Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(5-160)-18/2026 11.02.2026 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abbasova Nərmin Bəxtiyar qızının sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi ilə, Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru Səfa Həsənova tərəfindən verilmiş Şirvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(032)-82/2025 nömrəli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimata açıq məhkəmə iclasında baxaraq, məhkəmə, aşağıdakı qərardadı qəbul etdi: İşin halları.
1. Şirvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(032)-82/2025 nömrəli icra sənədinə əsasən, Borclu xx.xx.2024-cü il tarixdən başlayaraq, birgə nikahdan xx.xx.2014cü il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50 misli həddində sabit pul məbləğində aliment tutularaq X1 verilməlidir.
2. Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli qərarı ilə icra sənədi üzrə icraata başlanılmışdır.
3. Borcluya xx.xx.2025-ci il tarixli tələbin könüllü icrası barədə bildiriş ünvanlanmışdır.
4. Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli qərarı ilə borclu barəsində axtarış elan edilmişdir.
5. Borclu Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinə verdiyi xx.xx.2026-cı il tarixli izahatda yığılmış aliment borcundan xəbərdar olduğunu, lakin işləmədiyini və maddi çətinlikləri olduğunu, avtomobilini satışa çıxardığını və satıldığı təqdirdə borcu ödəyəcəyini bildirmişdir.
6. xx.xx.2026-cı il tarixli aktdan görünür ki, Borclu yaşadığı ünvanda tələbin yönəldilə biləcəyi heç bir əmlak yoxdur.
7. “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə əldə edilmiş məlumatdan görünür ki, borclunun aktiv əmək müqaviləsi, aldığı hər hansı ünvanlı dövlət sosial yardım, yaxud pensiya məbləği, eləcə də adına hər hansı daşınmaz əmlak və ya nəqliyyat vasitəsinin qeydə alınması ilə bağlı heç bir məlumat aşkarlanmamışdır.
8. Şirvan Şəhər Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 3(5-160)-65/2026 saylı qərardan görünür ki, Borclu İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 8 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir.
Təqdimat.
9. Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru Səfa Həsənova təqdimatla məhkəməyə müraciət edərək, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(032)-82/2025 nömrəli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
10. Təqdimat onunla əsaslandırılmışdır ki, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(032)-82/2025 nömrəli icra sənədinə əsasən, Borclu xx.xx.2024-cü il tarixdən başlayaraq, birgə nikahdan xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50 misli həddində sabit pul məbləğində aliment tutularaq X1 ödənilməlidir. İcra sənədi xx.xx.2025-cü il tarixində Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdirlər. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzindе borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəflərindən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. xx.xx.2026-ci il tarixinə Borclu aliment borcu 4200 manat təşkil edir. Hesab etmişdir ki, icra sənədinin icrasını təmin etmək məqsədilə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır.
İşdə iştirak edən şəxslərin izahatları.
11. Məhkəmə iclasında iştirak edən Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru Səfa Həsənova təqdimatın məzmununa uyğun izahat verərək onun təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, icra sənədi üzrə borclu və tələbkar məhkəmə iclasında iştirak etməmişlər.
12. Məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq.
13. Azərbaycan Respublikası Konstitusiyası. Maddə 28. Azadlıq hüququ. İİİ. Qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Maddə 129. Məhkəmə qərarları və onların icrası. İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İİ. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.
14. “İcra haqqında” Azərbaycan Respublikası Qanunu. Maddə 84-1. Borclunun, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması. 84-1.1. İcra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu fiziki şəxs və ya borclu hüquqi şəxsin icra orqanının rəhbəri tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, onların ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərarı dərhal “Elektron məhkəmə” informasiya sistemindən “Elektron icra” informasiya sisteminə ötürülür. “Elektron icra” informasiya sistemi vasitəsilə bu barədə dərhal “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə məlumat ötürülür və həmin məlumat-axtarış sistemində borclu fiziki şəxs və ya borclu hüquqi şəxsin icra orqanının rəhbəri barədə məhdudiyyət tətbiq edilir, bununla bağlı “Elektron icra” informasiya sistemi vasitəsilə borclu fiziki şəxsə və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinə və tələbkara məlumat verilir, o cümlədən borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin adına qeydə alınmış mobil telefon nömrəsinə (nömrələrinə) SMS göndərilir.
15. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2013-cü il 22 aprel tarixli 2-N nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında” Təlimat. İİ. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması və onun götürülməsi qaydası. 2.2. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl: 2.2.1. könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını, yəni icra məmurunun özü, yaxud müəyyən olunmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə rabitə orqanları tərəfindən borclunun yaşadığı ünvana və ya onun işlədiyi yer üzrə çatdırılmasını təmin edir. Könüllü icra üçün bildiriş borcluya qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Bildirişlərin rəsmi qaydada verilməsi icra qurumunda da həyata keçirilə bilər. Borclu onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapılmadıqda, bildiriş borclu ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda yerli icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Borclunun əvəzinə bildirişi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməlidir; 2.2.2. icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir; 2.2.3. borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır.
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 231. Qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması. 231.2. Həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. 231.3. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması (bundan sonra - icra üzrə icraatın dayandırılması), borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması məsələləri icra məmurunun təqdimatına əsasən həll edilir... Borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması məsələlərinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması , habelə borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti, borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. 231.3-1. Məhkəmə ...borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara onların daxil olduğu vaxtdan 10 iş günü müddətində baxır. 231.4. ...borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması barədə məhkəmə qərardadından şikayət verilə bilər. Borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərardadı qəbul edildikdən sonra dərhal qüvvəyə minir və qərardaddan şikayətin verilməsi onun icrasını dayandırmır.
17. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi. Maddə 9. Azərbaycan Respublikası vətəndaşlarının ölkədən getmək və ölkəyə gəlmək hüququ. 9.3. Vətəndaşın ölkədən getmək hüququ yalnız aşağıdakı hallarda müvəqqəti məhdudlaşdırıla bilər: 9.3.6. məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədinin könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra edilməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda – məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək.
18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X6 (X9) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2017-ci il tarixli Qərarı. ...Göründüyü kimi, qanunverici məhz mütənasiblik prinsipi baxımından yalnız icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda və üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının mümkünlüyünü müəyyən etmişdir. Bununla yanaşı, icra məmuru mütənasiblik konstitusiya prinsipindən, habelə “İcra haqqında” Qanunun Preambulasının və 84-1.1-ci maddəsinin, “İcra məmurları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin mənasından çıxış edərək borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı təqdimatla məhkəməyə müraciət edərkən, bu cür tədbirin məhkəmə qərarının vaxtında, tam və düzgün icra edilməsi məqsədinə xidmət edəcəyini, həmin məhdudlaşdırmanın tətbiq edilməməsinin gələcəkdə məhkəmə qərarının icrasını çətinləşdirəcəyini əsaslandırmalıdır. Əks hal mütənasiblik prinsipinin pozulmasına gətirib çıxarar.
Məhkəmənin mövqeyi.
19. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, icra məmuru tərəfindən məhkəməyə təqdim edilmiş təqdimat icra sənədi üzrə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına yönəlmişdir. Hansı ki, ölkədən getmək hüququ həm milli, həm də beynəlxalq qanunvericiliklə təminat altına alınmış hərəkət azadlığı hüququnun tərkib hissəsidir.
20. Bununla belə, nəzərə alınmalıdır ki, Konstitusiyanın 28-ci maddəsinin İİİ hissəsində və beynəlxalq-hüquqi sənədlərdə təsbit olunmuş hüquqların vacibliyinə baxmayaraq, onlar mütləq deyil və məhdudlaşdırıla bilər. Əsas Qanunda bu hüquqlara dair məhdudiyyətlərin hədləri dəqiq müəyyən olunmuşdur (Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsi və “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3-cü maddəsi). Belə ki, onların məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüquqlarının mahiyyətini dəyişməməlidir (“Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 11.2-ci maddəsinin üçüncü cümləsinin Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin İİİ hissəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2024-cü il tarixli qərarı).
21. Həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında göstərilmişdir ki, hərəkət azadlığı hüququnu məhdudlaşdıran hər hansı tədbir qanuna uyğun olmalı, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair 4 saylı Protokolun 2-ci maddəsinin 3-cü bəndində qeyd edilən legitim məqsədlərdən birini güdməli, demokratik cəmiyyətdə zəruri olmalı, yəni mütənasiblik meyarına cavab verməlidir (Battista İtaliyaya qarşı iş üzrə 2014-cü il 2 dekabr tarixli, § 37; Stamose Bolqarıstana qarşı iş üzrə 2012-ci il 27 noyabr tarixli, § 30; Bartik Rusiyaya qarşı iş üzrə 2006-cı il 21 dekabr tarixli, § 46 Qərarlar). Hansı ki, Konvensiyaya dair 4 saylı Protokolun 2-ci maddəsinə əsasən, qanuni əsaslarla hər hansı dövlətin ərazisində olan hər kəsin həmin ərazidə sərbəst hərəkət etmək və özünə yaşayış yeri seçmək hüququ vardır. Hər kəs öz ölkəsi də daxil olmaqla, hər hansı ölkəni tərk etməkdə azaddır. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətlərin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa, heç bir məhdudiyyət qoyula bilməz.
22. Məhkəmə hazırkı iş üzrə təqdimata əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, icra sənədi üzrə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması bu cür məhdudlaşdırmanın hədləri ilə bağlı yuxarıda istinad edilmiş beynəlxalq standartlara uyğundur. İlk növbədə ona görə ki, bu məhdudiyyət legitim bir məqsədə - məhkəmə qərarının icrasına nail olmağa yönəlmişdir. Nəzərə alınmalıdır ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir çox qərarlarında da qeyd edildiyi kimi, məhkəmənin yekun qərarlarının icrası ədalətli məhkəmə araşdırması hüququnun ayrılmaz tərkib hissəsidir və Konvensiyanın 6-cı maddəsi ilə təminat altına alınmışdır.
23. Həmçinin bu məhdudiyyətin icra sənədi üzrə borcunu icra etməyən borclunu hədsiz məhrumiyyətlə üzləşdirməsi, onun pozulan hüquqlarına münasibətdə mütənasiblik prinsipini pozması ilə bağlı nəticəyə gəlməyə əsas verən heç bir hal məhkəmə araşdırması gedişində müəyyən edilməmişdir. Hər bir halda nəzərə almaq lazımdır ki, bu tədbir borclunun cəzalandırılması vasitəsi deyil, onun tərəfindən məhkəmə qərarı ilə müəyyən olunmuş öhdəliklərin yerinə yetirilməsinə xidmət edir.
24. Yuxarıda istinad edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında” Təlimatdan görünür ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl könüllü icra barədə bildirişin borcluya təqdim edilməsi ilə yanaşı icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirməli, borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirməli, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlamalıdır.
25. İşin qeyd olunan halları ilə müəyyən olunur ki, icra məmuru tərəfindən adıçəkilən təlimatın tələblərinə uyğun olaraq, icra sənədinin icrası istiqamətində zəruri prosessual hərəkətlər edilmiş, lakin icra sənədi icrasız qalmışdır.
26. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, təqdimat təmin edilməli, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(032)-82/2025 nömrəli icra sənədində göstərilmiş tələbin təmin edilməsi məqsədi ilə Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır.
27. Göstərilənlərə əsasən və MPM-in 231, 263-264, 267-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
Təqdimat təmin edilsin. Şirvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(032)-82/2025 nömrəli icra sənədi üzrə Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardad dərhal icra edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən Nərmin Abbasova