Azərbaycan Respublikası adından QƏRARDAD Lerik rayonu İş № 8(5-143)-5/2026 19.02.2026 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şıxaliyev Nurlan Pərviz oğlunun katibliyi ilə, Lerik Rayon Məhkəməsinin 2(048)-349/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinin geri qaytarılması barədə Maraqlı şəxs xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsi barədə tələbkar "xxxx" MMC-nin şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Tələbkar "xxxx" MMC şikayətlə məhkəməyə müraciət edərək, Maraqlı şəxs icra məmuru Həsən Zeynalovun “icra sənədinin geri qaytarılması haqqında” xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsi və icra hərəkətlərinin davam etdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Lerik Rayon Məhkəməsinin e-2(048)- 349/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən borclu X1 "xxxx" MMC-nin xeyrinə cəmi 2734,88 manat məbləğində pulun tutulması qət edilmiş və məhkəmə qətnaməsi icra olunması üçün Maraqlı şəxsnə göndərilmişdir. Məhkəmə qətnaməsinin qəbul edilməsindən uzun müddət keçməsinə baxmayaraq borclu X3 həmin icra sənədini icra etməmişdir. Maraqlı şəxs icra məmuru Həsən Zeynalovun xx.xx.2025-ci il tarixli qərarına əsasən Lerik Rayon Məhkəməsinin e-2(048)-349/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 23.1.3-cü maddəsinə əsasən geri qaytarılmışdır. Maraqlı şəxs tərəfindən icra sənədi üzrə tələbin icra edilməsinin mümkünsüzlüyünə dair akt tələbkara təqdim edilmədən və akt barədə tələbkara məlumat verilmədən icra sənədinin məhkəməyə qaytarılması barədə qərar qəbul edilmişdir. Maraqlı şəxs xx.xx.2025-ci il tarixli qərarında icra sənədinin icrası istiqamətində bütün qanunamüvafiq tədbirlərin görülməsi, eyni zamanda borclunun yaşadığı ünvanda olması barədə qeydlər edilmişdir, lakin faktiki olaraq borclunun yaşadığı ünvanda olmamışlar və yaşayış yerinə baxış keçirməmişlər. İcra məmuru bu müddət dövrü ərzində borclu barəsində onun əmlak və gəlirlərinin axtarışı məqsədilə lazımi bütün tədbirləri (daşınar və daşınmaz əmlakların qeydiyyatını aparan müvafiq orqanlara sorğu verilməsi, ölkədən getmək hüququnun məhdudlaşdırılması, məcburi gətirilmə, inzibati məsuliyyətə cəlb olunması və s.), habelə qanunvericiliklə müəyyən olunmuş digər məcburi icra tədbirlərini görməmişdir. Bununla yanaşı, icra məmuru “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 23.1.3-cü maddəsinə əsasən, tələbin icrasının mümkün olmadığını bildirsə də, bu haqda müvafiq akt tərtib etməmiş və tələbkara məlumat verməmişdir. İcra məmurunun qərarında qeyd olunan akt isə yalnız icra məmurunun borclunun qeydiyyatda olduğu ünvana getməsi və həmin ünvanda borcluya məxsus tələbin yönəldilə biləcəyi heç bir əmlakın aşkar edilməməsi barədə olmaqla, bütün tədbirlər görülməsinə baxmayaraq tələbin icrasının mümkünsüz olmasına əsas vermir. Belə olan halda icra edilməyən icra sənədinin mövcudluğu iş üzrə tələbkarın hüquqları pozulur. Bununla yanaşı tələbkar "xxxx" MMC görülmüş qanunamüvafıq tədbirlər barədə məlumatlandırılmamışdır. Həmçinin icra məmuru tərəfindən borclunun bank hesablarını müəyyən etmək üçün banklara sorğu göndərilməmişdir. Göründüyü kimi, bu maddədə göstərilən əsasla icra sənədinin geri qaytarılması üçün iki hal mövcud olmalıdır: 1. borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlərin olmaması; 2. icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlərin nəticə verməməsi. Bu iki hal da yalnız o zaman müəyyən edilə bilər ki, qeyd edilən hallar mötəbər sübutlarla təsdiq edilsin. Yəni icra məmuru, əgər həmin maddədə göstərilən əsasla icra sənədini geri qaytarırsa, qərarda göstərməlidir ki, borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlərin olubolmadığını müəyyən etmək üçün hansı tədbirlər görmüş və hansı nəticələr əldə etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Maraqlı şəxs icra məmuru X4 şikayətdə göstərilənləri əsassız hesab edərək izahatında bildirmişdir ki, icra sənədinin icra olunması ilə bağlı bütün tədbirlər həyata keçirilsə də, icra sənədinin icrası mümkün olmamışdır. Bu səbəbdən icra sənədi icrasız məhkəməyə geri qaytarılmışdır. Göstərilənləri nəzərə alaraq şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini, ona əlavə edilmiş sənədləri və icra işinin sənədlərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Lerik Rayon Məhkəməsinin e-2(048)-349/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədindən görünür ki, cavabdeh X1 R0106690 nömrəli, xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən 2638 (iki min altı yüz otuz səkkiz) manat ödənilməmiş hissə və 50 (əlli) manat cərimə borcu olmaqla, ümumilikdə 2688 (iki min altı yüz səksən səkkiz) manat borc və ödənilmiş dövlət rüsumunun 46,88 (qırx altı manat səksən səkkiz qəpik) manat hissəsinin tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Lerik Rayon Məhkəməsinin e-2(048)-349/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2025-ci il tarixli icra sənədinin qaytarılması haqqında qərarından görünür ki, borclunun adına mülkün, bağ sahəsinin, torpaq sahəsinin, avtomobilin, VÖEN-nin, qiymətli kağızın, əmanətin olub-olmaması və təqaüd alıb-almaması barədə aidiyyəti orqan və təşkilatlara sorğular göndərilmiş və borclunun mülkiyyətində heç bir əmlak aşkar edilməmiş, həmçinin borclu X2 icra sənədində göstərilən ünvan 1i ünvanında olmuş, borclunun yaşadığı mənzilə əmlak siyahıya alınması məqsədilə baxış keçirilmiş, tələbin yönələ biləcəyi hər hansı dəyərli əmlak aşkar olunmamış və bu barədə xx.xx.2025-ci il tarixli akt tərtib olunmuşdur. Bu səbəbdən Lerik Rayon Məhkəməsinin e-2(048)-349/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinin Lerik Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun 10 oktyabr 2017-ci il tarixli Qərarında qeyd edilmişdir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. Belə ki, “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə görə Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. İcra məmurlarının səlahiyyətləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə görə icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan (qurumdan) “Elektron icra” informasiya sistemi vasitəsilə qəbul etməli və icraata başlamalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsində icra sənədinin qaytarılması əsasları öz əksini tapmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 23.1. Tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi aşağıdakı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana qaytarılır: 23.1.1. tələbkarın ərizəsi əsasında; 23.1.2. borclu hüquqi şəxsin ünvanını və ya borclu fiziki şəxsin yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmadıqda (borclunun və ya onun əmlakının bu qanunla nəzərdə tutulan hallarda axtarışı istisna olmaqla) və ya ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadıqda; 23.1.3. borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə; 23.1.4. tələbkar icra sənədi icra olunarkən borclunun satılmamış əmlakını qəbul etməkdən və ya borcludan alınmış müəyyən əşyaları götürməkdən imtina etdikdə; 23.1.5. tələbkar öz hərəkətləri (hərəkətsizliyi) ilə icra sənədinin icrasına mane olduqda. Məhkəmə, icra sənədi üzrə borclunun adına tələbin yönəldilə biləcəyi hər hansı daşınar və ya daşınmaz əmlak aşkar edilməməsi səbəbindən icra sənədinin icra edilməsinin mümkün olmamasına əsaslanmaqla icra sənədinin geri qaytarılmasını kifayət qədər əsaslı hesab etmir. Bundan başqa, Maraqlı şəxs 30 oktyabr 2025-ci il tarixli “icra sənədinin qaytarılması haqqında” qərarı “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinin tələblərinin pozulması ilə qəbul edilmişdir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən tələbin icrası bu Qanunun 23.1.2 - 23.1.5-ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir. Həmin Qanunun 23.3-cü maddəsinə əsasən icra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar icra qeydinin icrası üçün yenidən aidiyyəti icra qurumuna müraciət edə bilər. Bu hallarda icra qurumu icra qeydini icraata qəbul etməli və bu Qanunla nəzərdə tutulan tədbirləri görməlidir. Göründüyü kimi, “İcra haqqında” Azərbaycan Respublikası Qanununda tələbin icrası bu Qanunun 23.1.2 - 23.1.5-ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir. Lakin məhkəməyə təqdim edilmiş icra işinin materialları araşdırılan zaman tələbin icrasının bu Qanunun 23.1.2 - 23.1.5-ci maddələrində göstərilən əsaslara görə mümkün olmaması, icra məmurunun bu haqda müvafiq akt tərtib etməsi və həmin aktın icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunması və bu barədə tələbkara məlumat verilməsi aşkar olunmamış, məhkəmə iclasında iştirak edən icra məmuruna qeyd edilən aktın və bu barədə tələbkara məlumat verilməsi barədə sənədlərin məhkəməyə təqdim olunması bildirilsə də, icra məmuru həmin sənədləri məhkəməyə təqdim etməmişdir. Məhkəmə, icra sənədinin qaytarılması haqqında qərarı kifayət qədər əsaslı hesab etmədiyindən, şikayətdə və qərardadın əsaslandırıcı hissəsində göstərilən halların araşdırılmalı olmasını, icra sənədinin tam icrasının mümkün olub-olmamasının müəyyən edilməsi üçün icra hərəkətlərinin davam etdirilməli olmasını, mübahisələndirilən qərarın “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması ilə qəbul edilməsini nəzərə alaraq hesab edir ki, Lerik Rayon Məhkəməsinin e-2(048)-349/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinin qaytarılması barədə Maraqlı şəxs 30 oktyabr 2025-ci il tarixli qərarı ləğv olunmalı və icra sənədi üzrə icra hərəkətləri davam etdirilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-264 və 267-ci maddələrini, eləcə də “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci madddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Lerik Rayon Məhkəməsinin e-2(048)-349/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinin geri qaytarılması barədə Maraqlı şəxs xx.xx.2025-ci il tarixli qərarı ləğv edilsin. Lerik Rayon Məhkəməsinin e-2(048)-349/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi icra hərəkətlərinin davam etdirilməsi üçün Maraqlı şəxsnə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə əsasən) Lerik Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Yusif Zeynalov
Məhkəmə qərarları › İş №8(5-143)-5/2026
Lerik Rayon Məhkəməsi Qərardad — İş №8(5-143)-5/2026
19.02.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver