Məhkəmə qərarları › İş №8(5-131)-49/2026

İmişli Rayon Məhkəməsi Qərardad — İş №8(5-131)-49/2026

10.02.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 8(5-131)-49/2026 10.02.2026 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qarazadə Ənvər Samiq oğlunun katibliyi ilə, Bakı şəhəri 54 saylı notariat ofisi tərəfindən verilmiş 8İ-14164 saylı xx.xx.2024-cü il tarixli icra sənədinin qaytarılması barədə İmişli rayon İcra və Probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli qərarından tələbkar BOKT "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Tələbkar BOKT "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti şikayətlə məhkəməyə müraciət edərək İmişli rayon İcra və Probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli “icra sənədinin qaytarılması haqqında” qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri 54 saylı notariat ofisi tərəfindən Borclu barəsində 81-14164 saylı, xx.xx.2024-cü il tarixli icra qeydi verilmişdir. Həmin icra qeydinə əsasən borcludan cəmiyyətin xeyrinə 135 manat məbləğində pul tutulmalıdır. Həmin icra sənədi İmişli rayon İcra və probasiya Şöbəsinin (bundan sonra “Şöbə") icraatına daxil olmuş və Şöbənin icra məmuru "İcra haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra "Qanun") 23.1.3-cü maddəsinin tələblərini rəhbər tutaraq icra sənədinin qaytarılması haqqında xx.xx.2025-ci il tarixli qərar qəbul etmişdir. Aşağıdakı səbəblərə görə hesab edirik ki, Şöbənin icra sənədinin qaytarılması haqqında qərarı qanunsuz və əsassızdır. Belə ki, Qanunun 23.1, 23.1.3-cü maddəsinə əsasən borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının ve gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə icra sənədi icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən tələbin icrası bu Qanunun 23.1.2-23.1.5- ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir. Şöbənin icra məmuru qərarını onunla əsaslandırıb ki, aidiyyəti orqan və təşkilatlara sorğular göndərilmiş və borclunun mülkiyyətində heç bir əmlak aşkar edilməmişdir. Həmçinin borclunun yaşadığı mənzilə əmlak siyahıya alınması məqsədilə baxış keçirilmiş, tələbin yönələ biləcəyi hər hansı dəyərli əmlak aşkar olunmamışdır. İlk olaraq qeyd edir ki, qərarda borclunun yaşadığı mənzildə tələbin yönələ biləcəyi hər hansı dəyərli əmlakın aşkar olunmamasına dair akrın tərtib olunması müəyyən edilmir. Digər tərəfdən, belə akt tərtib olunubsa belə akt barədə tələbkara məlumat verilməmişdir. Bundan başqa, Qanunun 23.1.3-cü maddəsinin tələblərinə əsasən icra məmuru tərəfindən borclunun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı bütün tədbirlər görülməmiş və Qərarda görülmüş bütün tədbirlərin nəticə verilmədiyi qeyd olunmamışdır.Halbuki qanunvericiliyə görə, icra sənədi yalnız borclunun tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı bütün tədbirlər nəticə vermədikdə icra qeydini tələbkara qaytara bilər. Həmçinin qeyd edirik ki, icra məmuru borclunun banklarda hesabların olub-olmaması və hesabların mövcud olduğu halda orada pul vəsaitinin olubolmamasını, nikahda olması və birgə nikahda əldə edilmiş əmlakın olub-olmamasını aydınlaşdırmamışdır. Ümumilikdə isə demək olar ki, bu icra işi üzrə icra məmurun fəaliyyəti yalnız kabinetdən müəyyən sorğuların göndərilməsindən ibarət olmuşdur. İcra tədbirləri yalnız şablon üzrə sorğuların göndərilməsindən (ümumi məlumat sisteminə daxil olmasından) ibarət deyildir. Nəzərə almaq lazımdır ki, borc məbləği nə 10.000 manat, nə də ki, 1.000 manatdır. İcra məmuru üçün borcludan borc məbləğinin hissə-hissə belə tutulması mümkünsüz işə çevrilmişdir. Yəni borcludan tutulmalı olan məbləğin cəmi 135 manat təşkil etdiyini nəzərə alaraq hesab edirik ki, uzun müddətdə icra məmuru tərəfindən həmin məbləğin heç olmasa qismən də ödənilməsini təmin edə biləcək hər hansı əmlakın aşkar olunmaması ağlabatan və inandırıcı deyildir. Eyni zamanda, borclunun gəlirlərinin nədən ibarət olması digər məlumatlarla yanaşı borclunun izahatı əsasında məşğuliyyəti, qazanc mənbəyi barədə verilmiş məlumatlardan, bu məlumatlar əsasında icra sənədinin icra edilməməsinin üzrlü və ya üzrsüz səbəbdən baş verməsi müəyyən oluna bilər. Digər tərəfdən gəlirlərinin olmaması qənaətinə gəlmək üçün ən azından borclu tam əmək qabiliyyətsiz olaraq pensiya, təqaüd almaq imkanından da məhrum olmalıdır. Lakin nə icra sənədinin qaytarılması haqqında qərarda borclunun izahatının alınması göstərilməmiş, nədə ki icra məmuru tərəfindən qeyd edilən halların müəyyən edilməsini təsdiq edən sübutlar iş materiallarında yoxdur. Qeyd edilən halların müəyyən edilməməsi isə belə bir nəticəyə gəlməyə əsas verir ki, icra məmuru tərəfindən borclunun gəlirlərinin axtarışı ilə bağlı lazımi bütün tədbirlər görülməmişdir. Qanunun 23.7-ci maddəsinə əsasən icra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Şöbənin icra məmuru tərəfindən qəbul edilmiş icra sənədinin qaytarılması haqqında qərardan görünür ki, həmin qərar Şöbənin rəisi tərəfindən yoxlanılaraq təsdiq edilməmişdir. Həmçinin, qanunvericiliyə uyğun olaraq icra sənədi tələbkara deyil notariat ofisinə qaytarılmışdır. Bununla da icra məmuru tərəfindən icra sənədinin qaytarılması haqqında qərarın qəbulunda prosessual hüquq normalarının tələblərinə riayət olunmamışdır. Qərarın surəti tələbkara xx.xx.2026-cı il tarixdə təqdim edilmişdir. Tələbkar BOKT "xxxx" MMC-nin nümayəndəsi X1 məhkəmənin elektron kabinetinə ərizə ilə müraciət edərək tərəflərindən verilmiş şikayəti müdafiə edərək və işə onların iştirakı olmadan baxaraq şikayətin təmin olunmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişləri göndərilməsinə baxmayaraq, İmişli rayon İcra və Probasiya şöbəsinin nümayəndəsi və borclu məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Bu səbəbdən məhkəmə, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə şikayətin dəlillərini, icra işi və hazırki iş materialları ilə müqayisəli şəkildə araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, Bakı şəhəri 54 saylı notariat ofisi tərəfindən verilmiş icra qeydindən görünür ki, tələbkar BOKT "xxxx" MMC-nin xeyrinə borcludan 135 (yüz otuz beş) manat tutulması ilə bağlı icra qeydi aparılmışdır. İş materiallarında olan İmişli rayon İcra və Probasiya Şöbəsi tərəfindən "İcra sənədinin qaytarılması barədə" xx.xx.2025-ci il tarixli qərardan görünür ki, icra sənədinin "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 23.1.3-ci maddəsinə əsasən icra sənədini Bakı şəhəri 54 saylı Notariat ofisinə qaytarılması qərara alınmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən, icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. İcra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. (8.2.) “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə əsasən məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; 43.1.2. tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; 43.1.3. tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; 43.1.4. icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; 43.1.5. bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər. - 44-cü maddəsinə əsasən məcburi icra tədbirlərinin tətbiqinin əsasları aşağıdakılardır: 44.1.1. bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; 44.1.2. icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; 44.1.3. könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi. - 44.2-ci maddəsinə əsasən Bu Qanunun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslardan hər hansı biri olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir. - 44.3-cü maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaiti olmadıqda bu Qanunun 43.1.1–43.1.5-ci maddələrində nəzərdə tutulan məcburi icra tədbirlərinin hər hansı birinin tətbiqi digərlərinin tətbiqini istisna etmir. - 45.6-cı maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaiti olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. - 70.4-cü maddəsinə əsasən icra sənədinin icrası mümkün olmadıqda, icra məmuru icra sənədinin məhkəməyə və ya icra sənədini vermiş digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması haqqında qərar qəbul edir. İcra məmurunun bu qərarı icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Məhkəmə qeyd edir ki, iş materiallarında olan İmişli rayon İcra və Probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli “icra sənədinin qaytarılması haqqında” qərarından görünür ki, icra sənədi xx.xx.2024-cü il tarixdə icraata daxil olmuşdur. İcra sənədi üzrə borclu müəssisəsənin adına tələbin yönəldilə biləcəyi hər hansı daşınar və ya daşınmaz əmlak aşkar edilməmiş, digər gəlirləri və qazancları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən İcra sənədi Bakı şəhəri 54 saylı notariat ofisinə qaytarılmışdır. Məhkəmə qeyd edir ki, hazırda icra məmuru tərəfindən qəbul edilmiş qərardan borcluya icra sənədinin könüllü icrasının təmin edilməsi üçün bildirişin çatdırılmasının təmin edilməsi, həmçinin borclunun (nümayəndəsinin) izahatının alınması ilə bağlı tədbirlərin həyata keçirilməsi görünmür. Məhkəmə, icra sənədi üzrə borclunun müəssisənin adına tələbin yönəldilə biləcəyi hər hansı daşınar və ya daşınmaz əmlak aşkar edilməməsi səbəbindən icra sənədinin icra edilməsinin mümkün olmamasına əsaslanmaqla icra sənədinin geri qaytarılmasını kifayət qədər əsaslı hesab etmir. Məhkəmə hesab edir ki, ilk öncə borclunun icra sənədindən məlumatlı olubolmaması, könüllü icranın təmin edilməsinin mümkünlüyü araşdırılmalı, bu mümkün olmadıqda isə qanunvericilikdə nəzərdə tutulmuş digər icra tədbirləri vasitəsilə ümumiyyətlə icra sənədinin icrasının mümkün olub-olmamasına qiymət verilməlidir. İş materiallarından icra məmuru tərəfindən hər hansı digər icra tədbirlərinin həyata keçirilməsi müəyyən olunmur. Bundan başqa, İmişli rayon İcra və Probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli “icra sənədinin qaytarılması haqqında” qərarı İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinin tələblərinin pozulması ilə qəbul edilmişdir. Belə ki, həmin qanunun 23.1. və 23.1.3-cü maddələrinin tələblərinə əsasən tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi və xüsusi icra məmurunun icraatında olan icra sənədi tələbkara) qaytarılır. Buna baxmayaraq, mübahisələndirilən qərarda icra qeydinin tələbkar əvəzinə Bakı şəhəri 54 saylı Notariat ofisinə qaytarılması qərara alınmış, bununla “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri pozulmuşdur. Həmçinin, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 70.4-cü maddəsinə əsasən icra sənədinin icrası mümkün olmadıqda, icra məmuru icra sənədinin məhkəməyə və ya icra sənədini vermiş digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması haqqında qərar qəbul edir. İcra məmurunun bu qərarı icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Lakin, mübahisələndirilən qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunmamışdır. Məhkəmə, icra sənədinin qaytarılması haqqında qərarı kifayət qədər əsaslı hesab etmədiyindən, şikayətdə və qərardadın əsaslandırıcı hissəsində göstərilən halların araşdırılmalı olmasını, icra sənədinin tam icrasının mümkün olub-olmamasının müəyyən edilməsi üçün icra hərəkətlərinin davam etdirilməli olmasını, mübahisələndirilən qərarın “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması ilə qəbul edilməsini nəzərə alaraq hesab edir ki, Bakı şəhəri 54 saylı notariat ofisinin 8İ-14164 saylı xx.xx.2024-cü il tarixli icra sənədinin qaytarılması barədə İmişli rayon İcra və Probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli qərarı ləğv olunmalı və icra sənədi üzrə icra hərəkətləri davam etdirilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı şəhəri 54 saylı notariat ofisinin 8İ-14164 saylı xx.xx.2024-cü il tarixli icra sənədinin qaytarılması barədə İmişli rayon İcra və Probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli qərarı ləğv edilsin. İmişli regional “Asan Xidmət” mərkəzində notariat ofisinin 8İ-14164 saylı xx.xx.2024cü il tarixli icra sənədi üzrə icra hərəkətləri davam etdirilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq İmişli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar