Məhkəmə qərarları › İş №8(5-108)-34/2026

Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №8(5-108)-34/2026

19.02.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 8(5-108)-34/2026 19.02.2026 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Bağırov Məhəmməd Ənvər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X5, X1nun iştirakı ilə Ağdaş Rayon Məhkəməsinin 2(014)-42/2025 nömrəli, 22 yanvar 2025-ci il tarixli qətnaməsinin icra üsulunun dəyişdirilərək hissə-hissə icra edilməsi barədə X6 tərəfindən verilmiş ərizəyə Ağdaş Rayon Məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 məhkəməyə ərizə ilə müraciət edərək, Ağdaş Rayon Məhkəməsinin 2(014)- 42/2025 nömrəli, 22 yanvar 2025-ci il tarixli qətnaməsi ilə Tələbkar xeyrinə tutulmalı olan 4470 (dörd min dörd yüz yetmiş) manat məbləğində pulun hər ay hissə-hissə, yəni ayda 100 (bir yüz) manat ödənilməsinin icra edilməsi (möhlət verilməsi) barədə qərar qəbul edilməsini xahiş etmişdir. X10 ərizəni onunla əsaslandırmışdır ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)- 42/2025 nömrəli, 22 yanvar 2025-ci il tarixli qətnaməsinə əsasən ondan, yəni X2 4470 (dörd min dörd yüz yetmiş) manat borc və 67,70 (altmış yeddi manat, yetmiş qəpik) manat ödənilmiş döclət rüsumunun əvəzinin alınaraq iddiaçı Tələbkar verilməsi qət edilmişdir. Maddi imkanı olamdığından məhkəmə qətnaməsi ilə ödənilməsi tələb olunan 4470 (dörd min dörd yüz yetmiş) manat məbləğində pulu bir dəfəyə ödəyə bilmir. Azərbaycan Respublikası adından qəbul edilmiş qətnamənin icrasından yayınmır və həmin pulu ödəmək üçün möhlət istəyir. Məhkəmə iclasında X1 ərizəni müdafiə edərək bildirdi ki, məhkəmə qətnəməsinə əsasən 4470 manat məbləğində borcu Sənan Abbasova ödəməlidir. Lakin maddi imkanı olmadığından borcu ödəyə bilmir. Qətnamənin icrasından yayınmaq fikri yoxdur. Odur ki, qətnamənin icrası üçün ona möhlət verilməsini və qətnamənin hissə-hissə, yəni hər ay 100 manat ödənilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada tələbkar və icra məmuruna məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən tələbkar və icra məmurunun iştirakları olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, borclunun izahatını dinləyib, ərizəni işin materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, işdə olan Ağdaş Rayon Məhkəməsinin 2(014)-42/2025 nömrəli, 22 yanvar 2025-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Tələbkar cavabdeh X4 qarşı pul tələbinə dair iddiası təmin edilərək, cavabdeh X2 4470 (dörd min dörd yüz yetmiş) manat borc və 67,70 (altmış yeddi manat, yetmiş qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzinin alınaraq iddiaçı Tələbkar xeyrinə verilməsinə dair qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Kostitusiyasının 129-cu maddəsinin 2-ci hissəsində qeyd olunmuşdur ki, məhkəmə qərarının icra olunmaması qanunla müəyyən olunmuş məsuliyyətə səbəb olur. Avropa İnsan Hüquqları Məhkəməsinin Əfəndiyeva Azərbaycana qarşı 25 oktyabr 2007-ci il tarixli qərarında məhkəmə belə nəticəyə gəlmişdir ki, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün «məhkəmə araşdırmasının tərkib hissəsi» sayılmalıdır. Məhkəmə qərarının icra olunmaması həmin maddənin pozuntusu kimi qiymətləndirilməlidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə görə icra sənədi iki ay müddətində icra olunmalıdır. Müstəsna hallarda bu müddət bir ayadək uzadıla bilər. Həmin Qanunun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 12-ci bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Konstitusuya Məhkəməsinin 22 may 2015-ci il tarixli qərarında göstərilmişdir ki, qətnamənin icra qaydasının dəyişdirilməsinə gəldikdə qeyd olunmalıdır ki, bu məsələnin həlli qətnamənin mahiyyətinə aid deyil və yalnız həmin qətnamənin çıxarılmasından sonra yaranmış icra məsələlərini tənzimləyir. Eyni zamanda, möhlət verilməsi qətnamədə ifadə olunsa belə işin mahiyyətinə toxunmur. Buna görə də qətnamə qüvvəyə mindikdən sonra icra qaydasının dəyişdirilməsi məsələsi işdə iştirak edən şəxslərin ərizəsi əsasında işə baxmış birinci instansiya məhkəməsi tərəfindən həll edilir. Bu qayda yuxarı instansiya məhkəməsi tərəfindən həmin qətnamə ləğv edilib yeni qətnamə qəbul edildiyi halı da ehtiva edir. Birinci instansiya məhkəməsinin belə qaydada qəbul edilən qərardadlarından Mülki Prosessual Məcəllənin 231.4-cü maddəsinə müvafiq olaraq şikayət verilə bilər. Qətnamənin icrasına möhlət verilməsi və onun hissə-hissə icrası hər bir halda məhkəmə qətnaməsinin icra müddətinin dəyişdirilməsini nəzərdə tutur. Qətnamənin nəticə hissəsində onun icra müddəti müəyyən edilmişdirsə bu, həmin qətnamənin icrasına möhlət verməyi və ya qətnaməni hissə-hissə icra etdirməyi istisna etmir. Qətnamənin icrasına möhlət verilməsi və onun hissə-hissə icra edilməsi müstəsna hal olub, iş üzrə qətnamə çıxarılmış məhkəmə tərəfindən borclunun ağır əmlak vəziyyəti və yaxud qətnamənin icrası üçün çətinlik törədən, borclu üçün yaranmış əlverişsiz hallarda (tikintinin müəyyən obyektiv səbəblərdən gecikməsi, əvvəlki təsisçi tərəfindən mənzillərin təkrar satılması) tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 231.1-231.2-ci maddələrinə görə işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icraüsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin ərizələrə məhkəmə iclasında baxılır.İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Qanunvericiliyin mənasına görə icra sənədinin hissə-hissə icra edilməsinə o hallarda yol verilir ki, belə icra mümkün olur, borcluya məxsus əmlak mövcud olmur və məhkəmə, qətnamənin digər formada icra olunmasının qeyri-mümkün olduğu qənaətinə gəlir. Bundan başqa məhkəmə qeyd edir ki, prosessual qanunvericilikdə icra sənədinin hissə-hissə icrasına dair konkret müddəalar (icranın müddəti, ardıcıllığı, icra ediləcək hərəkətlərin və ya ödəniləcək məbləğlərin həcmi və s.) olmasa da, icra sənədinin hissəhissə icrası nəticəsində yaranan ümumi icra müddəti ağlabatan olmalı və bu məsələnin həllində hər iki tərəfin, yəni borclu və tələbkarın mənafeyi eyni cür qorunmalıdır. Qətnamənin hissə-hissə icra edilməsi müstəsna hal olmaqla, onun mümkünlüyü borclu şəxsin əmlak vəziyyəti və digər hallara uyğun olaraq müəyyən edilməklə qiymətləndirilməli və bu zaman təkcə borclunun deyil, o cümlədən tələbkarın mənafeyi nəzərə alınmalıdır. Hazırkı iş üzrə isə ərizəçinin göstərdiyi dəlillər ağlabatan deyil. Belə ki, borclunun izahatından və iş materiallarına əlavə edilmiş “AZEMİS” Elektron Məhkəmə İnformasiya sistemindən çıxarışdan görünür ki, Anar Əliyev "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində işləyir və 350 manat məbləğində əmək haqqı alır, aylıq gəliri vardır, bu da onun tərəfindən qətnamənin icrasını mümkünsüz edən ciddi əlverişsiz halların mövcudluğunu istisna edir. Belə olan halda məhkəmə hesab edir ki, borclunun qətnamənin hissə-hissə icra edilməsi barədə dəlilləri əsassızdır və məhkəmə tərəfindən nəzərə alına bilməz. Həmçinin, tərəflərin əmlak vəziyyəti ilə bağlı olmayan hallarla əlaqədar icra sənədinin hissə-hissə icra olunmasını təmin etmək həm də o zaman mümkündür ki, borclu ilə bağlı yaranmış və qətnamənin icrasını mümkünsüz edən ciddi əlverişsiz halların mövcudluğu mötəbər sübutlarla təsdiq olunsun. Bu mənada nəzərə alınmalıdır ki, borclu məhkəməyə icra sənədinin icrasını mümkünsüz edən əlverişsiz halların mövcudluğunu sübut edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Qanunun mənasına görə qətnamənin hissə-hissə icrası dedikdə, icra hərəkətlərinin birdəfəlik deyil, müəyyən müddətə və hissələrlə (mərhələlərlə) həyata keçirilməsi başa düşülür. Göründüyü kimi qanunvericilik işdə iştirak edən şəxslərin ərizəsi əsasında qətnamənin hissə-hissə icra olunmasının mümkünlüyünü müəyyən etməklə yanaşı, bunu ilk növbədə tərəflərin əmlak vəziyyətindən, eləcə də işin digər diqqətəlayiq hallarından asılı etmişdir. Qanunvericiliyin mənasına görə bu zaman borclunun əmlak vəziyyətinin və ya digər halların borcun birdəfəlik ödənilməsinə imkan verməməsini sübut etmək vəzifəsi belə ərizə ilə məhkəməyə müraciət etmiş borclunun üzərinə düşür. Bu cür ərizələrə baxılarkən tələbkarın əmlak mənafeləri də nəzərdən yayınmamalıdır. X6 qətnaməsinin hissə-hissə icra olunmasına əsas ola biləcək bu və ya digər müstəsna halların mövcudluğuna dair hər hansı sübutu nə ərizəsinə əlavə etməmiş, nə də məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, məhkəmə qətnaməsinin hissəhissə icra olunması tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, hissə-hissə icra olunma müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli və tərəflərin hüquqlarının əsassız məhdudlaşdırılmasına yönəlməməlidir. Belə olduğu halda məhkəmə hesab edir ki, borclunun qətnamənin hissə-hissə icra edilməsinə dair ərizəsi əsaslı deyil. Onun təmin edilməsi tələbkarın haqlı mənafeyini pozur və bu səbəbdən də təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 231, 263-264, 267-268ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ağdaş Rayon Məhkəməsinin 2(014)-42/2025 nömrəli, 22 yanvar 2025-ci il tarixli qətnaməsinin icra üsulunun dəyişdirilərək hissə-hissə icra edilməsi barədə X6 tərəfindən verilmiş ərizəsi təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Məhəmməd Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar