Məhkəmə qərarları › İş №8(5-135)-8/2026

Qax Rayon Məhkəməsi Qərardad — İş №8(5-135)-8/2026

04.02.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qax rayonu İş № 8(5-135)-8/2026 04.02.2026 QAX RAYON MƏHKƏMƏSİ Hakim Mirzəzadə Asim Vilayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Mirzəyeva Ayişə Məcid qızının katibliyi, Təqdimat verən Qax rayon İcra və Probasiya Şöbəsini rəisi, kiçik ədliyyə müşaviri X4, Tələbkar etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə. Qax rayon icra və probasiya şöbəsinin rəisi, kiçik ədliyyə müşaviri Sənan Quliyev tərəfindən Borclu barəsində verilmiş “borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında” təqdimata məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Tələb :

1. Qax rayon icra və probasiya şöbəsinin rəisi, kiçik ədliyyə müşaviri Sənan Quliyev Borclu barəsində “borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında” təqdimatla Qax rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Təqdimatın əsaslandırıldığı hallar :

2. Təqdimat onunla əsaslandırılmışdır ki, Qax Rayon Məhkəməsinin 2(024)- 601/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən xx.xx.2011-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Borclu Tələbkar ödədiyi alimentin miqdarı artırılaraq hər ay sabit pul məbləğində 150 manat məbləğində müəyyən edilməlidir. Alimentin tutulması qətnamə qanuni qüvvəsini aldığı vaxtdan hesablanmalıdır. Borclu 30 manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir.Yuxarıda qeyd olunan icra sənədi xx.xx.2022-ci il tarixində Qax rayon İcra və probasiya şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdirlər. Borclunun aliment borcu 700 manat təşkil edir. Borcluya icra sənədi üzrə yaranmış borcunun ödənilməsi ilə bağlı dəfələrlə xəbərdarlıq edilmiş, qanunvericiliyə müvafiq daşıdığı məsuliyyət izah olunmuşdur. Lakin Borclu icra sənədi üzrə borcunun ödənilməsini keçən müddət ərzində təmin etməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi “Elektron İcra” İnformasiya sistemində Borclu xx.xx.2022-ci il tarixdə ümumvətəndaş pasportunun aldığı və tez-tez ölkə ərazisini tərk etməsi müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəfimizdən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyatı təşkilatlara sorğular göndərilmişdir. Nəticədə borcluya məxsus banklarda pul vəsaiti və başqa sərvətlər, tələbin yönəldiləsi əmlak aşkar edilməmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədilə, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır.

İş materialları :

3. Qax Rayon Məhkəməsinin 2(024)-601/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən xx.xx.2011-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Borclu Tələbkar ödədiyi alimentin miqdarı artırılaraq hər ay sabit pul məbləğində 150 manat məbləğində müəyyən edilməlidir. Alimentin tutulması qətnamə qanuni qüvvəsini aldığı vaxtdan hesablanmalıdır. Borclu 30 manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir.

4. Qax rayon icra şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli “icraata başlamaq haqqında” qərara və “tələbin könüllü icrası haqqında” bildirişə əsasən müəyyən olunur ki, Qax rayon Məhkəməsinin 2(024)-601/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi həmin tarixdə icraata qəbul edilərək icraata başlanılmış və Borclu tələbin icrası üçün 10 gün könüllü icra müddəti verilmişdir.

5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi “Elektron İcra” İnformasiya sisteminə əsasən Borclu xx.xx.2022-ci il tarixdə ümumvətəndaş pasportu almış və ərazisini tərk etmişdir.

Tərəflərin mövqeləri:

6. Məhkəmə iclasında Qax rayon İcra və Probasiya şöbəsinin rəisi, kiçik ədliyyə müşaviri Sənan Quliyev təqdimata uyğun izahat verərək məhkəmədən təqdimatın təmin olunmasını xahiş etmişdir.

7. Məhkəmə iclasında zərərçəkmiş şəxsin etibarnamə üzrə nümayəndəsi (tələbkar) X3 izahatında göstərmişdir ki, Borclu davamlı ödənişlər etməmiş, hal-hazırda 700 manat borcu var. Məhkəmədən borcun ödənilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə borclu məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.

8. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən işə icra borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq :

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :

231.1. İşə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. 231.2. Həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. 231.3. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması (bundan sonra - icra üzrə icraatın dayandırılması) məsələləri, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, kommersiya məhkəməsinin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin kommersiya məhkəməsi və ya icra məmurunun olduğu yer üzrə müvafiq kommersiya məhkəməsi tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. 231.4. Qətnamə icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərardadından şikayət verilə bilər.

10. Azərbaycan Respublikasının Konstitusiyası :

Maddə 28. İİİ. Qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər.

11. “İcra Haqqında” Azərbaycan Respublikası Qanunu :

8.1. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. 8.2. İcra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. 12.1. Bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. 84-1.1. Məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir.

12. “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında” təlimat :

2.1. Məhkəmə qərarı, əmri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktı əsasında verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. 2.2. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl: 2.2.1. könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını, yəni icra məmurunun özü, yaxud müəyyən olunmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə rabitə orqanları tərəfindən borclunun yaşadığı ünvana və ya onun işlədiyi yer üzrə çatdırılmasını təmin edir. Könüllü icra üçün bildiriş borcluya qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Bildirişlərin rəsmi qaydada verilməsi icra qurumunda da həyata keçirilə bilər. Borclu onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapılmadıqda, bildiriş borclu ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda yerli icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Borclunun əvəzinə bildirişi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməlidir. 2.2.2. icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir. 2.2.3. borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. 2.4. Təqdimatda borclunun soyadı, adı, atasının adı, doğulduğu yer və tarix, qeydiyyatda olduğu və yaşadığı ünvan, vətəndaşlığı, icra sənədinin icrası ilə əlaqədar həyata keçirilmiş tədbirlər, borcluya icraata başlamaq haqqında qərarın və könüllü icra üçün bildirişin verilməsi, həmin vaxtda və daha sonra borclu tərəfindən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi barədə məlumatlar qeyd olunur. Təqdimata icraat materialının, o cümlədən borcluya icraata başlamaq haqqında qərarın və könüllü icra üçün verilmiş müddət barədə bildiriş və onun çatdırılmasını təsdiq edən sifarişli poçt göndərişinin (məktubu) və ya şəxsən verilməsi barədə sənədin surəti əlavə edilir.

Məhkəmənin mövqeyi :

13. Məhkəmə təqdimatı iş materialları ilə birlikdə araşdıraraq qeyd edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir.

14. Belə ki, icra haqqında qanunvericiliyə əsasən icra sənədi icraata daxil olduqdan sonra icra məmuru icraata başlamaq haqqında qərar qəbul edərək tərəflərə göndərir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Borclu tərəfindən tələb könüllü icra müddətində icra edilmədikdə icra məmuru icra sənədinin icrasını təmin etmək məqsədi ilə icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Borclu tərəfindən tələb könüllü icra edilmədikdə icra haqqında qanunvericilikdə icra sənədinin icrasını təmin etmək məqsədi ilə məsuliyyət tədbirləri müəyyən edilmişdir.

15. “İcra haqqında” Azərbaycan Respublikası Qanununda icra sənədinin icrasını təmin etmək məqsədi ilə müəyyən edilmiş məsuliyyət növlərindən biri borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasıdır.

16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X7 (X9) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 26 may 2017-ci il qərarında qeyd edilir ki, adıçəkilən tədbir borclunun cəzalandırılması vasitəsi deyil, onun tərəfindən məhkəmə qərarı ilə müəyyən olunmuş öhdəliklərin yerinə yetirilməsinə xidmət edir.

17. Qeyd etmək lazımdır ki, şəxsin Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilməsi konstitusion hüquqdur. Bu hüquq yalnız icra məmurunun təqdimatı əsasında məhkəmənin qərarı ilə məhdudlaşdırılır.

18. Borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması haqqında təqdimatın təmin edilməsi üçün qanunla müəyyən edilmiş əsaslar olmalıdır. Belə ki, icra haqqında qanunvericiliyə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər.

19. Həmçinin icra məmuru borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı təqdimatla məhkəməyə müraciət edərkən “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında” təlimatda müəyyən edilmiş şərtlərə riayət etməklə müraciət etməlidir.

20. Qeyd edilən təlimata əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını təmin etməli və icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirməlidir.

21. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, Qax Rayon Məhkəməsinin 2(024)-601/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən xx.xx.2011-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Borclu Tələbkar ödədiyi alimentin miqdarı artırılaraq hər ay sabit pul məbləğində 150 manat məbləğində müəyyən edilməlidir. Alimentin tutulması qətnamə qanuni qüvvəsini aldığı vaxtdan hesablanmalıdır. Borclu 30 manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir.

22. İşin faktiki hallarından görünür ki, Qax rayon icra şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli “icraata başlamaq haqqında” qərara və “tələbin könüllü icrası haqqında” bildirişə əsasən müəyyən olunur ki, Qax rayon Məhkəməsinin 2(024)-601/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi həmin tarixdə icraata qəbul edilərək icraata başlanılmış və Borclu tələbin icrası üçün 10 gün könüllü icra müddəti verilmişdir.

23. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi borclu tərəfindən icra sənədinin icrası üzrsüz səbəbdən təmin edilməmişdir. Belə ki, müəyyən edilmişdir ki, Borclu 700 manat borcu var və o tez-tez ölkə ərazsini tərk edir. İş materiallarında borclu tərəfindən icra sənədinin uzun müddət ərzində icra edilməməsinin üzrlü səbəbləri olmasını təsdiq edən sənədlər müəyyən edilməmişdir.

24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 may 2017-ci il qərarında qeyd edilir ki, “İcra haqqında” Qanunda mütənasiblik prinsipi birbaşa nəzərdə tutulmasa da, müvafiq məhdudiyyətin tətbiq olunması zamanı həmin prinsipin tələblərinin nəzərə alınması vacibdir. Belə ki, mütənasiblik prinsipi Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsində, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.4-cü maddəsində əks olunaraq konstitusiya statusu alıb və onun tələbləri konstitusiya hüquq və azadlıqlarının məhdudlaşdırılması zamanı nəzərə alınmalıdır.

25. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” 4 iyul 2014-cü il tarixli Qərarında da icra icraatı zamanı mütənasiblik prinsipinə riayət olunmasının, tələbkarın və borclunun hüquq və qanuni maraqlarının balansının təmin edilməsinin vacibliyi vurğulanmışdır.

26. Qanunverici məhz mütənasiblik prinsipi baxımından yalnız icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda və üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının mümkünlüyünü müəyyən etmişdir.

27. Məhkəmə Qax Rayon Məhkəməsinin 2(024)-601/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinin icraya yönəldilməsinə baxmayaraq borclunun bugünkü tarixədək icra sənədinin icrasından yayınmasını, icra sənədi üzrə 700 manat aliment borcu olmasını, həmçinin uşaqların mənafeyini mütənasiblik prinsipi baxımından nəzərə alaraq qeyd edir ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır.

Nəticə :

28. Beləliklə, məhkəmə qeyd edir ki, Qax Rayon Məhkəməsinin 2(024)-601/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Borclu tərəfindən həmin icra sənədlərinin icrası üzrsüz səbəbdən təmin edilmədiyindən təqdimat təmin edilməli, Borclu ölkədən getmək hüququ Qax Rayon Məhkəməsinin 2(024)-601/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə borcunn icrası təmin edilənədək müvəqqəti məhdudlaşdırılmalıdır.

29. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 231, 263-264, 267, 268, 395, 396-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara Aldı:

Qax rayon icra və probasiya şöbəsinin rəisi, kiçik ədliyyə müşaviri Sənan Quliyev tərəfindən verilmiş təqdimat təmin edilsin. xx xxx 1982-ci ildə ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti - Qax Rayon Məhkəməsinin 2(024)-601/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə yaranmış borc məbləği tam ödəlinədək müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası Qax rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra «10» gün müddətində «Elektron məhkəmə» informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Qax Rayon Məhkəməsinə elektron qaydada şikayət verilə bilər.

Sədrlik edən Asim Mirzəzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar