Məhkəmə qərarları › İş №8(5-151)-16/2026

Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №8(5-151)-16/2026

02.02.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 8(5-151)-16/2026 02.02.2026 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Cavid Zahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3 oğlunun katibliyi, Borclu iştirakı ilə, Tələbkar yetkinlik yaşına çatmayan xx.xx.2018-ci il təvəllüdlü X1 üçün tutulmuş alimentin indeksasiya edilməsi barədə ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, aşağıdakı qərardadı qəbul etdi. İşin halları

1. Sabirabad Rayon Məhkəməsinin 13 mart 2020-ci il tarixli, 2(056)-373/2020 saylı qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, xx xxxxxxx 1996-cı il tarixdə Sabirabad rayonu, Türkədi kəndində anadan olmuş Borclu xx.xx.2018-ci il tarixdə Tələbkar doğulmuş X2 atası olması müəyyən olunmuş, qətnamə X2 adına atası - «Borclu» yazılmaqla yeni doğum haqqında şəhadətnamə verilməsi üçün əsas hesab edilmiş, Cavabdeh Borclu xx.xx.2018-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Tələbkar verilməsi qət edilmişdir.

Ərizə tələbi, icraat iştirakçılarının izahatları

2. Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək, Sabirabad Rayon Məhkəməsinin 13 mart 2020-ci il tarixli, 2(056)-373/2020 saylı qətnaməsinə əsasən himayəsində olan xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün müəyyən edilmiş 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində alimentin həcmi bir uşaq üçün, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,48 misli həddində indeksasiya olunması və sonrakı artımlar nəzərə alınmaqla hər ay ona ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

3. Ərizənin əsaslarına görə Sabirabad Rayon Məhkəməsinin 13 mart 2020-ci il tarixli, 2(056)-373/2020 saylı qətnaməsi ilə cavabdeh Borclu İsmayl oğlundan xx.xx.2018ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutularaq Tələbkar verilməsi və alimentin bu qaydada tutulmasının 29 yanvar 2020-ci il tarixdən hesablanması qət edilmişdir. Hazırda həmin aliment xx.xx.2018-ci il təvəllüdlü Nuray adlı uşağın dolanışığı üçün qarşılamır. Özü də çətinliklə uşağı saxlayır. Hazırda qanunvericiliyə uyğun olaraq alimentin indeksasiyası vacibdir. 2026-cı ildə indeksasiya həyata keçirilən zaman qüvvədə olan əmək haqqı məbləğinin təqribən 0,48 mislini təşkil etdiyindən alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,48 misli həddində indeksasiya olunmaqla alimentin miqdarının həcmi artırılmalıdır.

4. Məhkəmə iclasında iştirak edən Borclu İsmayl oğlu ərizəyə etiraz edərək izahatında bildirmişdir ki, o işləmir, həmin məbləğdə aliment ödəməyə imkanı yoxdur.

5. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, tələbkar məhkəmə iclasına gəlməmişdir.

Tətbiq edilən hüquq

6. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 110.1. Məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir; Maddə 110.2. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 232.1. Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər; Maddə 232.2. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur; 232.3. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər.

8. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” xx.xx.2024-cü il tarixli Qərarı: “8.4-2. ... Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir).

9. Azərbaycan Respublikası Prezidentinin “Minimum aylıq əməkhaqqının artırılması haqqında” xx.xx.2019-cu il tarixli Sərəncamı: “…

1. Minimum aylıq əməkhaqqının məbləği 250 manat müəyyən edilsin. ...

3. Bu Sərəncamın 1-ci hissəsi 2019-cu il sentyabrın 1-dən qüvvəyə minir.”

Məhkəmənin mövqeyi

10. İşin faktiki hallarından müəyyən olunur ki, Tələbkar ilə Borclu arasındakı birgə nikahdan doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X1 üçün Sabirabad Rayon Məhkəməsinin 13 mart 2020-ci il tarixli, 2(056)-373/2020 saylı qətnaməsi ilə alimentin məbləği ümumilikdə 120 manat məbləğdə müəyyən edilmişdir.

11. Hazırda Tələbkar alimentin indeksasiyasının həyata keçirilməsini və aliment məbləğinin hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,48 misli həddinə uyğunlaşdırılmasını xahiş edir.

12. Məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir.

13. Belə ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.

14. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” xx.xx.2024-cü il tarixli Qərarındakı hüquqi mövqeyə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır.

15. Göründüyü kimi, indeksasiya üzrə həm Ailə Məcəlləsinin tələbi, həm də Ali Məhkəmənin mövqeyi indeksasiyanın ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqına uyğun həyata keçirilməsi yönündədir.

16. Hazırkı işin hallarından görünür ki, yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün tutulan alimentin məbləği Sabirabad Rayon Məhkəməsinin 13 mart 2020-ci il tarixli, 2(056)-373/2020 saylı qətnaməsi ilə 120 manat məbləğdə müəyyən edilmişdir.

17. 2020-ci il üzrə ölkə üzrə minimum əmək haqqı 250 manat müəyyən edilmişdir. 120 manat məbləğdə aliment 2020-ci il üçün minimum əmək haqqının 0,48 misli həddində olmuşdur.

18. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Sabirabad Rayon Məhkəməsinin 13 mart 2020-ci il tarixli, 2(056)-373/2020 saylı qətnaməsinə əsasən tutulmuş alimentin məbləği hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,48 misli həddində indeksasiya olunmalıdır.

19. Göstərilənlərə əsasən və MPM-nin 231, 263-264, 267-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

Ərizə təmin edilsin. Sabirabad Rayon Məhkəməsinin 13 mart 2020-ci il tarixli, 2(056)-373/2020 saylı qətnaməsi ilə Borclu xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay tutulan 120 manat sabit pul məbləğində alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,48 misli həddində indeksasiya olunsun. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sabirabad Rayon Məhkəməsinə şikayət verilə bilər

Hakim: Cavid Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar