Məhkəmə qərarları › İş №8(5-162)-15/2026

Tərtər Rayon Məhkəməsi Qərardad — İş №8(5-162)-15/2026

19.02.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tərtər rayonu İş № 8(5-162)-15/2026 19.02.2026 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, Tələbkar vəkalətli nümayəndəsi (arvadı) X1, Borclu Cavabdeh vəkalətli nümayəndəsi X4 iştirakları ilə Borclu Cavabdeh qətnamənin icrasına möhlət verilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Borclu Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək Tərtər Rayon Məhkəməsində xx.xx.2025-ci il tarixli, 2(061)-72/2025 saylı mülki iş üzrə qəbul edilmiş qətnamənin icra olumasına möhlət verilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Borclu Cavabdeh ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı Tələbkar ona qarşı iddia qaldıraraq cavabdehin onun mülkiyyətində olan Tərtər rayon Köçərli kənd ərazisində yerləşən evdən çıxarılmaları, mediasiya sessiyasında ödədiyi 50 manat xidmət haqqının və 50 manat dövlət rüsumunun cavabdehlərdən alınıb onun xeyrinə ödənilməsini məhkəmədən xahiş etmişdir. Həmin iddia ərizəsində Tərtər Rayon Məhkəməsində 2(061)-72/2025 saylı mülki iş icraata daxil olaraq baxılmışdır. Tərtər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(061)- 72/2025 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh iddiaçı Tələbkar mülkiyyətində olan Tərtər rayon Köçərli kənd ərazisində yerləşən fərdi yaşayış evindən çıxarılması, iddiaçının Tələbkar ödədiyi 50 (əlli) manat dövlət rüsumu Cavabdeh onun xeyrinə tutulması və iddiaçı Tələbkar Mediasiya sesiyyasında ödədiyi 50 (əlli) manat xidmət haqqının Cavabdeh alınaraq iddiaçı Tələbkar verilməsi qət edilmişdir. Tərtər Rayon Məhkəməsində 2(061)- 72/2025 saylı qətnaməsi icra edilməsi üçün Tərtər rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş, Tərtər rayon İcra və Probasiya Şöbəsi tərəfindən icraata qəbul edilməsi haqqında qərar qəbul edilmişdir. O, həmin evdə sadəcə keçmiş gəlin kimi deyil, ailə üzvü olaraq nikah əsasında yaşamışdır. 2021-ci ildə ailə münasibətləri bərpa olmuş, 2023-cü ildə nikahları yenidən rəsmi qaydada qeydə alınmışdır. Bu nikahdan xx.xx.2013-cü il təvəllüdlü Ülvi və xx.xx.2023-cü il təvəllüdlü Fərəh adlı iki azyaşlı uşaqları olmuşdur. Qərarın icrası ailəni ayırır və evsiz qoyur ki, bu da Konstitusiyanın ailə həyatına hörmət və sosial müdafiə prinsiplərinə ziddir. Hazırda onun başqa yerdə yaşayış yeri yoxdur, atasının Bakı şəhərində olan evi rütubətli və yaşayış üçün yararsızdır. Sosial və maddi imkanlarının məhdudluğu, həmçinin işsiz olması vəziyyəti daha da ağırlaşdırır. Yuxarıda qeyd edilənlərə əsasən Tərtər Rayon Məhkəməsində 2(061)-72/2025 saylı mülki iş üzrə qəbul edilmiş qətnamənin icra olunmasına möhlət verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Tələbkar vəkalətli nümayəndəsi (arvadı) X3 məhkəmə iclasında iştirak etsə də səhhəti ilə bağlı çıxış edə bilməmiş, lakin o, ərizənin əsassız olduğunu, borclunun onların xəstə, qoca, eləcə də mülkiyyət sahibi olmalarına məhəl qoymadan qanunsuz, əsassız olaraq narahat etdiyini, evdə yaşamağa imkan vermədiyini və mülkiyyətçi kimi onların hüquqlarını pozduğunu bildirmişdir. İş materiallarında olan xx.xx.2026-cı il tarixlin AR-İ 935156 saylı etibarnamənin surətindən görünür ki, Tələbkar arvadı X2 etibarnamə verərək məhkəmə iclasılarında onu təmsil etməyi həvalə etmişdir. Borclu Cavabdeh vəkalətli nümayəndəsi X6 ərizəni müdafiə edərək göstərmişdir ki, Cavabdeh onun qızıdır, o, azyaşlı uşağına görə məhkəmə iclasında iştirak edə bilməmiş, ona etibarnamə verərək məhkəmə iclaslarında hüquqlarını müdafiə etməyi həvalə etmişdir. Qızı Yaqutun Bakı şəhərində iş yeri bağlandığı üçün rəhbərlik onu Azadqaraqoyunlu kənd məktəbinə yerləşdirmişlər. İndi yerdəyişmə mümkün deyildir. Uşaq məktəbdə oxuyur. O, Bakı şəhərində məcburi köçkün kimi 5 mərtəbəli binanın zirzəmisində yaşayır. 2 azyaşı uşağın həmin mənzildə yaşaması mümkün deyildir. Yaqut imkansızlıqdan iki azyaşlı uşağı ilə qaynatasının evində yaşayır. Yaqut uşaqları ilə Ağdam rayon Qiyaslı kəndində qeydiyyatdadır. Yaxın vaxtlarda öz kəndlərinə qayıdacaqlar. Bu müddət ərzində Yaqutun iki uşağı ilə həmin evdə yaşamasına möhlət verilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli AR-İİİ № 487189 nömrəli etibarnamədən görünür ki, Cavabdeh anası X5 etibarnamə verərək məhkəmə iclasılarında onu təmsil etməyi həvalə etmişdir. İş üzrə maraqlı şəxs Tərtər rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə onun iştirakı olmadam işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizədə gösətərilənləri, tələbkarın izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək hesab edir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan Tərtər Rayon Məhkəməsində 18 fevral 2025-ci il tarixli 2(061)-72/2025 saylı qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmiş, Cavabdeh iddiaçı Tələbkar mülkiyyətində olan Tərtər rayon Köçərli kənd ərazisində yerləşən fərdi yaşayış evindən çıxarılması, iddiaçının Tələbkar ödədiyi 50 (əlli) manat dövlət rüsumu Cavabdeh onun xeyrinə tutulması və iddiaçı Tələbkar Mediasiya sesiyyasında ödədiyi 50 (əlli) manat xidmət haqqı Cavabdeh alınaraq iddiaçı Tələbkar verilməsi qət edilmişdir. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(104)-1036/2025 nömrəli qətnaməsinin surətindən görünür ki, Cavabdeh şikayəti təmin edilməmiş, Tərtər Rayon Məhkəməsinin 18 fevral 2025-ci il tarixli 2(061)-72/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(102)-3104/2025 nömrəli qərarının surətindən görünür ki, kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(104)-1036/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası MPM-nin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və qətnamənin hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin Məcəllənin 231.4-cü maddəsinə əsasən qətnamə icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması barədə məhkəmə qərardadından şikayət verilə bilər. Borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərardadı qəbul edildikdən sonra dərhal qüvvəyə minir və qərardaddan şikayətin verilməsi onun icrasını dayandırmır. İş materiallarından görünür ki, Tələbkar borclu Cavabdeh onunla dolanmadığını, onunla birlikdə yaşamasının qeyri-mümkün olmasını, onun uşaqları və əmlakı ilə birlikdə evdən çıxarılması ilə bağlı qanuni qüvvəsini almış yuxarı instansiya məhkəmələrinin qətnamə və qərarının olduğunu, borclu tərəfindən bu kimi ərizələrlə məhkəməyə müraciət etməklə icra sənədinin icrasının lüzumsuz olaraq uzadılması, onun icra sənədinin möhlət verilməsinə etirazı nəzərdən keçirilərkən məhkəmə belə hesab edir ki, borclunun qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etməsinə mane olacaq hal müəyyən edilməmişdir. Bundan əlavə qanunun tələbinə görə qətnamənin hissə-hissə icra edilməsi, icrasına möhlət verilməsi məsələsi məhkəmə tərəfindən həll edilərkən eyni zamanda tələbkarın mənafeyi də nəzərə alınmalıdır. Məhkəmənin müvafiq qətnaməsi çıxarıldığı gündən xeyli müddət ötmüşdür ki, bunun nəticəsində tələbkar üçün qətnamənin səmərəliliyi azalır, eləcə də tələbkar öz hüquqlarını realizə etmək imkanından məhrum olur. Göstərilənlərlə əlaqədar məhkəmə hesab edir ki, borclu Cavabdeh Tərtər Rayon Məhkəməsində 18 fevral 2025-ci il tarixli 2(061)-72/2025 saylı qətnaməsinin icrasına möhlət verilməsi barədə ərizəsi təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-in 231, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Borclu Cavabdeh Tərtər Rayon Məhkəməsində 18 fevral 2025-ci il tarixli 2(061)-72/2025 saylı qətnaməsinin icrasına möhlət verilməsi barədə ərizəsi təmin edilməsin. Qərardaddan 10 gün müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar