Məhkəmə qərarları › İş №8(5-160)-3/2026

Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №8(5-160)-3/2026

14.01.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(5-160)-3/2026 14.01.2026 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İmanov Əli Sərməz oğlunun sədrliyi, Hüseynova Mədinə Ceyhun qızının katibliyi ilə, Borclu iştirakı ilə, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(032)-1462/2022 nömrəli icra sənədinə əsasən tələbin Borclu məxsus olan əmlakın üzərinə həbsin qoyulması barədə Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyənetdi: Şirvan Şəhər Məhkəməsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 2(032)-1462/2022 nömrəli icra vərəqəsinə əsasən borclular Borclu və X1 müştərək qaydada, cəmi 2218,97 manat və 43 manat dövlət rüsumu alınaraq "xxxx" ASC-yə ödənilməlidir. Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsi Borclu məxsus olan əmlakın üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Şirvan Şəhər Məhkəməsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 2(032)-1462/2022 nömrəli icra vərəqəsinə əsasən borclular Borclu və X1 müştərək qaydada, cəmi 2218,97 manat və 43 manat dövlət rüsumu alınaraq "xxxx" ASC-yə ödənilməlidir. İcra sənədi xx.xx.2022-ci il tarixdə Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu, X2 icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədi ilə elektron sistem vasitəsi ilə sorğular edilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus olan “Moskviç 2140” minik markalı, ** EF *** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Yuxarıda göstərilənləri və «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 50.2-ci maddələrinə əsaslanaraq tələbin iş üzrə Borclu məxsus “Moskviç 2140” minik markalı, ** EF *** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmasıbarədə qərardad çıxarılmasını xahiş etmişdir. Borclu məhkəmə iclasında izahatında bildirmişdir ki, borcundan ödənişlər etmişdir. Aylıq pensiya alır. İcra məmurundan xahiş etmişdir ki, pensiyasından aylıq 50 manat məbləğində pul çıxılsın. Avtomobilinə həbs qoyulmamasını xahiş edir. Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin icra məmuruna məhkəmə iclası barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə təqdimatı və əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə təqdimat təmin edilməlidir. «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiridir. Həmin qanunun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin qanunun 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Həmin Qanunun 50.6-cı maddəsinə əsasən konkret şəraitdən asılı olaraq, icra məmuru əmlak üzərinə həbs qoyulması ilə eyni vaxtda borclunun əmlakını və ya onun ayrı-ayrı əşyalarını (iddia tələbinin həddini aşmamaq şərti ilə) götürmək hüququna malikdir. Təqdim olunmuş sənədlərdən aydın olur ki, Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsi tərəfindən icra sənədinin icrası ilə əlaqədar borcluya qanunla nəzərdə tutulmuş qaydada bildirişlər, xəbərdarlıqlar göndərilmiş, lakin borclu tərəfindən icra sənədini icra etməmişdir. ”Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən edilmişdir ki, Borclu adına “Moskviç 2140” minik markalı, ** EF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi vardır. Məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə təqdimatı, ona əlavə edilmiş sənədləri, borclunun izahatını, habelə icra icraatının gedişini araşdıraraq belə qənaətə gəlir ki, təqdimat qanunauyğun və əsaslıdır və təmin edilməlidir. Müəyyən edilmişdir ki, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(032)- 1462/2022 nömrəli icra vərəqəsinə əsasən borclular Borclu və X1 müştərək qaydada 2218,97 manat əsas borc və 43 manat dövlət rüsumu tutularaq "xxxx" ASC-yə ödənilməlidir. İcra sənədi qanunvericiliyin tələblərinə uyğun olaraq xx.xx.2022-ci il tarixdə Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinə daxil olmuş, icraata başlanılması barədə qərar qəbul edilmiş və borclulara bu barədə müvafiq qaydada bildirişlər göndərilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, borclu könüllü icra müddətində icra sənədindən irəli gələn öhdəliyi tam həcmdə yerinə yetirməmiş, icra sənədinin icrası faktiki olaraq təmin edilməmişdir. Borclunun əmlak vəziyyətinin müəyyən edilməsi məqsədilə icra məmuru tərəfindən elektron informasiya sistemləri vasitəsilə sorğular edilmiş və həmin sorğuların nəticələrinə əsasən Borclu məxsus “Moskviç 2140” minik markalı, ** EF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mövcud olduğu müəyyən edilmişdir. Borclu məhkəmə iclasında verdiyi izahatında borcun bir hissəsini ödədiyini, aylıq pensiya aldığını və pensiyasından aylıq 50 manat tutulmaqla borcun ödənilməsini təklif etdiyini bildirmiş, nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmamasını xahiş etmişdir. Lakin borclunun bu izahatları təqdimatın təmin edilməməsi üçün əsas hesab edilə bilməz. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirlərindən biridir. Həmin Qanunun 45.1-ci maddəsinə görə tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Eyni zamanda, Qanunun 45.6-cı maddəsində açıq şəkildə göstərilmişdir ki, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, qanunla tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus digər əmlaka yönəldilir. İş materiallarından görünür ki, borclunun müntəzəm və tələbi real şəkildə təmin edə biləcək həcmdə pul vəsaiti mövcud deyildir, pensiyadan aylıq 50 manat tutulması isə borcun məbləği və icra müddətinin səmərəliliyi baxımından tələbin vaxtında və effektiv icrasını təmin etmir. Bu halda icra məmurunun tələbi borcluya məxsus digər əmlaka yönəltməsi qanunun tələblərinə tam uyğundur. Bundan başqa, «İcra haqqında» Qanunun 50.6-cı maddəsinə əsasən konkret şəraitdən asılı olaraq icra məmuru əmlak üzərinə həbs qoyulması ilə eyni vaxtda borclunun əmlakını və ya onun ayrı-ayrı əşyalarını (iddia tələbinin həddini aşmamaq şərti ilə) götürmək hüququna malikdir. Bu norma icra icraatının effektivliyini və tələbkarın hüquqlarının real təmin olunmasını məqsəd kimi müəyyən edir. Məhkəmə onu da nəzərə alır ki, icra məmurunun məhkəmə iclasında iştirak etməməsi, onun icra sənədləri ilə təsdiq edilmiş təqdimatının mahiyyətinə və əsaslılığına təsir etmir. Təqdimat yazılı sübutlarla əsaslandırılmış və icra icraatının gedişi ilə uzlaşır. Beləliklə, borclunun könüllü icradan yayınması, tələbin faktiki olaraq təmin edilməməsi, borcluya məxsus nəqliyyat vasitəsinin mövcudluğu və qanunvericiliyin birbaşa göstərişləri nəzərə alınaraq məhkəmə belə qənaətə gəlir ki, Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin borcluya məxsus “Moskviç 2140” markalı, ** EF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması barədə təqdimatı təmin edilməlidir. Məhkəmə hesab edir ki, həmin əmlakın üzərinə həbs qoyulmalıdır. Göstərilənləri nəzərə alaraq və “İcra Haqqında” Azərbaycan Respublikasının Qanunun 50-ci bəndini rəhbər tutub məhkəmə QƏRARAALDİ: Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin təqdimatı təmin edilsin. Borclu məxsus “Moskviç 2140” minik markalı, ** EF *** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsinin üzərinə həbs qoyulsun. Qərarın icrası Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şirvan Şəhər Məhkəməsinə verilə bilər. Sədrlik edən Əli İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar