Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 8(5-119)-13/2026 11.02.2026 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, məhkəmə iclasının katibi X1 iştirakı ilə, Ərizəçi Tələbkar MMC-nin “icra məmurunun qərarının ləğv edilməsi” barədə ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Tələbkar MMC ərizə ilə məhkəməyə müraciət edərək Maraqlı şəxs icra məmuru Hacı Hacızadənin “icra sənədinin geri qaytarılması haqqında” xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsi və icra hərəkətlərinin davam etdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Füzuli Rayon Məhkəməsinin e-2(064)-731/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən Borclu “L FİN" MMC-nin xeyrinə cəmi 470 manat məbləğində pul tutulması qət edilmiş və məhkəmə qətnaməsi icra olunması üçün Maraqlı şəxsnə göndərilmişdir. Məhkəmə qətnaməsinin qəbul edilməsindən uzun müddət keçməsinə baxmayaraq Borclu həmin icra sənədini icra etməmişdir. Maraqlı şəxs icra məmuru Hacı Hacızadənin xx.xx.2025-ci il tarixli qərarına əsasən Füzuli Rayon Məhkəməsinin e-2(064)-731/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 23.1.3-cü maddəsinə əsasən geri qaytarılmışdır. Maraqlı şəxs tərəfindən icra sənədi üzrə tələbin icra edilməsinin mümkünsüzlüyünə dair akt tələbkara təqdim edilmədən və akt barədə tələbkara məlumat verilmədən icra sənədinin məhkəməyə qaytarılması barədə qərar qəbul edilmişdir. Maraqlı şəxs xx.xx.2025-ci il tarixli qərarında icra sənədinin icrası istiqamətində bütün qanunamüvafiq tədbirlərin görülməsi, eyni zamanda borclunun yaşadığı ünvanda olması barədə qeydlər edilmişdir, lakin faktiki olaraq borclunun yaşadığı ünvanda olmamışlar və yaşayış yerinə baxış keçirməmişlər. İcra məmuru bu müddət dövrü ərzində borclu barəsində onun əmlak və gəlirlərinin axtarışı məqsədilə lazımi bütün tədbirləri (daşınar və daşınmaz əmlakların qeydiyyatını aparan müvafiq orqanlara sorğu verilməsi, ölkədən getmək hüququnun məhdudlaşdırılması, məcburi gətirilmə, inzibati məsuliyyətə cəlb olunması və s.), habelə qanunvericiliklə müəyyən olunmuş digər məcburi icra tədbirlərini görməmişdir. Bununla yanaşı, icra məmuru “İcra haqqında” AR Qanunun 23.1.3-cü maddəsinə əsasən, tələbin icrasının mümkün olmadığını bildirsə də, bu haqda müvafiq akt tərtib etməmiş və tələbkara məlumat verməmişdir. İcra məmurunun qərarında qeyd olunan akt isə yalnız icra məmurunun borclunun qeydiyyatda olduğu ünvana getməsi və həmin ünvanda borcluya məxsus tələbin yönəldilə biləcəyi heç bir əmlakın aşkar edilməməsi barədə olmaqla, bütün tədbirlər görülməsinə baxmayaraq tələbin icrasının mümkünsüz olmasına əsas vermir. Odur ki, qərardaddan şikayət verilməsi üçün müəyyən edilmiş müddət ötürülməmişdir. Ərizəçi Tələbkar MMC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə icra məmuruna və borcluya lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə ərizəyə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Eyni zamanda məhkəmə iclası barədə icra məmuruna məlumat verilən zaman icra işinin materialları da tələb edilmiş, lakin icra məmuru həmin icra işi arxivdə olduğundan hazırda təqdim edilməsinin mümkün olmadığını bildirmişdir. Məhkəmə ərizəni və iş materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməlidir. Maraqlı şəxs icra məmuru Hacı Hacızadə tərəfindən qəbul edilən xx.xx.2025-ci il tarixli “icra sənədinin qaytarılması barədə qərar”ından görünür ki, icra tədbirləri aparılması üçün icra məmuru və həmçinin borclunun adına mülkün, bağ sahəsinin, torpaq sahəsinin avtomobilin, VÖEN-nin, qiymətli kağızın, əmanətin olun-olmaması və təqaüd alıb-almaması barədə sorğular göndərilmiş və borclunun mülkiyyətində heç bir əmlak aşkar edilməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.-ci maddəsinə əsasən tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi aşağıdakı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. 23.1.1. tələbkarın ərizəsi əsasında; 23.1.2. borclu hüquqi şəxsin ünvanını və ya borclu fiziki şəxsin yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmadıqda (borclunun və ya onun əmlakının bu qanunla nəzərdə tutulan hallarda axtarışı istisna olmaqla) və ya ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadıqda; 23.1.3. borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə; 23.1.4. tələbkar icra sənədi icra olunarkən borclunun satılmamış əmlakını özündə saxlamaqdan və ya borcludan alınmış müəyyən əşyaları götürməkdən imtina etdikdə 23.1.5. tələbkar öz hərəkətləri (hərəkətsizliyi) ilə icra sənədinin icrasına mane olduqda. 23.2. Tələbin icrası bu Qanunun 23.1.2 - 23.1.5-ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir. 23.3. İcra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar icra qeydinin icrası üçün yenidən aidiyyəti icra qurumuna müraciət edə bilər. Bu hallarda icra qurumu icra qeydini icraata qəbul etməli və bu Qanunla nəzərdə tutulan tədbirləri görməlidir. 23.4. İcra sənədi bu Qanunun 23.1.1-ci maddəsində göstərilən əsasa görə qaytarıldıqda, bu Qanunun 80-ci maddəsində nəzərdə tutulmuş avans ödəməsi tələbkara qaytarılır. 23.5. İcra sənədi bu Qanunun 23.1.2‒23.1.5-ci maddələrində göstərilən əsaslara görə qaytarıldıqda, avans ödəməsindən icra hərəkətlərinin həyata keçirilməsinə çəkilən xərclər çıxıldıqdan sonra onun qalan hissəsi tələbkara qaytarılır. Azərbaycan Respublikası İcra haqqında qanunun 70.4-cü maddəsinin tələbinə görə, icra sənədinin icrası mümkün olmadıqda, icra məmuru icra sənədinin məhkəməyə və ya icra sənədini vermiş digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması haqqında qərar qəbul edir. İcra məmurunun bu qərarı icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.3-cü maddəsinin tələbindən aydın olur ki, borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə, tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. Maddənin qeyd olunan bəndinin məzmunundan göründüyü kimi, icra sənədinin qaytarılmasına əsas kimi borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlərin olmaması müddəası ilə yanaşı, eyni zamanda borclunun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlərin nəticə verməməsi tələbi də nəzərdə tutulmuşdur. Mübahisələndirilən qərarda icra qeydinin qaytarılmasının səbəbi kimi borclunun mülkiyyətində heç bir əmlakın aşkar edilməməsi göstərilmişdir. Halbuki, icra sənədinin qaytarılması hallarını tənzimləyən yuxarıda qeyd edilmiş normalarda yalnız bu hala görə icra sənədinin qaytarılması nəzərdə tutulmamışdır. O da qeyd edilməlidir ki, mübahisələndirilən qərarın məzmunundan görünür ki, borclunun mülkiyyətində yalnız daşınmaz əmlakların olub-olmaması sorğu edimiş, borclunun mülkiyyətində daşınar əşyaların da ola biləcəyi nəzərə alınmamışdır. O da qeyd edilməlidir ki, borc məbləğinin aşağı olması həmin borcun hər hansı daşınar əşyaya da yönələ biləcəyi imkanını mümkün edir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Əgər məhkəmə qərarları hər hansı bir səbəblə icra edilmirsə, o zaman, ədalət mühakiməsinin məqsədlərinə nail olunmasından söhbət gedə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Əfəndiyeva Azərbaycana qarşı”, “Tarıverdiyev Azərbaycana qarşı”, “Cəfərov Azərbaycana qarşı” və s. qərarlarında qeyd etmişdir ki, məhkəmə qərarının icra olunması İnsan hüquqları haqqında Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun ayrılmaz tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Məhkəmənin mövqeyi belə olmuşdur ki, dövlətin daxili hüquq sistemi qüvvəyə minmiş və hüquqi cəhətdən məcburi olan məhkəmə qərarlarının tərəflərdən birinin ziyanına icra olunmamış qalmasına imkan verirsə, o halda ədalətli məhkəmə araşdırması hüququ yalnız kağız üzərində qalır”. Ona görə də, məhkəmə hesab edir ki, ərizə təmin edilməli və Maraqlı şəxs icra məmuru Hacı Hacızadə tərəfindən qəbul edilən xx.xx.2025-ci il tarixli icra vərəqəsinin qaytarılması barədə qərarı ləğv edilməli və icra vərəqəsi yenidən icraya yönəlməlidir Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın müvafiq maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Ərizəçi Tələbkar MMC-nin ərizəsi təmin edilsin. Maraqlı şəxs icra məmuru Hacı Hacızadə tərəfindən qəbul edilən xx.xx.2025-ci il tarixli icra vərəqəsinin qaytarılması barədə qərarı ləğv edilsin və icra vərəqəsi yenidən icraya yönədilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Füzuli Rayon Məhkəməsinə şikayət verilə bilər Hakim: Səkinəxanım Məmmədli
Məhkəmə qərarları › İş №8(5-119)-13/2026
Füzuli Rayon Məhkəməsi Qərardad — İş №8(5-119)-13/2026
11.02.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver