Məhkəmə qərarları › İş №8(5-151)-22/2026

Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №8(5-151)-22/2026

03.02.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 8(5-151)-22/2026 03.02.2026 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Cavid Zahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X6 oğlunun katibliyi, Sabirabad Rayon İcra və Probasiya şöbəsinin icra məmuru Əkrəm Zaidin, Tələbkar Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə, Sabirabad Rayon İcra və Probasiya şöbəsinin icra məmuru Əkrəm Zaidin Borclu əmlakının üzərinə həbs qoyulması barədə təqdimatına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, aşağıdakı qərardadı qəbul etdi. İşin halları

1. Sabirabad regional “Asan xidmət” mərkəzində Notariat Kontorunun 8İ-13665 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən Tələbkar Açıq Səhmdar Cəmiyyətinin xeynnə borclular X4, X3, Borclu cəmi 16234 manat 30 qəpik (on altı min iki yüz otuz dörd manat otuz qəpik) pul tutulmalıdır.

2. Sabirabad Rayon İcra və Probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli qərarı ilə Sabirabad regional “Asan xidmət” mərkəzində Notariat Kontorunun 8İ-13665 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə icraata başlanmışdır.

3. xx.xx.2025-ci il tarixdə borcluya tələbin könüllü icrası barədə bildiriş göndərilmişdir.

Təqdimatın tələbi, icraat iştirakçılarının izahatları

4. Sabirabad Rayon İcra və Probasiya şöbəsinin icra məmuru Əkrəm Zaid təqdimatla məhkəməyə müraciət edərək, icra sənədi üzrə Borclu məxsus olan “Vaz 2106” minik markalı, 18BJ682 dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir.

5. Təqdimatın əsaslarına görə, Sabirabad regional “Asan xidmət” mərkəzində Notariat Kontorunun 8İ-13665 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeynnə borclular X4, X3, Borclu cəmi 16234 manat 30 qəpik (on altı min iki yüz otuz dörd manat otuz qəpik) pul tutulmalıdır. İcra sənədi xx.xx.2025-ci il tarixdə Sabirabad rayon İcra və probasiya şöbəsinə daxil olmus və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeydolunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasistəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus olan Vaz 2106 minik markalı, 18BJ682 dövlət qeydiyyat nişanlı avtomobili vardır.

6. Məhkəmə iclasında iştirak edən icra məmuru təqdimatın dəlillərinə uyğun izahat verib, təqdimatın təmin olunmasını xahiş etdi.

7. Məhkəmə iclasında iştirak edən tələbkarın nümayəndəsi təqdimatın təmin olunmasını xahiş etdi.

8. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, borclu məhkəmə iclasına gəlməmişdir.

Tətbiq edilən hüquq

9. Azərbaycan Respublikası Konstitusiyası: İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir; İİ. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.

10. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 5. ... Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır; Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.

11. “İcra haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 43.1. Məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; Maddə 45.1. Tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir; Maddə 50.1. İcraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur; Maddə 50.2. Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur.

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 231.3-1. Məhkəmə borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimata onun daxil olduğu vaxtdan 5 iş günü müddətində, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi haqqında ərizələrə və icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara onların daxil olduğu vaxtdan 10 iş günü müddətində baxır. Maddə 231.4. Qətnamə icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması barədə məhkəmə qərardadından şikayət verilə bilər.

Məhkəmənin mövqeyi

13. İlk növbədə qeyd olunmalıdır ki, məhkəmə qərarlarının icrası mütləqdir. Konstitusiyanın 29-cu maddəsində də qərarların icrasının məcburiliyi və məhkəmə qərarının icra olunmamasının qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olması göstərilmişdir.

14. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də özünün bir çox qərarlarında məhkəmənin yekun qərarlarının icrasının ədalətli məhkəmə araşdırması hüququnun ayrılmaz tərkib hissəsi olduğunu və Konvensiyanın 6-cı maddəsi ilə təminat altına alındığını vurğulamışdır.

15. “Cəfərov Azərbaycana qarşı” iş üzrə xx.xx.2010-cu il tarixli və “Cəfərli və digərləri Azərbaycana qarşı” xx.xx.2010-cu il tarixli qərarlarında Avropa Məhkəməsi göstərmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi hər kəsin hüquq və vəzifələrinə aid iddiasının məhkəmə və ya tribunal qarşısına çıxarılması hüququnu təmin edir, bu mənada, o, “məhkəmə hüququnu” ehtiva edir ki, mülki məsələlərdə icraatı başlamaq hüququ olan məhkəməyə müraciət etmək hüququ onun bir aspektidir. Lakin Razılığa gələn Yüksək Tərəflərin daxili hüquq sistemləri yekun məcburi məhkəmə qərarının bir tərəfin zərərinə hərəkətsiz qalmasını mümkün edərsə, bu hüquq xəyali olar. Bu ağlasığmaz olar, əgər Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi tərəflərə verilən prosessual təminatları təfsilatı ilə izah etsin - ədalətli, açıq və sürətli məhkəmə araşdırmaları - lakin məhkəmə qərarlarının icrası qorunmasın, Konvensiyanın 6-cı maddəsini yalnız məhkəməyə müraciət etmək və araşdırmaların nəticələnməsi hüququnu verən kimi şərh etmək, Razılığa gələn X2 ratifikasiya edərkən üzərlərinə götürdükləri qanunun aliliyi prinsipi ilə zidd olan vəziyyətlərə gətirib çıxarmaq kimi olar. Buna görə, Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün məhkəmə qərarının icra olunması “araşdırmanın” ayrılmaz hissəsi kimi qiymətləndirilməlidir.

16. Borclunun əmlakı üzərinə həbs qoyulması icra sənədinin icrasına yönəlmiş addım olmaqla, məcburi icra tədbirlərindən biridir.

17. Təqdimatdan müəyyən olunur ki, icra sənədi üzrə borc mövcuddur. Eyni zamanda, iş materiallarından görünür ki, üzərinə həbs qoyulması xahiş edilən əmlak borclunun mülkiyyətindədir.

18. Odur ki, məhkəmə hesab edir ki, təqdimat təmin olunmalı, Borclu mülkiyyətində “Vaz 2106” minik markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmalıdır.

19. Göstərilənlərə əsasən və MPM-nin 231, 263-264, 267-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

Təqdimat təmin edilsin. Borclu məxsus “Vaz 2106” minik markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardadın icrası Sabirabad Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sabirabad Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Cavid Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar