Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(5-160)-7/2026 22.01.2026 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abbasova Nərmin Bəxtiyar qızının sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi ilə, X2 Şirvan Şəhər Məhkəməsinin 2(032)-761/2014 saylı, xx.xx.2014-cü il tarixli məhkəmə əmri ilə müəyyən edilmiş borcun indeksləşdirilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 ərizə ilə məhkəməyə müraciət edərək, Şirvan şəhər Məhkəməsinin 2(032)- 761/2014 saylı, xx.xx.2014-cü il tarixli məhkəmə əmri ilə müəyyən edilmiş və icra müddəti ərzində borclu tərəfindən tələbkara ödənilməyən əsas 357 manat pul məbləğinin indeksləşdirilərək 2014-cü il may ayından – 2025-ci il noyabr ayınadək 205,20 faiz artımı (357 AZN x 205,20% = 732,56 AZN) nəzərə alınaraq cəmi 1089,56 manat məbləğində indeksləşdirilmənin müəyyən edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Şirvan Şəhər Məhkəməsinin 2(032)-761/2014 saylı, 23 may 2014-cü il tarixli məhkəmə qərarına əsasən, Borclu cəmi 357 manat məbləğində pulun tutularaq X4 xeyrinə ödənilməsi qərara alınmışdır. Hazırda qəbul olunmuş məhkəmə qərarı qanuni qüvvəsini almasına və həmçinin icra məmuru tərəfindən məcburi icra tədbirlərinin görülməsinə baxmayaraq, məhkəmə qərarı icra olunmamışdır. Borclu məhkəmə qərarı üzrə qəbul olunmuş məbləği zamanında ödəyərək icra etsəydi, tələbkar başqa sahədə istifadə etməklə gəlir əldə edə bilərdi. Lakin borclunun məhkəmə qərarı üzrə öhdəliyini icra etməməsi səbəbindən və həmin məbləğ vaxtında geri qaytarılmadığına görə tələbkar həmin pulu dəyərləndirə bilməmişdir. Buna görə də məhkəmə qərarı üzrə tələbkara ödənilməli olan pul vəsaiti inflyasiyaya uğradığından indeksləşdirmə tətbiq edilməsi zərurəti yaranmışdır. Belə ki, indeksasiya institutu pulun alıcılıq qabiliyyətinin məhz məhkəmə aktı qəbul edilən an mövcud olan səviyyədə bərpasına yönəldiyindən, eləcə də bu hüquqi alət sanksiya xarakteri daşımadığına görə, onun tətbiqi məhkəmə aktının qanuni qüvvəyə minməsi və ya məhkəmə aktının icrasından yayınma ilə əlaqələndirilə bilməz. Bu səbəbdən indeksasiya məhz məhkəmə aktının qəbul edildiyi (elan edildiyi) gündən onun tam icra edildiyi günədək olan müddəti əhatə etməlidir. İndeksasiya institutu da qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icra edilməməsi nəticəsində baş verən inflyasiya itkilərinin kompensasiyasını, pulun alıcılıq qabiliyyətinin bərpasını təmin edən səmərəli hüquqi vasitə olmaqla məhkəmə müdafiəsi hüququnun realizəsinin effektivliyi baxımından xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin istehlak qiymətləri indeksinin hesablanmasından görünür ki, 2025-ci il noyabr ayında 2014-cü il may ayına nisbətən istehlak qiymətləri indeksi 205,20 faiz təşkil etmiş, yəni qiymətlərin səviyyəsi 2,1 dəfə artmışdır. O da nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 232-ci maddəsi işə baxmış məhkəmə tərəfindən məhz qətnamənin icrası zamanı tutulmalı pul məbləğiərinin müvafiq indeksasiyasının həyata keçirilməsini nəzərdə tutmuş oisa da, bu təsisat hüquqi mahiyyəti və təyinatı baxımından formasından (qətnamə, qərardad, qərar və ya əmr) asılı olmayaraq müvafiq pul məbləğinin tutulmasını müəyyən edən, qanuni qüvvəyə minmiş istənilən məhkəmə aktına münasibətdə tətbiq edilə bilər. X8 Nuru məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılması və ərizənin təmin olunması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Borclu və maraqlı şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən ərizəyə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni iş materialları ilə birlikdə nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Şirvan şəhər Məhkəməsinin 23 may 2014-cü il tarixli, 2(032)-761/2014 saylı əmrindən görünür ki, borclu xx.xx.1972-ci ildə Əli-Bayramlı (Şirvan) şəhərində anadan olmuş, Şirvan şəhəri, G.Şıxbalaoğlu küçəsi 87 saylı evin 11 nömrəli mənzilində yaşayan Borclu 336 manat məbləğində əsas borcun tutularaq X5 ödənilməsi əmr edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsinə əsasən: 232.1. Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zaman tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. 232.2. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. 232.3. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Qanunu (174 nömrəli) Maddə 1. İndeksləşdirmənin mahiyyəti və məqsədi İndeksləşdirmə Azərbaycan Respublikasının ərazisində istehlak qiymətlərinin artması ilə əlaqədar olaraq əhalinin alıcılıq qabiliyyətini qorumaq məqsədilə vətəndaşların pul gəlirlərini və əmanətlərini artırmağın dövlət tərəfindən müəyyən edilmiş mexanizmdir. Maddə 3. İndeksləşdirmə obyektləri Aşağıdakılar indeksləşdirilməlidir: - müəssisələrin, idarələrin və təşkilatların (bundan sonra müəssisələr adlanacaqdır) işçilərinin əmək haqqı; - birdəfəlik müavinətlər istisna olmaqla, dövlət pensiyaları, təqaüdlər, sosial müavinətlər (uşaqlı ailələrə, işsizliyə görə, ştatların ixtisarı, müvəqqəti əmək iqtidarsızlığı ilə, hamiləliklə əlaqədar verilən və başqa müavinətlər); vətəndaşların Azərbaycan Respublikasının Əmanət Bankında olan əmanətləri; Azərbaycan Respublikasının dövlət istiqrazları və digər dövlət qiymətli kağızları; Azərbaycan Respublikasının dövlət sığorta orqanlarına verilən haqlar; aliment.[3] Xüsusi mülkiyyət, sahibkarlığın fərdi əmək və digər bütün formaları əsasında, habelə fərdi icarə (qrup icarəsi) əsasında fəaliyyət göstərən müəssisələrdə və kooperativlərdə, eləcə də fərdi kəndli təsərrüfatlarında müqavilə və ya üzvlük şərtləri ilə çalışanların gəlirləri də bu Qanuna müvafiq surətdə indeksləşdirilə bilər. Həmin şəxslərin gəlirlərinin indeksləşdirilməsi şərtləri onların sahibkarla (idarə heyəti ilə) bağladıqları müqavilələrdə müəyyən olunur. İndeksləşdirmə vətəndaşların sahibkarlıq fəaliyyətindən və mülkiyyətdən götürdükləri gəlirlərə şamil edilmir. Azərbaycan Respublikası Konstitusiyasının 60 və 129-cu maddələrinin İ hissələri baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 iyun 2025-ci il tarixli qərarında qeyd edilmişdir ki,
1. Azərbaycan Respublikası Konstitusiyasının 60 və 129-cu maddələrinin İ hissələrindən irəli gələrək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsi üzrə tərəflər məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamə üzrə tutulmalı olan pul məbləğinin, onun tam ödənilməsinədək olan müddət ərzində indeksasiyası ilə bağlı ərizə ilə məhkəməyə müraciət edə bilərlər.
2. Məhkəmə qətnaməsinin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyası qanunun analogiyası üzrə “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən olunan indeksasiya qaydalarına uyğun olaraq həyata keçirilməlidir. Konstitusiya Məhkəməsinin Plenumunun 17 iyun 2025-ci il tarixli qərarında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsi üzrə indeksasiya məsələsinin qanunvericilikdə birbaşa tənzimlənmədiyi, bu səbəbdən qanunun analogiyası prinsipinə əsasən “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Qanunun tətbiqinin mümkün və məqsədəuyğun olduğu bildirilmişdir. Qeyd edilən Qanunun 3-cü maddəsində indeksasiyanın tətbiq olunacağı obyektlər konkret sadalanmışdır. Bu obyektlər sırasına əmək haqları, pensiyalar, sosial müavinətlər, təqaüdlər, əmanətlər, aliment və dövlət qiymətli kağızları üzrə ödənişlər daxil edilmişdir. Əlavə olaraq, yuxarıda göründüyü kimi, bu maddədə xüsusi olaraq qeyd edilir ki, “İndeksləşdirmə vətəndaşların sahibkarlıq fəaliyyətindən və mülkiyyətdən götürdükləri gəlirlərə şamil edilmir.” Bu müddəa hüquqi baxımdan o deməkdir ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş, mülki-hüquqi münasibətlərdən irəli gələn pul tələbləri – o cümlədən alqı-satqı müqaviləsinə, kredit müqaviləsinə və ya zaminlik öhdəliklərinə əsaslanan borclar – həmin Qanunun 3-cü maddəsinin tənzimləmə dairəsinə daxil deyildir. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarında da bu aspekt ayrıca vurğulanmışdır ki, “Qanunun 3-cü maddəsində indeksləşdirmənin obyektləri sırasında məhkəmə qətnamələrinin icrası zamanı tutulmalı pul məbləğləri nəzərdə tutulmamışdır. Bu təsisat inflyasiya nəticəsində pulun alıcılıq qabiliyyətinin qorunması məqsədi ilə dövlət tərəfindən müəyyən edilmiş mexanizm kimi çıxış edir.” Ərizəçinin tələb etdiyi 357 manat əsas borc məbləğinin 205,20 faizlə indeksləşdirilərək 1089,56 manata çatdırılması Qanunun 3-cü maddəsinin predmet dairəsinə aid deyil, məhkəmə əmri ilə müəyyən edilmiş mülki borc öhdəliyi, indeksasiya hüququ verən sosial gəlir kateqoriyasına daxil deyil, məhz elə bu səbəbdən, qanunun analogiyası əsasında belə, tələb olunan indeksasiyanın bu halda tətbiq edilməsi hüquqi əsasdan məhrumdur. Halbuki, qanunverici bu kimi tələbləri də indeksasiyaya aid etmək istəsəydi, onları da ayrıca qeyd edərdi. Bu isə o deməkdir ki, bu hallarda indeksasiya tətbiqi qanunvericilik niyyətinə uyğun deyil. Nəticə etibarilə, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş mülki-hüquqi pul öhdəliyinin indeksləşdirilməsi barədə tələb, “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Qanunun 3-cü maddəsində nəzərdə tutulan indeksasiya obyektlərinə daxil olmadığından, qanunvericilikdə müəyyən edilmiş əsaslardan məhrumdur və bu səbəbdən ərizə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 231, 263 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
X1 Şirvan Şəhər Məhkəməsinin 2(032)-761/2014 saylı, xx.xx.2014-cü il tarixli məhkəmə əmri ilə müəyyən edilmiş borcun indeksləşdirilməsi barədə ərizəsi rədd edilsin. Qərardaddan 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan şəhər Məhkəməsinə şikayət verilə bilər.
Hakim Nərmin Abbasova