Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № 8(5-148)-10/2026 02.03.2026 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, X1 qızının katibliyi ilə Tələbkar Neftçala Rayon Məhkəməsinin 2(053)-795/2019 nömrəli iş üzrə 24 dekabr 2019cu il tarixli qətnaməsi ilə tutulmuş pul məbləğinin indeksasiyası ilə bağlı ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Neftçala Rayon Məhkəməsinin 2(053)-795/2019 nömrəli iş üzrə 24 dekabr 2019-cu il tarixli qətnaməsinə əsasən “Cavabdehlər Borclu1 və Borclu2 08 yanvar 2013-cü il tarixli 6390 saylı alqı-satqı müqaviləsi uzrə 120 manat əsas borc və 10 manat məbləğində cərimə borcu, cəmi 130 manat məbləğində borc və ödənilmiş 20 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı Tələbkar” ödənilməlidir. Qətnamə qüvvəyə minmiş və icraya yönəldilmişdir. Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək, Neftçala Rayon Məhkəməsinin 2(053)-795/2019 nömrəli mülki iş üzrə 24 dekabr 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş 150 manat məbləğində pulun indeksləşdirilərək 2019-cu ilin dekabr ayından 2025ci ilin noyabr ayınadək 147,10 faiz artımı nəzərə alaraq cəmi 370,65 manat məbləğində indeksləşdirilmənin müəyyən edilməsini xahiş etmişdir. Tələbkar ərizəsini belə əsaslandırmışdır ki, Neftçala Rayon Məhkəməsinin 2(053)- 795/2019 saylı, 24 dekabr 2019-cu il tarixli məhkəmə qərarına əsasən, borclular Borclu1 və Borclu2 cəmi 150,00 manat məbləğində pul müştərək qaydada tutularaq Tələbkar xeyrinə tutulması ödənilməsi qərara alınmışdır. Hazırda qəbul olunmuş məhkəmə qərarı qanuni qüvvəsini almasını və həmçinin icra məmuru tərəfindən məcburi icra tədbirlərinin görülməsinə baxmayaraq, məhkəmə qərarı icra olunmamışdır (ödənilməmişdir). Borclular məhkəmə qərarı üzrə qəbul olunmuş məbləği zamanında ödəyərək icra etsəydilər tələbkar, başqa sahədə istifadə etməklə gəlir əldə edə bilərdi. Lakin, borclunun məhkəmə qərarı üzrə öhdəliyinin icra etməməsi səbəbindən və həmin məbləğ vaxtında geri qaytarılmadığına görə tələbkar, həmin pulu dəyərləndirə bilməmişdir. Buna görə də, məhkəmə qərarı üzrə tələbkara ödəlinməli olan pul vəsaiti inflyasiyaya uğradığından indeksləşdirmə tətbiq edilməsi zərurəti yaranmışdır. Belə ki, indeksasiya institutu pulun alıcılıq qabiliyyətinin məhz məhkəmə aktı qəbul edilən an mövcud olan səviyyədə bərpasına yönəldiyindən, eləcə də bu hüquqi alət sanksiya xarakteri daşımadığına görə, onun tətbiqi məhkəmə aktının qanuni qüvvəyə minməsi və ya məhkəmə aktının icrasından yayınma ilə əlaqələndirilə bilməz. Bu səbəbdən indeksasiya məhz məhkəmə aktının qəbul edildiyi (elan edildiyi) gündən onun tam icra edildiyi günədək olan müddəti əhatə etməlidir. İndeksasiya institutu da qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icra edilməməsi nəticəsində baş verən inflyasiya itkilərinin kompensasiyasını, pulun alıcılıq qabiliyyətinin bərpasını təmin edən səmərəli hüquqi vasitə olmaqla məhkəmə müdafiəsi hüququnun realizəsinin effektivliyi baxımından xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin istehlak qiymətləri indeksinin hesablanmasından görünür ki, 2025-ci il noyabr ayında 2019-cu il dekabr ayına nisbətən istehlak qiymətləri indeksi 147,10 faiz təşkil etmiş, yəni qiymətlərin səviyyəsi 1,5 dəfə artmışdır. O da nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 232-ci maddəsi işə baxmış məhkəmə tərəfindən məhz qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasının həyata keçirilməsini nəzərdə tutmuş olsa da, bu təsisat hüquqi mahiyyəti və təyinatı baxımından formasından (qətnamə, qərardad, qərar və ya əmr) asılı olmayaraq müvafiq pul məbləğinin tutulmasını müəyyən edən, qanuni qüvvəyə minmiş istənilən məhkəmə aktına münasibətdə tətbiq edilə bilər. Ərizəçi hesab edir ki, Neftçala Rayon Məhkəməsinin 2(053)-795/2019 nömrəli mülki iş üzrə 04 dekabr 2019-cu il məhkəmə qərarı ilə müəyyən edilmiş 150 manat məbləğ indeksləşdirilərək, 2019-cu ilin dekabr ayından - 2025-ci ilin noyabr ayınadək 147,10 faiz artımı (150 AZN x 147,10 % = 220,65 AZN) nəzərə alaraq cəmi 370,65 manat istehlak qiymətlərinin indeksinə uyğun olaraq həyata keçirməlidir. Tələbkar məhkəmə iclasına gəlməmiş, ərizə göndərərək iş çoxluğu ilə əlaqədar iclasda iştirak edə bilməyəcəyini, zəruri sənədlərin artıq məhkəməyə təqdim olunduğunu bildirib, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Borclular Borclu1 və Borclu2 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, ərizə qismən təmin olunmalıdır. Məsələnin mahiyyəti ilə bağlı qeyd olunur ki, Azərbaycan Respublikası MPM-nin 232.1 və 232.2-ci maddələrinə əsasən “Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər”, “Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur”. “Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ, İİ və İİİ hissələri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15 aprel 2025-ci il tarixli qərarında qeyd olunur ki, “Mülki Prosessual Məcəllənin 232-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Ödənilməli pul məbləğlərinin indeksasiyası institutu qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icra edilməməsi nəticəsində baş verən inflyasiya itkilərinin kompensasiyasını, pulun alıcılıq qabiliyyətinin bərpasını təmin edən effektiv vasitədir. Belə ki, bu hüquq təkcə məhkəməyə müraciət etmək imkanını deyil, həmçinin ədalət mühakiməsi nəticəsində dövlətin adından çıxarılmış qərarın icrasının təmin olunmasını, pozulmuş hüquq və azadlıqların real bərpası imkanını ehtiva edir. Ödənilməli pul məbləğlərinin indeksasiyası ilə bağlı qətnaməni çıxaran hakimin üzərinə qoyulan səlahiyyət qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşımaqla məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasından irəli gəlir. Eyni zamanda, bu institut prosessual qənaət prinsipinin məqsədləri baxımından artıq qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə tutulmalı olan pul məbləğlərinə dair yeni iddianın qaldırılmasının qarşısını alır. Konstitusiya Məhkəməsinin Plenumu oxşar mövqeyi “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” 2017-ci il 10 oktyabr tarixli Qərarında ifadə etmişdir. O da nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 232-ci maddəsi həmin Məcəllənin “birinci instansiya məhkəməsində icraat” adlı ikinci bölməsində yerləşməklə, məhz bilavasitə məhkəmənin özü tərəfindən baxılaraq həll olunmuş mübahisə üzrə qəbul edilmiş və Azərbaycan Respublikasının adından çıxarılan yekun məhkəmə aktı əsasında tutulmalı pul məbləğlərinin indeksasiyasını nəzərdə tutur”. “Azərbaycan Respublikası Konstitusiyasının 60 və 129-cu maddələrinin İ hissələri baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 iyun 2025-ci il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyə görə “İndeksasiya institutu da qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icra edilməməsi nəticəsində baş verən inflyasiya itkilərinin kompensasiyasını, pulun alıcılıq qabiliyyətinin bərpasını təmin edən səmərəli hüquqi vasitə olmaqla məhkəmə müdafiəsi hüququnun realizəsinin effektivliyi baxımından xüsusi əhəmiyyət kəsb edir. Qeyd edilməlidir ki, bu təsisat borclu tərəfindən məhkəmə qətnaməsinin qanunla müəyyən edilmiş müddət ərzində icra edilməməsinə görə mülki-hüquqi məsuliyyət tədbiri olmamaqla, qətnamənin qanuni qüvvəyə mindiyi tarixlə müqayisədə məhkəmə aktının icrası anı üçün həmin akt üzrə tutulmalı olan pulun dəyərində yaranmış olan azalmanın kompensasiyasına, bununla da kreditorun məruz qaldığı itkiləri aradan qaldırmaqla onun mənafelərinin təmin edilməsinə yönəlmiş hüquqi mexanizmdir. Ödənilməli pul məbləğlərinin indeksasiyası ilə bağlı qətnaməni çıxaran hakimin üzərinə qoyulan səlahiyyət qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşımaqla məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasından irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ, İİ və İİİ hissələri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2025-ci il 15 aprel tarixli Qərarı). O da nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 232-ci maddəsi işə baxmış məhkəmə tərəfindən məhz qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasının həyata keçirilməsini nəzərdə tutmuş olsa da, bu təsisat hüquqi mahiyyəti və təyinatı baxımından formasından (qətnamə, qərardad, qərar və ya əmr) asılı olmayaraq müvafiq pul məbləğinin tutulmasını müəyyən edən, qanuni qüvvəyə minmiş istənilən məhkəmə aktına münasibətdə tətbiq edilə bilər. İndeksasiya ilə bağlı ərizənin hansı andan etibarən verilməsinin mümkünlüyü məsələsinə gəldikdə isə göstərilməlidir ki, qanunverici Mülki Prosessual Məcəllənin 232-ci maddəsində indeksasiyanın həyata keçirilməsini qətnamənin icrası mərhələsi ilə əlaqələndirmişdir. Mülki Prosessual Məcəllənin 233.1-ci maddəsi ilə həmin Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamənin məhz qanuni qüvvəyə mindikdən sonra icra edildiyi təsbit edilmişdir. Göstərilənlərə əsasən belə qənaətə gəlinir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı icraya yönəldikdən sonra tərəflər həmin məhkəmə aktı üzrə tutulmalı olan pul məbləğinin indeksasiyası ilə bağlı müraciət edə bilərlər. ... İndeksasiyanın iqtisadi meyarı və hesablanma qaydasına gəldikdə isə qeyd edilməlidir ki, Mülki Prosessual Məcəllənin 232.1-ci maddəsində bu qaydalar nəzərdə tutulmadığı halda, “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Qanunla bu tənzimetmə qaydaları müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki, qeyd edilən qanunvericilik aktları üzrə indeksləşdirmənin obyektləri fərqli (Qanunun 3-cü maddəsində indeksləşdirmənin obyektləri sırasında vətəndaşların sahibkarlıq fəaliyyətindən və mülkiyyətdən götürdükləri gəlirlər, qətnamənin icrası zamanı tutulmalı pul məbləğləri nəzərdə tutulmamışdır) olsa da, hər iki halda bu təsisat inflyasiya nəticəsində pulun alıcılıq qabiliyyətinin qorunması məqsədi ilə dövlət tərəfindən müəyyən edilmiş mexanizm kimi çıxış edir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, məhkəmə qətnamələri üzrə tutulmalı olan pul məbləğlərinin qanunun analogiyası üzrə “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Qanunda müəyyən olunan meyarlara və hesablanma qaydalarına əsasən həyata keçirilməlidir. Həmin Qanunun 2-ci maddəsində vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsinin əsası kimi istehlak qiymətlərinin indeksi nəzərdə tutulmuşdur. İstehlak qiymətlərinin indeksi isə əhalinin yaşayış minimumunu hesablamaq üçün qəbul edilmiş minimum istehlak səbətinə uyğun olaraq dövlət, kooperativ ticarətində və xüsusi ticarətdə qiymətlərin, habelə mülkiyyət formasından asılı olmayaraq bütün xidmət sahəsi obyektlərində pullu xidmət tariflərinin dəyişilməsinin müşahidəsi nəticəsində əldə edilmiş statistika məlumatı əsasında hesablanır. İstehlak qiymətlərinin dəyişməsinə respublikanın statistika orqanları tərkibində fəaliyyət göstərən xüsusi dövlət xidməti müşahidə edir. İstehlak qiymətlərinin indeksinə və pul gəlirlərinin (əmək haqqının, pensiyaların, müavinətlərin, təqaüdlərin) artımındakı dəyişikliklərə dair məlumat, habelə Azərbaycan Respublikasında müəyyən olunmuş minimum əmək haqqı səviyyəsi və indeksləşdirmə üçün zəruri olan digər ilkin məlumat hər kvartal mətbuatda dərc edilir”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu yuxarıda göstərilən Konstitusiya İşi üzrə belə qərara gəlmişdir ki, “1. Azərbaycan Respublikası Konstitusiyasının 60 və 129-cu maddələrinin İ hissələrindən irəli gələrək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsi üzrə tərəflər məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamə üzrə tutulmalı olan pul məbləğinin, onun tam ödənilməsinədək olan müddət ərzində indeksasiyası ilə bağlı ərizə ilə məhkəməyə müraciət edə bilərlər. 2. Məhkəmə qətnaməsinin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyası qanunun analogiyası üzrə “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən olunan indeksasiya qaydalarına uyğun olaraq həyata keçirilməlidir”. “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 1-ci abzasına əsasən “Vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsinin əsasını istehlak qiymətlərinin indeksi təşkil edir. Azərbaycan Respublikasında istehlak qiymətlərinin indeksi əhalinin yaşayış minimumunu hesablamaq üçün qəbul edilmiş minimum istehlak səbətinə uyğun olaraq dövlət, kooperativ ticarətində və xüsusi ticarətdə qiymətlərin, habelə mülkiyyət formasından asılı olmayaraq bütün xidmət sahəsi obyektlərində pullu xidmət tariflərinin dəyişilməsinin müşahidəsi nəticəsində əldə edilmiş statistika məlumatı əsasında hesablanır”. Qeyd olunmalıdır ki, hazırkı işlə əlaqəli qətnamə 24 dekabr 2019-cu ildə qəbul olunmuş və növbəti ilin yanvar ayında qüvvəyə minmişdir. Tələbkarın indeksasiya ilə bağlı ərizəsi isə məhkəməyə 22 yanvar 2026-cı il tarixdə daxil olub. Göstərilənlər nəzərə alınaraq istehlak qiymətləri indeksinin 2020-ci ilin yanvar ayından 2025-ci ilin dekabr ayınadək neçə faiz təşkil etməsinin müəyyən olunması məqsədilə məhkəmə tərəfindən Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə sorğu ilə müraciət olunmuşdur. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi həmin sorğuya cavab olaraq 19 fevral 2026-cı il tarixli, 3-34/2-124/02-2/2026 nömrəli məktubu ilə bildirmişdir ki, istehlak qiymətləri indeksi 2025-ci ilin dekabr ayında 2020-ci ilin yanvar ayına nisbətən 147,3 faiz təşkil edib. Beləliklə, Neftçala Rayon Məhkəməsinin 2(053)-795/2019 nömrəli iş üzrə 24 dekabr 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş 150 manat indeksləşdirilmə nəticəsində 220,95 manat təşkil edəcək (150 manat X 147,3 faiz : 100 faiz = 220,95 manat). Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 232, 263, 264, 266 – 268-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: Ərizə qismən təmin olunsun. Neftçala Rayon Məhkəməsinin 2(053)-795/2019 nömrəli iş üzrə 24 dekabr 2019-cu il tarixli qətnaməsinə əsasən Borclu1 və Borclu2 Tələbkar xeyrinə tutulmalı olan ümumi pul məbləği indeksləşdirilərək 220,95 (iki yüz iyirmi manat doxsan beş qəpik) manat məbləğində müəyyən edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Neftçala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №8(5-148)-10/2026
Neftçala Rayon Məhkəməsi Qərardad — İş №8(5-148)-10/2026
02.03.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver