Məhkəmə qərarları › İş №8(5-160)-30/2026

Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №8(5-160)-30/2026

04.03.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(5-160)-30/2026 04.03.2026 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abbasova Nərmin Bəxtiyar qızının sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, Şirvan şəhər İcra və probasiya şöbəsinin icra məmuru X2 iştirakı ilə, Şirvan şəhər İcra və probasiya şöbəsinin icra məmuru X1 icra sənədinin qaytarılması haqqında xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsi və icra sənədini yenidən icra qurumuna yönəldilməsi barədə "xxxx" ASC tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şirvan şəhər Məhkəməsinin 2(032)-1677/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən cavabdehlər Borclu və X3 xx.xx.2019-cu il tarixli, RB/SHF-4873_KMP saylı kredit müqaviləsi üzrə 484 manat 43 qəpik məbləğində əsas borc, 39 qəpik məbləğində faiz borcu, cəmi 484 manat 82 qəpik məbləğində pul alınaraq iddiaçı "xxxx" ASC-nə verilməli, cavabdehlər Borclu və X3 dövlət rüsumu üçün ödənilmiş 30 manat məbləğində pul alınaraq iddiaçı "xxxx"ASC-nə verilməlidir. Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru Müjgan Hüseynovanın 17 iyun 2025-ci il tarixli qərarı ilə icra sənədi “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.3-cü maddəsinə əsasən geri qaytarılmışdır. Tələbkar "xxxx" ASC icra sənədinin qaytarılması haqqında qərardan şikayət verərək, Şirvan rayon İcra şöbəsinin icra məmuru X1 icra edilməyən icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması barədə xx.xx.2025-ci il tarixli qərarının ləğv olunmasını və icra sənədinin yenidən icra qurumuna yönəldilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, Şirvan rayon icra şöbəsinin xx.xx.2021 il tarixli icra sənədi üzrə icra edilməyən icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında qərarı ilə iddiaçı "xxxx" ASC-nin cavabdeh Borclu qarşı pul tələbinə dair iddiası əsasında çıxarılmış Şirvan şəhər Məhkəməsinin 2(032)-1677/2021 saylı, xx.xx.2021 il tarixli qətnamə üzrə verilmiş icra vərəqəsi məhkəməyə geri qaytarılmışdır. Hesab edirlər ki, icra məmurunun qərarı tamamilə qanunsuz və əsassız, həmçinin "xxxx" ASC-nin mənafelərinə ziddir. Belə ki, icra məmuru öz əsassız qərarını əsaslandırarkən tələbin yönəldə biləcəyi əmlakın olmamasını əsaslandırmışdır. Halbuki, icra qurumu tərəfindən cavabdehlər Borclu barədə heç bir sorğu edilməmişdir. Borcluların iş yeri, Azərbaycan Respublikasının hüdudlarından gediş-gəlişin məhdudlaşdırılması, əmlakın olub-olmaması, məcburi gətirilmə barədə heç bir tədbir görülməmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq, Şirvan rayon İcra şöbəsinin xx.xx.2021 il tarixli icra sənədi üzrə icra edilməyən icra sənədinin məhkəməyə və ya digər orqana qaytarıması barədə qərarının ləğv edilməsi icra sənədi üzrə icraatın davam etdirilməsi labüddür. Qərar rəsmi qaydada xx.xx.2025-ci il tarixində "xxxx" ASC-yə çatmışdır. Odur ki, qərardaddan şikayət verilməsi üçün müəyyən edilmiş müddət ötürülməmişdir. Məhkəmə iclasında iştirak edən Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru X4 bildirdi ki, borclu X6 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Digər Borclu adına isə mülkün, bağ sahəsinin, torpaq sahəsinin, avtomobilin, VÖEN-in qiymətli kağızın, əmanətin olub-olmaması və təqaüd alıb-almaması barədə aidiyyəti orqan və təşkilatlara sorğular göndərilmiş və borclunun mülkiyyətində heç bir əmlak aşkar edilməmişdir. Göstərilənlərə əsasən şikayətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Tələbkar "xxxx" ASC məhkəməyə ərizə ilə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını və şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq borclu məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə borclunun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə icra məmurunun izahatını dinləyib, şikayəti və şikayətə əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Şirvan şəhər Məhkəməsinin 2(032)-1677/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədindən görünür ki, cavabdehlər Borclu və X3 xx.xx.2019-cu il tarixli, RB/SHF-4873_KMP saylı kredit müqaviləsi üzrə 484 manat 43 qəpik məbləğində əsas borc, 39 qəpik məbləğində faiz borcu, cəmi 484 manat 82 qəpik məbləğində pul alınaraq iddiaçı "xxxx" ASC-nə verilməli, cavabdehlər Borclu və X3 dövlət rüsumu üçün ödənilmiş 30 manat məbləğində pul alınaraq iddiaçı "xxxx" ASC-yə verilməlidir. Şirvan şəhər İcra və probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Şirvan şəhər Məhkəməsinin 2(032)-1677/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Şəxsi məlumat haqqında sorğudan görünür ki, X6 xx.xx.2022-ci ildə ölmüşdür. Şirvan şəhər İcra və probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli icra sənədinin qaytarılması haqqında qərarından görünür ki, icra sənədi üzrə Borclu 514.82 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Borclunun adına mülkün, bağ sahəsinin, torpaq sahəsinin, avtomobilin, VÖEN-nin, qiymətli kağızın, əmanətin olub-olmaması və təqaüd alıb-almaması barədə aidiyyəti orqan və təşkilatlara sorğular göndərilmiş və borclunun mülkiyyətində heç bir əmlak aşkar edilməmişdir. Həmçinin, Borclu icra sənədində göstərilən ünvan 1 ünvanında olmuş, borclunun yaşadığı mənzilə əmlak siyahıya alınması məqsədilə baxış keçirilmiş, tələbin yönələ biləcəyi hər hansı dəyərli əmlak aşkar olunmamış və bu barədə xx.xx.2025-ci il tarixli akt tərtib olunmuşdur. Həmin qərarda istinad edilmiş “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.3-cü maddəsində qeyd edilir ki, borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. Göründüyü kimi, bu maddədə göstərilən əsasla icra sənədinin geri qaytarılması üçün iki hal mövcud olmalıdır: 1. borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlərin olmaması; 2. icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlərin nəticə verməməsi. Bu iki hal da yalnız o zaman müəyyən edilə bilər ki, qeyd edilən hallar mötəbər sübutlarla təsdiq edilsin. Yəni icra məmuru, əgər həmin maddədə göstərilən əsasla icra sənədini geri qaytarırsa, qərarda göstərməlidir ki, borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlərin olub-olmadığını müəyyən etmək üçün hansı tədbirlər görmüş və hansı nəticələr əldə etmişdir. Hazırda tələbkar tərəfindən şikayət verilən qərarda Borclu icra sənədində göstərilən ünvan 2 ünvanında olduqları, borclunun yaşadığı mənzilə əmlakın siyahıya alınması məqsədilə baxış keçirildiyi, lakin tələbin yönəldilə biləcəyi hər hansı dəyərli əmlakın aşkar edilmədiyi və bu barədə xx.xx.2025-ci il tarixli akt tərtib olunduğu bildirilsə də, həmin akt məhkəməyə təqdim olunmamışdır. Digər tərəfdən, məhkəmə qeyd edir ki, icra sənədi üzrə tələbin qiyməti 514,82 manatdır və hansısa yaşayış yerində bu məbləğdə heç bir əşya(lar) aşkar edilməməsi inandırıcı deyil. Ən azından borcluya məxsus mobil telefonun dəyərinin həmin məbləğdən çox olması ehtimalı böyükdür. Bu baxımdan məhkəmə, mübahisələndirilən qərarda həmin ünvanda baxış keçirilməsi və tələbin yönəldilə biləcəyi heç bir əmlak aşkar edilməməsi barədə qeyd edilənlərlə razılaşmır. Məhkəmə hesab edir ki, belə bir vəziyyətdə icra sənədinin əsaslı olaraq icra edilmədən geri qaytarıldığı nəticəsinə gəlinə bilməz. Odur ki, şikayət təmin edilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunu. Maddə 2. Məcburi icra orqanları. 2.1. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Maddə 12. İcra hərəkətlərinin həyata keçirilməsi müddətləri. 12.1. Bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Maddə 23. İcra sənədinin qaytarılması. 23.1. Tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi aşağıdakı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır: 23.1.3. borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə. 23.2. Tələbin icrası bu Qanunun 23.1.2 - 23.1.5-ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir. 23.7. İcra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Göründüyü kimi, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, yalnız 23.1.1-23.1.5-ci maddələrdə göstərilmiş konkret əsaslarla icra sənədi icra olunmadan qaytarılır. Hazırkı iş üzrə icra məmuru tərəfindən qəbul edilmiş qərarda isə bu əsaslara riayət edilmədən, formal olaraq müvafiq maddəyə istinadla qərar qəbul edilmişdir. Bu səbəbdən məhkəmə, icra sənədinin qaytarılmasına dair müvafiq qərarın ləğv edilməsi nəticəsinə gəlir. Beləliklə, məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli “icra sənədinin qaytarılması haqqında” qərarı ləğv edilməli, Şirvan Şəhər Məhkəməsi tərəfindən verilmiş 2(032)-1677/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinin icra edilməsi üzrə icra tədbirlərinin görülməsi təmin edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 263-264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Şirvan şəhər Məhkəməsinin 2(032)-1677/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə “icra sənədinin qaytarılması” barədə Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru Müjgan Hüseynovanın xx.xx.2025-ci il tarixli qərarı ləğv edilsin. Şirvan Şəhər Məhkəməsi tərəfindən verilmiş 2(032)-1677/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icra hərəkətləri davam etdirilsin. Qərardaddan şikayət qərardad rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Şirvan şəhər Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən Nərmin Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar