Məhkəmə qərarları › İş №8(5-126)-17/2026

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №8(5-126)-17/2026

11.02.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 8(5-126)-17/2026 11.02.2026 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Ağazadə Nərmin Calal qızının sədrliyi, X4 iclas katibliyi, Təqdimatı vermiş şəxs Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 iştirakı ilə, Borclunun əmlakı üzərinə həbs qoyulmasına dair Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Borclu məxsus əmlak üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət edilmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Xaçmaz Rayon Məhkəməsinin 2(067)- 2140/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Borclu hər ay 1 uşağın saxlanması üçün 100 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X3 verilməlidir. İcra sənədi xx.xx.2018-ci il tarixdə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus olan Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndində ümumi birgə 0,96 ha torpaq sahəsi vardır. İcra sənədinin icrasını təmin etmək məqsədilə məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri edilməlidir. Yuxarıda göstərilənləri və “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 50.2-ci maddəsinin rəhbər tutaraq, icra sənədi üzrə Borclu məxsus olan Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndində olan 0,96 ha torpaq sahəsi üzrə aidiyyəti hissədə həbs qoyulmasına dair qərardad verilməsi məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən təqdimat vermiş şəxs əlavə olaraq bildirmişdir ki, borclunun başqa gəliri və ya avtomobili olması barədə məlumat yoxdur. O, təqdimatın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Borcluya və tələbkara məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, məhkəmə iclasına gəlməmişlər (səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmiş) və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Xaçmaz Rayon Məhkəməsinin 2(067)-2140/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən X5 ilə Borclu arasında xx.xx.2014-cü il tarixində bağlanmış nikah pozulmuşdur. xx.xx.2015-ci il təvəllüdlü X7 anası X1 himayəsində saxlanılmışdır. xx.xx.2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2018-ci il tarixdən başlayaraq Borclu hər ay 100 manat məbləğində sabit aliment alınaraq X3 verilməsi qət edilmişdir. - İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən xx.xx.2018-ci il tarixli «İcraata başlamaq haqqında» qərarın və həmin tarixli bildirişin surətindən görünür ki, Borclu icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Xaçmaz Rayon Məhkəməsinin 2(067)- 2140/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra vərəqəsinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. - xx.xx.2026-cı il tarixli 3-21-3-34/2-412/2026 nömrəli Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin məktubundan görünür ki, Borclu adına xx.xx.2025-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndində yerləşən paylı mülkiyyət üzrə fərdi yaşayış evi, JN-791 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı”na əsaəsn ümumi birgə 0,96 ha torpaq sahəsi aşkar edilmişdir. - xx.xx.2026-cı il tarixli “Borclunun əmlakı üzərinə həbs qoyulması haqqında” qərardan müəyyən edilir ki, Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə tərəfindən Xaçmaz Rayon Məhkəməsinin 2(067)-2140/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə Borclu mülkiyyətində olan Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndi, 0.96 ha torpaq sahəsi üzərinə həbs qoyulmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanunu: 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərində həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsinədən və ya saxlamaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirəsalınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, icra məmuru məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. 236-cı maddəsinə əsasən, məhkəmə qətnamənin icrasını bu Məcəllənin 13-cü fəslində müəyyən olunmuş qaydada təmin edə bilər. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 5 iyun tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq siyahısı”nın 3-cü bəndində əsas məşğuliyyəti kənd təsərrüfatı olan borclu və onun ailəsi üçün 1,0 hektaradək kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə yönəldilməsinə yol verilmir. Məhkəmə, təqdimat verən şəxsin izahatını dinləyib, təqdimatı və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, borclunun mülkiyyətində olan 0,96 ha torpaq sahəsinin yeganə torpaq sahəsi olması onun əsas məşğuliyyətinin kənd təsərrüfatı olmasını sübut edir və bunun əksini sübut edən hər hansı bir dəlil təqdimat verən şəxs tərəfindən məhkəməyə təqdim edilə bilməmişdir. Həmçinin elektron məhkəmə informasiya sistemi vasitəsilə də məlumat əldə etmək mümkün olmamışdır. Qeyd olunanlarla əlaqədar məhkəmə hesab edir ki, təqdimat təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Tələbin borclunun əmlakına yönəldilməsinə dair təqdimat təmin edilməsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Xaçmaz Rayon Məhkəməsinə şikayət vermək olar. Hakim: Nərmin Ağazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar