Məhkəmə qərarları › İş №8(5-151)-19/2026

Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №8(5-151)-19/2026

06.02.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 8(5-151)-19/2026 06.02.2026 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi, Ərizəçi Borclu iştirakı ilə, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(056)-1690/2024 saylı qətnaməsi üzrə verilmiş icra sənədinin icrasına möhlət verilməsi barədə Borclu ərizəsinə Sabirabad şəhərində, Sabirabad Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sabirabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(056)-1690/2024 saylı qətnaməsinə əsasən, Tələbkar QSC-nin cavabdeh Borclu (üçüncü şəxs Bakı şəhəri, 14 saylı notariat ofisi) qarşı «Nisyə alqı-satqı müqaviləsinin ləğv olunması, əmlakın boşaldılması və təhvil verilməsinə dair» iddiasının təmin edilməsi qət edilmişdir. Borclu qeyd olunan qətnamənin icrasına möhlət verilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ərizəsini onunla əsaslandırmışlar ki, icra sənədinin icrası Sabirabad rayon İcra və Probasiya şöbəsi tərəfindən xx.xx.2026-cı il tarixə, saat 14:30-a təyin edilmişdir. Bilindiyi kimi qış fəslidir. Yanvar ayı qış fəslinin ən sərt aylarından biridir. Onun ailəsi böyükdür. Onlar hamısı Sabirabad rayonu, Nərimankənd kəndində yerləşən, ümumi sahəsi 83.2 kv/m olan fərdi yaşayış evində yaşayırlar. Qətnamə ilə həmin yaşayış sahəsinin boşaldılması və iddiaçıya təhvil verilməsi nəzərdə tutulur. Əgər şaxtalı havada, soyuq qış fəslində evi boşaltsalar, hamısı çöldə, küçədə gecələməli olacaqlar. Onların digər yaşayış sahələri yoxdur. Başa düşür ki, məhkəmə qətnaməsini icra etmək onun vəzifəsidir. Lakin hazırki durumla bağlı tərəfindən qətnamənin icrası ilə bağlı çətinliklər yaranmışdır. Əgər qətnamənin icrası üçün ona 6 ay möhlət verilərsə, heç bir problem olmadan, könüllü olaraq qətnaməni icra etməyə hazır olacaqdır. Belə ki, həmin dövr isti hava olacaq, yəni yay fəsli olacaq, həm də ailənin digər yerdə sığınacaq tapması mümkün olacaqdır. Məhkəmə iclasında iştirak edən ərizəçi Borclu məhkəmədən ərizəsinin təmin edilməsini xahiş etdi. Tələbkar QSC məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilsə də, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 231-ci maddəsinə əsaslanaraq ərizəyə tələbkarın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçini dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, əldə edilərək öyrənilmiş e346982/2024-19-6-004 nömrəli icra işindən görünür ki, icra sənədi xx.xx.2024-cü il tarixində icra şöbəsinin icraatına daxil olmuş, xx.xx.2024-cü il tarixində icraata başlamaq haqqında qərar qəbul edilərək həmin tarixdə tələbin könüllü icrası barədə bildirişlə birgə borcluya ünvanlanmış. xx.xx.2025-ci il tarixli icra sənədinin məcburi icrasının təyin edilməsi barədə bildirişlə icra sənədinin icrası xx.xx.2025-ci il tarixinə, saat 15:00-a təyin edilmiş, xx.xx.2025-ci il tarixli icra sənədinin məcburi icrasının təyin edilməsi barədə bildirişlə icra sənədinin icrası xx.xx.2025-ci il tarixinə, saat 15:00-a təyin edilmiş, xx.xx.2025-ci il tarixində borclunun izahatı alınmış və o, izahatında xx.xx.2025-ci il tarixinədək banka olan borcunu tamamilə ödəyəcəyini, ödəyə bilmədiyi təqdirdə həmin tarixdə evi tam boşaldaraq banka təhvil verəcəyini qeyd edib icra sənədinin icrasının xx.xx.2025-ci il tarixinədək təxirə salınmasını xahiş etmiş, xx.xx.2025-ci il tarixində borclu icra və probasiya şöbəsinə yazılı iltizam verərək iltizamda özü və ailəsi üçün kirayə ev tapa bilmədiyindən 2026-cı ilin yanvar ayının 9-dək vaxt verilməsini xahiş etmiş, xx.xx.2026-cı il tarixədək evi tam boşaldaraq və evdən çıxaraq tələbkara təhvil verəcəyinə söz vermiş, xx.xx.2026-cı il tarixli icra sənədinin məcburi icrasının təyin edilməsi barədə bildirişlə icra sənədinin icrası xx.xx.2026-cı il tarixinə, saat 14:30-a təyin edilmiş, xx.xx.2026-cı il tarixli icra sənədinin məcburi icrasının təyin edilməsi barədə bildirişlə isə icra sənədinin icrası xx.xx.2026-cı il tarixinə, saat 14:30-a təyin edilmişdir. Beləliklə icra işindən də göründüyü kimi, icra sənədi icra və probasiya şöbəsinin icraatına daxil olduğu zamandan 1 il 2 aydan artıq vaxt keçsə də, icra edilməmiş, icra edilməməsinin bir səbəbi də borclunun yalan vədlər verməklə süni şəkildə icra məmurundan vaxtlar əldə etməklə icra sənədinin icrasına maneçilik törətməsi olmuşdur. İcra işi üzrə işin gedişatına əsasən də məhkəmə hesab edir ki, borclu icra məmuru tərəfindən ona verilmiş vaxtlar üzrə (yalan vədlərinə əsasən) icra sənədini icra etmədiyinə görə artıq icra məmuruna gətirə biləcəyi səbəb qalmadığından, icra sənədinin icrasına süni maneçilik yaradılması məqsədi ilə prosessual qanunvericiliyin ona verdiyi hüquqdan suiistifadə edərək, hazırki halda məhkəmədən ona 6 ay möhlət verilməsinə nail olmaqla icra sənədinin icrasının uzadılmasına nail olmaq niyyətindədir. Bu hal isə tələbkarın Azərbaycan Respublikası Konstitusiyası ilə müəyyən edilmiş qətnamənin icrası ilə bağlı hüququnun pozuntusuna gətirib çıxarmaqdadır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə həmçinin ərizəçinin dəlilinə münasibətdə qeyd edir ki, ərizəçi qış fəslinin olmasına istinad edib yaşamağa yeri olmadığını göstərsə də, icra işindən də göründüyü kimi icra sənədi üzrə icraata 2024-cü ilin dekabr ayının əvvəllərində başlanılmış, onun 2025-ci ilin qış fəslini çıxarılması tələb edilən evdə keçirməsi üçün şərait yaradılmış, 2025-ci ilin qış fəslindən sonrakı fəsillərdə də borclu icra sənədinin icrasını təmin etməmişdir. Beləliklə, qeyd edilənlər əsasında məhkəmə hesab edir ki, qanuni qüvvəsini almış Sabirabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(056)-1690/2024 saylı qətnaməsinin icrasına möhlət verilməsinə dair hər hansı əsasların olmadığı səbəbindən ərizə təmin edilməməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 266-268 maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Sabirabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(056)-1690/2024 saylı qətnaməsinin icrasına möhlət verilməsinə dair Borclu ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada əldə edildikdən sonra 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar