Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 8(5-151)-27/2026 09.02.2026 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi, Şikayətçi Tələbkar iştirakı ilə, Sabirabad rayon İcra və Probasiya Şöbəsinin “İcra sənədinin qaytarılması barədə” xx.xx.2025-ci il tarixli qərarından xx.xx.2025-ci il tarixli 2(056)-2655/2024-020 saylı icra sənədi üzrə Tələbkar tərəfindən verilmiş şikayətə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sabirabad rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli qərarına əsasən Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(056)-2655/2024-020 saylı icra sənədi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 23.1.5-ci maddəsinə əsaslanmaqla Sabirabad Rayon Məhkəməsinə qaytarılmışdır. Sabirabad rayon İcra və Probasiya Şöbəsinin “İcra sənədinin qaytarılması barədə” xx.xx.2025-ci il tarixli Qərarından Tələbkar şikayət verərək qərarın ləğv olunmasını, yenidən icra vərəqəsi verilməklə başqa rayonun İcra və Probasiya şöbəsinə göndərilməsini xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, Sabirabad rayon İcra və Probasiya şöbəsinin icra məmuru qanunu pozmaqla icra sənədini icra etmədən geri qaytarmışdır. Ona görə ki, ilk dəfə Sabirabad rayon İcra və Probasiya şöbəsinə o, gedəndə onu şərlədilər və polisə apardılar. Halbuki, hamısı qurma iş idi ki, məhkəmə qətnaməsi icra edilməsin. İcra məmuru tətbiq etdiyi qanunu düzgün tətbiq etməmişdir. Ona görə ki, qərarda onun icra sənədinin icrasına mane olması qeyd edilmişdir. Halbuki, o, icra şöbəsinə ilk dəfə gələndə atasını şərlədilər, daha sonra özünü şərlədilər. Sabirabad rayon İcra və Probasiya şöbəsinin əməkdaşları borcluya tərəf hərəkət edirlər. Onlar icra vərəqəsini icra etmək əvəzinə onu süründürürlər. Bununla bağlı müxtəlif təşkilatlara şikayətlər etmişdir. Hətta icra qrupunun rəhbəri və icra məmuru ona bildirmişdir ki, ölsəndə sənə uşaq verməyəcəyəm. O, Sabirabad rayon İcra və Probasiya şöbəsinə getməkdən qorxur. Məhkəmə iclasında iştirak edən şikayətçi Tələbkar ərizəyə uğun məzmunda izahat verərək və əlavə olaraq bildirdi ki, o, övladını istəyir. Övladının 5 yaşı vardır və ona ehtiyacı vardır. Qərarda göstərilmiş tarixlərdə o, icra şöbəsinə qorxularına görə görə gedə bilməmişdir. Əgər o, icra sənədinni icrasına mane olmaq, icra sənədinni icra edilməməsini arzulamaq niyyətində olsa idi, nə bu qərardan şikayət verərdi, nə də müxtəlif orqanalara şikayət ərizələri ünvanlayardı. Hazırki şikayətlə müraciət etdikdən sonra icra məmurunun və ya icra şöbəsinin dəyişdirilməsi proseduru ona izah edildiyi üçün o, hazırki şikayətinin icra məmurunun qərarının ləğv edilməsi hissəsində müdafiə edir və həmin hissədə təmin edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilmiş Sabirabad rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1 məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə həmin şəxslərin iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tələbkarı dinləyib, şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğu üçün təmin edilməli və Sabirabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli “İcra sənədinin qaytarılması barədə” qərarı ləğv olunmalı və icra sənədi icra tədbirlərinin təmin edilməsi məqsədilə Sabirabad rayon İcra və Probasiya Şöbəsinə qaytarılmalıdır. Belə ki, şifahi sorğu əsasında əldə edilmiş e151401/2025-19-9 saylı icra işi tədqiq edilərkən müəyyən edilmişdir ki, icra sənədi icra məmurunun icraatına daxil olduqdan sonra xx.xx.2025-ci il tarixində icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası barədə bildiriş qəbul edərək borcluya ünvanlamış, xx.xx.2025-ci il tarixli icra sənədinin məcburi icrasının təyin edilməsi barədə bildirişlə icra sənədinin icrasını xx.xx.2025-ci il tarixinə, saat 11:00-a təyin etmiş, xx.xx.2025-ci il tarixində akt tərtib etmiş, aktda hər iki tərəfin icra məmurunun otağında bir-birini nalayiq söyüşlərlə söydüyü, icra məmurunun tərəflərin sakitliyə dəvət etsə də, onların buna məhəl qoymadığı, bu səbəbdən inzibati binadan onların müvəqqəti çıxarılmaları, saat 11:25-də təkrarən tərəflərin inzibati binaya dəvət edildiyi, Elgün adlı uşağın uca səslə ağlayaraq anası ilə getmək istəmədiyini bildirdiyi, icra məmuru tərəfindən profilaktik söhbət aparılsa da, onun anası ilə getmək istəmədiyini bildirdiyi, həmçinin tələbkarın uşağı ilə danışıqlar apardığı, lakin uşağın ağlayaraq anası ilə getməyəcəyini bildirdiyi qeyd edilmiş, tələbkar aktı imzalamaqdan imtina etmişdir. Bundan sonra icra məmuru xx.xx.2025-ci il tarixli icra sənədinin məcburi icrasının təyin edilməsi barədə bildirişlə icra sənədinin icrasını xx.xx.2025-ci il tarixinə, saat 11:00-a təyin etmiş, xx.xx.2025-ci il tarixində akt tərtib etmiş, aktda tərəflərin və psixoloqun iştirakı ilə icra məmurunun iş otağında Elgün adlı uşaqla söhbət aparılıb anası ilə getməli olduğunun izah edildiyi, lakin uşağın ağlayaraq anası ilə getmək istəmədiyini bildirdiyi, anası ilə görüşməkdən və getməkdən imtina etdiyi qeyd edilmiş, aktın nəticə hissəsində tələbkarın adı daxil edilməmiş və onun tərəfindən akt imzalanmamışdır. Bundan sonra xx.xx.2025-ci il tarixli icra sənədinin məcburi icrasının təyin edilməsi barədə bildirişlə icra sənədinin icrasını xx.xx.2025-ci il tarixinə, saat 11:00-a təyin etmiş, xx.xx.2025-ci il tarixində akt tərtib etmiş, aktda isə tələbkarın icra şöbəsinə gəlmədiyi, onunla telefon əlaqəsi saxlanıldığı zaman gəlməyəcəyini bildirdiyi, səbəb olaraq uşağının ona verilməməsini göstərdiyini əsas gətirərək lazımi qurumlara şikayət edəcəyini bildirməsi göstərilmiş, xx.xx.2025-ci il tarixində isə icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 23.1.5-ci maddəsinə əsaslanmaqla tələbkarın icra sənədinin icrasına mane olması əsası ilə icra sənədinin geri qaytarılması barədə qərar qəbul edilmişdir. Qəbul edilmiş qərardan və icra işindən də göründüyü kimi, tələbkar yalnız xx.xx.2025-ci il tarixinə təyin edilmiş icra sənədinin icrası vaxtında icra şöbəsinə gəlməmiş, xx.xx.2025-ci il tarixində isə aktın yuxarı hissəsində tələbkarın iştirak etdiyi qeyd edilmiş, aktın nəticə hissəsində isə tələbkarın adı daxil edilməmiş və akt ona imza etdirilməmişdir. Həmçinin icra işindən görünür ki, tərəflərin uşağı 5 yaşında olmaqla psixoloqun iştirakı ilə icra sənədinin icrası həyata keçirilməyə çalışılmış, aktdan görünən hala görə uşaq ağlayaraq anasına getmək istəməmiş, psixoloqun isə bu halla bağlı hər hansı rəyi əldə edilməmişdir. Son olaraq isə o, qeyd edilməlidir ki, icra məmuru tələbkarın icra sənədinin icrasına mane olduğu qənaətinə gəlsə də, sonuncu qəbul edilmiş aktdan da görünür ki, tələbkar uşağının ona verilməməsini əsas göstərib lazımi qurumlara şikayət edəcəyini bildirmiş, iş icra işinə əlavə edilmiş arayışlarla da tələbkarın həqiqətən də icra sənədinin icra olunmaması ilə əlaqədar İcra Baş İdarəsinə şikayətlər ünvanladığı təsdiqini tapmışdır. Həmçinin o da qeyd edilməlidir ki, tələbkarın bir dəfə (aktlara əsasən) icra sənədinin icrası zamanınında iştirak etməməsi onun icra sənədinin icrasına mane olması kimi qiymətləndirilə bilməz. Bundan başqa, icra işi tədqiq edilərkən qəbul edilmiş və hazırda mübahisələndirilən qərarın icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq edilməsi halı icra işi ilə müəyyən edilməmişdir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 23.1.5-ci maddəsinə əsasən, tələbkar öz hərəkətləri (hərəkətsizliyi) ilə icra sənədinin icrasına mane olduqda icra sənədi icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi və xüsusi icra məmurunun icraatında olan icra sənədi tələbkara) qaytarılır. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən, tələbin icrası bu Qanunun 23.1.2 - 23.1.5-ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir. İcra işindən də göründüyü kimi, sonuncu akt xx.xx.2025-ci il tarixində qəbul edilmiş, həmin aktda Sabirabad rayon İcra və Probasiya şöbəsinin rəisi Dəyanət Lətifovun adı daxil edilmiş, lakin akt nə onun tərəfindən imza edilmiş, nə də təsdiq edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 70.4-cü maddəsinə əsasən, icra sənədinin icrası mümkün olmadıqda, icra məmuru icra sənədinin məhkəməyə və ya icra sənədini vermiş digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması haqqında qərar qəbul edir. İcra məmurunun bu qərarı icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Həmçinin qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. “İcra haqqında” Qanunun 2.1-ci maddəsinə görə Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. “İcra haqqında” Qanunun 3-cü maddəsinin tələblərinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar məhkəmə icraçılarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Habelə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu öz qərarlarında qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmaqla xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağılasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (“Hornsbi Yunanıstana qarşı iş” üzrə 19 mart 1997-ci il tarixli Qərar). Məhkəmə hesab edir ki, Sabirabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru xx.xx.2025-ci il tarixli “İcra sənədinin qaytarılması barədə” qərar qəbul edərkən qanunvericiliyin tələblərinə əməl edilməmiş, tələbkarın bir dəfə icra sənədinin icrası tədbirində iştirak etməməsi əsassız olaraq onun icra sənədinin icrasına mane olması kimi qiymətləndirilmişdir. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, şikayət təmin olunmalı, Sabirabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli “İcra sənədinin qaytarılması barədə” qərarı ləğv olunmalı və Sabirabad rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(056)-2655/2024-020 saylı icra sənədi icra edilməsi üçün yenidən Sabirabad rayon İcra və Probasiya Şöbəsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şikayət təmin edilsin. Sabirabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 tərəfindən qəbul edilmiş “İcra sənədinin qaytarılması barədə” xx.xx.2025-ci il tarixli qərarı ləğv olunsun. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(056)-2655/2024-020 saylı icra sənədi icra edilməsi üçün yenidən Sabirabad rayon İcra və Probasiya Şöbəsinə qaytarılsın. Qərardaddan 10 gün müddətində Sabirabad Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №8(5-151)-27/2026
Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №8(5-151)-27/2026
09.02.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver