Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 8(5-151)-31/2026 13.02.2026 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi, Ərizəçi Borclu, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Borclu «qətnamənin icrasına möhlət verilməsi və avtomobilin üzərindən həbsin götürülməsi» barədə ərizəsinə Sabirabad şəhərində, Sabirabad Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Borclu «qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi və avtomobilin üzərindən həbsin götürülməsi» barədə ərizə və həmin ərizə üzrə tələbin dəqqiləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10(102)-295/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsi əsasında müəyyənləşdirilmiş məbləğin ödənilməsinə 5 (beş) il möhlət verilməsi və **-BH-*** dövlət qeydiyyat nişanlı, «SHMİTZ» markalı yarımqoşqulu avtomobilin üzərindən həbsin götürülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Borclu ərizəsini onunla əsaslandırmışdır ki, Qazaxıstan Respublikasının Qərbi X2 şəhərindən 2 saylı Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsindən görünür ki, ondan Tələbkar Zietdenulinin xeyrinə maddi ziyan əvəzi kimi 5.305.684 tenqe, cərimə dayanacağına görə xərcin əvəzi olaraq 85.000 tenqe, evakuatora görə xərcin əvəzi olaraq 28.000 tenqe, nümayəndə yardımının ödəniş xərcləri 530.568 tenqe və ödənilmiş dövlər rüsumunun əvəzi olaraq 53.056 tenqe məbləğində pulun tutulması qət edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Beynəlxalq Əməkdaşlıq İdarəsinin xx.xx.2025-ci il tarixli məktubu ilə Qazaxıstan Respublikasının Qərbi X2 şəhərindən 2 saylı Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsinin Azərbaycan Respublikasının ərazisində tanınması və icrası barədə Tələbkar Zietdenulinin tərəfindən verilmiş vəsatət və əlavə olunmuş sənədlər aidiyyəti üzrə baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10(102)-295/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə Qazaxıstan Respublikasının Qərbi X2 şəhərindən 2 saylı Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsinin Azərbaycan Respublikasının ərazisində tanınması və icra edilməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası həmin qərardadın icrası ilə əlaqədar xx.xx.2025-ci il tarixli icra vərəqəsini icra edilməsi üçün Sabirabad rayon İcra və Probasiya şöbəsinə göndərmişdir. Sabirabad rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərar qəbul etmişdir. O, aşağıdakı əsaslara görə Qazaxıstan Respublikasının qətnaməsini icra etmək iqtidarında deyildir. Belə ki, hal-hazırda "xxxx" ASCdən götürdüyü kreditə görə aylıq 425 manat, "xxxx" ASC-dən götürdüyü iki kredit müqaviləsinə görə onlardan birinə 905 manat, digərisə isə 1205 manat, "xxxx" ASC-dən götürdüyü kreditə görə isə hər ay 300 manat, ümumilikdə 1930 manat məbləğində banklara pul ödəyir. Rəsmi əmək haqqı 1056 manat olduğuna görə, hər ay kreditləri ödəmək üçün borc almaq məcburiyyətində qalır. Bütün bunlara görə məhkəmə qətnaməsini birbaşa icra etmək iqtidarında deyil. Bundan əlavə, ona məxsus **-BH-*** dövlət qeydiyyat nişanlı, «SHMİTZ» markalı yarımqoşqulu avtomobilin üzərinə həbs qoyulmuşdur. O, həmin avtomobil vasitəsi ilə həm ailəsini dolandırır, həm də yuxarıda qeyd olunan kreditləri ödəyir. Avtomobilin üzərinə həbs qoyulması onu çox çətin vəziyyətə salmışdır. Artıq onun və ailəsi üçün çətin bir vəziyyət yaranmışdır. Məhkəmə iclasında iştirak edən ərizəçi Borclu avtomobilin üzərinə həbs qoyulmasını rəsmi bilmədiyini, icra məmurunun şifahi məlumatı əsasında öyrəndiyini bildirib, ərizəsinə uyğun izahat verərək məhkəmədən ərizəsinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən ərizəçi Borclu nümayəndəsi və vəkili Vəkil ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 231-ci maddəsinə əsaslanaraq ərizəyə tələbkarın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçini dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10(102)-295/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, Qazaxıstan Respublikasının X1 şəhərindən 2 saylı Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsinin Azərbaycan Respublikasının ərazisində tanınması və icra edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10(102)-295/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı əsasında xx.xx.2025-ci il tarixində verilmiş icra vərəqəsindən görünür ki, cavabdeh Borclu iddiaçı Tələbkar Zietdenulinin xeyrinə maddi ziyan əvəzi kimi 5.305.684 tenqe, cərimə dayanacağına görə xərcin əvəzi olaraq 85.000 tenqe, evakuatora görə xərcin əvəzi olaraq 28.000 tenqe, nümayəndə yardımının ödəniş xərcləri 530.568 tenqe və ödənilmiş dövlər rüsumunun əvəzi olaraq 53.056 tenqe məbləğində pulun tutulması qət edilmişdir. xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10(102)-295/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Ərizəyə həmçinin bankla olan müqavilələr, ödəniş cədvəlləri və nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi əlavə edilmiş, məhkəmə həmin sənədləri də tədqiq etmişdir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarına əsasən, Konstitusiya Məhkəməsinin Plenumu Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqların səmərəli müdafiəsinin vacibliyini dəfələrlə qeyd etmişdir. (Konstitusiya Məhkəməsi Plenumunun A.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixli, S.Rəsulovanın şikayəti üzrə 9 mart 2005-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarları). Bu mənada Konstitusiya Məhkəməsinin təcrübəsində Konstitusiyanın 60-cı maddəsinin İ hissəsində yer alan hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsi təminatına böyük önəm verilir. Belə ki, bu hüquq əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, eyni zamanda Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində çıxış edir. Məhkəmə müdafiəsi hüququ pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. (Konstitusiya Məhkəməsi Plenumunun E.Həkimovun şikayəti üzrə 3 noyabr 2008-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli Qərarları). Nəzərə almaq lazımdır ki, ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyildir ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.1-ci maddəsinin şərh edilməsi haqqında” 13 dekabr 2010-cu il tarixli Qərarı). Buna görə də məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə mənfi təsir göstərə bilər. Məhkəmə müdafiəsi hüququnun məzmununa gəldikdə isə o, bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir (Konstitusiya Məhkəməsi Plenumunun Viktor Ozerovun şikayəti üzrə 15 aprel 2011-ci il tarixli, C.İsmayılzadənin şikayəti üzrə 6 iyun 2014-cü il tarixli və “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” 4 iyul 2014-cü il tarixli Qərarları). Məhkəməyə müraciət etmək hüququ bu mənada xüsusi önəm daşıyır. Belə ki, sözügedən hüququn pozulması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini əhəmiyyətsiz edir. Bu hüquq hüquqi dövlət prinsipləri baxımından təfsir olunmalıdır. O, iş üzrə tərəflərin açıq və aydın məhkəmə müdafiə vasitələrinə çıxışını təmin etməklə onların öz hüquqlarının müdafiəsi üçün effektiv və real imkanlarının olmasını nəzərdə tutur. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır. Mübahisənin mahiyyəti üzrə həll edilməməsi məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdıraraq, onun pozulmasına səbəb ola bilər. Burada nəzərə almaq lazımdır ki, məhkəməyə müraciət etmək hüququ yalnız icraatın başlanmasını əhatə etmir, o həmçinin mübahisənin məhkəmə vasitəsilə həllini də nəzərdə tutur. (Konstitusiya Məhkəməsi Plenumunun “Vəkil şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 29 aprel 2014-cü il tarixli Qərarı). Avropa Məhkəməsi də məsələyə dair oxşar mövqelər ifadə etmişdir. Belə ki, Məhkəmənin bir sira Qərarlarında ifadə olunan hüquqi mövqeyə görə, fərdlərə məhkəmədə mülki iddia qaldırmaq hüququ verməklə həmin iş üzrə yekun qərarın qəbul olunmasının təmin edilməməsi məhkəməyə müraciət etmək hüququnu qeyri-real edərdi. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə tərəflərə verilən prosessual təminatların (ədalətli, açıq və sürətli məhkəmə araşdırması) təfsilatı ilə izah edilməsi müqabilində mülki mubahisələrin qəti həllinin təmin edilməməsi ağlasığmaz olardı. (Kutic Xorvatiyaya qarşı iş üzrə 1 mart 2002-ci il tarixli Qərar, § 25 və Çuykina Ukraynaya qarşı iş üzrə 13 yanvar 2011-ci il tarixli Qərar, § 50). Həmin qərarda həmçinin göstərilmişdir ki, qətnamənin icrasına möhlət verilməsi tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə möhlətin verilməsi müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının əsassız məhdudlaşdırılmasına yönəlməməlidir. Bunun üçün, ilk növbədə, qətnamənin icrasına möhlət bu aktın özü ilə əvəzlənməməli, onun məzmununu dəyişdirməməli, möhlətin müddəti isə məhkəmə müdafiəsinin səmərəliliyinə xələl gətirməməlidir. Hazırki halda icra qeyd edilən icra sənədi üzrə icra hərəkətlərin həyata keçirilməsində ciddi maneə və çətinlik olması müəyyən edilməməkdədir. Göründüyü kimi, ərizəçi qətnamənin icrasına 5 il müddətinə möhlət verilməsini tələb etmişdir ki, bu da ərizəçinin tələbkara münasibətdə məhkəmə müdafiəsinin səmərəliliyinə xələl gətirməyə çalışması, tələbkarın hüquqlarının əsassız və uzun müddət məhdudlaşdırılmasına yönələn addımlar atması kimi qiymətləndirilməlidir. Ona görə də məhkəmə hesab edir ki, ərizə qətnamənin icrasına möhlət verilməsi hissəsində əsassız hesab edilərək təmin edilməməlidir. Ərizənin avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi hissəsinə münasibətdə isə qeyd edilməlidir ki, Sabirabad Rayon Məhkəməsinin Məhkəmə İnformasiya Sistemində araşdırma aparılakən ərizəçiyə məxsus avtomobilin üzərinə həbs qoyulması ilə bağlı hər hansı təqdimatın məhkəməyə daxil olması və ya avtomobilin üzərinə həbs qoyulması barədə qərardadın qəbul edilməsi faktı aşkar edilməmişdir. Ərizəçi özü də məhkəmədə bildirmişdir ki, o, avtomobilinin üzərinə həbs qoyulmasını şifahi formada icra məmurundan eşitmişdir. Belə olan halda məhkəmə hesab edir ki, ərizəçiyə məxsus avtoçobilin üzərinə həbs qoyulması faktı müəyyən edilmədiyindən onun avtomobilinin üzərinə qoyulmuş həbsin götürülməsindən də söhbət gedə bilməz. Ona görə də ərizə bu hissədə də əsassız hesab edilərək təmin edilməməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 266-268 maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Borclu «qətnamənin icrasına möhlət verilməsi və avtomobilin üzərindən həbsin götürülməsi» barədə ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada əldə edildikdən sonra 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №8(5-151)-31/2026
Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №8(5-151)-31/2026
13.02.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver