Məhkəmə qərarları › İş №8(5-142)-3/2026

Laçın Rayon Məhkəməsi Qərardad — İş №8(5-142)-3/2026

05.03.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Laçın rayonu İş № 8(5-142)-3/2026 05.03.2026 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi ilə, Laçın Rayon Məhkəməsinin 2(047)-1007/2025 saylı, 04 dekabr 2025-ci il tarixli icra sənədi üzrə Maraqlı şəxs rəisi vəzifəsini icra edən Anar Hüseynov tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli icraata xitam verilməsi haqqında qərarın ləğv edilməsi və icra hərəkətlərinin davam etdirilməsi üçün icra sənədinin qərarı qəbul edən icra qurumuna qaytarılması barədə Tələbkar ASC-nin direktoru Samir Mustafayev tərəfindən verilən şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Tələbkar ASC Maraqlı şəxs rəisi vəzifəsini icra edən X7 Rayon Məhkəməsinin 2(047)-1007/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə 15 yanvar 2026-cı il tarixli qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini və icra hərəkətlərinin davam etdirilməsi üçün icra sənədinin qərarı qəbul edən icra qurumuna qaytarılmasını xahiş etmişdir. Tələbkar şikayətini onunla əsaslandırmışdır ki, Laçın Rayon Məhkəməsinin 2(047)- 1007/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə borclu X2 942,75 manat məbləğində pul vəsaitinin tutularaq tələbkar "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. Tələb hüququnun satılması haqqında xx.xx.2022-ci il tarixli, 02/22 UB nömrəli müqaviləyə 48 saylı əlavə əsasında "xxxx" ASC tərəfindən Tələbkar ASC-yə (əvvəllki adı "xxxx" MMC) güzəşt edilmişdir. Maraqlı şəxs vəzifəsini icra edən Anar Hüseynov “Elektron icra” informasiya sistemindən alınmış X3 xx.xx.2025-ci il tarixdə öldüyünü, borclunun əmlakının və vərəsəsinin olmamasını müəyyən edən məlumata əsaslanaraq icraata xitam verilməsi haqqında xx.xx.2026-cı il tarixli qərar qəbul etmişdir. İcraata xitam verilərkən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.3-cü maddəsi rəhbər tutulmuşdur. Lakin icra məmuru həmin əsasla icra icraatına xitam verilməsi deyil, dayandırılması haqqında qərar qəbul etməli idi. İcra məmurunun istinad etdiyi “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.3-cü maddəsinə əsasən tələbkar və ya borclu öldükdə, ölmüş elan edildikdə və ya xəbərsiz itkin düşmüş hesab edildikdə icra sənədi üzrə icraata o halda xitam verilir ki, məhkəmə və ya digər orqanın qərarı ilə müəyyən edilmiş tələblər və ya vəzifələr həmin şəxsin vərəsəsinə və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun əmlakını idarə edən şəxsə keçə bilməsin. Laçın Rayon Məhkəməsinin 2(047)- 1007/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi pul tələbinə aiddir ki, belə tələbin də vərəsəlik qaydasında keçməsinə qadağa yoxdur. İcra icraatına borclunun vəfat etməsi əsası ilə xitam verilməsi icra sənədi üzrə icra hərəkətlərinin gələcəkdə davam etdirilməsini mümkünsüz edir. Göründüyü kimi, icra məmuru “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarını düzgün tətbiq etmədən icraata xitam vermişdir. İcra sənədi üzrə icraata xitam verilməli deyil, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 19.1.1-ci maddəsində qeyd edilən müddət ərzində məcburi dayandırılmalıdır. Ona görə də sonda icraata xitam verilməsi haqqında xx.xx.2026-cı il tarixli qərarın ləğv edilməsini və icraatın davam etdirilməsi üçün icra sənədini Maraqlı şəxsnə qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə tərəfə və icra məmuruna rəsmi məlumat verilsə də, onlar heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Belə olan halda məhkəmə heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməyən tərəfin və icra məmurunun iştirakları olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Laçın Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(047)-1007/2025 saylı icra sənədindən görünür ki, borclu X2 cəmi 912,72 (doqquz yüz on iki manat 72 qəpik) manat borc və 30 (otuz) manat dövlət rüsumu tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. İş materiallarında olan tələb hüququnun satılması haqqında xx.xx.2022-ci il tarixli, 02/22UB nömrəli müqavilədən və həmin müqaviləyə xx.xx.2025-ci il tarixli 48 nömrəli əlavədən müəyyən olunur ki, 48 nömrəli əlavədə qeyd edilmiş məbləğdə borc qalıqlarına dair irəli sürə biləcəyi tələblər üzrə bütün hüquqlar tələbkar – "xxxx" ASC tərəfindən yeni Tələbkar ASC-yə satılmışdır. Həmin əlavədə 639-cu sırada ******* kredit sistem nömrəsi, 6840nkXRDb/22 kredit müqaviləsinin nömrəsi ilə X4 da tələb hüququnun satılması qeyd edilmişdir. İş materiallarında olan Maraqlı şəxs rəisi vəzifəsini icra edən Anar Hüseynov tərəfindən qəbul edilən 15 yanvar 2026-cı il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərardan görünür ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş məlumata əsasən icra sənədi üzrə borclu X6 xx.xx.2025-ci il tarixdə ölmüşdür. İcraat zamanı borclunun adına daşınar, daşınmaz əmlakın olmadığı və vərəsəlik işinin açılmadığı müəyyən edildiyindən Laçın Rayon Məhkəməsinin 2(047)-1007/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. Göstərilənlərə əsasən müəyyən olunur ki, Maraqlı şəxs rəisi vəzifəsini icra edən X1 icraata xitam verilməsi haqqında xx.xx.2026-cı il tarixli qərarı qəbul edərkən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə riayət etməmiş, həmin Qanunun “İcraatın dayandırılmasının məcburiliyi”ndən (maddə 17) və “İcraata xitam verilməsinin əsasları və qaydası”ndan (maddə 20) bəhs edən müddəalarının tətbiqi zamanı səhvə yol verilmiş, borclunun ölümünü, borclunun adına daşınar, daşınmaz əmlakın olmadığı və vərəsəlik işinin açılmadığını əsas gətirərək icra sənədi üzrə icraata xitam vermişdir. Həmçinin, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən Bu Qanunun 8.2-ci maddəsinin üçüncü və beşinci abzaslarında nəzərdə tutulmuş hallar istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən 2 ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Həmin Qanunun 17.1.1-ci maddəsinə əsasən məhkəmənin müəyyənləşdirdiyi hüquq münasibəti vərəsəliyə və ya hüquq varisliyinə yol verirsə, borclu öldükdə, ölmüş və ya xəbərsiz itkin düşmüş elan edildikdə, habelə borclunun iflası barədə məhkəmə icraatına başlandıqda icra sənədi üzrə icraat məcburi dayandırılır. Həmin Qanunun 19.1.1-ci maddəsinə əsasən borclu öldüyü, ölmüş elan edildiyi və ya xəbərsiz itkin düşmüş hesab edildiyi, fəaliyyət qabiliyyəti olmayan sayıldığı, habelə borclunun iflası barədə məhkəmə icraatına başlandığı halda - müvafiq olaraq vərəsələr və ya hüquq varisləri müəyyən edilənədək, məhkəmə xəbərsiz itkin düşmüş şəxsin əmlakını idarə olunmaq üçün qəyyumluq və himayəçilik orqanı tərəfindən təyin olunan şəxsə verənədək və ya fəaliyyət qabiliyyəti olmayan borcluya qəyyum təyin edilənədək yaxud iş üzrə qərar qəbul edilənədək icraat dayandırılır. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Həmin Qanunun 20.1.3-cü maddəsinə əsasən tələbkar və ya borclu öldükdə, ölmüş elan edildikdə və ya xəbərsiz itkin düşmüş hesab edildikdə, əgər məhkəmə və ya digər orqanın qərarı ilə müəyyən edilmiş tələblər və ya vəzifələr həmin şəxsin vərəsəsinə və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun əmlakını idarə edən şəxsə keçə bilməzsə icra sənədi üzrə icraata xitam verilir. Həmçinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən vərəsəlik hüququnun xüsusi qəbul müddətinə tabe tutulması hüquqi müəyyənlik və mütənasibliklə bağlı Konstitusiya prinsiplərinin tələblərinə cavab vermədiyindən, mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına gətirib çıxardığından mirasın qəbul edilməsi ilə bağlı müddət məhdudiyyəti aradan qaldırılaraq mirasın vərəsələr tərəfindən qəbulu artıq müddətsiz hesab olunmuş, mirasdan imtina ilə bağlı müddətin tətbiqinin isə Mülki qanunvericiliyin tələbinə uyğun həyata keçirilməsi, yəni mirasdan imtina edən şəxsin iradə ifadəsinin bəyanı ilə müəyyən müddətlə məhdudlaşdırılması müəyyən edilmişdir. Mirasın qəbulu müddəti ilə bağlı Konstitusiya Məhkəməsinin sözügedən qərarının xx.xx.2023-cü il tarixdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və Konstitusiya Məhkəməsinin qərarının qəbul edildiyi tarixdə məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edildiyi qeyd edilmişdir. Göründüyü kimi mövcud qanunvericiliyə görə borclunun ölməsi heç də hər bir halda icra sənədi üzrə icraata xitam verilməsi üçün əsas ola bilməz. Borclunun ölümü ilə icraata o halda xitam verilə bilər ki, tələb və ya vəzifələr həmin şəxsin vərəsəsinə keçə bilməsin. Halbuki, borclunun ölümü ilə icraatın dayandırılmasının məcburiliyi və icraatın dayandırılması qaydaları “İcra haqqında” Qanunun 17.1.1 və 19.1.1-ci maddələrində xüsusilə qeyd edilmiş, həmin normaların mənasına görə borclunun ölümü ilə məhkəmənin müəyyənləşdirdiyi hüquq münasibəti vərəsəliyə və ya hüquq varisliyinə yol verərsə icraat sənədi üzrə icraat müvafiq olaraq vərəsələr və ya hüquq varisləri müəyyən edilənədək məcburi dayandırılmalıdır. Bundan başqa onu da qeyd etmək lazımdır ki, borclunun ölməsi, eləcə də borclunun adına daşınar və ya daşınmaz əmlakın olmaması, vərəsəlik işinin açılmadığının müəyyən edilməsi heç də həmin şəxsin ölümündən sonra istər dövlət qeydiyyatına alınmalı olan, istərsə də dövlət qeydiyyatına alınması zəruri olmayan dəyəri borcun ödənilməsini təmin edə bilən daşınar əmlakının, həmçinin hüquq müəyyənedici sənəd əsasında mülkiyyət hüququnun hüquqi varislik qaydasında dövlət qeydiyyatına alınmasına nail olunduqdan sonra daşınmaz əmlakının gələcəkdə müəyyən edilməyəcəyinə əsas vermir. Nə qədər ki, məhkəmənin göstərdiyi səbəbə görə borclunun gələcəkdə istər daşınar, istərsə də daşınmaz əmlakının olmasının müəyyən edilməsi ehtimalı mövcuddur, buna görə də icra məmuru tərəfindən qəbul edilən qərarda göstərdiyi əsaslarla icra sənədi üzrə icraata xitam verilməsi icra sənədi üzrə icra hərəkətlərinin gələcəkdə davam etdirilməsini mümkünsüz edir. Belə olduğu halda isə məhkəmə vurğulayır ki, icra məmuru tərəfindən müvafiq qərarla borclunun ölümü, borclunun adına daşınar və daşınmaz əmlakın olmadığının, vərəsəlik işinin açılmadığının müəyyən edilməsi əsası ilə icra sənədi üzrə icraata xitam verilməməli, borclunun ölümü ilə bağlı icra sənədi üzrə icraat borclunun vərəsələri və ya hüquqi varisləri müəyyən edilənədək məcburi qaydada dayandırılmalı idi. Bundan əlavə məhkəmə onu da bildirir ki, məhkəmənin xx.xx.2025-ci il tarixli, 2(047)-1007/2025 saylı icra sənədinin verilməsinə əsas olmuş 21 oktyabr 2025-ci il, 2(047)-1007/2025 saylı qətnaməsi ilə müəyyənləşdirdiyi hüquq münasibəti pul tələbi olmaqla vərəsəliyə yol verəndir. Həmçinin icra məmurunun mübahisələndirilən xitam qərarında borclunun xx.xx.2025-ci il tarixdə öldüyü göstərilmişdir. Bu da onu deməyə əsas verir ki, borclunun ölümü Konstitusiya Məhkəməsinin mirasın qəbulu müddəti ilə bağlı qərarından sonra, yəni xx.xx.2023-cü il tarixdən sonraya təsadüf edir. Beləliklə də, müəyyənləşdirilən hüquq münasibəti vərəsəliyə yol verdiyinə görə borclunun miras əmlakının qəbul edilməsi ilə bağlı onun vərəsələrinə mirasın qəbulu müddəti tətbiq edilməyəcək, borclunun gələcəkdə miras əmlakının müəyyənləşdiriləcəyi təqdirdə onun vərəsələri borclunun mirasının qəbul etməsindən imtina etmədikləri təqdirdə artıq miras qoyanın vərəsələri hesab ediləcək, bununla da miras qoyanın miras aktivlərinə sahib olmaqla yanaşı, həm də onun miras passivlərinə görə də öhdəlik daşıyacaqlar. Bu da borclunun kreditoru qarşısında öhdəliyin icrasının təmin edilməsinin mümkünlüyünə gətirib çıxaracaqdır. Odur ki, icra məmuru tərəfindən ölmüş borclu şəxsdən ümumiyyətlə miras əmlakın qalıb-qalmamasının müəyyən edilməsi istiqamətində zəruri icra tədbirləri görülməli, yalnız miras əmlakın qalmadığı halı qətiləşdirildikdən sonra tələbin ölmüş şəxsin vərəsəsinə və ya qanunvericilikdə müəyyən edilmiş qaydada onun əmlakını idarə edən şəxsə keçə bilməməsi kimi qiymətləndirilərək bundan sonra icra sənədi üzrə icraata xitam verilməsi barədə qərar qəbul ediməlidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, İcra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi haqqında 15 yanvar 2026-cı il tarixli qərarı "İcra haqqında" Qanunun tələbləri pozulmaqla qəbul olunduğundan ləğv edilməli və icra sənədinin icrasının təmin edilməsindən ötrü qeyd edilən icra sənədi icra və probasiya şöbəsinə qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264 və 266-268-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Laçın Rayon Məhkəməsinin 2(047)-1007/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə Maraqlı şəxs rəisi vəzifəsini icra edən Anar Hüseynovun 15 yanvar 2026-ci il tarixli qərarı ləğv edilsin və icra sənədi qanunla müəyyən edilən qaydada icra hərəkətlərinin davam etdirilməsindən ötrü Maraqlı şəxsnə qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) işə baxan Laçın Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim: Cavad İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar