Məhkəmə qərarları › İş №8(5-131)-57/2026

İmişli Rayon Məhkəməsi Qərardad — İş №8(5-131)-57/2026

19.02.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 8(5-131)-57/2026 19.02.2026 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hacıyeva Nuranə Busat qızının katibliyi, Tələbkar iştirakı ilə, Tələbkar İmişli Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(036)-1994/2014 saylı qətnaməsinə əsasən sabit pul məbləğində tutulan alimentin indeksasiyası barədə ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək, İmişli Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(036)-1994/2014 saylı qətnaməsinə əsasən qət edilmiş 100 (yüz) manat aliment məbləğinin hazırda ölkə üzrə müəyyən olunmuş minumum əmək haqqının 0,8 misli həddində indeksasiya olunması və sonrakı artımlar nəzərə alınmaqla hər ay Tələbkar ödənilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İmişli Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(036)-1998/2014 nömrəli qətnaməsinə əsasən iddia qismən təmin edilərək, 24 sentyabr 2010-cu ildə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Borclu Yurtçu oğlundan hər ay 100 manat sabit pul məbləğində alimentin alınıb iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. Hazırda qət edilmiş aliment məbləğinin indeksasiya olunması zəruridir. 10 sentyabr 2014-cü il tarixdə qəbul edilmiş qətnamə ilə bir nəfər uşağın saxlanması üçün 100 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir ki, bu da 2014-cü il üzrə müəyyən edilmiş 125 manat minimum əmək haqqı məbləğinin 0,80 mislini təşkil edir. Hazırda 2026-cı il üzrə minimum əmək haqqının 400 manat olmasını nəzərə alınarsa alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,80 misli həddində indeksasiya olunmalıdır (400x0,80=320 manat). Borclu məhkəməyə ünvanladığı ərizəsində göstərmişdir ki, alimentin artırılması ilə razı deyil, çünki himayəsində xəstə anası və yetkinlik yaşına çatmayan iki övladı var. O, X1 100 manat alimentdən başqa digər tələblərini də qarşılayır. Qeyd etdiklərinin nəzərə alınaraq iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Tələbkar ərizənin məzmununa uygun izahat verərək ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 232.2-ci maddəsinin tələbinə uyğun olaraq borclunun iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tələbkarı dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir; 110.2-ci maddəsinə əssən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər; 232.2-ci maddəsinə əsasən ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur; 232.3-cü maddəsinə əsasən ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli 15 nömrəli Qərarının: 8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir); 8.4.2-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir); 8.11-1-ci bəndinə əsasən alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir. “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 31 avqust 2013-cü il tarixli 3112 nömrəli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2013-cü il sentyabrın 1-dən 105 manat müəyyən edilmişdir. İş materiallarında olan İmişli Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(036)- 1994/2014 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Tələbkar ilə Borclu arasında Saatlı Rayon İcra Hakimiyyəti başçısının Məmmədabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən bağlanmış 24 iyun 2011-ci il tarixli, 07 saylı nikah qeydinin pozulması, nikahın pozulmasının qeydə alınması üçün Borclur 15 (on beş) manat dövlət rüsumunun tutulması, Tələbkar bu rüsumu ödəməkdən azad edilməsi, tərəflərin birgə nikahdan 24 sentyabr 2010-cu il tarixdə doğulmuş X1 anası Tələbkar yanında qalması, 24 sentyabr 2010-cu il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Borclu hər ay 100 (bir yüz) manat sabit pul məbləğində alimentin 28 avqust 2014-cü il tarixdən başlayaraq tutulub Tələbkar xeyrinə verilməsi qət edilmişdir. Alimentin 2014-cü il tarixli qətnaməyə əsasən tutulduğu, 2014-cü ildə minimum əmək haqqının 105 manat olduğu nəzərə alınarsa, 100 manat aliment məbləğinin 2014-cü il üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,95 mislini (100:105=0,95) təşkil etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, tutulan alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,95 misli həddində indeksasiya olunmalıdır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin olunmalı, İmişli Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(036)-1994/2014 saylı qətnaməsinə əsasən tutulmuş 100 manat sabit pul məbləğində alimentin məbləği 380 manat, yəni ərizənin verildiyi vaxtda ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,95 misli həddində indeksasiya olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Ərizə təmin edilsin. İmişli Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(036)-1994/2014 saylı qətnaməsi ilə xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay tutulan 100 manat sabit pul məbləğində alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,95 misli həddində indeksasiya olunsun. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə İmişli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zaur Pirverdiyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar