Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № 8(5-148)-6/2026 05.02.2026 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, X5 qızının katibliyi, Tələbkar İddiaçı iştirakı ilə, Tələbkar İddiaçı “alimentin indeksasiyası barədə” ərizəsinə açıq məhkəmə iclasında baxaraq, Məhkəmə MÜƏYYƏN ETDİ: Tələbkar İddiaçı “alimentin indeksasiyası barədə” ərizə ilə məhkəməyə müraciət edərək, Neftçala Rayon Məhkəməsinin 2(053)-421/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin indeksasiya edilərək Cavabdeh xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün sonrakı artımlar da nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,65 misli həddində alimentin indeksasiya edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə xx.xx.2016-cı il tarixdə Neftçala rayon müvafiq qeydiyyat orqanında rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuş, birgə nigahdan 21 dekabr 2017-ci il tarixdə Ümid adlı bir övladları olmuşdur.Belə ki, cavabdeh Həşimov onunla eyni qəsəbədən olduğundan qonşular vasitəsilə tanış olub, valideynlərinin razılığından sonra nişanları, təxminən 1 il yarım sonra isə — 2016-cı ilin avqust ayında Xıllı qəsəbəsində keçirilən böyük toy mərasimindən sonra el adəti üzrə onun atasının qəsəbədəki evinə gəlin köçmüşdür. Bir həftə sonra Bakı şəhərinin Nardaran qəsəbəsinə onun valideynlərinin orada olan evlərinə gedib, 20 gün də orada qaldıqdan sonra Nardaranda kirayə ev tutub 2 il orada kirayədə, sonra da 5 ay yenidən atasının oradakı evində qalmışlar. Sonra gah orada, gah da uşaqla gəlib burada anasıgildə qalmışdır. 2020-ci ilin noyabrında Cavabdeh növbəti dəfə onu və uşağı döydüyünə görə 02 dekabr tarixində Bakını tərk edib uşaqla birlikdə birdəfəlik Xıllıya, anasıgilə qayıtmış və həmin vaxtdan da uşaqla birlikdə anasıgildə yaşamaqla onun himayəsinə sığınmışlar. Atası 2009-cu ildə vəfat etmişdir. Qeyd edir ki, cavabdeh Həşimovla ailə münasibətləri tam pozulduğuna görə və heç cür ailə münasibətlərinin bərpa etməyin mümkün olmadığını görüb, qəti surətdə ondan boşanmaq və qalan həyatını uşağını böyüdüb tərbiyə etmək qərarına gəlmişdir. Ona görə də 2021-ci ildə məhkəmədə qaldırdığı müvafiq iddia üzrə məhkəmənin 08 iyul 2021-ci il tarixli qətnaməsinə əsasən aralarındakı nikah pozulmuş və birgə nikahdan doğulmuş xx.xx.2017-ci il təvəllüdlü Ümid adlı uşağın onun yanında qalması müəyyən olunmaqla, uşağın yetkinlik yaşına çatanadək saxlanmasından ötrü hər ay 130 manat sabit pul məbləğində alimentin cavabdeh Həşimovdan tutulub onun xeyrinə ödənilməsi qət edilmişdir. Bildirir ki, həmin vaxtdan bəri alimenti vaxtlı-vaxtında cavabdehdən ala bilməmiş, hər dəfə məhkəmə icraçılarına olan şikayət və müraciətindən sonra cavabdehdən alimenti tutub onun xeyrinə ödətdirirlər. Son 5 ayda isə ümumiyyətlə cavabdeh aliment ödəmədiyinə görə onun barəsində axtarış elan edilmişdir. Nəhayət, bu günlərdə tapılıb, icra məmurları vasitəsilə borclu olduğu 650 manat alimentdən 350 manatını ödəmiş, qalanını da ödəyəcəyini bildirmişdir. Cavabdeh Həşimovla boşanmadan və ilk dəfə alimentin təyin olunmasından artıq 5 il müddət keçir. Bu müddət ərzində himayəsindəki övladı Ümid xeyli böyümüş, yaşam-dolanacaq, geyim, məktəb-təhsil, tibbi və s. digər xərcləri də kifayət qədər artmışdır. Ümid artıq 9 yaşın içindədir və tam orta məktəbin 3-cü sinifini bitirəcəkdir. Hazırki çox çətin iqtisadi şəraitdə cavabdeh Həşimovdan onun üçün tutulan alimentin miqdarı təbii ki, bu günün müasir tələbləri ilə uzlaşmır və uşağın aylıq xərclərinin heç yarısını belə ödəmir. Həmçinin qeyd edir ki, Ümid xroniki bronxialallergik xəstə olduğundan onu daimi olaraq Bakı şəhərinə “Diamed” və s. klinikalara müalicəyə aparılır ki, buna da xeyli vəsait sərf olunur. Cavabdeh Həşimov isə öz doğma uşağının bu cür xəstə olduğunu bilsə də, onunla maraqlanmır və heç bir maddi yardım göstərmir. Alimenti də zorla ödəyir. Qüvvədə olan qanunvericiliyə görə isə uşaqlar onlar üçün müəyyən olunmuş yaşayış minimumundan az aliment ala bilməzlər. Qeyd edir ki, cavabdeh Həşimov hazırda Nardaranda — Lahıc bağlarında usta işləməklə kifayət qədər qazanc əldə edir. Özü isə işləməməklə və daşınar-daşınmaz qiymətli əmlakı olmamaqla bərabər, ünvanlı sosial yardım da almır. Bütün ümidi və dolanışığı yaşlı və xəstə anasının aldığı cüzi pensiyadır. Ona görə də hazırda hər şeyin — ərzaq, geyim, məktəb ləvazimatları, tibbi təminat və s. dəfələrlə bahalaşmasına görə inflyasiya ilə əlaqədar alimentin indeksasiyası zəruridir. Odur ki, ərizənin təmin olunması xahiş edir. Məhkəmə iclasında iştirak edən tələbkar İddiaçı ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Borcluya məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 232.2-ci maddəsinə əsasən ərizəyə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə, ərizə və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 110.1. Məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir; Maddə 110.2. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 232.1. Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər; Maddə 232.2. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur; Maddə 232.3. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” xx.xx.2024-cü il tarixli Qərarı: “8.4-2. ... Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Azərbaycan Respublikasının Prezidenti X2 əsasən minimum aylıq əmək haqqının məbləği 2023-cü üçün 345 manat müəyyən edilmişdir. Belə ki, iş materiallarında olan Neftçala Rayon Məhkəməsinin 2(053)-421/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 130 manat alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir İşin faktiki hallarından müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh arasındakı nikah məhkəmə qətnaməsi ilə pozulmuş, birgə nikahdan doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X3 İddiaçı yanında saxlanılmış, onun saxlanılması üçün aliment tutulmuşdur. Hazırda İddiaçı alimentin indeksasiyasının həyata keçirilməsini xahiş edir. Belə ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” xx.xx.2024-cü il tarixli Qərarındakı hüquqi mövqeyə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Göründüyü kimi, indeksasiya üzrə həm Ailə Məcəlləsinin tələbi, həm də Ali Məhkəmənin mövqeyi indeksasiyanın ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqına uyğun həyata keçirilməsi yönündədir. Hazırkı işin hallarından görünür ki, yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün tutulan alimentin məbləği Neftçala Rayon Məhkəməsinin 2(053)- 421/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə 130 manat məbləğdə müəyyən edilmişdir. 2021-ci il ölkə üzrə minimum əmək haqqı 250 manat müəyyən edilmişdir. 130 manat məbləğdə aliment 2021-ci il üçün minimum əmək 0,52 haqqının misli həddində olmuşdur. Odur ki, indeksasiya da müvafiq həddə aparılmalı, tutulan alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,52 misli həddində indeksasiya olunmalıdır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə qismən təmin olunmalı, Neftçala Rayon Məhkəməsinin (053)-421/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən tutulmuş alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,52 misli həddində indeksasiya olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 267-269-cu maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: Ərizə qismən təmin edilsin. Neftçala Rayon Məhkəməsinin (053)-421/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay tutulan 130 manat sabit pul məbləğində alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,52 misli həddində indeksasiya olunsun. Ərizə qalan hissədə təmin edilməsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Neftçala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №8(5-148)-6/2026
Neftçala Rayon Məhkəməsi Qərardad — İş №8(5-148)-6/2026
05.02.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver