Məhkəmə qərarları › İş №8(5-115)-13/2026

Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №8(5-115)-13/2026

11.02.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 8(5-115)-13/2026 11.02.2026 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X3 oğlunun katibliyi, icra sənədi üzrə borclu Şıxəliyeva (Əliyeva) Nuranə İlqar qızının iştirakı ilə, Maraqlı şəxs icra məmurunun qərarının ləğv edilməsi barədə Biləsuvar rayon Məhkəməsinin 25 iyun 2020-ci il tarixli, 2(022)-421/2020 saylı icra sənədi üzrə borclu Şıxəliyeva (Əliyeva) Nuranə İlqar qızı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: 09 fevral 2026-cı il tarixdə borclu Şıxəliyeva (Əliyeva) Nuranə İlqar qızının Maraqlı şəxs icra məmurunun qərarının ləğv edilməsi barədə şikayəti Biləsuvar rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə şikayət ərizəsini və iş materiallarını tədqiq edərək, hesab edir ki, N.İ.Şıxəliyevanın (Əliyevanın) şikayət ərizəsi, həmin şikayətdə konret olaraq şikayət verilmiş qərarın adı, tarixi və həmin qərarı qəbul etmiş icra məmurunun adı qeyd edilmədiyinə görə, geri qaytarılmalıdır. Belə ki, N.İ.Şıxəliyeva (Əliyeva) məhkəməyə ünvanladığı şikayətdə göstərmişdir ki, Biləsuvar rayon Məhkəməsinin 25 iyun 2020-ci il tarixli, 2(022)-421/2020 saylı qətnaməsi ilə ondan və daha 2 nəfər digər şəxsdən cəmi 5315 manat 51 qəpik məbləğində pul vəsatinin “Bank of Baku” açıq səhmdar cəmiyyətinin xeyrinə tutulduğu halda, icra məmuru tərəfindən Biləsuvar rayon Məhkəməsinin 25 iyun 2020-ci il tarixli, 2(022)-421/2020 saylı icra sənədi üzrə bütün borcun onun əmək haqqına yönəltmişdir. Buna görə də N.İ.Şıxəliyeva (Əliyeva) borcun onun əmək haqqında yönəldilməsi barədə icra məmurunun qərarının ləğv edildiyini xahiş etsə də, hansı icra məmurunun konkret hansı tarixli qərarının ləğv edilməsini xahiş etdiyini öz şikayətində qeyd etməmiş, şikayətə isə yalnız borcun 10% həcmində, yəni 531.35 manat məbləğində icra ödənişinin tutulması üçün tutmanın onun əmək haqqında tutulması barədə Maraqlı şəxs icra məmuru X1 01 dekabr 2025-ci il tarixli qərarını əlavə etmişdir. Beləliklə, məhkəmə iş materiallarını tədqiq edərək, hesab edir ki, N.İ.Şıxəliyeva (Əliyeva) tərəfindən verilmiş şikayətdən borclunun hansı icra məmurunun hansı qərarından şikayət edildiyini müəyyən etmək mümkün deyil. Azərbaycan Respublikası MPM-nin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 361.1.3 və 361.1.4-cü maddələrinə görə isə barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı və şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi apellyasiya şikayətində göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 363.1.1-1-ci maddəsinə uyğun olaraq həmin Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, şikayət geri qaytarılmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsinə əsasən iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə görə isə iddia ərizəsinin həmin Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə iddia ərizəsi geri qaytarılır. Bundan başqa, 2(022)-421/2020 saylı mülki iş materiallarından görünür ki, N.İ.Şıxəliyeva (Əliyeva) Biləsuvar rayon Məhkəməsinin 25 iyun 2020-ci il tarixli, 2(022)- 421/2020 saylı qətnaməsinə izah verilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir və həmin ərizəyə baxılması 17 fevral 2026-cı il tarixə təyin edilmişdir. Həmin ərizədə N.İ.Şıxəliyeva (Əliyeva) tutulması qət edilmiş cəmi cəmi 5315 manat 51 qəpik məbləğində pul vəsatinin hamısının və ya üçdə bir hissəsinin məhz ondan tutulmalı olmasına dair izah verilməsini xahiş etmişdir. Buna görə də məhkəmə hesab edir ki, şikayət geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 10-1, 13.4, 263, 264, 267, 268, 361 və 363-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Maraqlı şəxs icra məmurunun qərarının ləğv edilməsi barədə Biləsuvar rayon Məhkəməsinin 25 iyun 2020-ci il tarixli, 2(022)-421/2020 saylı icra sənədi üzrə borclu Şıxəliyeva (Əliyeva) Nuranə İlqar qızının tərəfindən verilmiş şikayət geri qaytarılsın. Qərardad təqdim olunan (alınan) gündən 10 (on) gün müddətində, “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirməklə, ondan Biləsuvar rayon Məhkəməsi nə apellyasiya şikayəti verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar