Məhkəmə qərarları › İş №8(5-151)-47/2026

Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №8(5-151)-47/2026

10.03.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 8(5-151)-47/2026 10.03.2026 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi ilə, Sabirabad rayon İcra və Probasiya Şöbəsinin “İcra sənədinin qaytarılması barədə” xx.xx.2025-ci il tarixli qərarından icra sənədi üzrə Tələbkar tərəfindən verilmiş şikayətə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sabirabad rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli qərarına əsasən Sabirabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(056)-1590/2022 saylı icra sənədi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 23.1.3-cü maddəsinə əsaslanmaqla Sabirabad Rayon Məhkəməsinə qaytarılmışdır. Sabirabad rayon İcra və Probasiya Şöbəsinin “İcra sənədinin qaytarılması barədə” xx.xx.2025-ci il tarixli Qərarından Tələbkar şikayət verərək qərarın ləğv olunmasını və icraatın davam etdirilməsini xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, Sabirabad rayon İcra və Probasiya şöbəsinin icra məmurunun qərarı əsassız və qanunsuzdur. Bu səbəbdən də ləğv edilməlidir. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(056)-1590/2022 saylı icra sənədinə əsasən borclu X1 cəmi 3817 manat məbləğində pul vəsaitinin tutularaq onun xeyrinə ödənilməsi müəyyən edilmiş, borclu borcun yalnız 900 manatını ödəmiş, yerdə qalan hissəni ödəməkdən qəsdən yayınmışdır. İcra məmuru qeyd edir ki, borclunun adına əlak aşkar edilməmişdir. Lakin borclunun əmək qabiliyyətli olması və qeyri-rəsmi gəlir mənbələrinin olması araşdırılmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Borclu X2 məhkəmə qərarını icra etməməsi qanunvericiliyin tələblərinin pozulmasıdır. “İcra haqqında” Qanunun 23.7-ci maddəsinə əsasən icra sənədinin məhkəməyə qaytarılması əsassızdır. Çünki borc ödənilməmiş qalmışdır. İcra məmuru qanunvericiliyin tələblərini pozaraq icra işini vaxtından əvvəl yekunlaşdırmışdır. Hesab edir ki. icra sənədi üzrə icra hərəkətləri davam etdirilməlidir. Şikayətçi Tələbkar və Sabirabad rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3 məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, Sabirabad rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3 məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə həmin şəxslərin iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğu üçün təmin edilməli və Sabirabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli “İcra sənədinin qaytarılması barədə” qərarı ləğv olunmalı və icra sənədi icra tədbirlərinin təmin edilməsi məqsədilə Sabirabad rayon İcra və Probasiya Şöbəsinə qaytarılmalıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 23.1.3-cü maddəsinə əsasən, borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə icra sənədi geri qaytarılır. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən, tələbin icrası bu Qanunun 23.1.2 - 23.1.5-ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir. Həmin Qanunun 23.7-ci maddəsinə əsasən, icra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin və xüsusi icra məmurunun icraatında olan icra sənədinin tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər.. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 70.4-cü maddəsinə əsasən, icra sənədinin icrası mümkün olmadıqda, icra məmuru icra sənədinin məhkəməyə və ya icra sənədini vermiş digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması haqqında qərar qəbul edir. İcra məmurunun bu qərarı icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Həmçinin qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. “İcra haqqında” Qanunun 2.1-ci maddəsinə görə Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. “İcra haqqında” Qanunun 3-cü maddəsinin tələblərinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar məhkəmə icraçılarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Habelə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu öz qərarlarında qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmaqla xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağılasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (“Hornsbi Yunanıstana qarşı iş” üzrə 19 mart 1997-ci il tarixli Qərar). Məhkəmə hesab edir ki, Sabirabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru xx.xx.2025-ci il tarixli “İcra sənədinin qaytarılması barədə” qərar qəbul edərkən qanunvericiliyin tələblərinə əməl edilməmiş, qəbul edilmiş qərar yoxlanılıb təsdiq edilməmişdir. Həmçinin məhkəmə hesab edir ki, icra məmurunun qeyd edilmiş normaya istinadən icra sənədini geri qaytarması əsassızdır. Belə ki, icra sənədinin geri qaytarılması barədə qərarın məzmunundan göründüyü kimi, borclu ikinci dəfə inzibati məsuliyyətə cəlb edilməsi üçün məhkəməyə təqdim edildikdən dərhal sonra tələbkara 300 manat ödəniş etmiş, tələbkar da bundan sonra iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Buradan da göründüyü kimi, borclu tələbkara ödəniş etmək imkanında olmuşdur ki, o, çətin vəziyyət yaranan kimi dərhal ödəniş həyata keçirmişdir. Göstərilənlərə məhkəmə belə qənaətə gəlir ki, şikayət təmin olunmalı, Sabirabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli “İcra sənədinin qaytarılması barədə” qərarı ləğv olunmalı və Sabirabad rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(056)-1590/2022 saylı icra sənədi icra edilməsi üçün yenidən Sabirabad rayon İcra və Probasiya Şöbəsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Sabirabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 tərəfindən qəbul edilmiş “İcra sənədinin qaytarılması barədə” xx.xx.2025-ci il tarixli qərarı ləğv olunsun. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(056)-1590/2022 saylı icra sənədi icra edilməsi üçün yenidən Sabirabad rayon İcra və Probasiya Şöbəsinə qaytarılsın. Qərardaddan 10 gün müddətində Sabirabad Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar