Məhkəmə qərarları › İş №8(5-155)-186/2026

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №8(5-155)-186/2026

19.02.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(5-155)-186/2026 19.02.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məhərrəmov Vüsal Rəfi oğlu, Qubadlı Rayon Məhkəməsinin 2(028)-681/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə borclunun əmlakının üzərinə həbs qoyulması barədə Sumqayıt şəhəri üzrə İcra İdarəsindən daxil olmuş təqdimatı məhkəmənin inzibati binasında nəzərdən keçirərək, məhkəmə müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət edərək, Qubadlı Rayon Məhkəməsinin 2(028)-681/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə Borclu mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 1 nömrəli mənzil (reyestr nömrəsi **********65-05101-093001) üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə, təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, analoji hüquq münasibətlərini tənzim edən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə müraciət etməklə iddianın yolverilməzliyinə görə təqdimatın qəbul olunmasından imtina edilməlidir. Belə ki, təqdimata əlavə edilmiş Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1 tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli qərara əsasən Qubadlı Rayon Məhkəməsinin 2(028)-681/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə Borclu mülkiyyətində olan **********65-05101-093001 reyestr nömrəli mənzil üzərinə həbs qoyulmuşdur. Təqdimata əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında əmlak məsələləri dövlət xidməti daşınmaz əmlakın dövlət kadastrı və reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Sumqayıt şəhəri üzrə İcra İdarəsinə göndərilmiş xx.xx.2026-cı il tarixli məktubdan görünür ki, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmurunun xx.xx.2026-cı il tarixli qərarı onlar tərəfindən icra olunaraq ünvan 1, mənzil 1 (reyestr nömrəsi **********65-05101-093001) üzərinə həbs qoyulmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.1-ci maddəsinə əsasən, icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən, borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirəsalınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, icra məmuru məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. Göründüyü kimi, qanunvericiliyə əsasən borclunun əmlakı üzərinə həbs bir qayda olaraq məhkəmənin qərardadı əsasında qoyulur. Lakin, təxirəsalınmaz hallar olduqda, icra məmuru da borclunun əmlakı üzərinə həbs qoymaq səlahiyyətinə malikdir. Məhkəmə qeyd edir ki, icra məmuru təqdimatla məhkəməyə müraciət edərək Borclu mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 1 nömrəli mənzil (reyestr nömrəsi **********65-05101-093001) üzərinə həbs qoyulmasını xahiş etsə də, həmin mənzilin üzərinə elə özünün xx.xx.2026-cı il tarixli qərarı ilə artıq həbs qoyulmuş və həmin qərar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında əmlak məsələləri dövlət xidməti daşınmaz əmlakın dövlət kadastrı və reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən icra edilmişdir. Bu isə ərizənin yolverilməzliyinə görə təqdimatın qəbulundan imtina edilməsi üçün əsasdır. Odur ki, məhkəmə hesab edir ki, Borclu mülkiyyətində olan mənzil üzərinə icra məmurunun qərarına əsasən artıq həbs qoyulduğundan, həmin əmlakın üzərinə yenidən məhkəmənin qərarına əsasən həbs qoyulmasına ehtiyac yoxdur. Bu səbəbdən mövcud vəziyyətdə icra məmuru tərəfindən verilmiş təqdimata mahiyyəti üzrə baxılmasına lüzum olmadığından, təqdimata baxılmasından imtina olunmalıdır. Azərbaycan Respublikası MPM-in 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası MPM-in 13.4-cü maddəsinə əsasən prosessual hüquq münasibətlərinə analogiya üzrə həmin Məcəllənin 153.2.1-ci maddəsini tətbiq edərək hesab edir ki, borclunun əmlakının üzərinə həbs qoyulmasına dair Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru tərəfindən verilmiş təqdimatın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 153 və 263-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Qubadlı Rayon Məhkəməsinin 2(028)-681/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə borclunun əmlakının üzərinə həbs qoyulmasına dair Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Ramil Babayev tərəfindən verilmiş təqdimatın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəf 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Şəhər Məhkəməsinə şikayət verə bilər. Hakim Vüsal Məhərrəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar