Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № 8(5-148)-25/2026 12.02.2026 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, X15 qızının katibliyi ilə X2 “alimentin indeksasiyası barədə” ərizəsinə açıq məhkəmə iclasında baxaraq, Məhkəmə MÜƏYYƏN ETDİ: X3 “alimentin indeksasiyası barədə” ərizə ilə məhkəməyə müraciət edərək, Neftçala Rayon Məhkəməsinin 2(53)-72/2013 saylı, 19 fevral 2013-cü il tarixli qətnaməsi ilə müəyyən olunmuş aliment məbləğinin indeksasiyası aparılaraq, Borclu onun xeyrinə sonrakı artımlar da nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,51 misli həddində alimentin indeksasiya edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Borclu ilə 21 iyun 2011-ci ildə rəsmi nikah bağlamış, birgə nikahdan xx.xx.2012-ci il təvəllüdlü X8 dünyaya gəlmişdir. Neftçala Rayon Məhkəməsinin 13 iyun 2013-cü il tarixli, 2(53)-105/2013 saylı qiyabi qətnaməsi ilə aralarındakı nikah pozulmuşdur. Neftçala Rayon Məhkəməsinin 19 fevral 2013-cü il tarixli, 2(53)-72/2013 saylı qətnaməsi ilə birgə nikahdan doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 60 manat sabit pul məbləğində aliment Borclu tutularaq X9 ödənilməsi qət edilmişdir. Alimentin məbləğinin sonradan artımı olmayıb və eyni məbləğdə alimentin tutulmasına dair icra sənədi Neftçala rayon İcra və probasiya şöbəsinin icraatındadır. Neftçala Rayon Məhkəməsinin 2(53)-72/2013 saylı qətnaməsi ilə uşağın saxlanılması üçün 24 yanvar 2013-cü ildən başlayaraq hər ay sabit məbləğdə tutulan alimentin miqdarı 60 manat müəyyən edilmişdir. Odur ki, ərizənin təmin olunması xahiş etmişdir. Tələbkara və borcluya məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, lakin X3 məhkəməyə teleqram ünvanlayaraq hazırda Bakı şəhərində kirayədə yaşadığını, maddi vəziyyəti ilə əlaqədar iclasda iştirak edə bilməyəcəyini, işə iştirakı olmadan baxılıb ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 232.2-ci maddəsinə əsasən ərizəyə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə, ərizə və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 110.1. Məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir; Maddə 110.2. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 232.1. Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər; Maddə 232.2. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur; Maddə 232.3. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” xx.xx.2024-cü il tarixli Qərarı: “8.4-2. ... Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Azərbaycan Respublikasının Prezidenti X7 əsasən minimum aylıq əmək haqqının məbləği 2013-cü il üzrə 105 manat müəyyən edilmişdir. Belə ki, iş materiallarında olan Neftçala Rayon Məhkəməsinin 2(53)-72/2013 saylı, 19 fevral 2013-cü il tarixli qətnaməsi ilə xx.xx.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 60 manat sabit pul məbləğində aliment Borclu tutularaq X9 ödənilməsi qət edilmişdir. İşin faktiki hallarından müəyyən olunur ki, tərəflərin birgə nikahdan doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X1 üçün aliment tutulmuşdur. X4 alimentin indeksasiyasının həyata keçirilməsini xahiş edir. Belə ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” xx.xx.2024-cü il tarixli Qərarındakı hüquqi mövqeyə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Göründüyü kimi, indeksasiya üzrə həm Ailə Məcəlləsinin tələbi, həm də Ali Məhkəmənin mövqeyi indeksasiyanın ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqına uyğun həyata keçirilməsi yönündədir. Hazırkı işin hallarından görünür ki, yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün tutulan alimentin məbləği Neftçala Rayon Məhkəməsinin 2(53)-72/2013 saylı, 19 fevral 2013-cü il tarixli qətnaməsi ilə 60 manat məbləğdə müəyyən edilmişdir. 2013-cü il üzrə minimum əmək haqqı 105 manat müəyyən edilmişdir. 60 manat məbləğdə aliment 2013-cü il minimum əmək haqqının 0,51 misli həddində olmuşdur. Odur ki, indeksasiya da müvafiq həddə aparılmalı, tutulan alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,51 misli həddində indeksasiya olunmalıdır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin olunmalı, Neftçala Rayon Məhkəməsinin 2(53)-72/2013 saylı, 19 fevral 2013-cü il tarixli qətnaməsinə əsasən tutulmuş alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,51 misli həddində indeksasiya olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 267-269-cu maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. Neftçala Rayon Məhkəməsinin 2(53)-72/2013 saylı, 19 fevral 2013-cü il tarixli qətnaməsi ilə Borclu 20 oktyabr 2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay tutulan 60 manat sabit pul məbləğində alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,51 misli həddində indeksasiya olunsun. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Neftçala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №8(5-148)-25/2026
Neftçala Rayon Məhkəməsi Qərardad — İş №8(5-148)-25/2026
12.02.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver