu maddələrinin İ hissələri baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 iyun 2025-ci il tarixli qərarı da təkrarlayır: “İndeksasiyanın iqtisadi meyarı və hesablanma qaydasına gəldikdə isə qeyd edilməlidir ki, Mülki Prosessual Məcəllənin 232.1-ci maddəsində bu qaydalar nəzərdə tutulmadığı halda, “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Qanunla bu tənzimetmə qaydaları müəyyən edilmişdir.
28. Nəzərə alınmalıdır ki, qeyd edilən qanunvericilik aktları üzrə indeksləşdirmənin obyektləri fərqli (Qanunun 3-cü maddəsində indeksləşdirmənin obyektləri sırasında vətəndaşların sahibkarlıq fəaliyyətindən və mülkiyyətdən götürdükləri gəlirlər, qətnamənin icrası zamanı tutulmalı pul məbləğləri nəzərdə tutulmamışdır) olsa da, hər iki halda bu təsisat inflyasiya nəticəsində pulun alıcılıq qabiliyyətinin qorunması məqsədi ilə dövlət tərəfindən müəyyən edilmiş mexanizm kimi çıxış edir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, məhkəmə qətnamələri üzrə tutulmalı olan pul məbləğlərinin qanunun analogiyası üzrə “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Qanunda müəyyən olunan meyarlara və hesablanma qaydalarına əsasən həyata keçirilməlidir”.
29. Bundan başqa məhkəmə qeyd edir ki, bu tələblərlə bağlı qanunvericilikdə hər hansı xüsusi sübutetmə qaydası müəyyən edilmədiyindən, ümumi sübutetmə qaydası tətbiq olunur. Belə ki, məhkəmə aktının qanuni qüvvəyə mindiyi gündən ərizə ilə məhkəməyə müraciət edildiyi günə kimi pul məbləğinin ödənilmədiyi, qismən ödənildiyi və ya gecikdirildiyi, habelə bununla əlaqədar olaraq məhkəmə aktı üzrə icra icraatına başlanılması, icraata başlamaq haqqında qərar qəbul edilməsi, bildiriş verilməsi, icra çərçivəsində müvafiq icra tədbirləri görülməsi və nəticədə aktın icra olunmaması ərizəçi tərəfindən sübuta yetirilməlidir. Bütün bu hallar da mümkün, mötəbər və kifayətedici sübutetmə vasitələri ilə təsdiq edilməlidir. İş üçün əhəmiyyət kəsb edən həmin halların sübuta yetirilməməsi isə ərizənin (tələbin) təmin edilməməsi üçün əsas hesab olunur. Çünki məhkəmə mülahizə, ehtimal, fərziyyə əsasında və ya ağlabatan həddə deyil, yalnız müvafiq təsdiqedici sübutlar əsasında qərar qəbul etməlidir.
30. Ağcabədi Rayon Məhkəməsinin arxivində olan 2(017)-1230/2014 saylı mülki iş materiallarına Ağcabədi rayon İcra Qrupunun xx.xx.2014-cü il icraata başlama haqqında qərarı, Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin xx.xx.2017-ci il tarixli icraata başlama haqqında qərarı, xx.xx.2017-ci il tarixli borclunun ünvan 1 ünvanında yaşamaması haqqında Akt-ın surəti, xx.xx.2017-ci il tarixli icra sənədənin icra olunması üçün Ağcabədi rayon İcra Şöbəsinə qaytarılmasına dair məktub iş materiallarına əlavə edilmişdir. Ağcabədi Rayon Məhkəməsinin 2(017)-1230/2014 saylı, 26 avqust 2014-cü il tarixli məhkəmə əmrinin borcluya çatdırılması, icra mərhələsində borclu şəxsin məhkəmə ərmindən məlumatlı olması ilə bağlı hər hansı sübut müəyyən edilməmişdir. Belə olan halda, məhkəmə tərəfindən icra sənədinin icra edilməsi barədə icra vəziyyətini, görülmüş icra tədbirlərini, borclunun icradan qərəzli yayınıb-yayınmamasını təsbit etmək mümkün olmamışdır.
31. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi, iş üçün əhəmiyyətli halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquq münasibətlərində yaranan qeyri-müəyyənliyin aradan qaldırılması üçün əhəmiyyət daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaət mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər.
32. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizəçi tərəfindən iş üçün əhəmiyyətli olan hallarla bağlı məhkəməyə heç bir sübut təqdim edilmədiyindən (eləcə də məhkəmə iclasında iştirak etməyərək, bu halları sübut etmədiyindən) və məhkəmə araşdırması ilə də həmin halları təsdiq edən heç bir sübut müəyyən edilmədiyindən ərizə təmin edilməməlidir.
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
Tələbkar “ödənilməli pul məbləğinin indeksasiya olunması” barədə ərizəsi təmin edilməsin. Qərardaddan 10 gün müddətində Ağcabədi Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Şahəli Musayev