Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 8(5-151)-44/2026 16.03.2026 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Cavid Zahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4 oğlunun katibliyi, Borclu iştirakı ilə, Borclu Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının qərardadının hissə-hissə icra edilməsi barədə ərizəsinə və ona əlavə edilmiş sənədlərə, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İşin halları
1. Qazaxıstan Respublikasının X1 şəhərinin 2 saylı Məhkəməsinin 15 may 2025-ci il tarixli qətnaməsindən görünür ki, Borclu Tələbkar Zietdenulının xeyrinə maddi ziyanın əvəzi kimi 5.305.684 tenqe, cərimə dayanacağına görə xərcin əvəzi olaraq 85.000 tenqe, evakuatora görə xərcin əvəzi olaraq 28.000 tenqe, nümayəndəyə görə çəkilmiş xərcin əvəzi olaraq 530.568 tenqe və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 53.056 tenqe məbləğində pulun tutulması qət edilmişdir.
2. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 10(102)-295/2025 nömrəli qərardadına əsasən vəsatət təmin edilmiş, Qazaxıstan Respublikasının X1 şəhərinin 2 saylı Məhkəməsinin 15 may 2025-ci il tarixli qətnaməsinin Azərbaycan Respublikasında tanınması və icra edilməsi qərara alınmışdır.
Ərizə tələbi, proses iştirakçılarının izahatları
a) Ərizə tələbi
3. Borclu ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 10(102)-295/2025 saylı xx.xx.2025-ci il tarixli İcra Vərəqəsi əsasında müəyyənləşdirilmiş məbləğin hissə-hissə icra edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir.
4. Ərizənin dəlillərinə görə, hal-hazırda “Bank of Baku“ ASC-dən götürdüyü kreditə görə aylıq 425 manat, "xxxx" ASC-dən götürdüyü iki kredit müqaviləsinə görə onlardan birinə 905 manat, digərinə görə isə 1205 manat, "xxxx" ASC-dən götürdüyü kreditə görə isə hər ay 300 manat ümumilikdə 1930 manat məbləğində banklara pul ödəyirə. Rəsmi əmək haqqı 1056 manat olduğuna görə, hər ay kreditləri ödəmək üçün borc almaq məcburiyyətində qalır. Bütün bunlara görə, məhkəmə qətnaməsini birbaşa icra etmək iqtidarında deyil.
b) Proses iştirakçılarının izahatları
4. Borclu ərizənin dəlillərinə uyğun izahat verərək başqa kreditlər üzrə borcları olduğundan hər ay 100-150 manat olmaqla ödəniş edə biləcəyini bildirmiş v ərizənin təmin olunmasını xahiş etmişdir.
5. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, icra məmuru və tələbkar məhkəmə iclasına gəlməmişdir.
Tətbiq edilən hüquq
6. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 129. Məhkəmə qərarları və onların icrası İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir; İİ. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.
7. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 5. ... Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır; Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 15.2. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Maddə 231.1. İşə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır; Maddə 231.4. Qətnamə icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması barədə məhkəmə qərardadından şikayət verilə bilər.
Məhkəmənin mövqeyi
9. Məhkəmə ərizə və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməməlidir.
10. İlk növbədə qeyd olunmalıdır ki, məhkəmə qərarlarının icrası mütləqdir. Konstitusiyanın 29-cu maddəsində də qərarların icrasının məcburiliyi və məhkəmə qərarının icra olunmamasının qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olması göstərilmişdir.
11. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də özünün bir çox qərarlarında məhkəmənin yekun qərarlarının icrasının ədalətli məhkəmə araşdırması hüququnun ayrılmaz tərkib hissəsi olduğunu və Konvensiyanın 6-cı maddəsi ilə təminat altına alındığını vurğulamışdır.
12. “Cəfərov Azərbaycana qarşı” iş üzrə xx.xx.2010-cu il tarixli və “Cəfərli və digərləri Azərbaycana qarşı” xx.xx.2010-cu il tarixli qərarlarında Avropa Məhkəməsi göstərmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi hər kəsin hüquq və vəzifələrinə aid iddiasının məhkəmə və ya tribunal qarşısına çıxarılması hüququnu təmin edir, bu mənada, o, “məhkəmə hüququnu” ehtiva edir ki, mülki məsələlərdə icraatı başlamaq hüququ olan məhkəməyə müraciət etmək hüququ onun bir aspektidir. Lakin Razılığa gələn Yüksək Tərəflərin daxili hüquq sistemləri yekun məcburi məhkəmə qərarının bir tərəfin zərərinə hərəkətsiz qalmasını mümkün edərsə, bu hüquq xəyali olar. Bu ağlasığmaz olar, əgər Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi tərəflərə verilən prosessual təminatları təfsilatı ilə izah etsin - ədalətli, açıq və sürətli məhkəmə araşdırmaları - lakin məhkəmə qərarlarının icrası qorunmasın, Konvensiyanın 6-cı maddəsini yalnız məhkəməyə müraciət etmək və araşdırmaların nəticələnməsi hüququnu verən kimi şərh etmək, Razılığa gələn X2 ratifikasiya edərkən üzərlərinə götürdükləri qanunun aliliyi prinsipi ilə zidd olan vəziyyətlərə gətirib çıxarmaq kimi olar. Buna görə, Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün məhkəmə qərarının icra olunması “araşdırmanın” ayrılmaz hissəsi kimi qiymətləndirilməlidir.
13. Göründüyü kimi, məhkəmə qərarlarının icrasının mütləqliyi konstitision səviyyədə təsbit olunmuşdur, X5 Məhkəməsinin presedentləri baxımından da ədalətli məhkəmə araşdırması hüququnun tərkib hissəsi kimi realizə olunur.
14. MPM-in 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır.
15. Aydın olur ki, qanunvericilik, məhkəmə icraatı tərəflərinin hüquqlarını və qanuni maraqlarını nəzərə alaraq məhkəmə aktlarının icrasının hissə-hissə həyata keçirilməsi, həmçinin onların icrasına möhlət verilməsi institutlarını nəzərdə tutsa da, həmin institutları tənzimləyən MPM-in 231.1-ci maddəsinin məzmununa əsasən bu imkanlar, tərəflərin əmlak vəziyyəti və digər hallarla əlaqələndirilmiş, eləcə də məhkəmə aktının ağlabatan müddət ərzində icra edilməsinin təmin edilməsinə yönəlmişdir.
16. Başqa sözlə, məhkəmə aktının hissə-hissə icra edilməsinə icazə verilməsi bunu xahiş edən şəxsin əmlak vəziyyətinin həmin aktın icrasına maneə törədəcək şəkildə aşağı olmasının müəyyən edilməsindən asılı olduğu qədər, həm də onun təklif etdiyi icra qaydası tələbkarın da hüquqlarını pozmamalı və məhkəmə aktının real icrasını təmin etməli, tələbkarın həmin aktın icrasının qısa müddət ərzində təmin olunmasına dair qanuni mənafeyi mütləq nəzərə alınmalıdır.
17. Məhkəmə hesab edir ki, borclunun sadaladığı dəlillər digər tərəfin qanuni maraqlarına cavab vermir.
18. Belə ki, hazıki iş üzrə borc məbləğinin hissə-hissə icrası yuxarıda sadalanan meyarlara cavab verməməklə icra sənədinin uzun müddət ərzində icra olunması mənasına gəlir, bunu isə ağlabatan müddət kimi qəbul etmək mümkün deyildir.
19. Beləliklə, işin yuxarıda sadalanan hallarını maddi hüquqi əsaslar baxımından yoxlayan məhkəmə hesab edir ki, ərizə təmin edilməməlidir.
20. Məhkəmə göstərilənləri və MPM-nin 231, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq,
qərara aldı:
Borclu Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025ci il tarixli, 10(102)-295/2025 nömrəli qərardadının hissə-hissə icra edilməsi barədə ərizəsi təmin edilməsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sabirabad Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Cavid Cəfərov