Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 8(5-137)-27/2026 27.02.2026 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Qarayeva Şəhla Allahverdi qızının katibliyi, Təqdimat verən orqan Qəbələ rayon İcra və probasiya şöbəsinin nümayəndəsi X1, Borclu iştirakı ilə Qəbələ Rayon Məhkəməsinin e-2(025)-702/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə Borclu əmlakı üzərinə həbs qoyulması barədə Qəbələ rayon İcra və probasiya şöbəsinin rəisi Təbiyyət Həsənquliyevin təqdimatına məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Qəbələ rayon İcra və probasiya şöbəsinin rəisi Təbiyyət Həsənquliyev xx.xx.2026-cı il tarixdə təqdimatla məhkəməyə müraciət edərək, Qəbələ Rayon Məhkəməsinin e-2(025)- 702/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən Borclu məxsus olan “Vaz 2106” minik markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Qəbələ rayon İcra və probasiya şöbəsinin rəisi Təbiyyət Həsənquliyev təqdimatı onunla əsaslandırmışdır ki, Qəbələ Rayon Məhkəməsinin e-2(025)-702/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən Borclu 1000,0 (min) manat məbləğində mənəvi təzminat, 320,0 (üç yüz iyirmi) manat hüquqi xidmət haqqı və 33,0 (otuz üç) manat manat dövlət rüsumu tutulub Tələbkar Aliosman oğlunun xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2025-ci il tarixdə Qəbələ rayon İcra və probasiya şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasistəsilə sorğular edilmişdir. Belə ki, "Elektron icra" informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus olan "VAZ 2106" minik markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edirəm ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Məhkəmə iclasında Qəbələ rayon İcra və probasiya şöbəsinin nümayəndəsi, icra məmurunun köməkçisi X2 təqdimatı müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. Borclu izahatında göstərdi ki, ona icraata başlamaq haqqında qərar və bildiriş çatmayıb. Həmçinin ödənişi hara ödəməsi ilə bağlı hesab verilməyib. Bu işlə bağlı bir dəfə onu İcra və Probasiya şöbəsinə dəvət ediblər, onda hesab nömrəsi verilib, həmin hesab nömrəsinə 200 manat ödəniş etmişdir. Qalan borcunu da maddi imkanı olduqca ödəyəcəkdir. Tələbkar razı olarsa, pul yox, natura şəklində bal məhsulu verib, borcunu tamamilə bağlaya bilər. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada Tələbkar Aliosman oğlu xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, bu halda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsaslanaraq təqdimata tələbkarın iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı və onunla əlaqədar icra işini nəzərdən keçirib hesab edir ki, təqdimat aşağıdakılara əsasən təmin olunmalıdır. Belə ki, təqdimata əlavə edilmiş Qəbələ Rayon Məhkəməsinin e-2(025)-702/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, cavabdeh Borclu 1000,0 (min) manat məbləğində mənəvi təzminat, 320,0 (üç yüz iyirmi) manat hüquqi xidmət haqqı və 33,0 (otuz üç) manat manat dövlət rüsumu tutulub iddiaçı Tələbkar Aliosman oğlunun xeyrinə ödənilməsi qət edilmişdir. Təqdimata əlavə olunmuş “Elektron icra” informasiya sistemindən Çıxarışdan görünür ki, Borclu məxsus "VAZ 2106" minik markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil müəyyən olunmuşdur. İcra işindəki sənədlərlə müəyyən olunur ki, borcluya könüllü icra üçün verilmiş vaxt ərzində icra sənədinin icrasını təmin etməmişdir. Yuxarıda qeyd olunan icra sənədi üzrə borclunun əmlak vəziyyəti yoxlanılmış və müəyyən olunmuşdur ki, Borclu adına "VAZ 2106" minik markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil qeydə alınmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 44.1.3-cü maddəsinin tələbinə görə, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqinin əsaslarından biri hesab olunur. Həmin qanunun 45.1-ci maddəsində isə göstərilmişdir ki, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsin və satılmasından ibarətdir. Həmin qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlamaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.3-cü maddəsinə əsasən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması (bundan sonra - icra üzrə icraatın dayandırılması), borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması məsələləri icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, kommersiya məhkəməsinin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin kommersiya məhkəməsi və ya icra məmurunun olduğu yer üzrə müvafiq kommersiya məhkəməsi tərəfindən dayandırılır. Borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması məsələlərinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti, borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Prokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. Həmin qərarda qeyd edilir ki, Avropa Konvensiyasının iştirakçısı olan dövlətin hüquq sistemi qanuni qüvvəyə minmiş və icra edilməli olan qətnamənin tərəflərdən birinə münasibətdə icrasız qalmasına imkan versəydi, onda ədalətli məhkəmə baxışına olan hüquq xəyali xarakter alardı. İşə baxılmasına ağlabatan müddətin müəyyən edilməsində məqsəd mülki prosesdəki tərəfləri həddən artıq gecikdirmələrdən qorumaqdan və ədalət mühakiməsinin səmərəliliyinə nail olmaqdan ibarətdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Əgər məhkəmə qərarları hər hansı bir səbəblə icra edilmirsə, o zaman, ədalət mühakiməsinin məqsədlərinə nail olunmasından söhbət gedə bilməz. Azərbaycan Respublikasının da qoşulduğu «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi məhkəmə qərarlarının icrası prosedurunu da əhatə edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə bu prinsipi belə vurğulamışdır: «....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı». İşin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, təqdimat təmin edilməklə, Borclu məxsus "VAZ 2106" minik markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmalıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, hazırkı qərardad dərhal icra olunmalıdır. Məhkəmə qeyd edir ki, əmlak üzərinə həbsin dərhal qoyulmaması, tələbkarın hüquqularının qorunmasının mümkün olmaması və ya əhəmiyyətli dərəcədə çətinləşməsi ilə nəticələnə bilər. Qeyd olunanlara əsasən, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43-45ci maddələri və Azərbaycan Respublikası MPM-nin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Qəbələ Rayon Məhkəməsinin e-2(025)-702/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinin icrasının təmini istiqamətində hərəkətlərin davam etdirilməsi məqsədi ilə Borclu məxsus "VAZ 2106" minik markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardad dərhal icra olunsun. Qərardaddan 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №8(5-137)-27/2026
Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №8(5-137)-27/2026
27.02.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver