Məhkəmə qərarları › İş №8(5-132)-28/2026

İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №8(5-132)-28/2026

23.02.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 8(5-132)-28/2026 23.02.2026 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarova Nərmin Rabit qızının sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair İsmayıllı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş təqdimata 23 fevral 2026-cı il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqdimatın məzmunu: İsmayıllı Rayon İcra və Probasiya Şöbəsi təqdimatla məhkəməyə müraciət edərək, icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimatın əsaslandırılması: Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixli qərarla icraata başladığı Sumqayıt Şəhər Məhkəməsi tərəfindən verilmiş 2(060)-2006/2025-018 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2012-ci il təvəllüdlü X4 oğlu və xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Borclu X2 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa ölkə üzrə müəyyən olunmuş minumum əmək haqqının 0.61 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. İcra sənədi şöbənin icraatına,xx.xx.2025-ci il tarixdə daxil olmuş həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icra olunması üçün Borclu ünvanına bildiriş göndərilmiş, lakin icra sənədinin icrası könüllü təmin edilməmişdir. Hal-hazırda Borclu adına hər hansı daşınar yaxud daşınmaz əmlak mövcud deyildir. İcra sənədi araşdırılarkən Borclu Sumqayıt Şəhər Məhkəməsi tərəfindən verilmiş 2(060)-2006/2025-018 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə ödənilməmiş borcunun yarandığı müəyyən olunmuşdur. Borclu barəsində məhkəmə qərarının olması, habelə uzun müddətdir tələbkara olan borcunun ödənilməsindən yayınması, borclunun hər an ölkə hüdudlarını tərk etmək ehtimalını artırır. Borclunun ölkə xaricinə çıxmaq riski isə, icra hərəkətlərinin davam etdirilməsinə mane olur. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq təqdimat verən İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Məftun Şirəliyev, Tələbkar və Borclu təqdimata baxılması üçün məhkəmə iclasına gəlməmişlər. Ona görə də məhkəmə təqdimata onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin mövqeyi: Məhkəmə İsmayıllı rayon icra və probasiya şöbəsindən daxil olmuş təqdimatı və ona əlavə edilmiş sənədləri icra işi ilə birlikdə araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, "Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında" təlimatın: 2.2-ci bəndinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl: 2.2.1. könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını, yəni icra məmurunun özü, yaxud müəyyən olunmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə rabitə orqanları tərəfindən borclunun yaşadığı ünvana və ya onun işlədiyi yer üzrə çatdırılmasını təmin edir. Könüllü icra üçün bildiriş borcluya qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Bildirişlərin rəsmi qaydada verilməsi icra qurumunda da həyata keçirilə bilər. Borclu onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapılmadıqda, bildiriş borclu ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda yerli icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Borclunun əvəzinə bildirişi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməlidir; 2.2.3. borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu fiziki şəxs və ya borclu hüquqi şəxsin icra orqanının rəhbəri tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, onların ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərarı dərhal “Elektron məhkəmə” informasiya sistemindən “Elektron icra” informasiya sisteminə ötürülür. “Elektron icra” informasiya sistemi vasitəsilə bu barədə dərhal “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə məlumat ötürülür və həmin məlumataxtarış sistemində borclu fiziki şəxs və ya borclu hüquqi şəxsin icra orqanının rəhbəri barədə məhdudiyyət tətbiq edilir, bununla bağlı “Elektron icra” informasiya sistemi vasitəsilə borclu fiziki şəxsə və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinə və tələbkara məlumat verilir, o cümlədən borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin adına qeydə alınmış mobil telefon nömrəsinə (nömrələrinə) SMS göndərilir. Göründüyü kimi, qanunvericiliyin tələblərinə əsasən İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Məftun Şirəliyev tərəfindən hazırkı təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl borclunun əmlakının müəyyən edilməsi üzrə zəruri tədbirlər görülmüş və borclu şəxsin adında hər hansı əmlak aşkar edilməmişdir. Habelə, təqdimata əlavə olunmuş sənədlərdən və icra işindən görünür ki, Borclu yaşadığı ünvana icra sənədi üzrə tələbi yerinə yetirmədiyi təqdirdə barəsində məcburi icra tədbirlərinin tətbiq ediləcəyi barədə rəsmi qaydada xəbərdarlıq bildirişi göndərilmişdir. Məhkəmə qeyd edir ki, təqdimatdan və təqdim edilmiş sənədlərdən görünür ki, Borclu Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2006/2025-018 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədini üzrsüz səbəbdən icra etməmiş və nəticədə qeyd olunan icra sənədi üzrə ödənilməmiş borcu yaranmışdır. Bu səbəbdən də, məhkəmə hesab edir ki, təqdimat təmin edilməli, Borclu icra sənədinin icrası təmin edilənədək ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 231, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2006/2025-018 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinin icrasının təmini məqsədi ilə borc məbləği tam ödənilənədək İsmayıllı rayonu, Təzəkənd Ərazi Dairəsi, İkinci Yeniyol kəndi ünvanında qeydiyyatda olan və yaşayan, xx.xx.1990-cı il təvəllüdlü Borclu ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan elektron qaydada İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Nərmin Qoşqarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar