Məhkəmə qərarları › İş №8(5-131)-6/2026

İmişli Rayon Məhkəməsi Qərardad — İş №8(5-131)-6/2026

28.01.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 8(5-131)-6/2026 28.01.2026 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Ağakişiyeva Lətafət Almazxan qızının sədrliyi, Tağıyev Rasət Şaiq oğlunun katibliyi, Tələbkar iştirakı ilə, Tələbkar məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası barədə ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək, İmişli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(036)-1299/2022 saylı qətnaməsinə əsasən qeyd edilən 150 manat aliment məbləğinin indeksasiyası aparılaraq, hər uşaq üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,55 misli həddində sabit pul məbləğində alimentin xeyrinə tutulması və onun minimum məhkəmə orqanlarına müraciət etmədən hər il minimum əmək haqqı qalxdıqca aliment məbləğinin artırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İmişli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(036)-1299/2022 saylı qətnaməsinə əsasən, övladı xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 150 manat sabit pul məbləğində alimentin cavabdeh Borclu tutularaq onun xeyrinə ödənilməsi barədə qərar qət edilmişdir. O, tənha, işsiz xanım olaraq övladının tələbatlarını ödəməyə imkanı çatmır. Bu səbəbdən aliment məbləğinin artırılmasını istəyir. Hər il minimum əmək haqqı qalxdıqca qeyd edilən aliment məbləğinin onun məhkəmə orqanlarına müraciət etmədən artırılması nəzərə alınsın. Tutulan alimentin məbləğinin indeksasiyası aparılaraq hər uşaq üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,55 misli həddində sabit pul məbləğində alimentin xeyrinə tutulmasını xahiş edir. Belə ki, 2024-cü ildə alimentin məbləği bir uşağın saxlanılması üçün 190 (bir yüz doxsan) manat müəyyən edilmişdir ki, bu da həmin il üzrə minimum əmək haqqının (yəni 345 manat) 0,55 mislini təşkil edir. (345 x 0,55=189,75) Məhkəmə iclasında iştirak edən Tələbkar ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq Borclu və Maraqlı şəxs nümayəndəsi məhkəməyə gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Həmin Məcəllənin 110.2-ci maddəsinə əssən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Həmin Məcəllənin 232.2-ci maddəsinə əsasən ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Həmin Məcəllənin 232.3-cü maddəsinə əsasən ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” xx.xx.2024-cü il tarixli qərarının 8.4-2-ci bəndinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. İş materiallarında olan İmişli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(036)- 1299/2022 saylı qətnaməsinə əsasən xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün 17 mart 2022-ci il tarixdən hesablanaraq hər ay cavabdeh Borclu 150 manat məbləğində aliment tutularaq iddiaçı Tələbkar ödənilməsi qət edilmişdir. Məhkəmə qeyd edir ki, qətnamə çıxarılan zaman ölkə üzrə minimum əmək haqqı məbləği 300 manat müəyyən edilmişdir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə qismən təmin olunmalı İmişli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(036)-1299/2022 saylı qətnaməsinə əsasən tutulmuş alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50 misli həddində (150/300) indeksasiya olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.2, 44.2.2, 45.1, 262-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizə qismən təmin edilsin. İmişli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(036)-1299/2022 saylı qətnaməsi ilə xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay tutulan 150 manat sabit pul məbləğində alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50 misli həddində indeksasiya olunsun. Ərizə qalan hissədə təmin edilməsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə İmişli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Lətafət Ağakişiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar