Məhkəmə qərarları › İş №8(5-126)-2/2026

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №8(5-126)-2/2026

15.01.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 8(5-126)-2/2026 15.01.2026 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Samir Zakir oğlunun sədrliyi, Mütəllimova Türkan Qurban qızının katibliyi ilə, X1, Maraqlı şəxs iştirakı ilə, X1 aliment məbləğinin indeksasiyasına dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 məhkəməyə müraciət edərək, Xaçmaz Rayon Məhkəməsinin 2(026)-573/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin indeksasiya edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Xaçmaz Rayon Məhkəməsinin 2(026)-573/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdeh Maraqlı şəxs xx.xx.2019-cu il tarixdən başlayaraq hər ay 160 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi qət edilmişdir. Qeyd olunan qətnamə qanuni qüvvəsini alaraq icraçıya yönləndirilmiş və alimentlə bağlı ödənişlər edilməyə başlanmışdır. Lakin 2019-cu ildən hazıradək keçən müddətdə ərzaq, geyim, kommunal, yəni uşağın saxlanması ilə bağlı xərclərin məbləği artmış və 160 manat aliment uşağın kifayət etmir. Məhkəmə iclasında ərizəçi ərizəsinin təmin edilməsini xahiş etmiş və əlavə olaraq göstərmişdir ki, aliment xx.xx.2019-cu il tarixli qətnaməyə əsasən 160 manat kəsilmişdir. Məbləğin indeksasiya edilməsini xahiş edir. Məhkəmə iclasında maraqlı şəxs izahatında göstərmişdir ki, ərizəni qəbul etmir. 160 manat aliment verməyə imkanı çatır. 400 manat rəsmi maaş alır. Məhkəmə, işdə olan sənədlərə baxış keçirərək hesab edir ki, ərizə təmin edilməlidir. - Xaçmaz Rayon Məhkəməsinin 2(026)-573/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdeh Maraqlı şəxs xx.xx.2019-cu il tarixdən başlayaraq hər ay 160 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi qət edilmişdir. - "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2026-cı il tarixli arayışdan müəyyən olunur ki, Maraqlı şəxs xx.xx.2024-cü il tarixdən "xxxx" MMC-də sürücü vəzifəsində işləyir, onun aylıq əmək haqqı 400 manat təşkil edir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, 15 nömrəli Qərarının 1.2.1-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əməkhaqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən, məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əməkhaqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Həmin Məcəllənin 110.2-ci maddəsinə əsasən, alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. «Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən, 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. 232.1. Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. 232.2. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. 232.3. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Qətnamə ilə müəyyən edilmiş 160 manat məbləğində alimentin miqdarı 2019-cu il üzrə müəyyən edilmiş 250 manat minimum aylıq əməkhaqqının 0,88 mislini təşkil edir. Ona görə də, qətnamə ilə müəyyən edilmiş alimentin indeksasiyası aparılaraq alimentin məbləği qərardad qüvvəyə mindiyi tarixdən başlayaraq yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum aylıq əməkhaqqının 0,88 misli həddində (400x0.88=352 manat) müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 232, 263- 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(026)-573/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdeh Maraqlı şəxs hər ay uşaq üçün 160 manat sabit pul məbləğində tutulması qət edilmiş alimentin məbləği indeksasiya olunaraq Maraqlı şəxs X1 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hazırki qərardad qanuni qüvvəsini aldığı tarixdən başlayaraq hər ay uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum aylıq əməkhaqqının 0,88 misli həddində sabit pul məbləğində müəyyən edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar